Risa Oribe (織部 里沙, Oribe Risa?, d. 24 iyun 1987)[1] və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması)[2] — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir.[3] 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir.[4][5] LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır.
LiSA | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Risa Oribe (織部 里沙, Oribe Risa?) |
Ləqəbi | LiSA |
Doğum tarixi | |
Doğum yeri | Seki, Gifu prefekturası, Yaponiya |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | yapon |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, söz yazıçısı, mahnı yazıçısı |
Fəaliyyət illəri | 2005 – hazırda |
Janrlar | J-pop, rok, anison |
Albom şirkətləri |
Key Sounds Label (2010) Aniplex (Sony Music Arts) (2011 – 2017) Sacra Music (2017 – hazırda) |
Əlaqəsi | Girls Dead Monster |
lxixsxa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.[3][5] Onun sinqlları Oricon-un həftəlik sinqllar çartının ilk onluğunda yer almışdır. "Crossing Field" sinqlı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya, "Oath Sign" sinqlı isə qızıl sertifikasiya almışdır.[6] 2014-cü və 2015-ci ildə Nippon Budokanda çıxış etmişdir. 2015-ci ildə "Minionlar" filminin yaponca dublajında Mec Nelson personajını səsləndirərək seyyu kimi debüt etmişdir.[7]
Oribe 24 iyun 1987-ci ildə Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. İlk musiqi təcrübəsini 3 yaşında yaşamışdır: anasının məsləhətlərindən sonra piano dərsləri almağa başlamışdır. Uşaq bağçasında utancaq uşaq olsa da, musiqi dərslərində iştirak etməkdən zövq alırdı. İbtidai məktəbdə təhsil alarakən Speed qrupunun televiziyadakı çıxışı onu mahnı oxumaya təlqin etmişdir. Oribe orta məktəb illərində rəqs və vokal dərsləri də almışdır.[8] Eyni zamanda ibtidai məktəbdə Nippon Budokanda keçirilmiş dinləmədə iştirak etmişdir və bu zaman sənətkar olmağa qərar vermişdir.[9] Orta məktəbdə ikən Avril Lavin, Love Psychedelico və Ego-Wrappin'-in mahnılarını ifa edən musiqi qrupu yaratmışdır.[8]
Oribe müğənni karyerasına 2005-ci ildə — liseydə təhsil alarkən Chucky adlı indi-rok qrupunu quraraq başlamışdır.[1] Bu musiqi qrupu müxtəlif müğənnilərin mahnılarını ifa edirdi. Liseyin ikinci ilində Oribenin həmkarları musiqi qrupuna öz mahnılarını ifa etməyi məsləhət görmüşdürlər. Osaka, Naqoya və Gifuda çıxış etdikdən sonra qrupun şöhrəti kifayət qədər artmışdır. Liseydə qiymətləri yaxşı olsa da, Oribe müəllimlərinin məsləhətlərinə qulaq asmayıb universitetə getməməyə və bütün diqqətini musiqi qrupuna ayırmağa qərar vermişdir. Bununla belə, məzuniyyətdən sonra qrup üzvlərinin həyatdakı planları müxtəlif olduğundan qrupun gələcəyi sual altına düşmüşdür.[8][10] 2008-ci ilin iyulunda qrupun dağılmasından sonra Oribe karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür.[8]
Tokio şəhərinə köçdükdən sonra Parking Out adlı indi qrupunun üzvləri ilə birlikdə Love is Same All adlı musiqi qrupu təşkil etmiş və LiSA-dan (Love is Same All ifadəsinin qısaltması) səhnə adı kimi istifadə etməyə başlamışdır. Qrup LiSA-nın canlı solo performanslarında çıxış etmişdir. 2010-cu ildə LiSA əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir.[11][12] O, Yui personajı üçün, ikinci müğənni Marina isə Masami İvasava personajı üçün vokalist olmuşdur.[12] 2010-cu ildə LiSA Girls Dead Monster adı altında Key şirkətinin Key Sounds Label səsyazma studiyasında üç sinql və bir albom yayımlamışdır. Birinci sinqlı "Thousand Enemies" 12 mayda, ikinci sinqlı "Little Braver" 9 iyunda və üçüncü sinqlı "Ichiban no Takaramono (Yui final ver.)" (一番の宝物 〜Yui final ver.〜?) 8 dekabrda buraxılmışdır.[13] 30 iyunda isə "Keep The Beats!" adlı albomu buraxılmışdır.[13] 28 avqust 2010-cu ildə LiSA ilk dəfə Animelo Summer Live tədbirində çıxış etmişdir.[14]
