Kşiştof Kyeslovski

Kşiştof Kyeslovski (pol. Krzysztof Kieślowski; 27 iyun 1941, Varşava, Polşa — 13 mart 1996, Varşava, Polşa) — Polşa kinorejissoru və kinodramaturqu.

Krzysztof Kieslowski
pol. Krzysztof Kieślowski
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Varşava, Polşa
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist
Fəaliyyət illəri 1955—1994
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
IMDb ID0001425
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı qədər, Polşanı da yaşamışdır deyə bilərik.

Uşaq yaşlarında yanğınsöndürən olmaq istəyən, sonradan Lodz Film Akademiyasına 2 dəfə müraciət edən Kryzstof qəbul ola bilmədi. Bir müddət sonra rəsm akademiyasında oxuyan Kryzstof, nəhayət, 1965-ci ildə Film Akademiyasına qəbul oldu. Akademiyada gənc Kryzstofla bərabər təhsil alanların arasında Roman Polanski, Andrzej Wadja, Jerzy Skolimowski və Krzystof Zanussi tanış insanların adlarını çəkə bilərik. Belə bir mühitdə özünü inkişaf etdirən Kryzstof özünün “Tramvay” adlı ilk qısametrajlı filmini də çəkmək imkanı əldə etdi. Bu film ağ-qara formatda olub, tramvayda yalnız bir kişinin bir qadından xoşu gəlməsi və tovlamaq cəhdlərindən bəhs edir. Bu filmdən sonra gənc Kryzstof çəkdiyi “Ofis” filmi ilə o dövrdə ölkədə olan kommunist rejmini tənqid edir. 1970-ci ildə “Fabrik”, 1970-ci ilin ortalarında isə “İlk məhəbbət” adlı filmlərini bitirir. Polşada “əxlaqi narahatlıq” adı verilən 1970-ci illərin sonunda rejissor özünün “Kamuflaj” və “Mərmər adam” adlı növbəti qısametrajlı filmlərini ekranlaşdırır. Daha sonra çəkdiyi “Tərcümeyi-hal” filmində hökuməti tənqid etməsini deməsinə baxmayaraq, öz məsləkdaşları tərəfindən hökumətlə əməkdaşlıq etməsi ilə günahlandırıldı.

Ümumiyyətlə, Kieslowski yaradıcılğını qısametrajlı sənədli filmlər və uzunmetrajlı filmlər kimi iki hissəyə ayıra bilərik və o, 1981-ci ildə çəkdiyi “Stansiya” filmi məhkəmədə əleyhinə sübut kimi göstərildikdən sonra yaradıcılığının qısametrajlı sənədli filmlər olan ilk hissəsini burda dayandırdı. Rejissorun ilk uzunmetrajlı filmi “Yara”dır. 1979-cu ildə “Kamera düşgünü” filmini lentə almışdır. Bir müsahibəsində “Film çəkmək əsəblərinizi korlayan bir şeydir və yeri gəldiyində ailənizi, emosiyalarınızı, şəxsi həyatınızı və başqa hər şeyi ikinci plana atmağa məcbursunuz” deyən Kieslowski, bu filmdə adi bir işçinin bir kameraya sahib olmasından sonra rejissorluğa gedən yolu, necə bir kamera düşkününə dönməsindən bəhs edir. Çoxlarının iddia etdiyi kimi bu filmdə Kieslowski məhz öz portretini təsvir etmişdir. Polşada “Ümid və Məyusluq” (1980-ci illər sonrası) adı verilən və kütləvi tətillər, işdən ayrılmalar ilə yaşanılan bir dövrdə rejissor “Kor Tale” adını verdiyi filmini bitirmişdir. Daha sonra ekranlaşdırdığı “Sonsuz” adlı filmində isə Kieslowski simvolik olaraq hərbi vəziyyət sonrası dönəmdəki Polşanı təsvir etmişdir.

Nəhayət, 1988-ci ildə Polşa televiziyası üçün planlaşdırılan, rejissorun şah əsərlərindən sayılan Krzysztof Piesiewicz ilə senarilərini yazdıqları, 10 filmdən ibarət “Dekalog”u çəkməyə başlayır. Hər bölümün təqribən 1 saat davam etdiyi “Dekalog” da Musa’nın “10 əmri” mövzusuna toxunulmuşdur. Sonradan “Öldürməyəcəksən” maddəsinə çəkilmiş seriya – “Ölüm haqqında qısa film”, “Zina etməyəcəksən” maddəsinə çəkilmiş seriya isə “Məhəbbət haqqında qısa film” adları ilə ayrıca bədii film halına gətirildi. İlk baxışdan toxunduğu mövzu baxımından Kieslowski dindar hesab oluna bilər, lakin verdiyi müsahibələrdə özünü heç bir dinə aid hesab etmədiyini, öz içində dindar biri olduğunu bildirmişdir. Kieslowski öz içindəki yaradıcıya inanırdı və başqa hər hansı bir dinin boyunduruğu altına girməkdən imtina edirdi.

