Hacı Xanməmmədov

Hacı Dadaş oğlu Xanməmmədov (15 iyun 1918, Dərbənd, Dağıstan vilayəti7 aprel 2005, Bakı) — Azərbaycan görkəmli bəstəkarı və dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), dosent (1981), Azərbaycan SSR xalq artisti (1988), professor (1988), "Şöhrət" ordeni laureatı (1998)[1][2]

Hacı Xanməmmədov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri
Dəfn yeri II Fəxri xiyaban
Atası Dadaş Xanməmmdəov
Musiqiçi məlumatları
Fəaliyyəti Dirijor, bəstəkar
Fəaliyyət illəri 1934–2005
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1988 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1967
"Şöhrət" ordeni — 1998

Hacı Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. 14 yaşında ikən Bakıya gələn Hacı Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və musiqiçi kimi püxtələşməsində həlledici rol oynamışdır. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir.

1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu" operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi.

1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov "Koroğlu" operasının tamaşasında orkestrin tərkibində iştirak etmişdir və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur.

1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə "Xalq musiqisinin əsasları" şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya Müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış "Gözəl Pəri" mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün "Qəhrəmani" əsərini bəstələyir.

1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirir. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçir. H. Xanməmmədov Qara müəllimin məsləhəti ilə diplom işi kimi tar ilə orkestr üçün "Konsert" əsərini yazır. Bu əsər Dövlət Imtahan Komissiyası tərəfindən əla qiymətləndirilir və gənc bəstəkarın istedadı musiqi ictimaiyyətinin diqqətini cəlb edir. O vaxtlar hamı Azərbaycanın qüdrətli bəstəkarlar dəstəsinə öz sözü, öz nəfəsi olan bir bəstəkarın gəlişini çox yüksək qiymətləndirirdi. Bu əsərdəki işıqlı cəhətlər solo tar aləti sahəsindəki müvəffəqiyyətli axtarışlar və tapıntılar onun 2,3,4 və 5 saylı Konsertlərində də davam etdirilir. Bu konsertlərin ilk ifaçıları Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyev kimi görkəmli ustad tarzənlərimiz olub. Əlamətdardır ki, H. Xanməmmədovun tar konsertləri nəinki Respublikamızda, habelə Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarında müvəffəqiyyətlə səslənmiş, tədris repertuarına daxil edilmişdir. Onun ardınca bir çox tanınmış bəstəkarlarımız – S. Rüstəmov, S. Ələsgərov, C. Cahangirov, T. Bakıxanov, R. Mirişli və b. bu janra müraciət etmiş və sanballı əsərlər yaratmışlar. Onu da xatırladaq ki, 2 saylı "Konsert" görkəmli dirijor V.Fedoseyevin idarəsi ilə Ümumittifaq Radiosunda lentə yazılmışdır, həmçinin Mərkəzi Televiziyada videoyazısı var.

1990-cı ildə H.Xanməmmədov yenə də musiqimizdə ilk dəfə olaraq kamança və orkesrt üçün "Konsert" bəstələyir və əsər mərhum sənətkarımız Ədalət Vəzirovun ilk və kamil ifasından sonra tez bir zamanda məşhurlaşır, ifaçıların repertuarına və tədris proqramlarına daxil olur.

H. Xanməmmədovun istedadı digər janrlarda da özünü bariz şəkildə nümayiş etdirmişdir. Keçən əsrin 60-cı illərində bəstəkar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilmiş "Bir dəqiqə" (librettosu Məhərrəm Əlizadənin), "Bütün ərlər yaxşıdır" (librettosu Aleksandr Xaldeyevin) musiqili komediyalarını yaradır. Diqqətəlayiqdir ki, "Bir dəqiqə" musiqili komediyası 1965-ci ildə teatrın Moskvada qastrol səfəri zamanı Kremlin Qurultaylar Sarayında uğurla göstərilmişdir.

Bəstəkarın Xalq Çalğı Alətləri Orkestri ilə yaradıcılıq əlaqəsi də geniş idi. Onun orkestr üçün "Azərbaycan eskizləri", "Kolxoz", "Bayram" süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını nümunə göstərə bilərik. Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun "Azərbaycan eskizləri" süitasında və "Simfoniyetta"da bariz nəticəsini vermişdir.

H. Xanməmmədov həm də gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şerləri təşkil edir. Xüsusilə, H.Xanməmmədovun lirik mahnıları xalqımız arasında geniş yayılmışdır. Bu baxımdan "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Güllü", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və s. gözəl örnəklərdir.

H. Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda, təcrübəli pedaqoq, hami tərbiyəçi idi. Onun peşəkar musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olmuşdur. 40 ildən artıq bir dövrdə H.Xanməmmədov Bakı Musiqi Texnikumunda dərs demiş, 1957-ci ildən isə indiki Bakı Musiqi Akademiyasında çalışmışdır. O, "Xalq çalğı alətləri" kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının məsləhətçisi idi.

1951-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan H.Xanməmmədov 1956-cı ildən – yəni Azərbaycan Bəstəkarlar Ittifaqının I Qurultayından etibarən onun İdarə Heyətini üzvüdür. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış, bir bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görmüşdür. Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), Azərbaycan SSR xalq artisti (1988) fəxri adlarına, "Rəşadətli əməyə görə" medalına (1985), "Şöhrət" ordeninə (2000) və Prezident təqaüdünə (2002) layiq görülmüşdür.

H.Xanməmmədovla ünsiyyətdə olanlar bəstəkarın nə qədər alicənab və təvazökar, sadə insan olduğunu yüksək qiymətləndirirdilər.

Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru Hacı Dadaş oğlu Xanməmmədov 2005-ci il aprelin 7-də ömrünün 87-ci ilində vəfat etmişdir.

Kamança və simfonik orkestr üçün Konsert (1991); Ə.Cəfərzadənin söz. "Əlimdə sazım ağlar" solist və xalq çalğı alətləri orkestri üçün Poema /Qarabağ şəhidlərinə həsr olunub/ (1991); Tar və simfonik orkestr üçün 5 saylı Konsert (1993). S.Vurğun, Ş.Qurbanov, R.Rza, M.İsmayıl, H.Abbas, M.Əsgərli, B.Azəroğlu, Aşıq Alı, Q.İsabəyli, Ş.Manafov və b. şairlərin söz. mahnılar (1990 – 2001).

Haqqında çəkilən filmlər

[redaktə | mənbəni redaktə et]
  1. 11 teldə simfoniya. Hacı Xanməmmədov (film, 2016) (qısametrajlı sənədli film)
  2. Ötən əsrdən gələn adam (film, 2003) (qısametrajlı sənədli film)
  1. "H. D. Xanməmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1998-ci il tarixli, 726 nömrəli Fərmanı Arxivləşdirilib 2022-12-15 at the Wayback Machine  (az.)
  2. "Hacı Xanməmmədov". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-18.
  3. Bəstəkar H.D.Xanməmmədovun Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 22 iyun 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]