20 aprel 2011-ci ildə LiSA "Letters to U" adlı mini-albom buraxaraq (Aniplex tərəfindən) solo debütünü etmişdir. Alboma daxil olan mahnılar docin və tanınmış sənətkarlar tərəfindən bəstələnmişdir. LiSA albomun birinci mahnısı "Believe in Myself" mahnısını bəstələmiş, eləcə də, albomun sözlərini yazmışdır.[15][16] 12 noyabr 2011-ci ildə LiSA ilk dəfə Cənub-Şərqi Asiyanın ən böyük anime və pop mədəniyyət tədbiri olan Anime Festival Asia tədbirində çıxış etmişdir.[17] "Oath Sign" adlı ilk solo sinqlını 23 noyabr 2011-ci ildə buraxmışdır və bu mahnıdan 2011-ci ildə "Fate/Zero" anime serialının birinci açılış mahnısı kimi istifadə olunmuşdur.[18] Sinql Oricon-un həftəlik çartında 5-ci yerə qədər yüksəlmiş və Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikasiya almışdır.[6]
LiSA ilk tam solo albom olan "Lover"s"mile" albomunu 22 fevral 2012-ci ildə buraxmışdır. Albom Oricon-un həftəlik çartlarında 7-ci yerə qədər yüksəlmişdir.[19] O, 2012-ci ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo tədbirinə fəxri qonaq kimi qatılmış və Şimali Amerikadakı ilk konsertini 1 iyul 2012-ci ildə vermişdir.[20] "Oath Sign" sinqlının uğurundan sonra LiSA 2012-ci ilin anime serialı olan "Sword Art Online"-ın birinci açılış mahnısını ifa etmək üçün seçilmişdir: ikinci sinqlı olan "Crossing Field" 8 avqust 2012-ci ildə buraxılmışdır və Oricon çartlarından 5-ci yerə qədər yüksəlmişdir.[21] Sinql daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır.[22] Üçüncü sinqlı "Best Day, Best Way" Oricon-da 6-cı yerdə görünmüş və 3 aprel 2013-cü ildə buraxılmışdır.[23] Dördüncü sinqlı "Träumerei" Oricon çartlarından 15-ci yerə qədər yüksəlmiş və 2013-cü ildə "Day Break Illusion" anime serialının açılış mahnısı kimi istifadə olunmuşdur. Bu sinql 7 avqust 2013-cü ildə buraxılmışdır.[24] 30 oktyabr 2013-cü ildə LiSA "Landspace" adlı ikinci solo albomunu buraxmışdır. Bu albom Oricon çartlarında 2-ci yerdə görünmüşdür.[25] 22 noyabr 2013-cü ildə LiSA-nın "Lis Ani!" jurnalı tərəfindən 3 il ərzində çəkilmiş şəkillərindən ibarət "Kyō mo Ii Hi da" (今日もいい日だっ?) adlı fotokitab nəşr olunmuşdur.[26] 2013-cü ildə Sinqapurda baş tutmuş Anime Festival Asia tədbirində LiSA Nihongogo-ya verdiyi müsahibədə bildirmişdi ki, əgər gələcəkdə qısaltma adının mənası dəyişdirsəydi, "Lovely international Super Apple" ifadəsini seçərdi.[27]
3 yanvar 2014-cü ildə LiSA-nın Nippon Budokanda solo konserti baş tutmuşdur.[28][29] 2014-cü ilin anime serialı olan "The Irregular at Magic High School"-un açılış mahnısı olmuş "Rising Hope" adlı beşinci sinqlı 7 may 2014-cü ildə buraxılmış və Oricon çartlarında 4-cü yerə qədər çatmışdır.[30] LiSA daha sonra "Mekakucity Actors" anime serialının 6-cı seriyasının açılış və bağlanış mahnıları olan "Headphone Actor" (ヘッドフォンアクター?) və "Yūkei Yesterday" (夕景イエスタデイ?) mahnılarını ifa etmişdir.[31] "Bright Flight / L. Miranic" adlı altıncı sinqlı 17 sentyabr 2014-cü ildə, "Shirushi" (シルシ?) adlı yeddinci sinqlı 10 dekabr 2014-cü ildə buraxılmışdır. Bu sinqllar Oricon çartlarında, uyğun olaraq, 8-ci və 3-cü yerlərə qədər yüksəlmişdir.[32] "Shirushi" sinqlının eyniadlı mahnısı "Sword Art Online II" animesinin üçüncü bağlanış mahnısı, "No More Time Machine" mahnısı isə "Sword Art Online II" animesinin ikinci bağlanış mahnısı olmuşdur.[33]
