Laçın Kürd Respublikası (kürd. Komâra Laçîn Kurdî; azərb-kiril. Лачын Күрд Республикасы; erm. Լաչինի քրդական հանրապետություն) — 20 may 1992-ci il tarixində Ermənistan hakimiyyətinin Laçın dəhlizinin işğalını hüquqi formaya salmaq məqsədilə Laçın rayonu ərazisində Vəkil Mustafayevin başçılığı ilə qurduğu qondarma tanınmayan dövlət. Kürdlər də, azərbaycanlılar kimi Laçının işğalı zamanı regiondan qovulduqlarından qondarma respublika 22 may tarixində süquta uğrayır.
Tanınmayan dövlət | |||
Laçın Kürd Respublikası | |||
---|---|---|---|
kürd. Komâra Laçîn Kurdî azərb-kiril. Лачын Күрд Республикасы | |||
|
|||
|
|||
Paytaxt | Laçın | ||
Dilləri | kürd | ||
İdarəetmə forması | Respublika | ||
Baş nazir | |||
• 20–22 may 1992 | Vəkil Mustafayev | ||
Davamiyyət | |||
→ |
9 may 1992-ci il tarixində Şuşanın işğalından sonra Azərbaycanda daxili siyasi gərginlik pik həddə çatmışdı. 14 mayda Azərbaycan Ali Sovetinin Milli Şurası növbədənkənar sessiyasında Ayaz Mütəllibov siyasi səhvlərə görə Şuşanın və Xocalının işğal olunduğunu bəyan edir. Elə həmin gün o, yenidən Azərbaycan Prezidenti seçilir, lakin bu, sadəcə bir gün davam edir. Azərbaycan Xalq Cəbhəsi Mütəllibovun qayıdışını dövlət çevrilişi hesab edir və əhalini buna etiraz etməyə çağırır. 15 mayda Mütəllibov hakimiyyətdən uzaqlaşdırılır. 16 mayda Azərbaycanda vəziyyət Xalq Cəbhəsinin nəzarətinə keçir. Azərbaycan Ali Sovetinin Milli Şurası Yaqub Məmmədovun istefasını qəbul edir. 18 mayda İsa Qəmbər prezident seçkilərinə qədər dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürür.[1]
Erməni qüvvələri 18 may 1992-ci il tarixində Laçın şəhərini işğal etmək üçün hücuma keçir[2] və bununla da Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhərini Dağlıq Qarabağın regional paytaxtı olan Xankəndi şəhərinə birləşdirən[3] Laçın dəhlizini nəzarətə götürməyi planlaşdırırdılar;[4] Ermənistanı Dağlıq Qarabağa birləşdirən digər əsas yol Murov silsiləsindən keçirdi.[5] Laçın şəhərinin özü zəif mühafizə olunurdu. Sonuncu Azərbaycan əsgərləri 16 mayda Laçını tərk edirlər. Azərbaycanın o vaxtkı müdafiə naziri Rəhim Qazıyevin sözlərinə görə, Laçında 7 BM-21 Qrad vahidi və çoxlu döyüş sursatı var idi, lakin erməni qüvvələrinə heç bir atəş açılmamış, Laçın uğrunda heç bir döyüş olmamışdır. Samvel Babayan özü təkid edir ki, Laçın üçün heç bir döyüş əməliyyatı planlaşdırılmamışdı. Onun sözlərinə görə, azərbaycanlılar Şuşanın işğalından sonra çaxnaşma vəziyyətində idilər. Babayana görə, Laçındakı Azərbaycan əsgərləri əhalinin ərazidən çıxa bilməsi üçün yalnız yüksəklikləri tutmağa çalışırdı.[1] Nəticədə, 19 mayda erməni qüvvələri şəhəri işğal edir[2] və onu dağıdır. Şəhərin təqribən 7,800 nəfərdən ibarət Azərbaycan və kürd əsilli sakini qaçqın düşür.[6][7] Jirayr Liparityana görə beynəlxalq ictimaiyyət Laçının işğalına görə müəyyən dərəcədə şoka düşmüşdü.[1]
Ermənistan hakimiyyəti Laçının işğalını hüquqi formaya salmaq, kürd amilindən istifadə edərək təkcə erməni azlığının yox, kürd azlığının Azərbaycandan müstəqillik uğrunda mübarizə apardığını göstərməyə çalışırdı.[8] 20 may 1992-ci il tarixində burada qalan təxminən 60 kürd ilə birlikdə Laçın Kürd Respublikasının qurulduğunu elan edirlər.[9] Həmin kürd qrupu Laçın, Qubadlı və Kəlbəcər rayonlarını əhatə edən bir kürd muxtariyyəti qurmaq istəyirdi.[10] SSRİ dövründə Qazaxıstanda KQB agenti kimi işləyən Vəkil Mustafayev bu respublikanın baş naziri seçilir, onun kabinetinin bəzi üzvlərinin adları da açıqlanır. Məsələn, Karlan Çaçani Mədəniyyət Naziri, Emerike Sərdar İnformasiya Naziri və Şərəf Əşir Baş nazirin müavini elan edilir. Laçın Kürd Respublikasının qurulduğunu elan edən bu qrup Laçın şəhərində Kürdüstan bayrağı ucaldılır.[9] Bunlara baxmayaraq, bu respublika 1 həftə belə yaşamır. Bunun əsas səbəbi regionda respublika üçün heç bir etnik dayağın olmaması idi. Kürdlər də, azərbaycanlılar kimi Laçının işğalı zamanı regiondan qovulmuşdular.[11] Bu amil təkcə Azərbaycan yox, eyni zamanda ölkə xaricində yaşayan kürd diasporalarının etirazında görülmüşdür.[12] Həmçinin, belə bir respublikanın qurulması milliyətçi erməni dövlət rəhbərlərinin maraqları ilə toqquşurdu. Bölgədə kürd dövləti yaratmaqla Ermənistan hakimiyyəti Birinci Qarabağ müharibəsində ermənilərin əsas arqumenti, "Qarabağın tarixən Ermənistana aid olması" iddiasını pozurdu.[8]