Kieslowski’ni məşhurlaşdıran “Veronikanın İkili Yaşamı”dır. 1991-ci ildə ekranlaşdırdığı bu filmin ana mövzusu, Kieslowski’nin öz sözləri ilə desək, “Daha diqqətlə yaşayın, çünki elədiklərinizin nəticəsini özünüz də bilmirsiniz, tanıdığınız və ya tanımadığınız insanların nələr edə biləcəyini bilmirsiniz”dir. Nələr yaşayacağımız etdiyimiz seçimlərin nəticəsində müəyyən olunması və ya bəzən təsadüflərin (Kieslowskiy’ə görə, bu təsadüflərdə tanımadığımız milyonlarca insanın təsiri vardır) istiqamətləndirmiş olması Kieslowski yaradıcılığının əsas dayaq nöqtəsidir. “Veronikanın ikili yaşamı” filmində hakim olan sirli atmosfer (həyatın gizli, görünməyən üzü) eyni zamanda həyatın özü ilə kəsişmişdir. Kieslowski həyatın kəsişmələrdən ibarət olduğunu, elədiklərimizin qarşılığını ödəyəcəyimizi və nəticə etibarilə məsuliyyət daşıdığımızı bildirir. Kieslowski bu filmdə Polşada yaşayan Weronika ilə Fransada yaşayan Veronique’nin hekayələrini bəlkədə ola biləcək ən maraqlı bir şəkildə tamaşaçılara təqdim edir.

1990-cı illərin ortalarında çəkdiyi “Üç rəng” trilogiyası Kieslowski yaradıcılığının zirvəsi hesab olunur. Trilogiyanın filmləri “Mavi”, “Bəyaz”, “Qırmızı” adlanır. Adlarını Fransa bayrağında olan rənglərdən alan filmlərdə müvafiq olaraq azadlıq, bərabərlik, qardaşlıq mövzularına toxunur. Bu üç filmdə bəzi ortaq səhnələr mövcuddur. Bunlardan ən təsirlisi əlindəki şüşəni təkrar emal üçün ayrılmış zibil qutusuna atmağa çalışan yaşlı qadının olduğu səhnədir. Bu qadın, mavidə şüşəni qutuya ata bilmir, bəyazda bir az çətinlik çəkir, ama ata bildiyini görürük, qırmızıda isə filmin baş qəhrəmanı Valentin, yəni İrene Jacob, yaşlı qadının yanına gedib, ona şüşəni zibil qabına atmağa yardım edir.

“Qırmızı”da baş qəhrəman olaraq qarşımıza İrene Jacob, “Mavi”də Juliette Binoche, “Bəyaz”da isə Julie Delpy çıxır. Bu trilogiyada bu üç – azadlıq, bərabərlik, qardaşlıq məfhumlarına günlük həyatda onların həqiqətən necə işlədiyi barəsində düşünərək, tamamilə həyati və şəxsi pəncərələrdən baxırıq. Bu məfhumlar insan təbiəti ilə təzadlıdır və insan həyatda onlarla tək-tək qarşılaşdığı zaman necə yaşayacağını bilmirik. İnsanlar həqiqətənmi azadlığı, bərabərliyi, qardaşlığı bu qədər çox istəyirlər deyə soruşan Kieslowski, eynilə “Dekalog”dakı kimi mövzulara tək-tək yanaşmış, bu üç rəngin insan həyatındakı rolu, həyatımızda nə qədər var olduğu və bizim bu anlayışlar qarşısında həyatımızı necə istiqamətləndirib, onlarla haralarda qarşılaşdığımız kimi nüanslara toxunmuşdur.

Kieslowski’nin bu trilogiyasında çox həssas, emosional səhnələr var. Amma Kieslowski bunların heç birində ifratçılığa getməmişdir. Bəlkə də bu trilogiyanın bir şah əsər hesab olunmasının ən əsas səbəblərindən biri də budur: təbiilik və səmimilik. Personajların hər birinin başına gələn hadisələr bizim yaşamımızdan bir parçadır. Ya da hələ yaşamamış olduğumuz, yaşayacağımız yaşamdan. Tale məfhumuna, ”həyatın bizimlə bağlı heç vaxt başa düşə bilməyəcəyimiz planları var” kimi fikirlərə dərindən bağlı olan Kieslowski, əvvəlki filmləri kimi bu filmdə də bunları bizə hiss etdirir. Həyata nə qədər yön verməyə çalışsaq da səmərəsizdir, əlimizdə olmayan hər hansı bir kiçik dəyişiklik hər şeyi dağıda, o ana qədər planladığımız hər şeyi məhv edə bilər.