10-11 yanvar 2015-ci ildə Nippon Budokanda ikinci konserti baş tutmuş və konsertin bütün biletləri satılmışdır.[34] 4 mart 2015-ci ildə "Launcher" adlı üçüncü solo albomunu buraxmışdır.[35] 27 may 2015-ci ildə buraxdığı səkkizinci sinqlı "Rally Go Round" "Nisekoi" anime serialının ikinci mövsümünün açılış mahnısı olmuşdur.[36] LiSA "Minionlar" filminin yaponca dublajında Mec Nelson personajını səsləndirmişdir. Bu filmin Yaponiyada premyerası 31 iyul 2015-ci ildə baş tutmuşdur.[7] 30 sentyabr 2015-ci ildə "Empty Mermaid" adlı doqquzuncu sinqlı buraxılmışdır.[37] 2015-ci ilin sonunda ifa etdiyi "ID" mahnısı "Dengeki Bunko: Fighting Climax" video oyununun əsas mahnısı olmuşdur.[38]
Solo müğənni karyerasının beş illiyi münasibətilə 23 mart 2016-cı ildə "Letters To U" mini-albomunu məhdud nəşrdə buraxmışdır.[39] 20 aprel 2016-cı ildə "Lucky Hi Five!" adlı mini-albomu buraxılmışdır.[40] 24 avqust 2016-cı ildə isə "Qualidea Code" (2016) anime serialının açılış mahnısı kimi istifadə olunan "Brave Freak Out" sinqlını buraxmışdır.[41][42] Sinqla daxil olan digər mahnı — "AxxxiS" isə "Qualidea Code" animesinin 2-ci açılış mahnısı kimi istifadə olunmuşdur.[43] 15 fevral 2017-ci ildə buraxdığı "Catch the Moment" sinqlı 2017-ci il istehsalı "Sword Art Online: Ordinal Scale" anime filminin tema mahnısı olmuşdur.[44] LiSA 2017-ci ilin aprelində Sacra Music leyblına keçmişdir.[45] 24 may 2017-ci ildə Little Devil Parade adlı dördüncü studiya albomunu buraxmışdır.[46] Saitama Super Arenada 24–25 iyun 2017-ci il tarixlərində ikigünlük konsert vermişdir.[47] 2 avqust 2017-ci ildə ""Datte Atashi no Hero."" (だってアタシのヒーロー。?, azərb. Çünki o mənim qəhrəmanımdır) adlı sinqlını buraxmışdır; bu mahnı "My Hero Academia" anime serialının ikinci mövsümünün ikinci bağlanış mahnısıdır.[48] 29 noyabr 2017-ci ildə (1 oktyabr 2017-ci ildə rəqəmsal)[49] buraxılmış "Ash" adlı sinqlı "Fate/Apocrypha" anime serialının ikinci açılış mahnısı olmuşdur.[50]
LiSA Sword Art Online: Fatal Bullet oyunu üçün "Thrill, Risk, Heartless" adlı mahnı ifa etmişdir.[51] Mahnı rəqəmsal şəkildə 8 yanvar 2018-ci ildə buraxılmışdır.[52] 9 may 2018-ci ildə "LiSA Best -Day-" və "LiSA Best -Way-" adlı iki yığma albom buraxmışdır.[53] Onun "Adamas" adlı 2018-ci ildə "Sword Art Online: Alicization" anime serialının birinci açılış mahnısı olmuşdur.[54] Hiroyuki Savanonun "Narrative" mahnısından iştirak etmiş və həmin mahnı "Mobile Suit Gundam Narrative" anime filminin bağlanış mahnısı olmuşdur.[55] "Gurenge" (紅蓮華?) adlı sinqlı 2019-cu ildə "Demon Slayer" anime serialının açılış mahnısı olmuşdur.[56] Sinql 22 aprel 2019-cu ildə rəqəmsal,[57] 3 iyul 2019-cu ildə isə fiziki olaraq buraxılmışdır.[58] FictionJunction ilə birlikdə isə "Demon Slayer" animesinin bağlanış mahnısı olan "From the Edge" mahnısını ifa etmişdir.[59] Mahnı 1 sentyabr 2019-cu ildə rəqəmsal olaraq buraxılmışdır.