Hənifə Ələsgərov

Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı29 aprel 1991, Bakı) — Bakı şəhərinin baş memarı (1967-1972), SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı.

Hənifə Ələsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1912(1912-01-01)
Doğum yeri
Vəfat tarixi 29 aprel 1991(1991-04-29) (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
İşləri və nailiyyətləri
Əsas tikililəri Qara Qarayev metrostansiyası
Mükafatları "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı SSRİ Dövlət mükafatı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1976
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Hənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir.

Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu.

Zaqatala rayonunun baş planının layihələşdirilməsi işində əsas yer tutmuşdur. O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında memarlıq işləri üzrə birinci müdir müavini işləmişdir. 1948-1958-ci illərdə Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi.[1]

1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusunun tikilməsində iştirak etmişdir.[2]

1972-ci ildə SSRİ1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatları laureatı adına layiq görülmüşdür. 1-ci dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.[2]

Hənifə Ələsgərovun yaradıcılığında şəhərsalma üzrə maraqlı işlərdən biri də Bakıdakı Nizami meydanının yenidən qurulması idi.

1961-ci ildə keçmiş Lenin meydanının, (indiki Azadlıq meydanı) yenidən qurulması üçün elan edilmiş qapalı müsabiqədə H.Ələsgərovun başçılığı altında olan kollektivin layihəsinimn 3-cü mükafat alması müəllifin yaradıcılıq nailiyyəti idi.[2]

Hənifə Ələsgərovun 1965-ci ildən Bakı şəhərinin Baş Planlaşdırma idarəsi rəhbəri vəzifəsində fəaliyyəti, tezliklə şəhərin yeni baş planının texniki iqtisadi əsasları üzərində işə başlanılması ilə əlamətdar olmuşdur. O, 1973-cü ilə qədər Bakı şəhərinin Baş memarı vəzifəsində işləmişdir.[1]

Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Ələsgər Hüseynovla) layihəsini vermişdir.[3]

Hənifə Ələsgərov 50-dən çox məqalə, kitab və kitabçaların müəllifidir.

Azərbaycanın XX əsr memarlığının inkişafında və xüsusilə də şəhərsalma tarixində mühüm yeri olan görkəmli memar Ələsgərov Hənifə Əliskəndər oğlu 1991-ci ildə 79 yaşında dünyasını dəyişmişdir.[2]

Bakı şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Əliyev, M. Memar Hənifə Ələsgərov haqqında [Mətn] /M.Əliyev.- Qobustan.1977.- № 1.- S.44-46.
  2. 1 2 3 4 Əliyev, N. Ustad memarın yaratdıqları [Mətn]: [Əməkdar inşaatçı Hənifə Ələsgərov haqqında] /N.Əliyev //Azərbaycan.2002.-16 fevral.-S.3.
  3. Hüseynov Ələsgər Nurəli oğlu [Mətn] //Fəxri xiyaban; Heydər Əliyev Fondu.- Bakı, 2007.-S.87.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ələsgərov Hənifə Əliskəndər oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.