Və “Mavi”də toxunduğu azadlıq məfhumu ilə bağlı Kieslowski: “Əslində azadlıq və sevgi bir-biri ilə təzad təşkil edir. Əgər biri sevərsə, digərinin azadlığını məhdudlaşdırar. Bir qadını sevər, həyatınızı yaşayar və bilmədiyiniz yönlərinizi həmin qadının gözlərindən görə bilərsiniz. Azadlığımızı məhdudlaşdıran çox şey var: bir it, bir maşın, bir televizor. Filosofluq etmək istəmirəm ,amma bu nümunələrlə insan azadlıq məfhumunu düşünə bilər. Məhz bizim eləmək istədiyimiz şeyin ”– deyə buyurmuşdu.

Filmləri haqqında danışarkən tez-tez kommunizm, Hitler, Lenin kimi adlar çəkən Kieslowski’nin yaradıcılığı üzərinə 2-ci Dünya Müharibəsinin və onun sonrasındakı vəziyyətin nə qədər təsiri olduğunu anlaya bilərik. Bu səbəblə özünün də dediyi kimi siyasətdən uzaqlaşmış və sənətinə apoliltik deyə biləcəyimiz bir münasibət bəsləmişdi. Amma bu apolitikal münasibət heç vaxt hər şeyə biganə tərzdə olmamışdır. O, dünyanın dəyişməsi və xəyal etdiyi ideallara çatması üçün ən əsas faktor olan insanı düşünmüş, yuxarıdan aşağıya doğru deyil, aşağıdan yuxarı doğru bir əlaqə yaratmaq istəmişdir. Məhz buna görə də Kieslowski özündən yüz illər öncə yaşamış filosoflar kimi kameranı bir fəlsəfə alətinə çevirmişdi. Kinonun ədəbiyyat qədər güclü olmadığını deyən Kieslowski yenə də gördüklərini, görmək istədiklərini ekrana əks etdirməyi üstün tutmuşdur. Bunun səbəbi isə əlbəttə ki, fikirərini insana daha rahat, və daha vizual bir üsulla çatdırmaq olmuşdur.

Əslində hər şeydən öncə Kieslowski kinonun şairidir. Çünki filmlərində istifadə etdiyi hər əşya başdan sona qədər çox təsirlidir. Hər səhnədə, hər dialoq və monoloqda, səssizlikdə belə çox vacib detallar gizlənir. Kieslowski filmlərinə bir dəfə də olsun boş səhnə əlavə etməmişdir. Kieslowski filmlərində səhnələrarası keçidlərlə, istifadə etdiyi filtrlərlə, musiqilərlə, məkanlarla inanılmaz bir əlaqə və özünün vizual qafiyəsini yaradıb. Bunlar bəlkə də tamaşaçılar tərəfindən ilk dəfə baxıldıqda aydın olmaya bilər, lakin filmlərə ikinci və ya üçüncü dəfə baxdıqda heç kim bu qafiyələrin qüsursuz uyğunluğundan zövq almaya bilməz. Rejissorun istifadə etdiyi çəkiliş texnikası da söz edilməyə dəyər başqa bir mözvzudur. Məsələn, “Mavi”nin başlanğıc səhnəsində maşının hidravlik yağının damla-damla sızıntısı insanın içində nəsə uğursuz, pis bir şey olacağına işarədir və insanın içində istər-istəməz bu kimi fikirlər oyadır. Rejissorun digər filmlərində bu kimi “xəbardarlıq” səhnələri boldur. Əlavə olaraq, birləşik səhnələrdə dəyişən incə detallar bir- birini tamamlayır. Buna da bir nümunə olaraq “Dekalog 1”də həyatda hesablana bilməyəcək heç bir şey olmadığına inanan, ruhun varlığını qəbul etməyən bir atanın oğlunun ölümünə qədər qədər uzanan zaman aralığındakı çox incə bir detalı verə bilərik.

Hər nəticənin hesablana biləcəyini düşünən və bunların maddi səbəblərdən olduğuna inanan bir riyaziyyat professoru bir gün oğlu ilə birlikdə öncəki günün hava məlumatlarını alır və növbəti gün üçün göldə buzun qalınlığını hesablayır. Donan göl təqribən 275 kiloluq bir kütləyə tab gətirə bilərdi. Lakin Kieslowskinin tale və həyatın planları ilə bağlı fikirlərini yenidən düşünsək xatırlaya bilərik ki, bəzən bir çox şey planladığımız kimi getməz. Oğlu buz üstündə sürüşərkən ata evdə işləyirdi. Birdən mürəkkəb şüşəsi partlayır və professorun kağızları və qarşısında olan kitab mürəkkəbə boyanır. Bu tamamilə əvvəlcədən görülə bilinməycək bir situasiya idi. Stolu təmizləyərkən qonşusu zəng edir və professorun oğlu ilə buz üzərində sürüşməyə gedən oğlu haqqında narahat olduğunu söyləyir. Mürəkkəb şüşəsinin duran yerdə partlaması ardından gələn daha böyük bir fəlakətin başlanğıcı...