[60] 11 dekabr 2019-cu ildə "Unlasting" adlı sinqlı rəqəmsal olaraq buraxılmışdır (21 oktyabr 2019-cu ildə isə fiziki olaraq).[61] Bu sinql "Sword Art Online: Alicization" animesinin bağlanış mahnısı olmuşdur.[62] 2019-cu ildə "Kōhaku Uta Gassen" verilişində iştirak etmişdir.[63] 17 avqust 2020-ci ildə buraxılmış "Aijo" (愛錠?) rəqəmsal sinqlı "13" serialının mahnısı olmuşdur.[64][65] 14 oktyabr 2020-ci ildə "Leo-Nine" adlı beşinci studiya albomunu və "Homura" (炎?) adlı sinqlını buraxmışdır.[66] Həmin sinql "Demon Slayer: Mugen Train" anime filminin mahnısı olmuşdur.[67][68] "Homura" 62-ci Yaponiya Səsyazma Mükafatının da qalibi olmuşdur.[69]
2020-ci ilin iyulunda müğənninin "Gurenge" sinqlı 1 milyon yüklənməni keçmişdir. Bu, Oricon tarixində 1 milyon yüklənməni keçən ilk qadın ifaçı sinqlı olmuşdur.[70] 2020-ci ilin oktyabrında "Homura" sinqlı Bilboard Global 200 çartında 8-ci yerə yüksəlmişdir.[71]
4 avqust 2021-ci ildə LiSA Shūkan Bunshun qəzetinin əri Tatsuhisa Suzukinin başqa qadınla münasibəti barədə xəbərd dərc etməsindən sonra karyerasına fasilə verdiyini açıqlamışdır.[72] Buna baxmayaraq, tədricən musiqi fəaliyyətlərinə davam etməyə başlamış, 28 avqustda Hokkaydoda konsert vermişdir.[73] 8 sentyabr 2021-ci ildə "Hadashi no Step" adlı sinqlını buraxmışdır. Bu mahnı "Sindrellaya söz ver" serialının mahnısı kimi istifadə olunmuşdur.[74] 24 mart 2022-ci ildə Netflix onun karyerasından bəhs edən "Lisa, başqa bir böyük gün" adlı sənədli film çəkəcəyini açıqlamışdır. Film 18 oktyabr 2022-ci ildə buraxılmışdır.[75] 2022-ci ilin iyununda LiSA, Abema TV və TV Asahi "Issei no Kassai" adlı sinqlının 2022 FİFA Dünya Kubokunun yayım mahnısı kimi istifadə olunacağını açıqlamışdırlar.[76][77] Sinql 2022-ci ilin noyabrında buraxılmışdır.[78]
LiSA Avril Lavin, Keşa, Rihanna, eləcə də, Oasis, Green Day və Paramore musiqi qruplarından[8][79][80] və Chucky qrupunda əldə etdiyi təcrübədən təsirləndiyini bildirmişdir.[8] LiSA "Landspace" və "Launcher" albomlarındakı bəzi mahnılarının, eləcə də, "Bright Flight / L. Miranic", "Shirushi" və "Rally Go Round" sinqllarının sözlərini özü yazmışdır. "Rally Go Round" sinqlının sözlərini Şin Furuya ilə yazmışdır.[36][81][82]
J!-ENT-dən Denis Amit LiSA-nın stilini digər anison müğənnilərindən fərqləndirərək xoşbəxt, optimist və ya "daha qaranlıq" stillə xarakterizə etmişdir.[81] LiSA karyerası boyunca "kyō mo ii hi da" (今日もいい日だっ?, "Başqa bir böyük gün") ifadəsindən mövzu kimi istifadə etmişdir.[80] Bu ifadə həm də onun şəxsi bloqunun adıdır.[83] HMV Japan-a verdiyi müsahibədə LiSA bildirmişdi ki, əsas debütünü etməmişdən əvvəl pop mahnılar oxumağa daha meyilli idi. Buna görə də daha qaranlıq və ağır stildə olan "Oath Sign" üzərində işləyərkən çətinlik yaşamışdır, lakin sinqlla bağlı müsbət rəylər almışdır. Bunun sayəsində növbəti sinqlı olan "Crossing Field" üzərində inamla işləyə bilmişdir. LiSA "Crossing Field" haqqında bildirmişdi ki, sevginin görüşlər və sevgi məktubları vasitəsilə gücləndiyi kimi, o da hər dəfə mahnını oxuduqca mahnının gücləndiyini hiss edir. "Best Day, Best Way" mahnısında müğənni demişdi ki, mahnının mövzusu "dünən nə etdinsə, bu gün baş verəcək şeyə səbəb olacaq"dır və mahnının sözləri dinləyicilərə öz sözləri kimi çatdırılır. LiSA sinqlın B tərəfi ilə təcrübəsini bölüşmüşdür: "I'm a Rock Star" onun müğənni olmaq arzusunu gerçəkləşdirməsini, "Shiroi Toiki" (シロイトイキ?) isə xoşbəxt hisləri təmsil edir.[80]
