Kəlbəcər abidələri

Tarixi abidələr

[redaktə | mənbəni redaktə et]

Qayaüstü təsvirlər və arxeoloji qazıntılar Dəniz səviyyəsindən iki-üç min metr yüksəklikdə yerləşən Zalxa və Pəriçınqılı Qara göllərin sahillərində, Dəlidağın ətəklərində, Ayıçınqılında, Pəriçınqılında və başqa ərazilərdə yerləşən çınqıllıqlarda daşların, qayaların üzərində ulu babalarımız tərəfindən çəkilən rəsm əsərləri geniş yayılmışdır.

Bu yerlərin qədim sakinləri ibtidai daş alətlərindən istifadə etməklə möhkəm qayalar üzərində məişət və təsərrüfat səhnələrini, müxtəlif vəhşi heyvanları təsvir edən gözəl rəsmlər çəkə bilmişlər. Bu rəsmlərin müəyyən bir qismi qədim əkinçilik məşğuliyyətini əks etdirir. Ayrı-ayrı daşlar üzərində öküzlərə qoşulmuş ibtidai xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi kimi səhnələr, çiynində toxa tutmuş adam təsviri və s. verilmişdir. Bəzi daşlar üzərində ən qədim nəqliyyat vasitələrini göstərən ikitəkərli arabalar təsvir edilmişdir.

Qədim ovçuluğa aid səhnələri təsvir edən çox sayda əsərlər də tapılmışdır. Yeni tapılan qayaüstü təsvirlərdə ulu babalarımızın dini təsəvvür, mərasim və etiqadlarına aid maraqlı səhnələr də var. Bunlara əyani misal ayrı-ayrı daşlar üzərindəki kütləvi rəqs səhnələri, rəmzi öküz təsvirləri, mücərrəd işarələrdir.

Elmi tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın məşhur arxeoloq-alimi, Bakı Dövlət Universitetinin Arxeologiyaetnoqrafiya kafedrasının müdiri, tarix elmlər doktoru, professor Qüdrət İsmayılzadə 1976-cı ildə tədqiqatlar zamanı ilk dəfə olaraq Azərbaycanın belə yüksək dağlıq zonasında eramızdan əvvəl III minilliyə aid qədim yaşayış yerinin qalıqlarını aşkar etmişdir. Bu yaşayış məskəni Tərtər çayının sol sahilində İstisu qəsəbəsi ilə Taxtadüzü arasında Məmmədsəfi kəndinin ərazisində geniş bir sahəni tutur. Bu yaşayış yerində diametri 20 metrdən artıq olan dairəvi biçimdə möhtəşəm tikinti qalığı üzə çıxarılmışdır. Tikintinin içəri hissəsi mürəkkəb qurulmuşdur. Onun xarici divarlarının qalınlığı 2 metrə çatır. Ətrafındakı böyük daş topalarına əsasən ehtimal olunur ki, bu tikintinin divarları bütünlüklə daşdan inşa edilmiş və daşlar bir-birinə gil kütləsi ilə bərkidilmişdir. Onun döşəməsi və divarları saman qatılmış palçıqla suvanmışdır.

Lakin heç bir yerdə Kəlbəcərdə yeni aşkar edilmiş tikinti qədər möhtəşəm divarlı tikintiyə təsadüf olunmamışdır. Güman etmək olar ki, bu tikinti qüdrətli bir tayfaya məxsus imiş və ictimai bina kimi istifadə edilirmiş. Əmin-amanlıq dövründə burada tayfanın dini və ictimai mərasimləri keçirilirmiş, təhlükə zamanı isə o alınmaz istehkama çevrilmişdir.

Tunc dövründə əkinçilik və maldarlığın ümumi inkişafı ilə əlaqədar olaraqq dulus məhsullarının istehsalı genişləndirilmiş və dulusçuluq yüksəlmişdir. Bu dövrdə həmin təsərrüfat sahələrinin təlabatını ödəmək üçün ilk dəfə nehrələr və süzgəclərdən ibarət xüsusi gil qabları meydana çıxmışdır. Yeni aşkar edilən qədim yaşayış yeri və oradan tapılan maddi mədəniyyət nümunələri də qayaüstü rəsmlər kimi qədim tunc dövründə yaşamış əkinçi-biçinçi tayfaların iqtisadi və ictimai həyatına dair qiymətli tarixi mənbələrdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri namizədi, arxeoloq-alim Mənsur Mənsurov 1986-cı ildə Kiçik Qafqazın şərq ətəyində, Zar kəndinin qərbində paleolit qayaaltı açıq yaşayış düşərgəsi aşkar etmişdir. Bu düşərgə Tərtərçayın yuxarı sol hövzəsində, Bəzirxana çayının sağ sahilində yerləşir.

