Lars Fon Trier

Lars Fon Trier (dan. Lars von Trier; əsl adı Lars Holbek Trier, dan. Lars Holbæk Trier; 30 aprel 1956[2][3]) — Danimarka kino rejissoru.

LARS FON TRİER
dan. Lars von Trier
Doğum adı Lars Trier
Doğum tarixi (68 yaş)
Doğum yeri Kopenhagen, Danimarka Danimarka
Vətəndaşlığı Danimarka Danimarka
Həyat yoldaşı
  • Cæcilia Holbek Trier[d] (19871995)[1]
Atası Fritz Michael Hartmann[d]
Fəaliyyəti
Fəaliyyət illəri 1967-ci ildən
İstiqamət kino
Mükafatları Knight of the Order of the Dannebrog
IMDb ID0001885
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lars Fon Trier 1956-cı il aprelin 30-u Danimarkanın paytaxtı Kopenhagendə doğulub. Danimarkanın Milli Kino Məktəbini bitirib. Kinoda ilk dəfə 1976-cı ildə debüt edib. İlk tammetrajlı filmi isə Cinayətin Elementi filmidir ki, 1984-cü ildə çəkilir və bu film Kann, Çikaqo film festivallarında mükafat qazanır. Cinayətin Elementi (Element of Crime) filmi Trierin E trilogiyasının ilk filmidir. Hər rejissorun işi deyil ki, ilk tammetrajlı filmi ilə Qızıl Palma budağına namizəd olsun. Cinayətin Elementi ilə Trier öz müəllimi Tarkovskini yamsılamışdı. Bir çox kinoşünaslar filmə baxdıqdan sonra, orda Stalkerin kadrlarını gördüklərini demişdilər. Filmə baxanlar arasında çox maraqlı bir sima da vardı — Andrey Tarkovski. Deyilənə görə, Tarkovski filmə baxandan sonra гавно! deyib. Bəlkə də bu sözdən sonra Trier digər filmlərində özünü axtardı. Öz tərzini tapmağa çalışdı, amma 2009-cu ildə yenə Tarkovskiyə sığınacaqdı…

Cinayətin Elementi filminin ardınca Trier 1987-ci ildə Epidemiya filmini çəkir. Bu film E trilogiyasının ikinci filmi olur. Epidemiya (Epidemic) filmindən sonra Yunan əsatirləri əsasında çəkilən Medeya filmi və E trilogiyasının son filmi olan Avropa (Europa) filmi Kannda Qızıl palma budağına nominant olsa da, münsiflərin xüsusi mükafatına və texniki komissiyanın mükafatına layiq görülür. Filmdə yenə də Tarkovski ab-havası duyulsa da, Trier bəzən öz istədiyi kimi səhnələr qurur və filmə yeni nəfəs verirdi.

