Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün.
Konstitusiya Günü | |
---|---|
Rəsmi adı | Azərbaycan Respublikasının Konstitusiya Günü |
Ölkə | Azərbaycan |
Növ | İş günü olan bayram günü |
Tarix | 12 noyabr |
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi:[1]
Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. |
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.[1]
Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.[1][2]
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.[3] Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.[2]
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.[1]Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu Konstitusiyası qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.[3]Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1995-ci ilin mayında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı və layihə 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.[3] Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.[1]
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, 2009-cu ilin martında, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.[2]
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.[4]