Elmi tədqiqat aparılandan bir il əvvəl, yəni 1985-ci ildə qızılaxtaranlar qayanın altını qazarkən kənara atılan torpaqdan dəvəgözü daşından qəlpələr və sümüklər aşkar etmişlər. Tədqiqat aparılarkən diş və sümük məmulatları toplanmış, alət və qəlpələr ayırd edilmişdir. Toplanan materiallardan belə bir nəticəyə gəlmək olur ki, hazırlıq növləri və alət formalarında dövr məmulatları təmsil olunub. Mağarada tapıntılar olan sahədə stratiqrafiya almaq məqsədilə kəşfiyyat qazıntısı aparılmışdır-4×2×2 ölçüdə şurf qazılmışdır. Mağara abidəsinin təbəqələrini və onların dövrlərini müəyyənləşdirərkən çöküntülərdə 6 təbəqə qeydə alınmışdır. Üstdən 2-ci və 3-cü təbəqələr yuxarı paleolitin əvvəl mərhələsini, alt 2 təbəqə isə müstye dövrünün neandertal tipli insanların yaratdığı yaşayış düşərgəsini əks etdirir.

Zar qayaaltı açıq yaşayış düşərgəsinin 65–30 min il bundan əvvəl mövcud olması təsdiq edilir.

Yaşayış sahəsinin şimalında çılpaq Keçibelinin gəzi dağı, qərbində Keyti dağı, şərqində uçurumla əhatələnmiş Qəley düzü, Cənub tərəfində Zival yaylası yerləşir. Bu istiqamətdə daha aralı sahədə Taxta düzənliyi, Dəlidağ və Dəvəgözü yüksəklikləri qərar tutmuşdur.

Zar mağarası yerləşən dərə şimala getdikcə daha dik dərin uçurum şəklini alır. Mağaranın şərq tərəfi qayaüstü şərqə xeyli mailli düzənlikdir. Düzənliyin cənub və şimal qurtaranacaqları dərin qayalı dərələrlə əhatələnmişdir. Şimal tərəfin dərəsindən Zəylik çayı, cənub tərəfin dərəsindən isə Tərtər çayı axır. Mağaradan şimala, şimal-qərbə və cənuba alp çəmənlikləri yayılmışdır. Onlardan daha yüksək silsilədə Keyti dağı, Keçəl dağ və Dəlidağ yüksəklikləri görünür. Buradan Keytidağ silsiləsinin şimal və cənubunda, həmçinin Zar kəndinin şərqində yüksək dağ keçidləri müşahidə olunur.

Fauna qalıqları

[redaktə | mənbəni redaktə et]

Fauna qalıqlarına gəldikdə isə, paleontoloq akademik D. V. Hacıyevin təyininə əsasən 2-ci təbəqədə vəhşi keçi, avropa çöl uzunluğu, 3-cü təbəqədə isə qədim maral, vəhşi at, dağ keçisi kimi heyvanlara aid sümüklər tapılmışdır.

Osteoloji qalıqlar içərisində çənə, diş, buynuz və dırnaq hissələri qabarıq nəzərə çarpır. Digər hissələr xırda sınmış halda olsalar da seyrəlk rast gəlinir. Qayaaltı sığınacaq çöküntüsünün cənub-şərqində qoyulan şurfda müəyyən edilən hər təbəqədən bir neçə alət, qəlpə və pulcuqlarla yanaşı sümük qalıqları da aşkar edilmişdir.

Keşdək kəndinin ərazisində yerləşən məbəd ağ daşdan əhəng məhlulu ilə tikilmiş və öz dövrünə görə zəngin memarlıq naxışları ilə bəzədilmişdir. Məbədin cübbəxanası ellipsvari düzəldilmişdir. Məbədin quruluşu və arxitektura xüsusiyyətlərinə əsasən onun VI–VII əsrlərin üç nefli bazilikasına aid olduğu ehtimal edilir. Bu məbədin başqa məbədlərdən fərqli cəhəti var. Belə ki, bir qayda olaraq başqa məbədlərdə cübbəxanalar həmişə mehraba paralel və onunla eyni səviyyədə tikilir. Məbədin daxili genişliyinə mane olmamaq üçün cübbəxanalar bir növ sağ və sol neflərin davamı olur. Burada isə cübbəxanalar məbədin xor üçün düzəldilmiş hissəsi ilə yanaşı düzəldilmişdir. Görünür, bu binanı xaricdən, daha doğrusu şərq tərəfdən xristianlığın müqəddəs işarəsi olan xaça oxşatmaq məqsədilə düzəldilmişdir.

