I Fuad və ya Əhməd Fuad Paşa (d. 26 mart 1868 — ö. 28 aprel 1936) — Misirin son sultanı və ilk kralı.
I Fuad | |
---|---|
ərəb. فؤاد الأول | |
Misir sultanı Misir kralı (1922-ci ildən bəri) | |
9 oktyabr 1917 – 28 aprel 1936 | |
Əvvəlki | Hüseyn Kamil |
Sonrakı | I Faruq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qahirə, Misir xədivliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Qahirə, Misir krallığı |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə |
Fəaliyyəti | monarx, Kral |
Atası | Kavalalı İsmayıl Paşa |
Anası | Fəryal Qadınəfəndi |
Həyat yoldaşları |
Şivəkar İbrahim Nazlı Səbri |
Uşaqları |
I Faruq Fövziyyə Fuad |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
26 mart 1868-ci ildə Qahirədəki Cizə sarayında dünyaya gəldi. Atası Misir xədivi İsmayıl Paşa, anası isə onun xanımlarından Fəryal Qadınəfəndidir. İlk təhsilini Qahirədə alan Əhməd Fuad atasının vəzifədən alınaraq sürgünə göndərilməsinin ardından təhsilinə Avropada, daha çox Cenevrə və Torinoda davam etdi. 1885-ci ildə İtalya Hərb Akademiyasına daxil oldu və 1887-ci ildə Romada kral ordusunda xidmət etməyə başladı. Ardından Vyanadakı Osmanlı səfirliyində hərbi xidmətdə olan Əhməd Fuad, daha sonra İstanbula gələrək Sultan Əbdülhəmidin fəxri yavərliyinə təyin olundu. 1892-ci ildə Qahirəyə döndü. 1908–1913-cü illərdə Qahirə Universitetinin ilk rektoru olaraq fəaliyyət göstərdi və bu müddət ərzində Misir xədivi II Abbas Hilminin 3 ilə yaxın baş yavəri oldu. II Abbas Hilmidən sonra Misirdə hakimiyyətə gələn qardaşı Hüseyn Kamilin vəfatının ardından "sultan" ünvanı alaraq İngiltərə hakimiyyətindəki Misirin idarəsinə gətirildi (9 oktyabr 1917).
I Fuad səltənəti Misir siyasi həyatının olduqca hərarətli bir dövrünə təsadüf edir. Müharibə illərində elan edilən fövqəladə vəziyyətlə bağlı dayandırılan siyasi həyat yenidən canlanmış, əsas müzakirə məsələsi isə Misirin nə vaxt müstəqilliyinə qovuşacağı olmuşdu. Bu məqsədə nail olmaq üçün bir çox siyasi birliklər fəaliyyət göstərsə də, bunlar arasında Vəfd adıyla da bilinən və Səd Zağlulun rəhbərlik etdiyi qrup ön plana çıxdı. Daha sonra siyasi partiyaya çevrilən Vəfd, Misirdəki İngiltərə hakimiyyətinin ləğv edilməsində mühüm rol oynadı.
1919–1922-ci illərdə keçirilən nümayişlər, baykotlar və aparılan imza kampaniyaları ilə bölgədəki İngiltərə hakimiyyəti sarsıldı və nəhayət, 1922-ci ildə İngiltərə Misirə müstəqillik verməyə məcbur oldu. Ancaq Misirin beynəlxalq arenada müdafiəsi, bölgədəki etnik azlıqlar və əcnəbi vətəndaşların hüquqlarının qorunması və Sudanın idarəsi İngiltərədə qaldı. Bu əsnada 1917-ci ildə etibarən "sultan" olaraq Misiri idarə edən I Fuad, müstəqilliyin əldə edilməsindən dərhal sonra "kral" ünvanı aldı. 19 aprel 1923-cü ildə elan edilən konstitusiya ilə krala geniş səlahiyyətlər verildi. Konstitusiyanın elan edilməsinin ardından keçirilən ilk seçkilərdə Vəfd partiyası qalib gəldi və 1924-cü ildə Səd Zağlul ilk Vəfd hökumətini qurdu. Ancaq bu hökumətin fəaliyyəti çox çəkmədi. Çünki Kral Fuad güclü milliyyətçilərlə çalışmaqdansa, kiçik siyasi partiyalar və Əhməd Zivər (1924–1926), Məhəmməd Mahmud (1928–1929) kimi müstəqil siyasətçilərlə çalışmağı üstün tutdu. Bununla birlikdə siyasi hadisələrə istədiyi kimi yön verə bilmək üçün özbaşına qərarlar qəbul etdi, parlament 4 dəfə istehfaya göndərildi. Ancaq Vəfd partiyasının qatılmadığı 1931 seçkiləri istisna olmaqla, hər istehfadan sonra keçirilən seçkilərdə (1925, 1926, 1929) Vəfd partiyası qalib gəldi. Kral Fuad səltənətində qurulan 3 Vəfd hökumətinin (Səd Zağlul rəhbərliyində 1924, Mustafa ən-Nəhhas rəhbərliyində 1928 və 1930) də ömrü qısa oldu. Siyasi çalxantılarla keçən Kral Fuad səltənətinin son illərində Həbəşistan İngiltərə tərəfindən işğal edildi (1935) və bu işğalın ardından Misir yenidən İngiltərə ilə qonşu münasibətləri saxlamağa məcbur oldu. Kral Fuadın 28 aprel 1936-cı ildə ölümündən bir neçə ay sonra Londonda iki ölkə arasında bir andlaşma bağlandı (26 avqust 1936).
Misir bankının qurulmasıyla iqtisadi azadlığa ilk addımlarını atan Misirdə Kral Fuad dönəmi boyunca təhsil və mədəniyyət sahələrində mühüm inkişaf müşahidə olundu. Bir çox elmi cəmiyyətlər quruldu. 1925-ci ildə Qahirə Cizədə Câmiatü Fuâdi’l-evvel (Birinci Fuad Cəmiyyəti) adı altında elmi məşvərət komissiyası yaradıldı. Türkcə, italyanca, fransızca və orta səviyyədə ingiliscə bilən Kral Fuad bununla yanaşı, dini dəyərlərə də önəm verirdi. 1920-ci illərdə Ərəb dünyasında xilafətlə bağlı gedən müzakirələrdə iştirak edir, 1924-cü ildə Türkiyədə xilafətin ləğv edilməsindən sonra xəlifəliyə namizədliyini irəli sürsə də, onun bu təklifi digər ərəb liderləri tərəfindən qəbul edilmədi.