Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır.[1]
Gündüz Abbasov | |
---|---|
Doğum tarixi | 20 noyabr 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 21 avqust 1995 (64 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Atası | Şəmsəddin Abbasov |
Fəaliyyəti | aktyor |
IMDb | ID1075793 |
Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlmişdir. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi.
Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır.
Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi. Aktyorun çəkildiyi sonuncu film "Yuxu" filmi olmuşdu. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır.
Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat etmişdir.
Gündüz Abbasov iki dəfə ailə həyatı qurub. O, aktrisa Ofeliya Məmmədzadə ilə boşandıqdan sonra 1969-cu ildə Tamara Abbasova ilə 2-ci dəfə ailə qurub və bu nigahdan 2 övladı dünyaya gəlib.