Küveyt iqtisadiyyatı

Küveyt şəhər silueti

Ümumi iqisadi göstəricilər

[redaktə | mənbəni redaktə et]

Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur.[1]

Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır.[2] Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir.

Küveyt iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur.[3] 1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə edilən gəlir isə 6850 mln. dollara enmişdir. 1991-ci ilin ortalarından xarici şirkətlərin fəal iştirakı ilə ölkədə neft sənayesi və təsərrüfatın digər sahələrinin bərpası üzrə işlərə başlanılmış və qısa müddətdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bərpa işlərinin həyata keçirilməsi üçün 8,5-10 mlrd. dollar vəsait və iki-üç il vaxt lazım olmuşdur.[4]

Artıq 1992-ci ilin axırında ölkədə neft hasilatı 1989-cu ilin səviyyəsinə çatmışdır. Dağıdılmış iqtisadiyyatın bərpası üçün Küveyt xarici kredit almağa məcbur olmuşdur. Bu krediti Küveyt İran körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının üzvləri olan ölkələrdən, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ-dən almışdır.

Küveytin milli təsərrüfatının inkişaf xüsusiyyətləri neft ixrac edən digər ölkələrin əlamətlərinə oxşardır. Bu ölkədə də başlıca kapital iqtisadiyyatın daxili inkişafı hesabına deyil, neft ixracatı nəticəsində əldə edilən vəsait hesabına formalaşır. Müstəqillik əldə etdikdən sonra dövlət bu vəsaitlərdən müştərək müəssisələrinin yaradılması üçün fəal istifadə edir. İran körfəzinin başqa əmirliklərində olduğu kimi Küveyt də sürətlə sənayeləşdirməyə və iqtisadi strukturunun mürəkkəbləşdirilməsinə daha çox fikir verir. Belə təsərrüfat mexanizminin yaradılmasında məqsəd «neft erasının» başa çatmasından sonra ölkənin tələbatını təmin edə bilən milli iqtisadiyyatı formalaşdırmaqdadır.

Öz planlarını həyata keçirmək üçün, yəni əsaslı sənaye sahələrinin tikintisi, infrastrukturun yaradılması, ixtisaslı milli kadrların hazırlanması və s. üçün Küveyt Qərb şirkətlərinin köməyindən geniş istifadə edir və onlar ilə birlikdə müştərək müəssisələr yaradır.

Küveyt (şəhər)də Küveyt fond birjası

Xarici sahibkarlara bu və yaxud başqa müəssisə səhmlərinin yalnız 49%-nə şərik olmaq imkanı verilir. Bununla yanaşı Küveyt neft ixracatından əldə etdiyi olduqca böyük vəsaitin hamısını ölkənin daxili iqtisadiyyatında istifadə etmək imkanına qadir deyil. Buna görə də əldə etdiyi kapitalın getdikcə böyük hissəsini faydalı şəraitdə Qərb ölkələrinin iqtisadiyyatına və banklarına yönəldir.

Ölkənin milli sərvəti olan neftdən gələn gəlirin yerli küveytlilər arasında eyni miqdarda paylaşdırılması prinsipi qəbul olunmuşdur.

İqtisadiyyatın dövlət tərəfindən tənzim olunması ön plana çəkilir. Ümumdaxili Məhsulun təqribən 75%-i dövlət bölməsində əldə edilir.

Emaledici sənaye, tikinti, ticarət və bank əməliyyatının isə payı xeyli dərəcədə artmışdır. Küveyt iqtisadiyyatının başlıca xüsusiyyəti ölkədə bol və ucuz enerjinin, böyük investisiya imkanlarının olması, həmçinin yerli əmək ehtiyatlarının çatışmamasıdır. Küveytdə ÜDM-un 54 faizi sənayenin, 45 faizi xidmət sahələrinin, 1 faizə yaxını isə kənd təsərrüfatının payına düşür.

Küveytin xarici iqtisadi əlaqələri

[redaktə | mənbəni redaktə et]

Xaricə yönəldilən kapitaldan və oradakı avuarlarından ölkə əhəmiyyətli dərəcədə valyuta əldə edir və neft ixracatından «asılılığı» keçdikcə zəifləyir. Ümumi daxili məhsulun formalaşmasında neft sənayesinin əvvəlki kimi başlıca rol oynamasına baxmayaraq, son on ildə onun payı bir qədər azalmışdır.

