Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar — 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılır. Buna uyğun olaraq Azərbaycan türklərinə 4 yer ayrılır. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan Gürcüstan Müsəlmanlarının Milli Şurası Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov, Mirzə Hüseyn Həsənzadə və Əliheydər Qarayevə parlamentdə təmsilçilik mandatını verir[1][2].
26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası mövcud olduğu 33 aylıq dövr ərzində milli dövlət quruculuğu prosesinə böyük önəm verərək bu istiqamətdə bir sıra mühüm islahatlara imza atmışdır. Bu islahatlar çərçivəsində demokratik təsisatların yaradılmasına xüsusi diqqət ayrılmış, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində ali qanunverici orqan – Müəssislər Məclisi və yerli özünüidarəetmə orqanları — "eroba"lar formalaşdırılmışdır[3].
Gürcüstanda ali qanunverici orqan rolunu oynayacaq Müəssislər Məclisinin çağırılması barədə ilk təşəbbüs 1917-ci ilin sonlarında, hakimiyyətdə və idarəetmədə boşluq yarananda irəli sürülsə də, bəzi səbəblərə görə təxirə salınmışdı. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra bu məsələ yenidən aktuallaşaraq ölkə gündəminə daşınan ilk mövzulardan biri olur. Gürcüstan Milli Şurası 1918-ci ilin yayında Müəssislər Məclisi seçimi qaydaları və seçki əsasnaməsinin hazırlanması üzərində işləməyə başlayır. 22 noyabr 1918-ci il tarixində o zaman artıq parlament adlanan Milli Şura 10 bənddən və 119 maddədən ibarət "Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə"ni təsdiq edir. Əsasnaməyə görə, milliyətindən və cinsindən asılı olmayaraq 20 yaşı tamam olmuş Gürcüstan vətəndaşına seçkilərdə iştirak etmək hüququ verilirdi[3].
Parlament tərəfindən, həmçinin, seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası (PMSK) yaradılır. PMSK-da hər bir seçki subyekti üçün ən azı 1 üzvlük mandatı nəzərdə tutulur, eyni zamanda parlament fraksiyalarına təmsilçilərinin sayına müvafiq olaraq müxtəlif sayda yerlər ayrılır. Parlamentin müsəlmanlar ("tatarlar") blokunu PMSK-da Əbdürrəhim bəy Haqverdiyev təmsil edir. Qeyd edək ki, PMSK üzvlərinin eyni zamanda Müəssislər Məclisinə seçkilərə namizəd qismində iştirakına heç bir məhdudiyyət qoyulmamışdı və onların bir çoxunun adı müxtəlif siyasi təşkilatların namizədlər siyahısına salınmışdı. Parlamentin 10 yanvar 1919-cu il tarixli iclasında "Müəssislər məclisinə seçkilərin təyin olunması barədə" qanun qəbul olunur. Qanuna görə, Müəssislər Məclisinə bir neçə mərhələdə keçiriləcək seçkilərin ilk günü 14 fevral 1919-cu il tarixinə təyin olunur[3].
PMSK həm zaman, həm də maliyyə məhdudiyyətinə baxmayaraq seçkilərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlarını səfərbər edir. PMSK-da tərcümə işləri müsəlmanların nümayəndəsi Ə. Haqverdiyev və daşnakların təmsilçisi D. Davitxanyanın rəhbərliyi altında yaradılmış komissiya tərəfindən həyata keçirilirdi. 22 – 26 yanvar 1919-cu il tarixlərində PMSK siyasi partiya və təşkilatların Müəssislər Məclisinə namizədlərinin siyahısını gözdən keçirir və 27 yanvarda qeydiyyat nömrələrinə uyğun olan ardıcıllıqla adları aşağıda çəkilən 15 seçki subyektinin seçkilərdə iştirakını təsdiq edir:
Şota Rustaveli Qrupundan sonra seçkilərdə ən az namizəd sayı ilə, hərəsində 5 nəfər olmaqla Gürcüstan Müsəlmanlarının Milli Şurası və Borçalı Qəzasının Müsəlmanlarının Qrupu iştirak edirdi[3].
