Hacı Molla Şükür Məhərrəmzadə

Hacı Molla Şükür Məhhərrəmzadə (1820 və ya 1821, Ağanus, Laçın rayonu) — dövrünün məşhur ziyalılarından biri, müəllim olmuşdur. Müqəddəs bir şəxsiyyət kimi tanınmışdır, Şuşa şəhərinin qazısı olmuşdur. Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi olmuşdur.

Hacı Molla Şükür Məhərrəmzadə
Doğum tarixi 1820 və ya 1821
Doğum yeri
Fəaliyyəti müəllim

Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il BağdadNəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı onu Şuşa şəhərinin axundu təyin etmişdi. O, da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı.

Hacı Mоlla Şükür Yasəmən Rəhim qızı və Bəyaz xanımla ailə qurmuşdu. Nəsir, Əbuturab, Məhəmməd, Əhməd, Əsədulla adlı оğlanları vardı.

Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün "Geriyə bax, qoca!.." adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış. Hətta Sovet hakimiyyətinin 70 il sürəcəyini də öncədən söyləyirmiş.

O, erməni terroruna, təcavüzünə qarşı mübarizədə də fəal iştirak etmişdir. Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında yazır ki, Hacı Axundun başçılıq etdiyi dəstə Qarabağ xanı İbrahim xanın qızı mərhumə Gövhər ağanın evinin ətrafında mövqe tutub ermənilərə qarşı döyüşürdü...

1905-ci ildə Ermənilər Əsgəran qalasını tutaraq yolu kəsirlər, Şuşaya Ağdam tərəfdən ərzaq buraxmırlar. Rəhim Kərbəlayi Hüseyn oğlu Şuşanın axundu ilə görüşür və Əsgəran qalasının azad edilməsinin vacib olduğunu öyrənir. O, Əsgəran qalasını düşməndən təmizləyir, döyüşçülərindən bir dəstə orada daimi müdafiədə dayanır və yüzlərlə araba Şuşaya ərzaq daşımağa başlayır.Tək Qarabağdan deyil, digər yerlərdən – Bakıdan, Təbrizdən, Dərbənddən, Aşqabaddan, Daşkənddən də varlı Azərbaycan bəyləri Şuşaya həm ərzaq, həm silah göndərirlər. Şuşanı ermənidən qorumaq üçün aralarında bir neçə ay fasilə olmaqla 2 qanlı dava gedir. Hər iki döyüşdə azərbaycanlılar, xüsusən Şükür böyük şücaətlər göstərir, Rəhim Kərbəlayi Hüseyn oğlu həlak olur. Az keçmir ki, Rəhimin qardaşı da Tuğda ermənilər tərəfində öldürülür. Azərbaycanlıların sərt müqaviməti ilə qarşılaşan və məğlubiyyətə uğrayaraq çoxlu itki verən ermənilər barışıq üçün müraciət edirlər[1]..

Hacı Molla Şükür, eyni zamanda, rus imperiyasının islami, milli dəyərlərimizi məhv etməyə yönəlmiş tədbirləri ilə də barışmırdı[2].

Nəslinin davamçıları

[redaktə | mənbəni redaktə et]

Sovet hökuməti yıxılana qədər çoxları kimi Hacı Molla Şükürün nəslinə də böyük zərbələr vurdu. Ölümündən sonra ailəsi, bütün əzizləri repressiyaya, təzyiqlərə məruz qaldı. Oğullarından biri, Müsavatın fəallarından olmuş Mirzə Məhəmməd 1937-ci ildə həbsə alınaraq sürgün edilir.

Mirzə Məhəmməd Müsavat hökuməti vaxtında əvvəl Qubadlıda qəza pristavı, son dövrlərdə isə Xosrov bəy Sultanovun əmri ilə Şuşa qəzasının rəisi işləyirmiş. Cümhuriyyət süquta uğrayandan sonra repressiyaya məruz qalaraq həbs olunmuşdu. Sonra Şuşaya qayıdıb gələndə isə yenidən təqiblərlə üzləşdiyi üçün ailəsini də götürüb Ağdama köçmüşdü[3].

İlyas Əfəndiyev bayaq xatırlatdığımız "Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?" hekayəsində Mirzə Məhəmmədin uşaqlıqda Hacı Molla Şükürün bağında birlikdə oynadıqları qızı Səriyyənin sonrakı acınacaqlı taleyini də yanıqlı notlarla təsvir edir (Hacının həyat yoldaşı Bəyaz xanım məşhur yazıçımızın anasının xalası imiş)... Uzun müddət maarif sahəsində çalışmış filoloq-müəllim, yazıçı publisist Əslixan Hüseynoğlu Hacının nəticələrindəndir. Hacı Molla Şükürün oğlu Mirzə Məhəmmədin nəvəsi Flora xanım Qasımova hazırda Milli Məclisin üzvüdür. Respublikanın Əməkdar müəllimi, Laçın rayonu Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov, Sahibkarlar Şurasının üzvü, "Bakond" şirkətinin prezidenti Ruslan Sadıqov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıqov və başqaları Hacı Molla Şükürün yadigarlarıdır.

Hacı Axund Molla Şükürün Əlyazmalar İnstitutunda saxlanılan əski əlifbada əlyazmaları müxtəlif dini bilgilərdən, göy cisimləri ilə Quran əlifbası arasında əlaqələrdən və s. bəhs edir. Represiyalar zamanı yaxınları onun bir çox əlyazmalarını yandırmağa məcbur olmuşlar.

Hacı Mоlla Şükür Məhərrəmzadə 1890-cı ildə “Risaleyi-hüruf və hüquq” adlı kitab yazmışdı. Bu kitab o dövrün məktəb və mədrəsələrində Azərbaycan dili, hesab və başqa fənlərin tədrisi üzrə qiymətli dərslik hesab olunurdu. Dərsliyin müsbət xüsusiyyətləri orada müəllimlər üçün metodiki göstərişlərin olması, dilinin sadəliyi və asanlığı ilə əlaqədar idi[4].

  1. Ənvər Çingizoğlu, jurnalist-etnoqraf. "Hacı Molla Şükür Məhhərrəmzadə: "Difai"nin axund üzvü" (azər.). https://xudaferin.eu. 03.11.2021 tarixində arxivləşdirilib.
  2. Sultan Laçın. "Xan qızı Natəvanın kəbinini kəsən kişi..." (azər.). Həftə içi.- 2013.- 12-14 oktyabr.- S.8. 03.11.2021 tarixində arxivləşdirilib.
  3. Yasəmən MUSAYEVA. "İlham Əliyev Qarabağı öz sahiblərinə qaytardı" (azər.). https://www.azerbaijan-news.az. 03.11.2021 tarixində arxivləşdirilib.
  4. Ənvər Çingizoğlu, jurnalist-etnoqraf. "Hacı Molla Şükür Məhhərrəmzadə: "Difai"nin axund üzvü" (azər.). https://xudaferin.eu. 03.11.2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]