Mirzə Hüseyn Həsənzadə və ya Mirzə Hüseyn İrəvani (1869, İrəvan – 1947, Tbilisi) — azərbaycanlı müəllim, pedaqoq və Gürcüstan Demokratik Respublikasının Milli Şurasına seçilmiş 4 azərbaycanlı deputatdan biri.[1]
Mirzə Hüseyn Həsənzadə | |
---|---|
Digər adı | Mirzə Hüseyn |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | [1]/1948[2] |
Vəfat yeri | Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası |
Atası | Hüseyn Həsənzadə |
Anası | Məcidə Həsənzadə |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | müəllim, pedaqoq və siyasətçi |
Mirzə Hüseyn Həsənzadə 1869-cu ildə İrəvanda anadan olub. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarından biridir.[2]
1890-cı illərdə Mirzə Hüseyn Atsquri kənd məktəbində baş müəllim kimi fəaliyyət göstərib.[2] 1912-ci ildə Tiflisdə Kultura mətbəəsində "Tamam əlifba" adlı dərslik nəşr etdirib. 38 səhifəlik bu kitab I sinif üçün yazılmış əlifba dərsliyi idi.[3] Kitabda ərəb əlifbasına sait səslər əlavə edilmişdi.[2] Kitab həmçinin şəkillərdən, qısa hekayələrdən və şeirlərdən ibarət idi.[2] Həmin illərdə Mirzə Hüseyn Tiflis şəhər 2-ci Xarpux Azərbaycan ibtidai məktəbinin müəllimi kimi fəaliyyət göstərirdi.[3]
Tiflisdəki həyatı Mirzə Hüseynin siyasi fəaliyyətində mühüm rol oynamağa başladı. Belə ki, 1918-ci ildə Gürcüstan Demokratik Respublikası qurulduqdan sonra parlament funksiyasını həyata keçirən Gürcüstan Milli Şurasının 1918-ci il 13 sentyabr tarixli qanunu ilə milli azlıqların nümayəndələrinə bu qanunverici orqanda təmsilçilik kvotaları ayrıldı. Buna görə də Gürcüstanda yaşayan Azərbaycan türklərinə də Milli Şurada təmsil olunmaq üçün 4 yer ayrıldı.[4][1] Bu yerlər Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuraların nümayəndələri hesabına doldurulmalı idi. 1918-ci ilin sentyabrın 29-da Gürcüstan Müsəlmanlarının Milli Şurası tərəfindən Əliheydər Qarayev, Əbdürrəhim bəy Haqverdiyev, Əbdüləziz Şərifov və Mirzə Hüseyn Həsənzadəyə parlamentdə təmsilçilik mandatı verildi.[5][6] Bir ay sonra şura öz fəaliyyətini Gürcüstan Müəssislər Məclisi adı altında davam etdirdi.
Mirzə Hüseyn Həsənzadə 1947-ci ildə dünyasını dəyişib.[1] Bəzi mənbələrdə isə onun vəfat tarixi kimi 1948-ci il qeyd edilir.[2]