Kieslowski bəzən bunun tam tərsini edər. Gözlənilməyən gözəl bir sürprizdən sonra qəhrəmanımızın başına nəsə uğursuz bir şey gələr. Yəni həyatda bütün uğursuzluqlar və sürprizlər bir-biri ilə inanılmaz bir şəkildə bağlıdır və aralarında bir qafiyə mövcuddur. Və insan övladı təəssüf ki, bu əlaqəni izah etməkdə acizdir.

Vizual təsvirlərin yanında səslər və musiqi də Kieslowki filmləri üçün çox böyük önəm daşıyır. Kieslowski yaradıcılığından danışarkən Zbigniew Preisner’dən söz açmamaq çox böyük yanlışlıq olardı. Kieslowski’nin yaxın dostu olan bu bəstəkar bəstələdiyi musiqilər ilə rejissorun filmlərinə ölümsüz ruh qazandırmışdır deyə bilərik. Musiqilərdən əlavə bəzi səhnələrdə istifadə olunan səslər, bəzən bir personajın sadəcə nəfəs alıb verməsini eşitməyimiz, ya da bir uşağın boğuq səslə danışması hər zaman həm öz-özlüyündə həm də filmlə birlikdə çox böyük bir vəhdət yaradır.

Kieslowski filmlərində təsvirlərin güzgülərdə, şüşələrdə əks olunması çox ayrıca bir özəllikdir. Şüşə insanları həm ayıran, həm də birləşdirən bir şeydir. Personajların güzgülərə düşən əksləri, onların üzərinə düşən işıqlar, kölgə oyunları o an personajların ruh hallarını bilməyimizə kömək olur. Kieslowskinin sirri də belə səhnələrdə üzə çıxır, tamaşıçını detallarla bezdirmədən, saniyəlik təsvirlərlə və incəliklərlə mövzunu bütünlükə ələ alıb, bir film nədir sualına cavab verir.

Kieslowski filmlərində tamaşıçıları istədiyi kimi istiqamətləndirir və onlara personajlarla empati yaratması üçün şərait yaradır. Bəhs etdiyimiz bu empati müxtəlif yollarla yaradıla bilər. Lakin bunun ən əsas yaradıcısı, heç şübhəsiz, səmimiyyətdir. Əsərlərindəki səmimiyyətdən heç vaxt şübhə edə bilmədiyimiz bu böyük yazıçı-rejissor personajları başa düşməyimiz və mövcud situasiyanı onların gözləri ilə görməyimizi istədiyində bəzən Juliette Binochenin yaralı gözünün içinə soxar bizi və hər şeyi tutqun görməyimizi, və beləliklə Binochonun yaşadığı tutqun, dağılmış həyatı başa düşməyimizə yardım edər.

“Üç Rəng” trilogiyasını bitirdikdən sonra bir daha rejissorluq etməyəciyini açıqlayan Kieslowski “evimə gedib siqaret çəkəcəyəm” deyir. Karyerasına son nöqtəni qoyan bu cümlənin belə altında çox gizli məqamlar vardır. Filmlərində toxunduğu azadlıq, bərabərlik, qardaşlıq məfhumlarına çox bağlı olan Kieslowski film çəkiliş meydançasında 4 fərqli – Almaniya, Polşa, Fransa, İngiltərədən olan insanlarla işləmişdir. Amma Kieslowski “Özünüzü avropalı hiss edirsin- izmi?” sualına bəlkə də sənətinin ruhunu açıqlayan bir cavab vermişdir. “Xeyr, özümü polşalı hiss edirəm, hətta özümü Polşanın şimal-şərqində yerləşən balaca bir kəndə sahib olduğum evə aid hiss edirəm, orada yaşamaqdan xoşbəxtəm, ama orada işləmirəm, film çəkmirəm, sadəcə odun toplayıram”. Bir gerçək sənət insanının özündən, aid olduğu yerdən qopmadan dünyəvi olması necə imkansızdırsa, Kieslowski də bu gerçəyin təməlləri ilə yaşadı və dünyaya böyük bir miras buraxdı.

  1. Deutsche Nationalbibliothek Record #119135779 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Museum of Modern Art online collection (ing.).