Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-?, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır.
Sword Art Online: Ordinal Scale | |
ソードアート・オンライン -オーディナル・スケール- (Sōdo Āto Onrain -Ōdinaru Sukēru-) azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası | |
---|---|
Janr | döyüş, elmi fentezi, romantika |
Anime | |
Rejissor | Tomohiko İto |
Ssenarist | Reki Kavahara Tomohiko İto |
Bəstəkar | Yuki Kaciura |
Studiya | A-1 Pictures |
Vaxt | 119 dəq.[1] |
Manqa | |
Yazıçı | Reki Kavahara |
Rəssam | IsII |
Nəşr tarixi | 27 aprel 2017 |
Cildlər | 1 (cild siyahısı) |
Manqa | |
Sword Art Online: Cordial Code | |
Manqaka | Reki Kavahara |
Rəssam | abec |
Nəşriyyat | ASCII Media Works |
Nəşr tarixi | 27 sentyabr 2017 |
2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.
"Ordinal Scale"-də SAO bosslarının da peyda olacağı xəbərindən sonra Asuna, Lizbet və Silika Kiritonu yeni oyunu oynamaq üçün cəsarətləndirirlər. Kirito, Asuna və Kleyn boss döyüşünə qatılırlar. Döyüş zamanı oyunun talismanı olan süni intellekt Yuna peyda olur və mahnı oxuyaraq oyunçulara əlavə bonuslar verir. Reallıqda çox güclü və sürətli olmadığından Kirito döyüşdə heç bir uğur qazana bilmir. İkinci yerdə olan oyunçu Eyci qrupa bossa qalib gəlməkdə kömək edir. Asuna bossa ölümcül zərbəni vurmazdan öncə Eycinin "Dəyiş" sözünü pıçıldadığını eşidir. Bu söz isə ancaq SAO oyununda istifadə olunan mexanizmlərdən biridir.
Növbəti gecə Asuna Kleynin dəvətini qəbul edib növbəti bossla döyüşməyə gedir. Lakin Kleynin komandası sonuncu üzvlərinin gəlmədiyini görür və onu gözləyirlər. Amma onun əvvəlki gecə Eyci tərəfindən yaralandığından xəbərsizdirlər. Asuna yenə döyüşdə uğur qazanır və bossu məğlub edir. Kleynin komandası isə qəflətən Eyci və başqa bir bossun hücumuna məruz qalıb məğlub olur. Səhər Kirito OS məşqi etməyə çıxanda qəribə ağ başlıqlı qızla rastlaşır və qız yoxa çıxmazdan qabaq barmağı ilə ona bir şey göstərir. Kirito Asuna ilə görüşür, Asuna Eycinin əslində SAO-da oynamış və And Qanı Cəngavərləri gildiyasının üzvü olmuş Nautilus adlı oyunçu olduğundan şübhəndiyini bildirir. Bu zaman Yui Aynkrad bossların Tokioda peyda olduqları yerin SAO xəritəsində peyda olduqları yerlə analoji eyni olduğunu müəyyənləşdirir.
Asuna, Lizbet və Silika başqa bir döyüşə qatılırlar və Eyci ilə Yuna yenə peyda olurlar. Eyci tərəfindən itələnən Silikanı xilas etməyə çalışan Asuna boss tərəfindən vurulur və oyundan çıxdaş olur. Asuna tezliklə müəyyənləşdirir ki, SAO ilə bağlı xatirələri yavaş-yavaş silinir. Kirito ilə xəstəxanaya gedən Asuna öyrənir ki, Augma onun beynində SAO ilə bağlı xatirələrini skan etməyə başlayıb və bu, OS oynayan digər SAO sağ qalanları ilə də baş verə bilər. Kirito bunu araşdırmaq üçün Sinon ilə başqa bir döyüşə qatılır və çıxdaş olmuş oyunçuların birindən sarı rəngli kürə ayrıldığını, drona daxil olduğunu müəyyənləşdirir. Yui kürəni izləməyə çalışır, lakin sistem tərəfindən blok olunur. Döyüşdən sonra Kirito yenə həmin qəribə qızla rastlaşır və qız yenə bir tərəfi göstərib yoxa çıxır. Kirito və Yui qızın Toto Texniki Universitetini işarə etdiyini kəşf edirlər.
