Hadi Atlasi

Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin]

Hadi Atlasi
tatar. Һади Мифтахетдин улы Атласи
Şəxsi məlumatlar
Doğum tarixi 29 avqust 1876(1876-08-29) və ya 1876[1]
Doğum yeri
Vəfat tarixi 15 fevral 1938(1938-02-15), 1937 və ya 1938[1]
Vəfat yeri
Fəaliyyəti siyasətçi, tarixçi, türkoloq, müəllim, publisist
Elmi fəaliyyəti
Elm sahəsi tarix[2], türkologiya[2], pedaqogika[2], publisistika[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir[3].

Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur.

1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur.

Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir.

Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər. Hadi Atlasi bu dəvəti məmunluqla qəbul edir. Burada işlədiyi illərdə mədrəsədə qızlar üçün siniflər açır, "Axırzaman nişanı", "İdel bye", yəni "Volqa boyu" və "Məktəb və molla" adlı publisistik əsərləri çap olunur.

Bu əsərlərində ədib dövrünün ictimai-siyasi hadisələrinə münasibətini bildirir. Hadi Atlasinin imam işlədiyi və mədrəsədə dərs dediyi illərdə, çar Rusiyası müstəmləkə altına aldığı xalqları ruslaşdırmaq üçün onların minillər boyu işlətdiyi əlifbanı kiril hərifləri ilə əvəzləməsinə, hər yerdə dərslərin Rus dilində keçilməsinə can atırdı. Rusiya Təhsil Nazirliyinin bu haqda qərarı 1906-cı il martın 31-də çap olunur.

Bir çox müsəlman ziyalıları, xüsusən din xadimləri çar Rusiyasının bu təşəbbüsünə sərt reaksiya göstərir. Hadi Atlasi Orenburqda 1906-cı ildə çap etdirdiyi "Yeni nizam və qolyazmalarımız" adlı kitabında Rusiya hökumətinin əsarət altına aldığı xristian olmayan xalqların dini və milli hisslərini tapdadığını kəskin tənqid edir. Əsər müsəlman xalqları arasında böyük əks-səda doğurur və Hadi Atlasinin cəsarətli addımı alqışlanır. Hökumət məmurları isə bu kitaba görə onu məhkəməyə verib üç ay həbs cəzasına məhkum edilməsinə, qızlar üçün açdığı siniflərin bağlanmasına və imamlıqdan çıxarılmasına nail olurlar.[4].

Ona göstərilən təzyiqlər əks nəticə verir. Az sonra isə, yəni 1907-ci ildə keçirilən seçkilərdə xalq onu II Dövlət Dumasına deputat seçilir.

İkinci Dövlət Dumasında "Müsəlman deputatlarının xidmət fraksiyası"nın üzvü olan Hadi Atlasi fraksiyanın Peterburq’da çap etdiyi "Duma" qəzetinin təşkilatçılarından olur. Qəzetin Türk-Müsəlman kəndlilərinin mənafeyini qoruduğunu görən hökumət məmurları bərk narahat olurlar. Onlar 6-cı saydan sonra qəzeti bağladırlar.

Elmi xidmətləri

[redaktə | mənbəni redaktə et]

Türkologiyaya böyük maraq göstərən Hadi Atlasi tarixi araşdırmalara girişir. Çar hökuməti də işğal etdiyi bölgələrdə yaşayan xalqların tarixini, mədəniyyətini, məişətini, adət-ənənəsini, xalqların və tayfaların bir-birinə münasibətini öyrənməyə maraqlı idi. Həmin yerlərə ekspedisiyalar göndərir, ekspedisiyalara böyük məbləğdə vəsait ayırır, əldə edilən məlumatlar strateji mərkəzlərdə təhlil edilir və idarəetmə planları hazırlanırdı.

Hadi Atlasinin tarixlə maraqlanması, tarixi mövzuda kitablar yazması Rusiya’nın strateji maraqları ilə üst-üstə düşürdü. 1905–1910-cu illərdə ardıcıl araşdırmalar aparan Hadi Atlasi "Sibir tarixi" kitabının birinci hissəsini, 1911-ci ildə Kazan şəhərindəki "Ümid" mətbəəsində iki min tirajla çap etdirir. Kitabda Kazan şəhərinin salınmasından, şəhərin [Rus]lar tərəfindən işğalınadək bir dövrü əhatə edir. Burada ilk dəfə xanların hakimiyyətə gəlməsi və hakimiyyətdən getmələri tarixi xronoloji ardıcıllıqla verilmişdir.

Onun Kazan xanının xanımı Süyen bikənin həyatından bəhs edən tarixi publisistik əsəri və "Kazan tarixi" kitabı Tatar-Başqırdlar tərəfindən böyük maraqla qarşılanır. Bu əsərlərdən hökumət məmurları bölgəni həmişəlik işğal altında saxlamaq məqsədilə istifadə edirdisə, xalqda da milli şüur oyadır, azadlıq eşqini alovlandırırdı.

Onu Kazan Universiteti nəzdindəki Arxeologiya, Tarix, Etnoqrafiya Cəmiyyətinə üzv seçirlər. Böyük türkoloq Bartold "Sibir Tarixi" və "Kazan Tarixi" kitabları haqqında yazdığı resenziyanı 1916-cı ildə "Rusiya Arxeologiya Cəmiyyəti Doğu Şöbəsinin Qeydlər" toplusunun 23-cü cildinin 3–4-cü buraxılışında çap etdirir.