Sənayenin aparıcı sahələri. Ölkə iqtisadiyyatının və onun maliyyə gəlirinin əsasını neft sənayesi təşkil edir. Neft yataqlarının ötən əsrin 30-cu illərində kəşf edilməsinə baxmayaraq, onun hasilatına yalnız 1946-cı ildə başlanılmışdır. Neft çıxarılması, nəql edilməsi və satılması hələ 1934-cü ildə yaradılan ABŞ və İngiltərə kapitalının nəzarəti altında olan «Küveyt oyl Kompani» şirkətinin əlində idi. 1948-ci ildə ABŞ-nin «Aminoyl» şirkəti «Birtərəf bölgə» də və Küveytə məxsus bir sıra adalarda neft kəşfiyyatı və çıxarılması işlərinə başlayır. 1960-cı ildən milli «Küveyt neşnl petroleum kompani» şirkəti yaradılır. Ölkədə neft çıxarılması və onun ixracatı üzərinə dövlət nəzarəti tədricən artır. Ölkənin siyasi müstəqillik əldə etdiyi onillikdə neft hasilatı tədricən artmış və 1972-ci ildə ən yüksək səviyyəsinə (165 mln. ton) çatmışdır. Neft hasilatının artması nəinki onun böyük ehtiyatı, həm də onun əlverişli təbii-geoloji şəraiti (səthə yaxın yerləşməsi, buruqların fontan vurması, yəni neftin yığılma məntəqələrinə boru kəmərləri vasitəsilə öz-özünə axması və s.) və bununla da hasilahatın maya dəyərinin olduqca aşağı olması ilə izah olunur.

Nəzərə almaq lazımdır ki, ölkədə fəaliyyət göstərən xarici neft şirkətləri başlıca olaraq daha zəngin yataqları istismar etməyə cəhd göstərirdilər. Bu da az vəsait sərf etmək və zəruri texniki tədbirləri həyata keçirmədən neft hasilatını artırmağa imkan verirdi.

Küveyt öz təbii sərvətlərinin tam sahibi olandan sonra, hökumət bir tərəfdən neft hasilatının azaldılmasına, digər tərəfdən isə xam neftin ixracatının neft məhsulları ilə əvəz edilməsinə yönəldilən siyasət aparmışdır. Nəticədə 1973-cü ildən 1987-ci ilə qədər neft hasilatı bir qədər azalmışdır. Neft ixracatının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, dünya bazarında neftin qalxması ilə əlaqədar onun ixracatından əldə edilən gəlir artmışdır. Ölkədə hər il təqribən 100 mln. ton neft hasil olunur. Məlumdur ki, dünya bazarında xam neftin qiyməti, neft məhsullarına nisbətən 4-5 dəfə ucuzdur. Bununla əlaqədar Küveyt neft ixracatın dan əldə etdiyi vəsaitin əhəmiyyətli hissəsini ölkə neftinin emalı və neft-kimya sənayesinin yaradılmasına istiqamətləndirmişdir. Ölkənin ilk neft təmizləmə müəssisəsi 1949-cu ildə Mina əl-Əhmədi şəhərində tikilmişdir. 1986-cı ildə bu müəssisənin istehsalat gücü xeyli genişləndirilmişdir. 1958-ci ildə Mina-Abdulla və 1968-ci ildə Əş-Şüeyb neft emalı zavodu tikilmişdir.

Küveytdə fəaliyyətdə olan neft emalı müəssisələrinin ümumi gücü 45 mln. tondur. Neft emalı zavodları avtomobil, təyyarə, mühərrik yanacaqları, bir sıra sürtkü yağları və s. istehsal edir. Başqa sözlə desək, yüksəkkeyfiyyətli texnika və müasir texnologiya ilə təchiz edilən neft emalı müəssisələri təbii xammalı kompleks şəkildə emal edir.

