19 yanvar mitinqi[4][5] — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.
19 yanvar mitinqi | |
---|---|
Yer | Bakı, Azərbaycan |
Tarix | 19 yanvar 2019 |
Əsas məqsəd | Siyasi məhbusların azad edilməsi |
Nəticə | Mehman Hüseynovun həbsdən azad edilməsi |
Təşkilatçılar | Milli Şura |
İştirakçı sayı |
2,800[1] (BŞBPİ-nin məlumatı); 20,000[2][3] (Təşkilatçıların iddiası) |
2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib.[6][7] Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.[8]
Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin.[8] Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb.[8]
Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər.[8]
Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar.[2] Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər.[8] Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.[8] Bundan əlavə, Dağlıq Qarabağ mövzusunda Azərbaycan hökumətinin sülhsüvər mövqeyi onları hiddətləndirən səbəblərdən olub.[8]
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.[8]
Təşkilatçıların iddialarına görə mitinqdə təxminən 20,000 nəfər iştirak edib.[2] Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə isə iştirakçı sayı 2,800 nəfər olub.[1]
Etiraz aksiyasının nəticəsində 2019-cu il yanvarın 21-də Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib.[9] 2019-cu il yanvarın 22-də Azərbaycan Respublikası Baş Prokurorluğu məhbus həyatı yaşayan bloger Mehman Hüseynov barəsində açılan yeni cinayət işinə xitam verildiyi barədə məlumatla çıxış edib.[10]
2019-cu il yanvarın 23-də müxalifətin siyasi məhbuslara dəstək məqsədilə yanvarın 19-da Bakıda keçirdiyi mitinqin iştirakçıları polisin onlarla maraqlanmasından şikayətlənirlər.[11] Onları müxtəlif bəhanələrlə polis şöbələrinə dəvət ediblər.[11] Bəzilərinə isə telefonda bir neçə sual veriblər.[11] Suallar əsasən pasport məlumatları ilə bağlı olub – ad, soyad, ünvan və telefonlar dəqiqləşdirilib.[11] Bəzilərindən məşğuliyyəti və siyasi mənsubiyyəti haqda soruşublar.[11] Hansısa xüsusi şöbədən yox, yaşayış yeri üzrə yerli şöbələrdən zəng vurublar.[11]