Oricon-a verdiyi müsahibədə LiSA "Träumerei" ilə bağlı təcrübələrini bölüşmüşdür. O bildirmişdi ki, "Day Break Illusion" orijinal anime olduğuna görə o, öz işinin rəngində təmsil olunan mahnı istəmişdi. Lakin hətta anime dünyasında belə, "Best Day, Best Way" sinqlında istifadə etdiyi pop stilinin əksinə olaraq rok atmosferinə davam edəcəkdi. Müğənni mahnını hekayədəki konfliktləri hiss edəcək şəkildə və verilişin bir hissəsi olan güclə ifa etdiyini bildirmişdir. LiSA mahnının musiqili videosunda rənglərinin emosiyaları təmsil etməsini arzulayırdı. Məsələn, LiSA istəyirdi ki, qırmızı rəng qarşıdurmanı, qara rəng itmək hissini, yaşıl rəng isə qorxulu şeyləri təmsil etsin.[84]
"Bright Flight / L. Miranic" sinqlının istehsalı zamanı LiSA HMV Japan-a verdiyi müsahibədə sinqlın konsepsiyanının iki hissəyə ayırmaq mümkün olduğunu qeyd etmişdir: çəhrayı və qara. Çəhrayı pop stilində və "şirin" şəkildə yazılmış "Bright Flight"-ın rəngidir. Qara isə qaranlıq rok stilində olan və "pis qadın" mövzusuna malik "L. Miranic"-in rəngini təmsil edir. Müğənni bildirmişdi ki, "L. Miranic" adının seçmə səbəbi mahnının cinayətkarlarla əlaqəli olması ilə bağlı idi və əlavə etmişdi ki, "Miranic" sözünə öz adını daxil edərək "LiSA-Miranic" etməsi mahnıdakı cinayətkarın o olması mənasını verəcəkdi.[85]
J!-ENT-dən Denis Amit LiSA-nın "Landspace" albomunu qiymətləndirmiş və "Crossing Field" mahnısının "zəifliyi unutmağı və səni daha güclü olman üçün sənə güc verən sevdiyin biri ilə birlikdə olmağı istəmək" haqqında mahnı olduğunu qeyd etmişdir. Eyni zamanda Denis "Best Day, Best Way" mahnısını "özünə inanmaq və keçmişdə baş vermiş hansısa pis şeyin öhdəsindən gəlib irəliləmək haqqında olan əyləncəli və xoşbəxt trek" kimi təsvir etmişdir. Sonda isə "Träumerei" mahnısını "ürəklərindəki ahəngi itirmiş və indi tək-tənha olan, lakin hələ də səmanı öz işıqları ilə dəlib keçmək, qaranlığı parçalamaq və həyata yenidən başlamaq istəyən şəxslər haqqında olan başqa bir ruhlandırıcı mahnı" kimi xarakterizə etmişdir. O, tənqidini albomun optimist və ruhlandırıcı mahnılarla dolu olduğunu və "şirin" vokalları ilə tanınan bir çox anison müğənnilərindən fərqli olaraq LiSA-nın bir çox janrlarla işləyə bildiyini bildirərək yekunlaşdırmışdır.[81]
2019-cu ilin mayında LiSA Tatsuhisa Suzuki ilə nişanlanmışdır.[86] 2020-ci ilin yanvarında isə evləndiklərini açıqlamışdırlar.[87][88][89] 25 aprel 2023-cü ildə ilk uşağını doğduğunu açıqlamışdır.[90][91][92]
LiSA-nın diskoqrafiyasına 5 studiya albomu, 2 yığma albom, 2 mini-albom, 19 sinql və 5 video albomu daxildir.
İl | Mükafat | Kateqoriya | Nominasiya/əsər | Nəticə |
---|---|---|---|---|
2012 | Billboard Yaponiya Musiqi Mükafatı | Ən yaxşı animasiya ifaçısı | LiSA | Namizəd[93] |
2017 | Newtype Anime Mükafatı | Ən yaxşı tema mahnısı | "Catch the Moment" (Sword Art Online: Ordinal Scale) |
Qazandı[94] |
2019 | Newtype Anime Mükafatı | Ən yaxşı tema mahnısı | "Gurenge" (Demon Slayer) |
Qazandı[95] |
2020 | 34-cü Yaponiya Qızıl Disk Mükafatı | Ən yaxşı yüklənən 5 mahnı | "Gurenge" | Qazandı[96] |
62-ci Yaponiya Səsyazma Mükafatı | Baş mükafat | "Homura" (Demon Slayer: Mugen Train) |
Qazandı[97] |