Təbii qaz Küveytin ikinci mühüm sərvətidir və əsasən neftlə birgə çıxarılır. Qaz istehsalı 1961-ci ildə 0,98 mlrd. kub m-dən 2003-cü ildə 11,0 mlrd. kub m-ə çatdırılmışdır. Qazı «Küveyt oyl kompani» və «Arabiyen Oyl» şirkətləri çıxarır. Mina əl-Əhmədi, Əş-Şüeyb, Mina-Abdulla şəhərlərindəki emal müəssisələrində istehsal olunan propan, butan, mayeləşdirilmiş qaz əsasən ixrac olunur.

Emaledici sənayedə neft-kimya, xüsusilə inkişaf etmişdir. Bu sahə başlıca olaraq ölkənin dövlət bölməsi çərçivəsində yaradılmış və inkişaf etməkdə davam edir. Ötən əsrin 70-ci illərində dünya bazarında neftin qiymətinin qalxmasından sonra neft-kimya sənayesi daha sürətlə inkişaf etmişdir. İlk növbədə Əş-Şüeyb və Mina əl-Əhmədidə fəaliyyət göstərən neft-kimya müəssisələri yenidən qurulmuş və yeni müəssisələr tikilmişdir. Bu müəssisələrdə xammal kimi əsasən tərkibində etan və propan olan neftlə yanaşı çıxan qaz, həm də neft emalı nəticəsində əldə edilən qazdan istifadə olunur.

Küveytin iqlim şəraitinin xüsusiyyətləri, yəni tarixən mövcud olan içməli «su qıtlığı» ölkədə iqtisadiyyatın xüsusi sahəsinin – dəniz suyunun təmizlənməsi üzrə təmizləyici qurğular ölkə iqtisadiyyatının mühüm sahəsidir. İlk su təmizləyici qurğu 1950-ci ildə Mina əlƏhmədidə, sonralar isə əş-Şüeyb və əş-Şüveyxdə tikilmişdir. Ölkənin paytaxtında həm də çirkab suların təmizlənməsi üçün dörd zavod fəaliyyət göstərir. Çirkab sular təmizləndikdən sonra onlardan əkin sahələrininin suvarılmasında, landşaftın yaşıllaşdırılmasında geniş istifadə edilir. Təmizləyici qurğuların sayının və gücünün artırılması elektrik enerji istehsalı ilə sıx əlaqədardır.

1970-ci ilə qədər Küveytdə elektrik enerjisi neft və qaz əsasında işləyən istilik elektrik stansiyalarında istehsal olunurdu.

1970-ci ildən isə su təmizlənərkən elektrik enerjisi alınmasına başlanılmışdır. Hazırda ölkədə hər il 19-20 mlrd. kv / saat elektrik enerjisi istehsal olunur.

Son illər ölkədə günəş enerjisinə maraq artır. 1980-ci ildə Sülaybitəhdə günəş enerjisi ilə işləyən elektrik stansiyası yaradılmışdır. Enerjinin bu növü Küveytin iqlim şəraiti üçün, xüsusilə, əlverişlidir. Hesablamalara görə ölkə ərazisinin cəmi 1,0%-ində günəş enerjisinin toplanması (akkumulyasiyası) hər birinin gücü 1 min MVT olan onlarla elektrik stansiyalarına bərabər olardı.

İqtisadiyyatın sürətli inkişafı, sənayeləşdirilmə, kənd əhalisininin şəhərlərə köçməsi, şəhərlərin genişləndirilməsi və yeni şəhərlərin salınması, infrastruktur sahələrinin yaradılması milli tikinti sənayesinin yaradılmasına və sürətli inkişafına səbəb olmuşdur. Ölkədə həyata keçirilən tikinti işləri, xüsusilə şəhər tikintilərinin, liman təsərrüfatının genişləndirilməsi, yaşayış məntəqələri yerləşən sahil bölgəsinin yenidən qurulması, yeni sənaye obyektlərinin tikintisi və s. həddindən artıq tikinti materialları tələb edir ki, bunu da nə yerli istehsal, nə də idxal hesabına ödəmək mümkün deyildi. Buna görə də ölkə tikinti materialları istehsalını gücləndirmək məqsədi ilə tikinti sənayesinin inkişafına daha böyük miqdirda vəsait ayırmağa məcbur olmuşdur. Xüsusilə İraq-Küveyt müharibəsində dağıdılmış Küveyt şəhərlərinin bərpası üçün daha çox tikinti materialları tələb olunmuşdur. Bu məqsədlə qonşu ərəb ölkələri, xüsusilə BƏƏ Küveytə tikinti materialları ixracatını artırmışdır.