Trier bu filmdən sonra Krallıq adlı serial çəkir. O serial ki, ətrafına böyük tamaşaçı kütləsi toplayır. Və əlbəttə ki, DOQMA 95… Trier Krallıq-ın üzərində çalışarkən ağlına belə bir ideya gəlir ki, texniki avadanlıqla, pulla film yaratmaq əsl sənət deyil, rejissor gördüyünü çəkməli və kompüter qrafikası, güclü texnologiyadan istifadə maksimum azalmalıdır. DOQMA 95in manifestini Trier, Vinterberq, Levrinq və başqaları tərtib etmişlər. Amma şübhəsiz ki,DOQMA 95-in yaranmasında xüsusi rolu Trier oynayıb. Doqma əhvalatından sonra Trier yeni bir trilogiya çəkmək qərarına gəlir. Bu trilogiyada Trier artıq öz yolunu tapmışdı. Trilogiya Qızıl ürək adlanır. Trilogiyanın ilk filmi isə hamını qeyri-adi hisslərlə baş-başa buraxan Dalğaları Yararkən (Breaking The Waves) filmi olur. Bu filmdə Trier obraz yaradır. Bess Makneyl obrazı bəlkə də dünya kino tarixində ən fərqli obrazlardandır. Avam, inanclı, inadcıl, sevgisinə görə fahişəlik edən və ən nəhayət tanrı ilə danışmaq vergisi olan obraz… Bəli, Trier yaratmışdı. Filmin sonunda kilsə zənglərinin səmada çalınması isə səma səltənətinə acı ironiya ilə baxmaq idi. DOQMA 95-in qaydalarına uymasa da, Dalğaları yararkən filminin çəkiliş tərzi, operator işi tamam fərqli idi. Real hadisələr əsasında yazılmış ssenarinin sonunda kilsə zəngləri olan final səhnəsi Trierin zarafatı idi. O final səhnəsini çəkərkən daxilən hamıya gülürdü… Dalğaları Yararkən 1996-cı ildə Kann film festivalında qran-pri qazanır. Bir il sonra isə Sezar festivalında ən yaxşı xarici film nominasiyasında qalib olur. Trieri artıq dünya tanımağa başlayır. Və yenidən DOQMA 95… Böyük dəlilik… Dəlilər… Bu film Qızıl ürək trilogiyasının ikinci filmi olur. Trier bu filmi tamamilə Doqmanın qaydaların uyğun çəkib. Dəlilər porno kadrlarla bəzənmiş filmdir. Porno səhnələri çəkərkən aktyorlar utandıqları üçün Trier özü lüt soyunub o səhnələri çəkmək qərarına gəlib. Soyunub da … "Dəli" rejissor filmin adına uyğun hərəkət etsə də, aktyorlar buna razı olmayıblar və dublyorlar dəvət olunub. Film Kann film festivalının Qızıl Palma Budağına nominant olsa da, qalib gəlmədi. Yadda qalan isə Trierin Kanna üstündə Dəlilər yazılmış avtobusda gəlməsi idi. Axır ki, Qızıl Palma Budağı Trierin əlinə keçir. Bu hadisə 2000-ci ildə baş verir. Səbəb isə Qaranlıqda rəqs edən (Dancer in the Dark) filmi oldu. Film müzikl janrında idi. Və filmdə Fransanın eks-gözəlçəsi Katrin Denöv iştirak edirdi. Film insanda şok effekti yaradır, qəhrəmanı sonda edam edirlər. Trier Amerika həqiqətlərini açıb, üzə çıxardır, amma əsl Amerika haqqında olan filmin vaxtına vardı, tamaşaçılar daha üç il gözləməli idi… Hələ ki, Qızıl ürək trilogiyasına əlvida demək lazım idi.

