Gəncə hadisələri (2018)

Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı.

Gəncə iğtişaşları
Gəncə iğtişaşları baş tutduğu meydan
Gəncə iğtişaşları baş tutduğu meydan
Tarix 10 iyul 2018
Yeri Gəncə, Azərbaycan
Səbəbi Yunis Səfərovun müdafiə edilməsi
Nəticəsi  • 2 polisin öldürülməsi
 • 5 dinc vətəndaşın öldürülməsi
 • 54 nəfərin həbs edilməsi
Münaqişə tərəfləri

Yunis Səfərovun tərəfdarları

 • Daxili İşlər Nazirliyi
 • Dövlət Təhlükəsizliyi Xidməti
 • Daxili Qoşunlar

İtkilər

5 nəfər

2 polis

Ümumi itkilər
7 nəfər

2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həm də Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi.

Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub. Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun, 2016-cı ildə İranın Qum şəhərində 8 ay yaşadığı, bu müddət ərzində Azərbaycan vətəndaşı Rasim Əsədovla birgə Rusiya ərazisində silahlı birləşmələrin heyətində döyüş təlimi aldığı iddia olunur.

İyulun 10-da, hələ günorta saatlarında Gəncə şəhərinin meydanına Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzvləri cəlb olunmuşdu və meydan boşaldılmışdı.

Saat 20.00 radələrində Gəncə şəhərinin meydanında 150–200 nəfərdən ibarət bir qrup şəxs dini şüarlar səsləndirməyə başladı.

Saat 20.30 radələrində meydanda Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov etirazçılar tərəfindən deşici vasitələrlə öldürüldü. Bundan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzvləri meydanda olanlara müdaxilə edir və həmin şəxsləri həbs etməyə başlayır.

Saat 21.00 radələrində DİN, DTX və BP birgə məlumat yayır. İlqar Balakişiyev və Səməd Abbasovun öldürülməsində şübhəli bilinən 2 nəfərin axtarışa verildiyi bildirilir: 1988-ci il təvəllüdlü, əvvəllərdə həbs olunan Rəşad Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Qasımov. Məlumatda həmçinin 40 nəfərin həbs edildiyi, bir sıra şəxslərin isə axtarışa verildiyi bildirildi.

İyulun 12-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən Rəşad Məmmədəli oğlu Böyükkişiyev, və Anar İslam oğlu Bağırov DTX-nın "Aslanlar" qrupu tərəfindən aparılan əməliyyat zamanı məhv edildi. Hər ikisinin silahlı müqavimət göstərdiyinə görə "Aslanlar" qrupunun üzvləri tərəfindən öldürüldüyü bildirildi. Məhv edilənlərin üzərindən odlu silah tapıldığı bildirildi.

İyulun 25-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən Ağa Hüseyn oğlu Sərxani, DTX-nın "Aslanlar" qrupu tərəfindən aparılan əməliyyat zamanı məhv edildi. Ağa Sərxaninin silahlı müqavimət göstərdiyinə görə "Aslanlar" qrupunun üzvləri tərəfindən öldürüldüyü bildirildi. Aparılan araşdırmalar zamanı Ağa Sərxaninin 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin heyətində döyüş təlimlərində olduğu məlum oldu.

Daha sonra iyulun 28-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən daha bir nəfər, Fuad Tofiq oğlu Səmədov, DTX-nın "Aslanlar" qrupu tərəfindən aparılan əməliyyat zamanı məhv edildi. Fuad Səmədovun silahlı müqavimət göstərdiyinə görə "Aslanlar" qrupunun üzvləri tərəfindən öldürüldüyü bildirildi. Məhv ediləndən sonra onun üzərindən odlu silah tapıldı.

Avqustun 11-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən Murad Çapay oğlu Rəhimov, Daxili İşlər Nazirliyinin işçiləri tərəfindən aparılan əməliyyat zamanı məhv edildi.

Həbs edilənlər

[redaktə | mənbəni redaktə et]

Gəncə iğtişaşları nəticəsində 54 nəfər həbs edildi. 41 nəfərə 5 ildən 10 ilə qədər olan həbs cəzaları verildi.