III Riçard (ing. Richard III of England) (2 oktyabr 1452 – 22 avqust 1485) — İngiltərə və İrlandiyanın York sülaləsindən olan son kralı. İngiltərədə orta əsrlər dövrünü sonlandıran Gül müharibəsinin həlledici döyüşü olan Bosvort döyüşündə məğlub oldu və öldürüldü. Uilyam Şekspirin "III Riçard" adlı tarixi pyesinin baş qəhrəmanıdır.
III Riçard | |
---|---|
ing. Richard III | |
26 iyun 1483 – 22 avqust 1485 | |
Əvvəlki | V Eduard |
Sonrakı | VII Henri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 oktyabr 1452 |
Vəfat tarixi | 22 avqust 1485 (32 yaşında) |
Vəfat səbəbi | hərbi toqquşma |
Fəaliyyəti | monarx |
Atası | Yorklu Riçard[1] |
Anası | Sesilya Nevil[1] |
Həyat yoldaşı |
|
Ailəsi | York sülaləsi |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük qardaşı IV Eduardın 1483-cü ilin aprelində vəfatından sonra taxta onun 12 yaşlı oğlu V Eduard çıxarıldı və qardaşının vəsiyyətinə uyğun olaraq Riçard gənc kralın naibi elan olundu. Ancaq 22 iyun tarixinə planlanan tacqoyma mərasimindən bir neçə gün əvvəl yeni kralın valideynlərinin nigahı qanunsuz, övladları isə qeyri-məşru elan edildi və beləcə taxtdan əl çəkdirildilər. 25 iyunda toplanan lordlar palatasının verdiyi qərarla Qloster hersoqu olan Riçard kral elan edildi. 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasiminin ardından devrilən V Eduard və kiçik qardaşı York hersoqu Riçard London qalasına həbs olundu və onlardan bir daha heç bir məlumat alınmadı. Gənc şahzadələrin əmiləri tərəfindən öldürüldüyü iddia edilsədə, bu barədə nə bir dəlil, nə də cəsəd tapılmadı.
Səltənəti illərində III Riçarda qarşı 2 böyük üsyan baş verdi. Bunlardan ilki 1483-cü ilin oktyabrında IV Eduardın sadiq müttəfiqi olan Bukingem hersoqu Henri Stafford tərəfindən başlansa da, üsyan qısa zamanda yatırıldı. Daha sonra 1485-ci ildə Henri Tüdor və əmisi Asper Tüdor topladıqları fransız birlikləriylə cənubi Uelsdə üsyan başlatdı və Bosvort düzənliyində III Riçardın ordusunu darmadağın etdi. Ələ keçirilən III Riçard öldürüldü və döyüşdə həlak olan son İngiltərə kralı olaraq tarixə düşdü. Ardından Henri Tüdor VII Henri adıyla taxta çıxdı.
Döyüş meydanından tapılan cəsədi Lester qəsəbəsinə aparıldı və burada sadə bir mərasimlə dəfn olundu. Ancaq İngiltərə inqilabı illərində məzar daşının oğurlandığına və cəsəd qalıqlarının Soar çayına atıldığına inanılırdı. Nəhayət, 2012-ci ildə III Riçard cəmiyyəti tərəfindən aparılan arxeoloji qazıntılar zamanı cəsədi tapıldı və həm radiokarbon tarixləmə üsulu, həm də böyük bacısı Yorklu Annanın məzarından alınan DNA nümunələri ilə cəsədin mərhum krala aid olduğu isbat olundu. Müvafiq prosedurun ardından cəsəd 26 mart 2015-ci ildə Lester kafedralına dəfn olundu.
Riçard 2 oktyabr 1452-ci ildə York hersoqu Riçard Plantagenet və Sesilya Nevilin 11-ci övladı olaraq Northemptonda dünyaya gəldi. Uşaqlıq illəri atasının taxt iddiasını dəstəkləyən York sülaləsi ilə VI Henri və xanımı Anjulu Marqariti dəstəkləyən Lankasterlər arasındakı mübarizə (Gül müharibəsi) ilə keçdi. 1459-cu ildə atası və bəzi York mənsubları İngiltərədən qaçmağa məcbur oldular və beləcə, Riçard və qardaşı Corc xalaları olan Bukingem hersoqinası Anna Nevilin himayəsinə girdilər.
Atası və böyük qardaşı Edmundun 30 dekabr 1460-cı ildə Veykfild döyüşündə həlak olmasının ardından Riçard və Corc analarının köməyilə Flandriyaya qaçırıldı. Ancaq bu sürgün çox çəkmədi və Lankasterlərin Touton döyüşündəki məğlubiyyətinin ardında Riçard və qardaşı İngiltərəyə geri döndülər. Taxt mübarizəsində qalib gələn digər qardaşı IV Eduardın 28 iyun 1461-ci ildə baş tutan tacqoyma mərasiminin ardından Riçard Qloster hersoqu seçildi və həm Qarter, həm də Bat cəngavəri təyin olundu.
