Gattenhofia

Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi.

Süsən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır.

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.[3]

Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir. Çox qədim zamanlardan bizə qədər gəlib çatan bir xalq əfsanəsində bu zərif çiçək haqqında deyilir ki, min il bundan qabaq ilk süsən çiçək açır. O, qədər gözəl olur ki, bütün quşlar və heyvanlar onu sevməyə başlayır. Nə vaxt ki, toxumlar yetişir, külək bunları götürüb dünyanın hər yerinə aparır. Bu zaman yer kürəsinin hər yerində müxtəlif rəng çalarlarına malik süsən əmələ gəlir. Məsələn, nəmli çəmənliklərdə qızılı-sarı süsən, səhralarda qəşəng süsən, dəniz kənarlarında qırmızı süsən, ən gözəli isə mavi (hava) rəngli və ətirli dağ süsəni yaranmağa başlayır.

Bitkinin adı "İris", "İdos" yunan sözü olub, "göy qurşağı" mənası verir. Beləliklə müxtəlif rənglərdə olan süsən çiçəklərini gözəllik rəmzi olan göy qurşağına bənzədirlər.

Qədim insanlar hər hansı bitki ilə tanış olan zaman onun müalicəvi xüsusiyyətlərinə fıkir verirdilər. Yunan həkimi Dioskorid (bizim eranın I əsrində) "Dərman vəsaiti" əsərində süsənin müalicəvi xüsusiyyətlərindən geniş söz açır. Süsənin yarpaq, kökümsov və kök hissələri dərman, aşı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər. Belə ki, 300 ildən artıqdır ki, İtaliyada "bənövşə kökü" adı ilə məşhur olan Florensiya süsənindən yüksək keyfiyyətli, xoş ətirli, iron maddəsi ilə zəngin efır yağı istehsal olunur. Bu yağdan isə incə bənövşə çiçəyinin iyini xatırladan ətir alınır. Süsənin bir çox növlərinin kökümsov və yarpaq hissələrində C vitamini, karotin, flavonoid, aşı maddəsi, kversetin, lyuteolin, 57%-ə qədər nişasta, 9,6% piyli yağ, qatran və s. maddələr tapılmışdır.

Sarı süsən — I. pseudacorus

Hündürlüyü 80–100 (110) sm olan çoxillik ot bitkisidir. Yerüstü hissəsi budaqsızdır. Sarı süsən yabanı halda su kənarlarında, bataqlıqlarda və rütubətli çəmənliklərdə bitir. Sarı süsənin torpaq altında yaxşı inkişaf etmiş iri kökümsov gövdəsi olur. Yayın əvvəllərində kökümsovlardakı tumurcuqlardan gövdə, yarpaq, çiçək və meyvə inkişaf edir. Süsən sürətlə böyüyür, çəmən bitkilərindən hündürə qalxır, digər bitkilərin inkişafına imkan vermir, bütöv və ya adda-budda təmiz qruplaşmalar əmələ gətirir. Sarı süsənin yarpaqları uzun müddət, hətta qışda da yaşıl qalır. Yarpaqları lansetşəkilli və paralel damarlıdır. Çiçəkləri iri və gözəl görünüşə malikdir. Ləçəkləri aşağıdan bitişik olub, iri dairə üzrə üç-üç yerləşir. Xarici dairədəki ləçəkləri iri olub, aşağıya əyilir, daxildəkilər isə kiçik olub, yuxarıya qalxır. Kasa yarpağı yoxdur. Meyvəsi üçyuvalı qutucuqdan ibarətdir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqust aylarında yetişir.

Sarı süsən mülayim, subtropik və tropik iqlimi sevir. Respublikamızın torpaq və iqlim şəraiti süsənlərin inkişafı üçün çox əlverişlidir. Sarı süsən dərman, efir yağlı, boyaq, aşı və bəzək bitkisi kimi olduqca qiymətlidir.

Kökümsovları təzə vaxtı iysiz və zəhərli olur. Ondan istifadə etmək üçün kökümsovları yerdən qazıb çıxarır, torpağını yuyub təmizləyirlər. Sonra doğranmış xırda hissələri sərib qurudurlar. Qurudulmuş kökümsovları kağız torbalara doldurub xüsusi anbarlarda saxlayırlar. 3–4 aydan sonra kökümsovlar incə bənövşə iyi verməyə başlayır. Bu zaman onun köklərini narın toz halına salıb, "bənövşə kökü" adlı efır yağı alırlar. Sonra alınmış yağdan ətriyyat, kosmetika, sabunbişirmə və s. ilə yanaşı, qənnadı məmulatları və spirtsiz içkilər istehsalında da geniş istifadə edirlər. Bundan əlavə, narın kökümsovları ədviyyat kimi bir çox xörəklərə qatılır. Çiçək və kökümsovunun tərkibində 0,1–0,4% efır yağı, ürək qlükozidləri, 55–57% nişasta, 10%-ə qədər yağ, 14%-ə qədər aşı maddələri və s. tapılmışdır. Bundan başqa çiçəklərindən 8–10% flavonoid maddələri, 9–15(26)%-ə qədər antosian tərkibli boyaq konsentratları və s. alınmışdır. Sarı süsənin qurudulmuş kökümsov və gövdəsindən xalq təbabətində sidikqovucu və qurdqovucu dərman kimi istifadə edilir. Təbabətdə isə diş ağrısı, qarın yatalağı və başqa xəstəliklərin müalicəsində işlədilir. Kökümsovu alkoloidlə zəngin olduğundan onlardan yalnız qurudulmuş halda istifadə etmək lazımdır.[4]