Məbəddə istər cübbəxanalar, istərsə də mərkəzi mehrabalar dairəvi formada qoyulmuşdur. Məbədin qərb tərəfində mərkəzi nefin sağ və sol tərəflərində qırılmış halda iki sütun vardır. Bu sütunlar nef arası olmaqdan əlavə məbədin xor üçün düzəldilmiş hissəsi ilə qalan hissəsinin arasında qoyulmuşdur. Qazıntı nəticəsində bir ədəd bəzəkli daş, bir ədəd epiqrafik abidə və xeyli gil qab hissələri aşkar edilmişdir. IX–X əsrlərdə məlum olmayan səbəbdən abidə dağıdılmış və onun əvəzində qonşuluqda hazırda xarabalığı qalan və yerli əhali tərəfindən "kilisə damı" adlanan böyük məbəd meydana gəmişdir.

Kilisə kəndinin girəcəyində maraqlı memarlıq abidəsi olan bir məbəd yerləşir. Məbədin daxili hündürlüyü 4,8 m, uzunluğu 14,3 m, eni isə 8 metrdir. Binanın kobud çapılmış daşlardan hörülmüş cənub fasadında yarımdairəvi tağlı, enli giriş qapısı vardır. Məbədin daxili məkanı dayaqlarla üç hissəyə bölünürː astana rolunu oynayan giriş, əsas ibadət yeri olan mərkəz və dərin mehrablı səcdəgah. Zalın tağbənd şəkilli örtüyü dayaqlar üzərində yerləşərək iki tağla möhkəmləndirilmişdir. Mehrabın iki tərəfində dəhlizə bənzər ensiz artırma, geniş otaq və qurbangah vardır. Məbəddə dekorativ bəzəklər yoxdur. Onun qərb fasad divarlarında hörgüyə daxil edilmiş bütpərəstlik stellasından binanın sonrakı təmiri zamanı istifadə edilmişdir. Yerli camaat arasında məbədin xristianlığa qədər olduğu, stellanın isə Allah simvolu kimi orada yerləşdiyi güman edilir.

1836-cı ildə çarın və Sinodun (Pravoslav məbədinin baş idarəsi) qərarı ilə Alban katolikosluğu ləğv edilmiş, xristian albanlar kilisəyə tabe edilmişdir. Bu zaman xristian albanlar ya etiqaddan əl çəkib el ilə ağlamalı, ya da dinə etiqad edərək xalqla əlaqəni kəsməli idilər. Xristian albanlar yaşayan kəndlərin çoxluğu xalqdan ayırmağı üstün tutaraq İslam dinini qəbul etmişlər. Bu səbəbdən də bir çox yerlərdə, xüsusi ilə Kəlbəcər rayonu ərazisində xristianlıqla bağlı kənd adlarına rast gəlmək olur (Kilsə kəndi, Kilisəli kənd, Sınıq Kilisə kəndi və s.).

Kəndlərdə məscidlərin deyil, kilisələrin olması səbəbi yaşlı sakinlərin sözlərinə görə ata-babalarının vaxtıilə çarəsiz qalaraq xalqdan ayrılmamağı qərara aldıqları ilə bağlıdır. O dövrdə müsəlman dinini qəbul edən albanlar öz tarixi köklərini qoruyub saxlaya bilmiş, xristian dininə sadiq qalan albanlar isə etnik tərkibinə görə Qafqaz Albanları kimi qalmaqlarına baxmayaraq erməni adlandırılmışlar.

Almalıq kəndinin "Gözlü bulaq" adlanan ərazisində üzərində alban hərfləri ilə yazılmış daşlar, daş üzərində təsvir edilmiş rəsm abidələri və s. vardı. Mollabayramlı kəndinin "Dəhnə kahası" adlanan ərazisinin kahalarında qədim insanların yaşayış məskəni olmasını sübut edən saysız-hesabsız maddi sübutlar vardı. Həmin kahalar əl alətləri ilə yaşayış formasına salınıblar. Divarlarında ev heyvanlarının təsviri çəkilmiş yaşayış otaqları, alət və başqa təsərrüfat işlərində istifadə edilən əşyalar saxlamaq üçün əlavə otaqlar var idi. Əfsuslar olsun ki, bu ərazidə arxeoloji qazıntılar aparılmadığına görə bu yaşayış kompleksinin neçənci əsrlərə aid olması müəyyən edilməyib.[1]

  1. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.