Gürcüstan Müsəlmanları Milli Şurasının (GMMŞ) namizədlərinin adı:
Borçalı Qəzasının Müsəlmanları Qrupunun (BQMQ) namizədləri:
Gürcüstan Milli Tarix Arxivində saxlanılan sənədlərdən aydın olur ki, Gürcüstan Müsəlmanlarının Milli Şurası tərəfindən ilkin olaraq tərtib olunmuş və GMMŞ-nin sədr müavini Alay bəy Bayramov (instruktor-aqronom) tərəfindən imzalanıb PMSK-ya göndərilmiş 6 nəfərlik siyahıda 1-ci sırada Alay bəyin özü, 2-ci sırada – GMMŞ-nin sədri Əbdürrəhim bəy Haqverdiyevin (Gürcüstan Parlamentinin üzvü), 3-cü sırada Ömər Faiq Nemanzadənin (jurnalist), 4-cü sırada Əlimirzə Nərimanovun (müəllim), 5-ci sırada İbrahim bəy Mursaqulovun, 6-cı sırada isə Mirzə Rza Əlizadənin (müəllim) adları əks olunurdu. Bu siyahının ardınca PMSK-ya GMMŞ sədri Ə. Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət 5 nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədovun (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundovun (tələbə), Qasım Abbas oğlu Bayramovun (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyevin (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı[3].
Borçalı Qəzası Müsəlmanlarının Qrupu da ilkin olaraq seçkilərə 15 nəfərlik fərqli siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və PMSK-nın katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılırdı:
Gürcüstan Milli Şurasının üzvü Əbdürrəhim bəy Haqverdiyevin Milli Şuranın 19 dekabr 1918-ci ildə Tiflisdə keçirilən iclasındakı çıxışı. Həmin tarixdə Gürcüstan Ermənistan müharibəsi davam edirdi.
Vətəndaşlar, Parlamentin üzvləri
Bu tarixi anda mən Gürcüstan Respublikasının müsəlman vətəndaşları adıyla çıxış edirəm. Böyük Avropa müharibəsi bitdi. Biz əmin idik ki, bundan sonra xalqların yaxşı əlaqələri olacaq, ən əhəmiyyətlisi isə Zaqafqaziyada yaşayan xalqlar arasında. Ancaq bizim gözləntilərimiz olmadı. Qonşu respublika müharibə elan etdi. Bu müharibə üçün heç bir səbəb yox idi. Gürcülər və ermənilər arasında olan bütün məsələlər sülh yolu ilə həll oluna bilərdi. Bizim hökumət bu problemlərin həlli yollarını axtarırdı. Hansı ki bu gün çap olunan depeşalardan da görünür. Ancaq bir erməni partiyası öz eqoist məqsədləri üçün bu müharibəyə başladı. Mən istəyirəm deyəm ki, əmin idim ki, 1905-ci ildə baş verənlər üçüncü şəxsin əli ilə olub, ancaq bu gün buna şübhə edirəm. Biz müsəlmanlar parlamentə daxil olanda deklarasiya yayınladıq və bildirdik ki, Gürcüstan Respublikasında yaşayan müsəlmanlar bütün lazım olan ölçüdə düşmənlərdən ölkələrini qoruyacaqlar. Bu gün yenə bildiririk və təkrarlayırıq nə vaxt ki, sözdən işə keçmək lazımdır. 18-ci əsrin sonlarında Ağa Məhəmməd şah Şuşa qalasını muhasirəyə aldıqda Qarabağ xanı İbrahimə dəstək üçün Gürcü ordusu Aleksandre İrakli oğlunun başçılığıyla səfərə çıxdı. Hansı ki İran şahı sonra gürcülərə hücüm etdi. Borçalı mahalının müsəlmanları gürcü çarının əsgərlərinin yanında durdular və öz din qardaşlarına qarşı getdilər. Bu şərait bu gün də Borçalı mahalının müsəlmanlarının xatirəsində qalır. Artıq müsəlman razmi (hərbi birlik) təşkil olunub onlar Gürcüstan Respublikasının düşmənlərinə qarşı çıxırlar. Onlar təkcə Gürcüstanın müstəqilliyi üçün deyil bütün Zaqafqaziyanın mustəqilliyi üçün müharibə elan edirlər. Müstəqillik kimlər üçünsə dəyərlidir onlar hər imkanda onu qorumalıdırlar. Müsəlmanlar bunu anlayırlar və Gürcüstanın müstəqilliyini, Zaqafqaziyanın mütəqilliyini ayaqlar altına almaq istəyənlərə qarşı gedirlər. Borçalı müsəlmanları, mən inanıram ki, Gürcüstanın başqa mahalında yaşayan müsəlmanlar da: Siğnaği, Telavi, Axalçixe mahalı müsəlmanları hər şəraitdə öz ölkələrinin tərəfində dururlar. Bu mənim üçün böyük fəxrdir ki, parlamentə girəndə bildirəm - Yaşasın Gürcüstan[4]. |