Kirito universitetə gedir və Augma-nın yaradıcısı professor Tetsuhiro Şiqemura ilə görüşür. Lakin Şiqemura suallara cavab verməkdən imtina edir. Professorun kabinetini tərk etməzdən öncə Kirito onun stolunun üstündə Yunaya oxşayan bir qızın şəklini görür. Kirito Kikuoka Seyciro ilə müzakirə aparır, məlum olur ki, Şiqemuranın qızı da SAO-nun qurbanlarından biri olub. Kirito Asunanın evinə gedir və onun xatirələrini geri gətirəcəyinə söz verir. Sonra yenə ağ başlıqlı qızla rastlaşır və onun Yuna olduğu məlum olur. O, ona səviyyəsinin çox aşağı olduğunu deyəndə Kirito Lifa və Sinonun köməyini alıb mümkün olduğu qədər çox boss öldürməyə qərar verir.
Bir neçə gün sonra OS oyunçuları Yunanın konsertini izləmək üçün stadiona yığışırlar. Aşağı mərtəbələrdə Kirito Eyci ilə döyüşür və qalib gəlir. Lakin məlum olur ki, Şiqemuranın məqsədi bütün SAO sağ qalanlarının xatirələrini toplayaraq qızının ruhunu rekonstruksiya etmək və bir süni intellekt olaraq yenidən canlandırmaqdır. Konsertdə olan bütün oyunçuların beyinləri skan ediləcək və onlar öləcəklər.
Aynkrad bosslarının arenada peyda olmasından sonra Kirito və Yuna da döyüşə qatılırlar. Yuna Kiritoya başa salır ki, Augma əslində məhdudlaşdırılmış NerveGear-dır, onun tam dalış xüsusiyyəti var, bunun sayəsində SAO-nun 100-cü səviyyə bosunu məğlub edib döyüşü sonlandıra bilər. Dalışdan öncə Kirito Asunaya nişan üzüyünü verir. Kirito, Lizbet, Silika, Aqil və Sinon 100-cü mərtəbədəki Yaqut sarayına daxil olurlar və bossla qarşılaşırlar. Əvvəlcə məğlub olurlar, lakin Asuna, Lifa, digər ALO və GGO oyunçularının gəlişindən sonra vəziyyət dəyişir. Yui onların SAO-dan saxlanılmış xüsusiyyətlərini bərpa edir və bossu məğlub edirlər. Akihiko Kayabanın səsi onları qələbə münasibətilə təbrik edir və Kiritoya çox güclü qılınc verir.
Artıq OS-un bir nömrəli oyunçusu olmuş Kirito stadiona qayıdıb bütün Aynkrad bosslarını məğlub edir. Kikuoka isə Argus-un (SAO-nu istehsal etmiş keçmiş şirkət) server otağına basqın təşkil edərək Şiqemuranı həbs edir. Ağ başlıqlı Yuna oyunçuların xatirələrini özlərinə qaytarır və 100-cü mərtəbənin bossu əsasında kodlaşdırıldığından yoxa çıxır. Kirito və Asuna Aynkradda verdikləri sözü yerinə yetirib ulduzlara baxmağa gedirlər. Asuna Kiritoya ona verdiyi nişan üzüyünü qaytarır.
Post-kredits səhnəsində Şiqemuranın süni intellekt və ruh rekonstruksiyası sahələrindəki işlərini bəyənən Kikuoka onu Rath şirkətinə dəvət edir.
4 oktyabr 2015-ci ildə keçirilmiş Dengeki Bunko Autumn Festival 2015 tədbirində anime filmi adaptasiyasının istehsal olunacağı açıqlanmışdır.[4][5] Filmdəki hadisələr "Sword Art Online II" anime serialından sonra baş verir.[6] 13 mart 2016-cı ildə baş tutmuş Dengeki Bunko Haru no Saiten 2016 tədbirində filmin "Sword Art Online: Ordinal Scale" adlanacağı məlum olmuşdur.[7] Anime serialında personajları səsləndirənlər anime filmində də uyğun personajları səsləndirəcəkdilər.[2][8][9]
Anime serialının bəstəkarı olmuş Yuki Kaciura anime filminin də bəstəkarı olmuşdur. Saundtrekə 50 trek, eləcə də, Sayaka Kanda tərəfindən ifa olunmuş 5 mahnı daxildir. Aniplex tərəfindən 22 fevral 2017-ci ildə buraxılmışdır.[10] LiSA anime filminin tema mahnısı olan "Catch the Moment" mahnısını ifa etmişdir.[11] Sayaka Kanda Yuna kimi 5 mahnı ifa etmişdir: "Ubiquitous dB", "Longing", "Delete", "Break Beat Bark!" və "Smile For You".