İstehsalatda istifadəsi

[redaktə | mənbəni redaktə et]

Süsənin bir çox növlərinin çiçək və kökümsovlarının tərkibində yeyinti və toxuculuq sənayesində, gön-dəri istehsalında, eləcə də əczaçılıq, ətriyyat və kosmetika sahələrində istifadəsi mümkün olan antosian və aşı maddələri, dərman, efir yağları var. Biz ilk dəfə olaraq süsən çiçəklərindən zəhərsiz və tərkibi bioloji fəal maddələrlə zəngin olan boyaq maddələri alaraq, qida məhsullarının boyadılmasında sınaqdan keçirib maraqlı nəticələr əldə etdik.

Süsən, əsasən toxumla, vegetativ üsulla və kökümsovları vasitəsilə çoxaldılır. Çoxaltma üçün sağlam, cavan cücərtilərin şitillərindən istifadə olunur. Növbəti əkin zamanı süsəni biçilmiş taxıl və yaxud mədəni bitkilər üçün nəzərdə tutulmuş sahələrdə əkib becərirlər. Şumlama 27–40 sm dərinliyində aparılır. Şumlamadan sonra hər hektar sahəyə 200–300 kq superfosfat, 100–150 kq kalium gübrələri verilir. Bitkinin inkişafı prosesində hər suvarmadan sonra kultivasiya işləri aparılır, sahə alaq otlarından təmizlənir. Bitkinin hündürlüyü 10–12 sm-ə çatdıqdan sonra hər hektar sahəyə təkrarən 150–250 kq superfosfat, 80–125 kq kalium gübrəsi verilir. İkinci il bitkinin dibi yumşaldılır, alaq otlarından təmizlənir və suvarılır.

Süsəni qida sahəsi 70x30 sm olan yerdə əkib becərirlər. Hər hektar sahədən 5–8 ton kökümsov məhsulu əldə edilir.[5]

Müalicə praktikasında istifadəsi

[redaktə | mənbəni redaktə et]

Sarı süsənin qurudulmuş kökümsovlarının sulu dəmləməsi və bişmişi ishalın qarşısını alır. Sulu dəmləməsi həm də böyrək və sidik yollarının iltihabını, ağrıları və daxili qanaxmaları (uşaqlıq qanaxmalarını) kəsir.

Aristotel, Dioskorid öz əsərlərində xalq arasında süsənin kökündən bir çox xəstəliklərin müalicəsində geniş istifadə edilməsi haqqında maraqlı məlumatlar verirlər. Qədim zamanlarda süsənin kökünü yerdən qazıb çıxarır, yuyub qurudur, əzərək narın toz halına saldıqdan sonra spirtdə, çaxırda həll edərək kəskin ağrı verən sidik kisəsi xəstəliklərini müalicə edərmişlər.

Orta əsrlərdə kosmetika sahəsində süsənin kökündən geniş istifadə etmişlər. Bitkinin cövhəri diş dibini möhkəmləndirir. Bundan başqa üzdə olan çilin yox edilməsində, qanın kəsilməsində, tozunu balla qarışdırıb yaranın üzərinə çəkərək və döyülmüş ətlə qarışdırıb açıq sümüyün üzərinə qoyaraq müalicə edirmişlər. Tozu balla qarışdırıb üzdəki çillərin üzərinə sürtməklə onları yox edirmişlər.

  • Hermodactylus Mill. (1754).
  • Xiphion Mill. (1754).
  • Belamcanda Adans. (1763), nom. cons.
  • Beverna Adans. (1763).
  • Chamoletta Adans. (1763).
  • Gemmingia Heist. ex Fabr. (1763).
  • Iriastrum Heist. ex Fabr. (1763).
  • Xuris Adans. (1763).
  • Chamaeiris Medik. (1790).
  • Gattenhofia Medik. (1790).
  • Pseudo-iris Medik. (1790).
  • Xyphion Medik. (1790), orth. var.
  • Xeris Medik. (1791).
  • Pardanthus Ker Gawl. (1804).
  • Evansia Salisb. (1812).
  • Thelysia Salisb. (1812).
  • Juno Tratt. (1821).
  • Oncocyclus Siemssen (1846).
  • Limnirion Opiz (1852).
  • Costia Willk. (1860).
  • Coresantha Alef. (1863).
  • Neubeckia Alef. (1863).
  • Limniris Fuss (1866).
  • Spathula Fourr. (1869).
  • Xyridion Fourr. (1869).
  • Joniris (Spach) Klatt (1872).
  • Ioniris Baker (1876), orth. var.
  • Cryptobasis Nevski (1937).
  • Sclerosiphon Nevski (1937).
  • Iridodictyum Rodion. (1961).
  • Siphonostylis Wern.Schulze (1965).
  • Junopsis Wern. Schulze (1970).
  • Pardancanda L.W.Lenz (1972).
  • Pardanthopsis (Hance) L. W. Lenz (1972).
  • Alatavia Rodion. (1999).
  • Ophioiris (Y.T.Zhao) Rodion. (2004).
  • Eremiris (Spach) Rodion. (2006).[6]