Lermontovun ev-muzeyi (Qusar)

Lermontovun ev-muzeyi — görkəmli rus şairi, yazıçısı və dramaturqu Mixail Yuryeviç Lermontov 1837-ci ildə Rusiyadan sürgün olunduğu vaxt bir müddət Qusar şəhərində yaşadığı ev.[1] Bu ev bütün ədəbi və sənədli mətnlərdə şairin ev-muzeyi kimi təqdim olunur.[1][2]

Lermontovun ev-muzeyi
Ölkə
Yerləşir Qusar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lermontov Qusarda

[redaktə | mənbəni redaktə et]

1837-ci ildə 23 yaşlı Mixail Lermontovun duel nəticəsində vəfat edən dahi şair Aleksandr Puşkinin xatirəsinə yazdığı "Şairin ölümü" şeiri sonda onun həbsi və Qafqaza sürgün olunması ilə nəticələnmişdir.[3]

Lermontov sürgün dövründə bir müddət Azərbaycanda – 1837-ci ilin payızında Qusarda, o zaman "Zabitlər küçəsi" adlanan Dvoryan küçəsində[3] – öz tanışı (bəzi bilgilərə görə — qohumu), hərbi həkim, podpolkovnik Aleksandr Aleksandroviç Marşevin[3] evində yaşamışdır.[2] Hazırda bu küçə Fəxrəddin Musayev küçəsidir.[2]

Şair burada yaşadığı qısa müddət ərzində rayonun Çiləgir kəndindən olan riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olmuş; Ləzgi Əhməddən "Aşıq Qərib" dastanını dinləmişdir.[1] O, Qusarda yaşadığı dövrdə 6 əsər (3 poema və 3 şeir) yaratmışdır:[2]

  • "Aşıq Qərib" poeması;
  • "Qaçaq Hacı" poeması;
  • "Qaçaq İsmayıl bəy" poeması;
  • "Xəncər" şeiri;
  • "Ayrılıq" şeiri;
  • "Gənc ləzgi" şeiri.

Moskvada jurnalist kimi fəaliyyət göstərən Aleksandr Krivitski 1977-ci ildə Lermontovun Qusardakı evində olmuşdur. O, bu haqda "Qarşılıqlılıq effekti" məqaləsində yazmışdır:[3]

"Bu da Lermontovun yaşadığı gildən yapılmış ev. Yalnız burada anlamaq olar ki, bu sürgün yeri 100 il əvvəl necə dəhşətli olub və Sibirin adamsız hüdudlarından heç də yaxşı olmayıb. İndi burada şairin abidəsi açılır. Barelyefdə o, bir qədər Qusarda yaşayan yerli adamlara bənzəyir və təəccüblü gözləri ilə bizə baxır".[3]

Mövcud vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Ev-muzeyin qarşısında şairin baralyefi qoyulub.[1] Xatirə lövhəsində Mixail Lermontovun "Salamlayıram səni, ağsaçlı Qafqaz…" sözləri ilə başlayan məşhur şeirindən misralar həkk olunub.[3] Lakin hazırda ev şəxsi mülkiyyətdədir. Sahibi isə ölkə xaricində yaşayır. Bu səbəbdən qapıları bağlı olduğu üçün ev-muzey fəaliyyət göstərmir.[1] Həmçinin evin muzey kimi fəaliyyətə göstərməsi üçün burada nakam şairə aid kifayət qədər eksponat yoxdur.[1] Şairə məxsus yalnız bir neçə əşya var ki, onlar da Qusar Tarix-Diyarşünaslıq Muzeyində qorunur.[1] Muzeydə saxlanılan əyşalar Lermontova məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı, şairin gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı aksesuarlardan ibarətdir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]