Riçard bundan sonrakı uşaqlıq illərini Yorkşirdəki Midlham qalasında, Vorvik lordu olan xalası oğlu Riçard Nevilin himayəsində keçirdi. Vorvik lordu Gül müharibəsindəki önəmli rolu səbəbilə "Kral yaradıcısı" ləqəbi almışdı və gənc şahzadənin əsl cəngavər kimi böyüməsinə nəzarət edirdi. 1465-ci ilin payızında kral Eduard qardaşının himayə məsrəfləri üçün Vorvik lorduna 1000 sterlinq pul ayırmışdı. Riçard bəzi mənbələrə görə 12, bəzi mənbələrə görə isə 16 yaşına qədər burada Vorvik lordunun himayəsində qaldı və həm gələcəkdəki güclü dəstəkçilərindən Frensis Lovellə, həm də gələcək həyat yoldaşı olan Anna Nevillə bu illər ərzində tanış oldu.
Bu ilk illərdə belə Vorvik lordu qızları İzabel Nevil və Annanı kralın qardaşları ilə evləndirmək niyyəti var idi. Qədim ingilis ənənəsinə görə də, gənc aristokratlar gələcəkdə evlənəcəkləri xanımın ailəsində böyülüdüməli idi. Belə ki, kralın və gənc şahzadələrin atası olan Riçard Plantagenet də məhz bu ənənəyə uyğun böyüdülmüşdü. Ancaq kral Eduardla Vorvik lordunun münasibətləri gərginləşdi və kral bu evliliklərə qarşı çıxdı. Buna baxmayaraq Riçardın kiçik qardaşı Corc lordun böyük qızı İzabellə 12 iyul 1469-cu ildə kralın icazəsi olmadan gizlicə evləndi və qaynatasının krala qarşı çıxardığı üsyana qatıldı. Riçard isə lordun kiçik qızı Anna ilə şayələri yayılsa da, kral Eduarda sadiq qaldı.
Vorvik lordunun keçmiş Lankaster kraliçası Anjulu Marqaritə sığınmasının ardından, kral Eduard və Riçard 1470-ci ilin oktyabrında Burqundiyaya qaçdılar. Buna səbəb isə 2 il əvvəl - 1468-ci ildə bacıları Marqaritin Burqundiya hersoqu Cəsur Karlla evlənmiş olması idi. Qardaşı ilə birlikdə hələ 19 yaşındakı Riçard, Barnet və Qlosterşir döyüşlərinə qatılaraq qələbə qazandı və 1471-ci ilin yazında kral Eduard hakimiyyətini bərpa etdi. Məhz bu dönəmdən etibarən mənbələrdə Riçardın çiynində içəriyə doğru bir əyilmənin müşahidə olunduğu qeyd edilir. 2014-cü ildə Riçardın qalıqlarının tapılmasının ardından aparılan araşdırmalar nəticəsində bu əyilmənin skolioz mənşəli olduğu sübut olundu.
Qlosterşir döyüşündəki qəti York qələbəsinin ardından Riçard 12 iyul 1472-ci ildə Vorvik lordunun kiçik qızı Anna Nevillə evləndi. 1470-ci ilin sonunda Anna atasının Lankaster ittifaqının şərti olaraq VI Henrinin yeganə övladı olan Vestminsterli Eduardla evləndirilmişdi. Ancaq 17 yaşlı Eduard Qlosterşir döyüşündə, Vorvik lordu isə Barnet döyüşündə həlak olmuşdu. Riçardın bu evlilik planı qardaşı Corcun da etirazına səbəb olmuşdu. Bunun əsl səbəbi isə onun, Corcun 1469-cu ildə evləndiyi İzabelin bacısı və ortaq mirasçısı olması idi. Belə ki, ortada həm Vorvik lordluğu, həm də lordun xanımı və ailəsinin yeganə mirasçısı olan Anna Byuçempin sahib olduğu mülklər dururdu. Bu nigaha qarşı çıxmaması səbəbilə, Anna Nevil valideynlərindən ona miras qalan mülklərin böyük bir qismindən imtina etməli oldu. Buna baxmyaraq, 1473-cü ilin əvvəlində qəbul edilən parlament qərarı ilə Corc qardaşının imtina etməsilə əldə etdiyi Vorvik mülklərini də itirməyə başladı.
Cütlük yaxın qohum olduğu üçün nigahla bağlı Papadan icazə gözlənildi və lazımi icazə 22 aprel 1472-ci ildə gəldi. 1473-cü ilin iyununda Riçard qaynanası olan Anna Byuçempi sığınacaqdan çıxaraq öz yanına - Midlhama gəlməyə razı saldı.