Hind-Avstraliya plitəsi - Avstraliya qitəsi və ətrafdakı okean hissələrini əhatə edən əsas tektonik plitələrdən biri.
Plitə şimala doğru genişlənir və Hindistan yarımadasını və ətrafdakı əraziləri də əhatə edir. Hind-Avstraliya Plitəsi 43 milyon il öncə Avstraliya və Hind plitələrinin toqquşması nəticəsində yaranıb. Son araşdırmalar və eləcə də 2012-ci il Hind okeanı zəlzələsi kimi seysmik hadisələr göstərir ki, Hind-Avstraliya plitəsi Himalay dağları boyunca Avrasiya plitəsi ilə qarşıdurma nəticəsində yenidən iki plitəyə ayrıla bilər.
Şərq hissə (Avstraliya) şimala doğru ildə 5.6 sm sürətlə hərəkət etsə də,qərb hissədə (Hindistan) bu sürət Himalay dağlarının müqaviməti nəticəsində 3.7 sm-ə bərabərdir. Bu fərq plitənin mərkəzi Sumatrada kompresslənməyə səbəb olur və bunun nəticəsində Hind və Avstraliya kimi iki ayrı plitəyə ayrılma potensialını artırır. Adətən iki protoplitə kimi Hind plitəsi və Avstraliya plitəsi göstərilir.
Üçüncü Kaprikorn plitəsi isə ola bilsin ki, Hind plitəsinin qərbindən ayrılmaqdadır. Hind yarımadası, Meqanesiya (Avstraliya, Yeni Qvineya və Tasmaniya), Yeni Zelandiya və Yeni Kaledoniya hamısı qədim superkontinent Qondvananın fraqmentləridir. Dəniz dabanının genişlənməsi nəticəsində bu quru hissələri bir-birilərindən ayrılıblar, lakin genişlənmə nəticəsi aktivliyini itirdiyindən bu quru sahələri yenidən birləşərək yeganə plitəni əmələ gətiriblər.
Avstraliyada son GPS ölçmələri göstərir ki, plitənin sürəti 35 dərəcə şimala doğru 67 mm/il-ə bərabərdir. Bu ölçülər həmçinin Aukland, Krismas adası və Hindistanın cənubu üçün də doğrudur. Şimal-şərqi hissə Sakit Okean plitəsi ilə kompleks, lakin ümumilikdə konvergent sərhədlərə malikdir. Sakit Okean plitəsinin Avstraliya plitəsinin altına keçməsi nəticəsində Tonqa və Kermadek çökəklikləri, onlarla paralel isə Tonqa və Kermadek arxipelaqları əmələ gəlib.
Bu həmçinin Yeni Zelandiyanın Şimal adasının şərq hissələrinin də qalxmasına səbəb olub. Avstraliyadan 85 milyon il əvvəl ayrılmış və şimalda Yeni Kaledoniyadan cənubda Yeni Zelandiyanın subantarktik adalarına qədər uzanan Zealandiya hazırda Alpin çökəkliyi üzrə transfrom sərhəd boyunca parçalanmaqdadır. Yeni Zelandiyanın cənubunda, Makkari çökəkliyi bögəsində sərhəd transorm-konvergent sərhədə çevrilir. Burada Avstraliya plitəsi Sakit Okean plitəsinin altına subduksiya etməyə başlayır. Cənub hissə Antarktik plitəsi ilə Cənub-Şərqi Hind dağ silsiləsi adlanan divergent sərhədlərə malikdir. Qərb hissə Ərəb plitəsi ilə Oven Qırılma Zonası adlanan transform və Afrika plitəsi ilə Mərkəzi-Hind dağ silsiləsi adlanan divergent sərhədlərə sahibdir.
Hind-Avstraliya plitəsinin şimalı Avstraliya plitəsi ilə konvergent sərhədlərə sahibdir və bu sərhədlər Himalay və Hind-Quş dağlarını əmələ gətirir. Şimal-Qərb hissədə Hind-Avstraliya plitəsi Avrasiya plitəsi ilə subduksiya sərhədi əmələ gətirir. Bu sərhəd Banqladeşin Hind okeanı sahillərindən Sumatra və Yava adalarının cənub-qərbinə qədər uzanır. İndoneziya boyunca uzanan subduksiya sərhədi Asiya və Avstralasiyanın faunasını ayrına biocoğrafi Vallas xəttinə paralel deyil. İndoneziyanın şərq adaları əsasən Avrasiya plitəsinə aid olsalar da, Avstralasiya mənşəli fauno və floraya sahibdirlər.