«Neft erasına» qədər yüngül və yeyinti sənayesinin əsasını çoxlu sayda kiçik müəssisələr və emalatxanalar təşkil edirdi. Bu müəssisələrin əksəriyyəti demək olar ki, şəhərlərdə, ilk növbədə paytaxt mahalında yerləşirdi. Ötən əsrin 70-ci illərində bu sahələrdə xüsusi bölmənin fəaliyyətini gücləndirmək üçün dövlət bir sıra tədbirlər həyata keçirmişdir. Məsələn, yüngül və yeyinti sənaye müəssisələrinin tikintisi üçün ayrılan torpaq sahələri güzəştli qiymətlə verilmiş, onlar üçün zəruri olan infrastruktur sahələrinin tikintisini dövlət öz üzərinə götürmüş, sahibkarları bəzi vergilərdən azad etmiş və onlara aşağı faizlə kredit vermişdir. Belə şəraitdə yüngül və yeyinti sənaye sahələrinin müəssisələrinin sayı sürətlə artmışdır. İndi ölkədə bir neçə iri toxuculuq və tikiş fabriki, dəri məmulatları, ayaqqabı istehsal edən müəssisə fəaliyyət göstərir.

Sintetik lif, polietilen, çit məhsulları istehsalı Küveytin yüngül sənayesinin yeni sahələridir. Yeyinti sənayesinin 400-dən artıq müəssisəsində un, çörək, şirniyyat, süd, spirtsiz içki, süni buz və dondurma və s. istehsal edilir.

Digər sənaye sahələri başlıca olaraq məişət metal məmulatları və ağac emalı müəssisələri, metal boru, şüşə, avtomobil şinləri, sabun, kağız, dəftərxana məmulatları istehsal edən müəssisələr ilə təmsil olunur. İrili-xırdalı belə müəssisələrin sayı bir neçə minə çatmışdır.

Ölkənin sənaye müəssisələrinin böyük əksəriyyəti sənayeləşdirilmiş Əş-Şüeyb bölgəsində cəmlənmişdir. Əş-Şüeyb sənaye bölgəsinin yaradılmasına ötən əsrin 60-cı illərində başlanmış və 70-ci illərinin ortalarında başa çatmışdır. Hazırda Əş-Şüeyb iki bölgədən – ümumi sahəsi 10 kv. km olan və paytaxtdan 44 km cənubda yerləşən Şərq (Əş-Şüeyb sənayeləşdirilmiş bölgə) və ümumi sahəsi 13 kv. km olan və paytaxtdan 50 km cənubda yerləşən Qərb (Mina əl-Əhmədi sənayeləşdirilmiş bölgə) hissələrdən ibarətdir.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatının aparıcı sahələri. Ümummilli məhsulun cəmi 1 faizi bu sahənin payına düşür. Orta illik temperaturun yüksək olması, yağıntıların az düşməsi, suyun çatışmaması, qeyri-məhsuldar torpaqlar və tez-tez baş verən qum tufanları kənd təsərrüfatının inkişafında, xüsusilə, əkinçilikdə böyük maneələrdir. Şumluq torpaq sahələri ölkə ərazisinin cəmi 3 faizini təşkil edir.

Küveyt hökuməti ötən əsrin 60-cı illərində hidropon üsulla kənd təsərrüfatı məhsulları yetişdirməyə başlayır. Artıq ilk təcrübədən məlum oldu ki, bu yolla yetişdirilən tərəvəzin məhsuldarlığı adi yolla yetişdirilən tərəvəzə nisbətən yeddi dəfə yüksək olur, sudan istifadə isə yarıya qədər azalır. Küveytin iqlim şəraiti üçün isə bunun olduqca böyük əhəmiyyəti var. Yaponiya şirkətlərinin köməyi ilə ölkədə kənd təsərrüfatı sahəsində bir neçə dövlət ferması yaradılır. Bu təsərrüfatlarda pomidor, xiyar, kahı, çiyələk, gül becərilir. Yığılan pomidor, çiyələk ilk növbədə qonşu ərəb ölkələrinə ixrac edilir.

