Hisa Ota

Hisa Ota (大田 ひさ, Ota Hisa?, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d]2 aprel 1945[1], Gifu) və ya səhnə adı ilə Hanako (花子?) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır.

Hanako
yap. 花子 (女優)
Doğum tarixi 7 may 1868(1868-05-07)
Doğum yeri
Vəfat tarixi 2 aprel 1945(1945-04-02)[1] (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktrisa, teatr aktrisası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir.[2][a]

1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş[2] və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir.[4] Uzun və qısaboy bədən quruluşuna malik olan[2] Ota Londonda yerləşən Savoy teatrında[5] çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir".[2] Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir. Fuller Hanako üçün sonu ölümlə bitən (əsasən harakiri) tamaşalar yazmışdır: "Şəhid", "Yoşivarada dram", "Yapon kuklası", "Balaca yapon qız", "Siyasi casus", "Yapon Ofeliya" və s.[5]

Hanako müxtəlif ansambllar və prodüserlərlə turlara çıxmağa davam etmiş və Avropada məşhurlaşmışdır. O, Avropada Danimarka, Finlandiya, Fransa, Almaniya, Belçika (Antverpen), Avstriya (Vyana) kimi ölkələrdə səhnəyə çıxmışdır. 1907-ci ilin oktyabr–dekabr aylarında Nyu-Yorkda çıxış etmişdir.[6][7] 1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması səbəbilə əvvəlcə Parisə, sonra Londona köçmüşdür. 1915-ci ildə "Oya, Oya" adlı komediyada çıxış edərək şamisendə ifa etmiş və mahnı oxumuşdur.[8] Onun İngiltərə səhnəsində son çıxışı 1916-cı ildə "Yapon bakirəsi" adlı tamaşa olmuşdur.[8]

Hanako ansamblı üçün yeni üzvlər tapmaq üçün 1916-cı ildə Yaponiyaya səfər etmişdir, lakin müharibə səbəbilə səhnə karyerasına davam etmək çətinləşmişdir. Səhnə karyerasına son qoyaraq Londonun Dorset meydanında "Kogetsu" adlı yapon restoranı açmışdır. 1921-ci ildə Şahzadə Hirohito İngiltərəni ziyarət edərkən bu restoranın hamisi olmuşdur.[8] 1922-ci ildə Hanako Avropa karyerasını başa vuraraq bacısının Gifuda yerləşən geyşa evində işləməyə başlamışdır.[2]

Ogüst Roden və Hanako

[redaktə | mənbəni redaktə et]
"Hanakonun başı", Ogüst Roden (1908).

Hanako fransız heykəltaraş Ogüst Roden üçün modellik edən yeganə yapon şəxs olmuşdur. O, 1906-cı ildə Marseldə çıxış etdikdən sonra Rodenin diqqətini cəlb etmiş və Roden onu Parisdə modellik etməyə dəvət etmişdir. 1907-ci ildə Rodeni ən az üç dəfə ziyarət edən[9] Hanako onun "Ölümün başı" və "Meditasiya edən qadın" adlı iki maskası üçün modellik etmişdir.[2] Roden 1906–1911-ci illərdə Hanakonun 53 portretini və maskasını hazırlamışdır.[10][11] Yaponiya yazıçısı Mori Oqay 1910-cu ildə Hanako ilə Rodenin tanışlığı haqqında "Hanako" adlı hekayə yazmışdır.[4]

Hanako 1914-cü ildə müharibə səbəbilə Almaniyadan qaçarkən bir müddət Rodenin Myodonda yerləşən evinə sığınmışdır. Roden Hanakoya ailəsinin bir fərdi kimi evində yaşamağı təklif etmişdir. O, 1917-ci ildəki ölümündən qabaq hazırladığı iki maskanı Hanakoya bağışlamışdır. Hanako Yaponiyaya qayıdanda maskaları da özü ilə aparmış və Gifudakı evində saxlamışdır. İkinci Dünya müharibəsi zamanı Hanakonun evi məhv olsa da, maskalar Tokiodakı şəxsi kolleksiyaya satıldığı üçün qorunmuşdur.[4][12]

  1. Loi Fuller və bəzi bioqraflar Hanakonun həyatı ilə bağlı bir çox faktı yanlış veriblər. Məsələn, 1922-ci ildə nəşr olunmuş "Teatrda kim kimdir" (ing. "Who's Who in Theater") nəşrində Hanakonun doğum tarixi 1882-ci il göstərilib və qeyd olunub ki, Tokio İmperiya Teatrında çıxış edirdi.[3]
  1. 1 2 Hanako // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 3 4 5 6 Cohen. səh. 338
  3. Keene. səh. 251
  4. 1 2 3 "Donald Keene's Japan (Pt. 35): Searching for a true depiction of Rodin and Ogai's 'Hanako'". The Mainichi (yaponca). 4 iyul 2023. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
  5. 1 2 Scholz-Cionca, Stanca. "Japanesque Shows for Western Markets: Loïe Fuller and Japanese Theatre Tours Through Europe (1900-08)". Journal of Global Theatre History (ingiliscə). 1 (1). 2016: 46–61. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
  6. Keene. səh. 250
  7. Keene. səh. 254
  8. 1 2 3 Keene. səh. 255
  9. "Hanako". The Metropolitan Museum of Art (ingiliscə). 2024-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
  10. "Mask of Hanako (Ohta Hisa, 1868–1945)". The Metropolitan Museum of Art (ingiliscə). 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
  11. "Hanako". Rodin Museum (ingiliscə). 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
  12. Keene. səh. 257

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]