Tamaşaçılar 3 il gözlədi və gözləməyə də dəyərdi, çünki Doqvill yaranadı. Doqvill (Dogville)- şedevr… Bəli, sözsüz şedevr adlandırılmağa layiq bir film. Dekorasiyası olmayan film tamamilə fanataziya məhsuludur. Xeyr, fantastika deyil… Fanatziyanın, rejissor fantaziyasının pik nöqtələrindən biridir. Film Amerika fürsətlər ölkəsi trilogiyasının ilk filmidir. Çox ağır həzm olunan film, həm də çətin psixoloji gedişlərlə boldur. Filmdəki dekorasiyalar çox fərqlidir və məhz bu dekorasiyalar tamaşaçıları çaşdırır. Filmin uğur qazanmasında Nikol Kidmanın da əziyyəti var. Doqvill kino tənqidçiləri tərəfindən bir mənalı qarşılanmasa da, gözəl film olduğunu zaman keçdikcə hamı etiraf edir… Və trilogiyanın son hissəsi olan Vaşinqton qeyri-müəyyən müddətə təxirə salınır. Trier həmin il daha bir film The five obstrucitons çəkir. Bu film əsasən sınaq xarakterli film sayılır. Amerika-Fürsətlər Ölkəsi trilogiyasının ikinci filmi – Manderley. Bu filmi Doqvilin ikinci seriyası adlandırmaq olar. Buna qədər olan trilogiyalarda filmlər arasında uyğunsuzluq olsa da, Trierin üçüncü trilogiyasındakı ilk iki film arasındakı oxşarlıq, hətta əkizlik var. Manderley Doqvill kimi uğur qazanmadı və Trier bu filmdən sonra trilogiyaları hələlik tərgitdi. Və Trier Antixristə hazırlaşmağa başladı. Amma Antixristdən öncə o Ən əsas boss komediyasını çəkir. 60-cı Kann film festivalına 36 rejissor və 25 ölkədən olan digər rejissorlarin çəkdiyi Hər kəsin öz filmi" və ya "İşıqlar söndükdən sonra seans başlayarkən ürək necə dayanır qısametrajlı filmlərdən ibarət sənət əsərinə, Trier öz qısametrajlı filmini göndərir. O burda da öz qeyri-adiliyini saxlayır. Bu qısametrajlı filmdən də hiss etmək olur ki, Trier çox hirslidir və Antixristə hazırlaşır… Və hamını şok edən film — Antixrist… İlk öncə qeyd edim ki, film Andrey Tarkovskiyə həsr olunub. Bu özü çox şeyi deyir. Trier Antixristə kimi qorxu filmi janrına baş qoşmamışdı, amma filmlərində daxili gərginlik həmişə hiss olunurdu. "Xaos dünyanı idarə edir." — bu sözləri tülkü deyir. Daha doğrusu, Trier. Müasir dünyanın siyasi-iqtisadi vəziyyətinə baxanda Trieri anlamaq olar. Kann kino festivalında bütün tamaşaçılar (əsasən qadınlar) Trieri qınamışdı. Deyilənə görə, Kannda filmə baxan tamaşaçıların dördünün ürəyi elə zaldaca gedib. Pornoqrafik, mazoxist, sadomazoxist səhnələr olan filmə ürəyi zəif insanlar baxa bilməz. Antixrist isə bu səhnələrlə doludur. Bəlkə də bunun nəticəsidir ki, Antixrist Kannda anti-mükafata layiq görüldü. Digər səbəblərdən biri də filmin anti-feminist ideyalar üzərində qurulmasıdır. Film Kannda böyük hay-küyə səbəb oldu, amma ən böyük səs-küy hələ qabaqda idi…

Ən böyük qalmaqal…Melanxoliya (Melancholia)… Bu filmə hələ ki baxmamışam, heç bir fikrim yoxdu. Amma əsas söhbət filmin nümayiş olunduğu Kann festivalından gedir. Daha doğrusu, Kann festivalından öncə olan Trierin müsahibəsindən… Bəli, bəli… mən faşistəm. Məhz bu sözlər hər şeyi korlamışdı, amma əsl Trier sevərlər bilirlər ki, Trier heç də faşist deyil və Hitleri sevmir. Yaddan çıxartmayaq ki, Trier 17 yaşına kimi hər həftə sinaqoqa gedib və atasının əslində yəhudi yox, alman olduğunu bildikdən sonra iudaizmdən küsüb. Bu müsahibədən sonra Trier Kannda Persona non-qrata elan olunur. Trier Kannı tərk etmək məcburiyyətində qalır. Trier bir sonrakı müsahibələrində üzr istəsə də, bunun xeyri olmur. Amma filmi mükafat qazanır. Antixrist kimi Melanxoliada eyni nominasiyada… ən yaxşı aktrisa mükafat qazanır.

Hal-hazırda dünya kinosunda əsl sənətə diqqət yetirən tək-tük rejissorlardan biridir Trier… ABŞ-a və Avropaya ironik yanaşan adamdır Trier. Hədər yerə üç trilogiyasından ikisinin adı AvropaAmerikaya adlanmır. Bu trilogiyalarin filmlərinin hamısında acı ironiya hiss olunur. Tinto Brassdan fərqli olaraq öz filmlərində seksi təcavüz, alçaldıcılıq kimi göstərən rejissordur Trier. Və ən nəhayət, Trier – DOQMA 95lə müasir dünya kinosuna müharibə elan edən rejissordur.

Mətləb Muxtarov – "FİLM FİCTİON" jurnalı

  1. 1 2 Den Store Danske Encyklopædi (dan.). 1994.
  2. Lars von Trier // Encyclopædia Britannica (ing.).
  3. Lars von Trier // filmportal.de. 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]