Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir.
1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir. Lakin immiqrant ərəblərin uşaqları Küveytdə doğulsalar da, həmin ölkənin vətəndaşı sayılmırlar, Küveytdə yaşayan immiqrantların hüquqları o qədər də geniş deyil.
Küveyt əhalisinin orta ömür müddəti 77 yaşdır (kişilər üçün 76, qadınlar üçün 78). Küveyt hökuməti əhalinin oturaq həyata keçməsi üçün gördüyü tədbirlər nəticəsində ölkədə köçərilərin sayı kəskin sürətdə azalmışdır. Ölkə əhalisinin təqribən 1 faizi köçəridir.
İmmiqrasiya prosesinin sürətli inkişafı sayəsində əhalinin ölkə üzrə sıxlığı da sürətlə artır. Hazırda Küveyt Ərəbistan yarımadasının sıx məskunlaşan ölkələrindən birinə çevrilmişdir. Bununla yanaşı əhali ölkə üzrə olduqca qeyri-bərabər məskunlaşmışdır. İran körfəzi sahilində, əsasən Əl- Küveyt şəhəri və onun ətrafında, dəniz sahili qəsəbələrdə, neft mədənləri bölgələrində əhali daha sıxdır. Məsələn, paytaxt mahalında əhalinin 1 kv. km-də sıxlığı 2500-2700 nəfər təşkil edirsə, əl-Əhmədi və Cəhrə əyalətlərində bu göstərici 600 və 300 nəfərdir. İşləyən əhalinin çoxu xidmət sahələrində, tikinti və sənayedə (xüsusilə neftçıxarmada) çalışır. 1970-ci ilə qədər Küveytdə əmək ehtiyatları «qıtlığı» mövcud olduğu halda neft istehsalının azalması ilə əlaqədar olaraq işsizlərin sayı artır. Küveyt hökuməti ölkəyə immiqrant axınını ö məhdudlaşdırmaq məqsədilə bir sıra qanunlar qəbul etmişdir. Küveyt dövlətinin təbəəliyinə keçmək (xüsusilə qeyri-ərəb mənşə dən olanlar üçün) çox çətindir. Ölkə əhalisinin 80 faizi şə hərlərdə yaşayır
Küveytdə rəsmi dövlət dili ərəb dilidir. Ziyalılar arasında və işgüzar dairələrdə ingilis dili geniş yayılmışdır.
Küveytdə hakim din İslam dinidir. Əhalinin 95 faizi islam dininə, o cümlədən, 70 faizi sünni, qalanı isə şiə məshəlinə etiqad edir. Ölkənin ictimai-siyasi və mədəni həyatında islam dini olduqca böyük rol oynayır. Dövlətin başçısı eyni zamanda Küveyt müsəlmanlarının ali ruhani rəhbəri hesab edilir. Bütün dövlət ümumtəhsil məktəblərində Quran və şəriət qanunları öyrədilir. Küveyt universitetində islam fakültəsi fəaliyyət göstərir. Bununla yanaşı, bəzi küveytlilər özlərini dini təhsillərini dünyanın ən iri müsəlman universitetlərində, məsələn, Misirin məşhur əl-Əzhar universitetində, Məkkənin ali ruhani məktəblərində artırırlar. Küveytdə yaşlı əhalinin 85 faizi savadlıdır. Dünyanın hər hansı ölkəsindən asılı olmayaraq orada təhsil alan küveytli gəncin təhsil xərcini dövlət öz üzərinə götürür. Küveyt beynəlxalq və regional təşkilatlarda, xüsusilə İslam Konfransı Təşkilatı və İslam İnkişaf Bankının (İİB) işində fəal çıxış edir. İKT-nin başlıca vəzifəsi islamı müdafiə etmək və müsəlmanlar arasında həmrəyliyi gücləndirməkdir. İİB müsəlman dövlətlərinin iqtisadi və sosial tərəqqisinə köməklik məqsədi ilə yaradılmışdır.