Film Yaponiya, Cənub-şərqi Asiya və Almaniyada 18 fevral 2017-ci ildə ekranlaşdırılmışdır. Asiya premyeraları, uyğun olaraq, Aniplex və Odex tərəfindən təşkil olunmuşdur.[12][13][14] 1 mart 2017-ci ildə filmin ABŞ-də premyerası olmuş, amma Eleven Arts filmi ABŞ kinoteatrlarında 9 mart 2017-ci ildə buraxmışdır.[15] Madman Entertainment də filmi Avstraliya və Yeni Zelandiyada 9 mart 2017-ci ildə buraxmışdır.[16] Aniplex of America 17-19 mart 2017-ci ildə filmi Kanadada ekranlaşdırmışdır.[17] Filmin ingilis dilinə dublaj edilmiş versiyasının premyerası Anime Boston 2017 tədbirində baş tutmuş və 22 aprel 2017-ci ildə buraxılmışdır.[18][19] Anime Limited filmi Böyük Britaniya və İrlandiyada 19 aprel 2017-ci ildə ekranlaşdırmışdır.[20][21] Film bütün dünyada təxminən 1000 kinoteatrda göstərilmişdir.[22]
Dünya premyerasından bir neçə gün sonra filmin onlayn şəkildə internetə düşdüyü, mənbənin də Malayziya və Sinqapur olduğu məlum olmuşdur..[23][24]
Anime filminin Blu-ray/DVD cildi Yaponiyada 27 sentyabr 2017-ci ildə, Şimali Amerikada 19 dekabr 2017-ci ildə buraxılmışdır.[25]
IsII-nin rəssamlığı ilə Reki Kavahara tərəfindən hazırlanan manqa adaptasiyası istehsal olunmuşdur.[26] Bir cildi buraxılmışdır.[26]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 27 aprel 2017[26] | ISBN 978-4-04-892650-8 |
Yaponiyada buraxılmış BD/DVD cildinə Reki Kavahara və abec tərəfindən hazırlanmış "Sword Art Online: Cordial Code" adlı sikvel ranobe daxil edilmişdir. Bu ranobedəki hadisələr "Ordinal Scale"-də baş verən hadisələrin 8 gün sonrasıdır.[27]
Film Yaponiyadakı açılış həftəsində 151 kinoteatrda nümayiş etdirilmiş, 308.376 bilet satmış, 425 milyon yen gəlir əldə etmiş və №1 film olmuşdur.[28][29] 1 oktyabr 2017-ci ilə kimi filmin əldə etdiyi gəlir 4,3 milyard yenə çatmışdır.[30] Şimali Amerikadakı açılış həftəsində isə 1,35 milyon dollar gəlir əldə etmişdir.[31] Film İtaliyada buraxıldığı ilk gündə əldə etdiyi gəlir baxımından "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" və "Ecazkar qadın" filmlərini ötmüşdür.[32] Çində əldə olunan gəlir isə 43 milyon yuan təşkil etmişdir.[33]
IGN-dən Aleks Ozborn filmə 7,5/10 bal vermişdir: "Vizual cəhətdən möhtəşəm deyil, lakin SAO-nun üçüncü mövsümünü gözləyənlər üçün mükəmməl orijinal hekayəyə malikdir". Cine Premier-dən Julio Veles də film haqqında rəy bildirərək 4.5/5 bal vermişdir: "İkinci hissənin ekşnı bir zəif təsir bağışlayır, çünki antaqonistlərin səbəblərinin açıqlanmasına daha çox önəm verilir, amma həyəcanverici və uzun klimaks vəziyyəti xilas edir".[34]
2017-ci ildə anime filmi "Ən yaxşı anime filmi" və "Ən yaxşı saundtrek" kateqoriyalarında Newtype Anime Mükafatı qazanmışdır.[35]