Lankaster sülaləsi (ing. House of Lancaster) — İngiltərənin məşhur kral ailəsi olan Plantagenetlərin 2 alt qolunun adı. Bunlardan ilkinin təməli İngiltərə kralı III Henrinin oğlu Edmondun şərəfinə 1267-ci ildə Lankaster qraflığını yaratması ilə qoyulmuşdur. Sülalənin adı da məhz bu qoldan gəlməkdədir. Bundan başqa Edmond 1265-ci ildə Lester qrafı təyin edilmişdi və özündən öncəki qrafın edamı ilə ona aid mülk və torpaqları ələ keçirmişdi. Edmondun oğlu Tomas isə qaynatasından miras aldığı Linkoln qraflığı ilə İngiltərədə ən böyük mülkədara çevrildi. Bu hal isə onu və kiçik qardaşı Henrini İngiltərə kralı olan əmisi oğlu II Eduardla rəqabətə sürüklədi və bu rəqabət Tomasın edamı ilə nəticələndi. Edamın ardından qardaşının mülklərini və ünvanlarını miras alan Henri və ardından oğlu, krala və onun oğlu III Eduarda səltənətləri boyunca xidmət göstərdilər.
Lankaster sülaləsi | |
---|---|
220px | |
Ölkə | |
Hissəsidir | Plantagenetlər |
Banisi | Qozbel Edmond |
Sonuncu hökmdar | VI Henri |
Əsası qoyulub | 1267 |
Soyun kəsilməsi | 1471 |
Titullar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lankaster sülaləsinin ikinci qolu isə ilk soyun varisi ilə (Lankasterli Blanş) evlənən Gentli Conun şəcərəsindən gəlməkdədir. Belə ki, İngiltərə kralı III Eduard sələflərindən fərqli olaraq övladlarını zəngin ingilis əsilzadələriylə evləndirdi. Ailənin rəhbəri Qrosmontlu Henri geridə oğul varis qoymadan vəfat etmişdi və III Eduard ailənin var-dövlətini ələ almaq məqsədilə oğlu Gentli Conu Henrinin yeganə övladı olan qızı Blanşla evləndirdi. Cütlüyün yeganə oğlu olan Henri 1399-cu ildə taxtı ələ keçirdi və bununla Gül müharibəsindəki fraksiyalardan birini yaratdı. Bu hadisə III Eduardın nəvələri arasında İngiltərə taxtı uğrunda mübarizəyə səbəb oldu və ailənin bu şəcərəsi Lankaster adlanmağa başlandı. Bu ailəyə mənsub 3 şəxs (IV Henri, V Henri, VI Henri) XV əsrdə İngiltərə taxtına oturmuşdur.
1471-ci ildə Uels şahzadəsi olan oğlu Eduardın döyüşdə həlak olmasının ardından, VI Henrinin də həbs tutulduğu London qalasında müəmmalı ölümü ilə ailənin oğul şəcərəsi sonlandı. Ailənin Gentli Conun qızı Lankasterli Filipadan törəyən şəcərəsi İspaniya və Portuqaliya krallığını idarə etdi. Yenə Gentli Conun məşuqəsi və sonrakı xanımı olan Ketrin Svinfordla olan evliliyindən doğulan övladları Byufort ailəsini təşkil etdi və bu ailədən törəyən Tüdorlar ailənin sonrakı taxt iddialarını davam etdirdi.