Onun 1913-cü ildə "Şura" jurnalının 9, 10-cu saylarında çap olunan "Başqırdlar haqqında bir söz", [1914-cü ildə "Yıldız" jurnalında çap olunan "Başkırd jırları", 1911-ci ildə "Şura" jurnalının 9-cu sayında çap olunan "Sarkıl Şəhəri" məqalələri oxucularda milli şüur oyadırdısa, 1914-cü ildə "Məktəb" jurnalının 7-ci sayında çap olunan "Amerika Kitabxanaları" məqaləsi qabaqcıl təcrübədən yararlanmağa, kitabxanlar qurmağa və ondan istifadə etməyə xidmət edirdi.

Bakıya pənah gətirməsi

[redaktə | mənbəni redaktə et]

1917-ci ilin fevral-oktyabr aylarında Böqelmə şəhərində yaşayan Hadi Atlasi yeni qurulan hökumətlərin heç birinə qarışmır, məktəbdarlıq etməklə gününü keçirməyə çalışır. Lakin bu mümkün olmur. Şəhərin gah Ağqvardiyaçıların, gah Dutovçuların, gah Bolşeviklərin əlinə keçməsi, insanların həyatının daim təhlükədə olması, milli qüvvələr arasındakı ixtilaflar Hadi Atlasini Bakıya köçməyə vadar edir.

Azərbaycan Xalq Cumhuriyyəti illərində [Bakı]da yaşayan və Türk mətbəələrinə rəhbərlik edən Hadi Atlasi, Bolşeviklər Azərbaycanı işğal etdikdə yenidən Böqelməyə qayıdır.

1920–1929-cu illərdə Böqelmədə tarix və Alman dili müəllimi işləyən Hadi Atlasi Bolşeviklərin verdikləri vədlərə əməl etmədiyini görüb gizli fəaliyyətə keçir. Gizli təşkilat ətrafında millətçi ziyalılar toplaşır. Onların hərəkatlarını diqqətlə izləyən Sovet xüsusi xidmət orqanları Mirsəed Soltanqaliyevi və onun dəstəsini həbs etdikdən, rəhbər vəzifələrdəki Türk-Tatar ziyalılarını işdən çıxardıqdan sonra yerlərdəki gizli təşkilatları dağıtmağa başlayırlar.

Hadi Atlasi də Soltan Qaliyevçilik’lə suçlanaraq 10 il həbs cəzasına məhkum edilir və Arxangelsk vilayətindəki Solovki adalarındakı həbsxanalara göndərilir. O, burada siyasi məqsədlərlə aclıq elan edən və aclığı ölənədək davam etdirən Azərbaycanlılarla tanış olur. Azərbaycanlıların əqidə yolunda ölümə getmələri sanki onları yenidən ruhlandırır.

Həbsxanada olan Tatar-Başqırd ziyalıları Muxtarov, Mansurov, Burundukov, Bubeyli və başqaları Sovetlərə qarşı mübarizənin yeni yollarını planlaşdırırlar.

1934-cü ildə həbsdən azad edilən Hadi Atlasi Böqelməyə qayıdır. Altı ay orada yaşadıqdan sonra yerli xüsusi xidmət orqanlarının təqibindən və təzyiqindən qurtarmaq üçün Kazana köçür. Lakin burada da təqibdən yaxa qurtara bilmir. Özünə münasib bir iş tapa bilməsə də, gizli təşkilatda fəaliyyətini daha da genişləndirir.

KQB 1936-cı ilin avqustunda onu və gizli təşkilatın üzvlərindən 23 nəfəri həbs edir. 1937-ci ilin mayına kimi davam edən istintaq "Atlasovşin", yəni Hadi Atlasov’un rəhbərlik etdiyi gizli təşkilatın işi adı altında aparılır. 1937-ci ilin oktyabrın 23–28-də "Atlasov qrupunun işi" üzrə Kazan şəhərindəki Menjinsk klubunda məhkəmə başlayır. Volqaboyu Hərbi Məhkəmənin Kollegiyası 9 nəfəri H. M. Atlasov, R. R. Yarullin, K. K. Tuykin, B. F. Fattahov, F. K. Tuykin, Q. A. Altunbayev, K. L. İsxakov, S. Ş. Urazmanov və Z. B. Fattahov’u ölüm cəzasına, qalanlarını isə müxtəlif müddətli həbs cəzasına məhkum edirlər. Məhkəmədəki son sözündə Hadi Atlasi "Mən indiki zamanın adamı deyiləm, keçmişin insanıyam" demişdi.

Doqquz nəfərin ölüm hökmü 1938-ci ilin fevralında yerinə yetirilmiş, həbs olunanlardan da 3 nəfəri Stalinin şəxsiyyətə pərəstişdə suçlanmasından sonra geri dönə bilmişdir. Həbsdən dönənlər də xəstə və ruh düşkünliyi ilə.

Hadi Atlasiyə 1958-ci ildə bəraət verilsə də, onun əsərlərinin nəşri və təbliği SSRİ dağıldıqdan sonra mümkün olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]