Küveyt və eləcə də, İran körfəzinin digər əmirlikləri qarşısında əlverişsiz iqlim şəraitində kənd təsərrüfatını iqtisadiyyatın faydalı sahəsinə çevirmək kimi mühüm məsələ durur. Bu məqsədlə ölkədə süni iqlim qurğuları ilə təchiz olunmuş, yüksək dərəcədə mexanikləşdirilmiş və avtomatlaşdırılmış dövlət eksperimental heyvandarlıq və quşçuluq fermaları yaradılmışdır. Bu nümunəvi fermalar özünü doğrultmuşdur. Kənd təsərrüfatının daima inkişaf etdirilməsi sayəsində ölkə, əhalinin ərzaq məhsullarına olan tələbatının 35 faizini ödəyir.

Müasir, yüksək səviyyədə təchiz olunmuş dövlət fermaları və plantasiyaları ilə yanaşı kənd təsərrüfatında ənənəvi vahə əkinçiliyi də mövcuddur. Vahə əkinçiliyi əl-Cəhra və əl-Əhmədi rayonlarındadır. Heyvandarlıq son vaxtlara qədər kənd təsərrüfatının çox geri qalmış ənənəvi sahəsi hesab olunurdu. Ekstensiv istiqamətdə olan bu sahədə bədəvilər dəvə, davar saxlamaqla məşğul olurdu. Neft istehsalına başlanılması, müasir nəqliyyat şəbəkəsinin yaradılması bədəvi təsərrüfatlarının əhəmiyyətini getdikcə itirir. Küveyt hökumətinin və xarici mütəxəssislərin köməyilə heyvandarlıqda müasir bölmə yaradılır.

Niderlanddan və Belçikadan məhsuldar cins inəklər gətirilir, dövlət fermalarında xırdabuynuzlu mal-qara inkişaf etdirilir. Ölkədə ət, süd, yun istehsalı artırılır. Quşçuluq fermalarının yaradılması əhalinin quş əti və yumurtaya olan tələbatının 60-65 faizinin ödənilməsinə səbəb olmuşdur.

Balıqçılıqla İran körfəzi sahillərində yaşayan əhali hələ qədimdən məşğuldur. Bu sahədə əhəmiyyətini tədricən itirməkdə olan ənənəvi bölmə ilə yanaşı müasir dövlət bölməsi də fəaliyyət göstərir. Dövlət bölməsi qüvvətli balıq ovu donanmasına, balıq emalı, süni buz istehsalı, hazır məhsulu qablaşdıran və saxlayan müasir müəssisələrə malikdir.

Cəmi bir neçə on il əvvəl Küveytdə ənənəvi nəqliyyat növləri kimi quruda dəvə, dənizdə isə kiçik yelkənli «dou» gəmiləri üstünlük təşkil edirdi. Ölkənin nəqliyyat şəbəkəsinin əsasını karvan yolları təşkil edirdi. İkinci dünya müharibəsindən sonra neft hasilatının artımı, onun ixracat limanlarına daşınmasının zəruriliyi, xarici neft şirkətlərinin fəaliyyətinin genişlənməsi, iqtisadiyyatın inkişafı təcili olaraq müasir nəqliyyat və rabitə sisteminin yaradılmasını tələb etmişdir.

Əgər əvvəllər xarici şirkətlər yalnız neft hasilatına xidmət edən nəqliyyat şəbəkəsinin yaradılması ilə məşğul olurdularsa, artıq 50-60- cı illərdə Küveyt hökuməti milli təsərrüfat mexanizminin tərkib hissəsini təşkil edən nəqliyyat şəbəkəsinin yaradılmasına başlamışdır. Nəqliyyatın ayrı-ayrı növlərinə, xüsusilə avtomobil və dəniz nəqliyyatının inkişafına daha çox fikir verilmişdir. Bu dövr ərzində bir çox atomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmiş və yenidən tikilmişdir. Demək olar ki, dəniz ticarət və mülki hava donanması yenidən yaranmışdır.

