Kərbəlayı Abdulla Zərbəliyev

Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü.

Abdulla Zərbəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1849
Doğum yeri
Vəfat tarixi 1934
Vəfat yeri
Vəfat səbəbi həbsdə öldürülüb
İxtisası neftçi
Fəaliyyəti iş adamı
Atası Hacı Zərbəli
Uşaqları Hacıağa, Balağa və Umxanım

Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin üç arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi.

Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar. O, əvvəlcə mollaxanada, sonra isə mədrəsədə oxuyaraq, dini təhsil alıb. 1895-ci ildə Kərbəla ziyarətinə gedib Kərbəlayı titulunu qazanıb. Onun şəhər içində mülkü, Sabunçu-Balaxanı sahəsində bir o qədər neft mədəni və atasından miras qalmış ağ neft istehsal edən zavodu var idi.

O, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakıda tanınmış neft sənayesi sahibi idi. Kərbəlayı Abdulla hələ uşaqlıqdan atasının kiçik "Kerosin zavodu"nda sahibkarlıq isinə qoşulmuş, sonradan ona miras qalan bu zavodu genişləndirmiş, Sabunçuda neftlə zəngin olan torpaq sahələrini almışdır. Onun adıyla tanınan "K.A.Zərbəliyev" firması kommersiya dairələrində böyük etibar qazanmışdır.

Kərbəlayı Abdulla 1907-ci ildən sonra da neft yataqları ilə zəngin olan bir neçə torpaq sahəsi almış və öz şərikləri ilə neft istehsalına başlamışdır. O, Bakının "Aşağı məhəllə" adlanan indiki Rəsul Rza (keçmiş Marinski) və Mirzağa Əliyev (keçmiş Çadrovı) küçələrinin kəsişdiyi yerdə ikimərtəbəli evdə yaşayırdı.

Kərbəlayı Abdullanın ətrafında 40 nəfərə yaxın qoçu cəmlənərmiş: Bilgəhli Ələsgər, Balaca Hüseynqulu, Nardaranlı Paşa, Mərdəkanlı Keçəl Qüdrət, Altıbarmaq Baba və başqaları.

Kərbəlayı Abdulla 1933-cü ildə Şüvəlandakı bağını, torpaq sahələrini və digər mülkünü bolşeviklərə könüllü təhvil verməkdən imtina etdiyi üçün həbsə alınaraq Bayıl təcridxanasına göndərilir. O, 84 yaşında vəfat etmiş, Şüvəlanda – Mirmöhsün Ağanın məzarı yaxınlığında – ikinci mərtəbəyə qalxan pilləkənin arxa tərəfində dəfn olunmuşdur.

Ruqiyyə Zərbəliyeva

Kərbəlayı Abdullanın iki arvadı olsa da, birincisindən uşaqları olmayıb. ikinci arvadından isə onun iki oğlu və bir qızı olub: Hacıağa, Balağa və Umxanım. Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi olan Ruqiyyə Hacıağa qızı Zərbəliyeva Kərbəlayı Abdullanın nəvəsidir. O, sonralar uşaq həkimi olmuşdur.[1]

Uzun müddət respublika Dəri-Zöhrəvi dispanserinin baş həkimi olmuş Ağaəli Əliyev Kərbəlayı Abdullanın qız nəvəsidir.

Kərbəlayı kasıb bir kişinin qızını — Səkinəni qızlığa götürmüşdür..

Kərbəlayı Abdulla Məşədi Əzizbəyovun və xanımı Püstəxanımın yaxın qohumlarından idi. Püstəxanımın qardaşı Daşdəmir isə Kərbəlayının ən etibarlı qoçularından sayılırdı.

Kərbəlayı Abdullanın qardaşı Zərbəliyev Yusif Zərbəli oğlu 1937-ci il iyulun 16-da güllələnmişdir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1905-ci ilin yayında Bakıda fəhlə çıxışları zamanı burjuaziyanın ayrı-ayrı dəstələri də birləşməyə başladılar. 1905-ci ilin iyununda onların təşəbbüsü ilə "Barışıq Komitəsi" yaradıldı. Bakı Şəhər Duması tərəfindən komitəyə 28 üzv seçildi. Həmin üzvlər əsasən burjua nümayəndələrindən ibarət idi. Onların sırasında Kərbəlayı İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Kərbəlayı Abdulla Zərbəliyev, İsa bəy Hacınski, Mirzə Əsədullayev, İsmayıl bəy Səfərəliyev, A.Səlimxanov, ziyalılardan Əlimərdan bəy TopçubaşovƏhməd bəy Ağayev də var idi.

Əhməd bəy Ağayevin yaratdığı Difai Partiyasını ilk maliyyələşdirənlərdən Kərbəlayı Abdulla olmuşdur

Kərbəlayı Abdulla Bakı Şəhər Dumasının qlasnısı və "Səfa Müsəlman Xeyriyyə Cəmiyyəti"nin idarə heyətinin üzvü olmuşdur.

Kərbəlayı Abdulla keçmiş 1 may, indiki Dilarə Əliyeva küçəsi, 155 ünvanında 1881-ci ildə öz adıyla tanınan Kərbəlayı Abdulla məscidini inşa etdirmişdir. Sovet hakimiyyəti illərində bu məscidin fəaliyyəti məcburən dayandırılmış, onun iki axundundan biri binanın yaxınlığındakı söyüd ağacından asılmış, digəri isə sürgün edilmiş, içəridəki bütün avadanlıqlar yandırılmışdır. Məscid repressiya olunduqdan sonra Qalina adlı bir rus qadınına mənzil əvəzi istifadəyə verilmişdir. Həmin qadın isə, 14–15 ildən sonra Rusiyaya köçmüşdür. Uzun müddət bu məscid anbar olmuş, sonralar isə karton fabriki kimi istifadə edilmiş, bir müddət Rus Dram Teatrının rəssamlıq sexinə çevrilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra məscid təmizlənərək təmir edilmiş, lakin bir hissəsi çörək sexi, digər hissəsi isə yaşayış sahəsi kimi istifadə edilməyə davam etmişdir.

Kərbəlayı Abdulla məscidin dövrəsində iki mərtəbəli bina tikdirərək, kasıb ailələrdən olan uşaqların maariflənməsinə də öz xidmətini göstərmişdir.

  1. Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart.
  • Hafiz Sadıqov. KƏRBƏLAYI ABDULLA // "Kəlam" jurnalı, 1 avqust 2012
  • http://www.anl.az/el/Kitab/Azf-268536.pdf
  • Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart