Kiran yaşayış binası

Kiranda tədqiq edilmiş yaşayış binası Xarabagilan arxeoloji abidəsi ərazisində 1977-1978-ci illərdə tədqiq edilmiş tarix-memarlıq abidəsi. Abidə, Kiran şəhərinin mülki memarlığının öyrənilməsi, həmçinin orta əsr Azərbaycan şəhərlərində yaşayış binalarının inşa xüsusiyyətlərinin tədqiq ediməsi baxımından mühüm əhəmiyyətə malikdir.[1]

Kiran yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Yerləşir Kiran yaşayış yeri
Tikilmə tarixi XII əsrin sonu-XIII əsrin əvvəlləri
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.52
Kateqoriyaarxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli

Arxeoloqlar evin XII əsrin sonu-XIII əsrin əvvəllərində inşa edildiyi qərarına gəlmişlər.[2] Qazıntılar zamanı ev ərazisindən aşkarlanmış Eldənizlər dövrünə aid müxtəlif sikkələr də arxeoloqların qənaətini təsdiqləmişdir.[2]

Yaşayış binası Kiran şəhristanının ikinci məhəlləsinin şərq qurtaracağında yerləşir.[3] Qazıntılar zamanı evin dövrümüzə çatmış qalıqları müasir yerüstündən 0.2-0.3 metr dərinlikdə aşkar edilmişdir.[3] Evin divarları müxtəlif yerlərdə 1.8-2 metr hündürlüyə kimi (8-9 sıra hörgü) saxlanmışdır.[3] Qazıntılar zamanı evin bütün otaqları və həyət ərazisi təmizlənərək açılmışdır.[3]

Evin ikinci mərtəbəsi tamamilə dağılmışdır. Lakin on bir pillədən ibarət olan 2 metrdən çox hündürlüyə malik daş piləkənin saxlanması, evin ikinci mərtəbəsinin də olduğunu sübut edir.[3]

Evin birinci mərtəbəsində səkkiz otaq aşkarlanmışdır.[3] Otaqların hər biri müxtəlif döşəmə hündürlüyünə malikdir. Ev təpənin maili yerində yerləşdiyinə görə, otaqlardan bir-birinə keçid da pilləkənlər vasitəsilə təmin edilmişdir.[3]

Evin şərq tərəfi təpənin sıldırım qayalı hissəsinə açılır. Birinci və ikinci otaqların şərq divarında yerləşən qapalı terraslardan şərqdəki su hövzəsi və Kiran qalasının şərq divarına panoram görüntüsü açılırdı.[3] Birinci terrasa giriş otağın cənub-şərq küncündə yerləşir. Burada terrasa aparan beş pilləli daş pilləkən yaxşı saxlanmışdır.[3]

Birinci otaqda yerləşən ikinci beşpilləli pilləkən isə, döşəmə səviyyəsi otağın döşəmə səviyyəsindən 60 sm yuxrı olan dəhlizə aparır. Arxeoloqların səkkizinci dəhliz adlandırdıqları həmin dəhlizdən birinci otaqla yanaşı terrasa da qapı açılır. Səkkizinci dəlizdə yerləşən üçpilləli pilləkən üçüncü otağa açılır. Həmin otaqdan isə daha bir qapı iç-içə yerləşdirilmiş dördüncü otağa aparır. Beləliklə də, evin şimal hissəsindəki otaqlar arasında əlaqə yalnız səkkizinci dəhliz vasitəsiylə mümkün idi.[3]

Səkkizinci dəhlizdən açılan daha iki qapı isə evin cənub hissəsinin daxili otaqlarına aparır. Bu hissədə kompleksin beş, altı və yeddinci otaqları yerləşir. Dəhlizdən beşinci otağa iki pilləkən aparır ki, bunlardan biri üç, cənubda yerləşən digəri isə dörd pilləlidir. Beşinci otağın döşəməsi dəhlizin döşəməsindən 50-60-sm aşağıdadır.[3]

Beşinci otağın əsas memarlıq xüsusiyyəti otağın şimal-qərb küncündə yerləşən on bir pilləli plləkəndir. Həmin pilləkən evin dövrümüzə çatmamış ikinci mərtəbəsinə aparır.[3] Otağın ölçüsü (9.6 m²) və onun içində iri daş pilləkənin inşa edilməsini əsas gətirən B. İbrahimov, onun vestibül olduğunu düşünür.[4]

Üçüncü otaq əsas divar vasitəsi ilə terrasdan ayrılmışdır. Divarda pəncərə yerləri qalmışdır. Üçüncü otaqdan, onunla eyni səviyyədə yerləşən dördüncü otağa pəncərə açılır. Bu otaqların döşəməsi torpaqdandır.[4]

Üçüncü otaqda iki təndirin yerləşməsi, onun çörək bişirmək üçün istifadə olunduğunu göstərir. Gil kərpiclərdən hörülmüş təndirlər silindrik formaya malikdirlər. Onlardan biri 0.5, digəri isə 0.7 metr diametrə malikdir.[4]

Dördüncü otaq mətbəx olmuşdur. Mətbəxdə iki təndir yerləşir ki, onlardan da biri ocaq yersizdir. Ocaq yeri olmayan təndirlər adətən buğda və digər qida vasitələrinin saxlanılması üçün istifadə olunurdu.[4] Azərbaycan ərazisində bu cür təndirlər Beyləqanın yaşayış tikililərində də aşkar edilərək öyrənilmişdir.[5] Naxçıvan ərazisində qida vasitələrinin, xüsusilə buğdanın bu şəkildə saxlanılması ənənəsi XX əsrin əvvəllərinə kimi saxlanılmışdır.[4] Tədqiqatlar zamanı böyük olan birinci təndirin içindən buğda qalıqları, digər kiçik ölçülü təndirin içindən isə mis qazan qapağı və saxsı qab qırıqları aşkar edilmişdir.[4]

Vestibülün yanında yerləşən yeddinci otaq dəhliz rolunu oynamışdır.[4] Dəhlizdə evə giriş qapısının tağı qalmışdır. Tağın inşasında kvadrat formalı (20.5x20.5x5 sm) bişmiş kərpiclərdən istifadə edilmişdir.[2] Yaşayış kompleksinin qərb tərəfində daxili həyət və köməkçi tikililər yerləşir.[2] İkinci mərtəbədə evin yataq və qonaq otaqları yerləşirdi.[2]

Tədqiq edilmiş bu evin nümunəsində müşahidə olunan məişət və xidməti otaqların birinci yaşayış və qonaq otaqlarının isə ikinci mərtəbədə yerləşdirilməsi ənənəsi Kiran, o cümlədən əksər orta əsr Azərbaycan evləri üçün xarakterik olmaqla, aktuallığını XX əsrin əvvəllərin kimi saxlamışdır.[2]

Bu evin əsas memarlıq əhəmiyyəti isə onun yaxşı düşünülmüş və kompleksin bütün tikililərini vahid orqanizm kimi əlaqələndirən plana malik olmasıdır.[2] Mürəkkəb keçidlər sistemi, birinci mərtəbənin döşəmələrinin müxtəlif səviyyələrdə yerləşdirilməsi və evə yeganə giriş qapısının olması, onun inkişaf etmiş ənənəvi yaşayış tikililəri qrupuna aid olduğunu göstərməklə, erkən və inkişaf etmiş orta əsrlərdə Azərbaycanda yaşayış evlərinin plan xüsusiyyətləri haqqında dəqiq təəssürat yaradır.[2]

Kiran ərazisində aşkara çıxarılmış bu evin ətraflı tədqiq edilməsi, sonrakı dövrdə Ordubad şəhərinin tarixi mərkəzi və yaşayış məhəllələrinin formalaşmasında iştirak etmiş yaşayış tikililərinin memarlığının mənşəyinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır.[6] B. İ. İbrahimov qeyd edir ki, IX-XIII əsrlərdə Kiranda yaranaraq inkişaf etmiş yaşayış evlərinin plan və inşaat xüsusiyyətləri XVII-XIX əsrlərdə Ordubadda davam etdirilmişdir.[6] Ə. Salamzadə və K. Məmmədzadə isə Ordubadın XVII-XIX əsrlərdə inşa edilmiş yaşayış evlərinin Kiranda tədqiq edilmiş yaşayış evi ilə oxşar xüsusiyyətlərə malik olduqlarını qeyd edirlər.[7]

  1. Ибрагимов, 2000. səh. 38
  2. 1 2 3 4 5 6 7 8 Ибрагимов, 2000. səh. 41
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Ибрагимов, 2000. səh. 39
  4. 1 2 3 4 5 6 7 Ибрагимов, 2000. səh. 40
  5. Ахмедов, Г.М. Средневековый город Байлакан. 82.
  6. 1 2 Ибрагимов, 2000. səh. 42
  7. Саламзаде А.В., Мамедзаде К.М. Памятники на Араксе. 1979. Баку. 46–48.
  • Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.

[[Fayl:|link=Portal:Naxçıvan|24x24px|alt=П:]]  Naxçıvan portalı П:  Memarlıq portalı П:  Tarix portalı