Küveytdə dəmir yolu olmadığından avtomobil nəqliyyatı mühüm əhəmiyyətə malikdir. Bərk örtüklü avtomobil yollarının ümumi uzunluğu 3600 km-dir. Beynəlxalq əhəmiyyətli ən mühüm şose yolları: əl-Küveyt – Cəhra – Səfvan – Bəsrə (uz. 118 km), Mina əl-Əhmədi- Əş-Şüeyib – Əş-Şüveyx – Mina-Abdulla – Mina-Səud (uz. 107 km), Əl-Küveyt – Əs-Səlmi (uz. 95 km) istiqamətindədir.

Bu yollar ölkənin yaşayış məntəqələrini birləşdirməklə yanaşı qonşu ölkələrlə də (İraq, Səudiyyə Ərəbistanı) əlaqə yaradır. Əl-Küveyt –Bəsrə yolu vasitəsilə Bağdad, Dəməşq və Beyrut arasında olan magistrala çıxmaq mümkündür. Neft mədənləri rayonlarına xidmət edən Əl-Küveyt – Əl-Əhmədi – Burkan – Mina-Abdulla – Vəfra yollarının əhəmiyyəti böyükdür.

Dəniz nəqliyyatı əsasən xarici ticarətə xidmət edir. İdxalın 90, neft ixracatının 100%-i dəniz nəqliyyatının payına düşür. Küveyt qüvvətli milli dəniz donanması yaratmışdır. Ən mühüm dəniz ticarət limanları Əş-Şüveyx (paytaxt rayonunda), Əş-Şüeyb Umm-Qəsrdir.

İran – İraq və İraq – Küveyt münaqişələri ölkənin dəniz limanlarının yük dövriyyəsinin azalmasına səbəb olmuşdur. Buna baxmayaraq Küveyt hökuməti dəniz limanlarının (xüsusilə, Əş-Şüveyx, Əş-Şüeyb) inkişafına xüsusi fikir verir. Ölkənin iqtisadi həyatında Mina-Abdulla, Mina əl-Əhmədi, Mina Səud limanlarının da əhəmiyyəti böyükdür. Küveyt region ölkələri arasında ən iri dəniz ticarət donanmasına malikdir (ümumi su tutumu 3,4 mln. ton olan 100 gəmi).

Boru nəqliyyatı şəbəkəsi neft istehsalının inkişafı ilə əlaqədar sürətlə genişləndirilmişdir. Boru kəmərləri ölkənin neft və qaz yataqlarını limanlarla əlaqələndirir. Boru yollarının ümumi uzunluğu 880 km-dir. Raudateyn-əl-Əhmədi, Umm-Qudeyr – Əş-Şüeyb, Vəfra – Mina-Abdulla mühüm neft və qaz kəmərləridir. Münaqiş – Əl-Əhmədi, Burkan – Əl- Əhmədi, Məqva – əl-Əhmədi istiqamətində də boru kəmərləri vardır. Boru nəqliyyatı «Küveyt oyl kompani» şirkətinə məxsusdur.

Hava nəqliyyatı 1953-cü ildən müntəzəm fəaliyyət göstərir. 1962-ci ildə Küveyt hökuməti hava nəqliyyatı üzərində nəzarəti öz əlinə alır. 1980-cı ildə paytaxtda yeni təyyarə limanı istifadəyə verilmişdir. Yaxın Şərqdə ən mühüm hava nəqliyyatı mərkəzlərindən biri sayılır. Ölkədə 8 təyyarə meydanı var.

Xarici ticarət

[redaktə | mənbəni redaktə et]

Regionun başqa ölkələri kimi Küveyt də xarici ticarət əlaqələrindən çox asılıdır. 2003-cü ildə Küveyt ixracatının dəyəri 21,5 mlrd. idxalatın dəyəri isə 7 mlrd. ABŞ dolları olmuşdur. Xarici əlaqələr bir tərəfdən valyuta, digər tərəfdən isə müasir təsərrüfatın əsasını yaratmaq üçün zəruri olan maşın və avadanlıq əldə etməyin mənbəyini təşkil edir.[5]

Uzun illərdir ki, Küveyt azad ticarət siyasəti aparır və olduqca aşağı gömrük vergisi təyin edir (orta hesabla idxal edilən məhsulun dəyərinin 4-5 faizi). Bir sıra məhsullar, məsələn təzə meyvə və tərəvəzin bəzi növləri, ət məhsulları, diri qaramal, hökumət müəssisələri tərəfindən sifariş verilən mallar (tikinti materiallarının bəzi növləri, istehsal məqsədi ilə maşın və avadanlıqlar, müxtəlif növ elektron hesablayıcı qurğular, yanğın söndürən maşınlar və s.) ölkəyə gömrük haqqı alınmadan daxil olur. Lakin yerli istehsal məhsulları ilə rəqabət apara biləcək bəzi idxal məhsullarına isə (şirniyyat, undan hazırlanmış məmulatlar, yuyucu tozlar, bəzi meyvə və tərəvəz, sərinləşdirici içkilər və s.) dəyərin 10-15 faizinə qədər vergi qoyulur.

Silah və sursat, partladıcı və narkotik maddələr (yerli əzcaçılıq sənayesi üçün zəruri olan maddələr istisna olmaqla), zəhər və zəhərli maddələr (ölkənin kənd təsərrüfatında istifadə olunanlardan başqa), spirtli içkilər, islam ənənəsinə, ölkənin dövlət quruluşuna və əhalinin mənəviyyatına ziyan vura bilən kino və vidiofilmlər, bu yönümlü çap məmulatları, donuz əti və ondan hazırlanmış müxtəlif məhsulların idxalı qadağan edilir.

Ölkənin ticarət əməliyyatı müvafiq xarici şirkətlər ilə bilavasitə əlaqə saxlayan milli şirkət və təşkilatlar tərəfindən həyata keçirilir. Küveytin xarici ticarətinin əlamətdar xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, idxalat dəyərinin artmasına baxmayaraq xarici ticarət dövriyyəsində 1961-ci ildən 2005-cü ilə qədər dəyərinə görə ixracat idxalatdan üstün olmuşdur.

Küveytin başlıca ixracat məhsulu yanacaqdır. Ayrı-ayrı illərdə ixracat gəlirinin 80 faizə qədəri neftin payına düşmüşdür. Yanacaq ixracatında neft məhsulları hesabına xam neftin payı xeyli aşağı düşmüşdür. Küveyt inkişaf etmiş ölkələr arasında – ən iri ticarət ortaqları Avropa İqtisadi Birliyinin üzvü olan ölkələr və Yaponiyadır. Qonşu ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Pakistan, Sinqapur, Filippin, Braziliya, Türkiyə, Hindistan və digər dövlətlərlə də ticarət əlaqələri saxlayır.

border=none Əsas məqalə: Küveyt dinarı

Ölkənin pul vahidi Küveyt dinarlarıdır.

Ölkədə milli maliyyə sisteminin əsası müstəqillik əldə olunduqdan sonra qoyulmuşdur. 1961-ci iln 13 mayında dinar ölkənin qanuni pul vahidi kimi təsdiq edilmişdir. Dövlət büdcəsi gəlirinin 90 faizə qədərini ənənəvi olaraq neft və neft məhsulları ixracatından əldə edilən vəsait təşkil edir. Küveyt neftdən gələn gəlirin bir hissəsini ənənəvi olaraq Qərb ölkələrindən qiymətli kağız almağa sərf etmiş və onların banklarında saxlamışdır. 1974-cü ildən başlayaraq Küveyt kapitalının bir hissəsi Qərb dövlətlərinin sənaye, kənd təsərrüfatı və s. infrastruktur sahələrində istifadə edilməsinə istiqamətləndirilir.[6]

  • Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
  1. A.Ş.Şəkərəliyev. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər. B., 1999
  2. Dünyamalı Vəliyev, Aqil Əsədov “Beynəlxalq İqtisadiyyat” , Bakı , 2012.
  3. Веснин В.Р., Цыпин И.С. Мировая экономика. М.: Проспект, 2009. 248 с.
  4. Социально-экономическая география зарубежного мира, М.: Крон-Пресс, 1998, 592 с.
  5. . Кудров В.М. Мировая экономика. М.: БЕК, 2004, 464 с.
  6. . N.R.Quliyev, M.M.Mahmudov “Beynəlxalq Maliyyə Münasibətləri”, Bakı,2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]