LibraryThing — kitab kataloqlarını və müxtəlif növ kitab metaməlumatlarını saxlamaq və paylaşmaq üçün sosial kataloqlaşdırma veb tətbiqi. Bu, müəlliflər, fiziki şəxslər, kitabxanalar və nəşriyyatlar tərəfindən istifadə olunur.
LibraryThing | |
---|---|
URL | librarything.com |
Tipi | Sistemli kataloq |
Açılma tarixi | 29 avqust 2005 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Men ştatının Portlend şəhərində yerləşir.[2] "LibraryThing" Tim Spaldinq tərəfindən hazırlanmış və 29 avqust 2005-ci ildə fəaliyyətə başlamışdır. O, "freemium" abunəçi biznes modelinə əsaslanır. Spaldinq bununla bağlı bildirmişdir: "Reklamçılara satdığımız "auditoriya" yox, müştərilərin olması vacib idi". Onlar bunun əvəzinə akademik kitabxanalar üçün bir sıra məhsullar hazırlamağa diqqət yetirmişdilər. COVID-19 pandemiyasının yaratdığı kataloqlaşdırma imkanları və maliyyə çətinliklərindən ilhamlanan xidmət 8 mart 2020-ci ildə "hamı üçün ödənişsiz" olmuşdur. Eyni zamanda sayt, qeydiyyatdan keçmiş istifadəçilərdə heç vaxt reklamdan istifadə etməyəcəyinə dair vədinə sadiq qalmışdır.[3] 2021-ci ilin fevral ayına olan məlumata görə, onun 2,600,000 istifadəçisi var. Burada "Amazon"dan və "Z39.50" kataloqlaşdırma protokolundan istifadə edən minlərlə kitabxanadan məlumatları götürərək kataloqlanmış 155 milyondan çox kitab var.[4]
"LibraryThing"in (LT) əsas xüsusiyyəti kitabxanalardan "Z39.50" bağlantıları və altı "Amazon.com" mağazasından məlumat idxal etməklə kitabların, filmlərin, musiqilərin və digər medianın kataloqlaşdırılmasıdır. Kitabxana mənbələri "Dublin Core" və MARC qeydlərini LT-yə təqdim edir. İstifadəçilər Britaniya Kitabxanası, Kanada Milli Kataloqu, Konqres Kitabxanası, Avstraliya Milli Kitabxanası və Yel Universiteti də daxil olmaqla 2,000-dən çox kitabxanadan məlumatları idxal edə bilərlər.[5] Bu mənbələrdən heç birində qeyd olmadıqda, kitab məlumatını boş forma vasitəsilə əl ilə daxil etmək də mümkündür.[6]
Maddələr bölmə adlarının standart yazılışı üçün düzəlişlər və modernləşdirilmiş terminologiya ilə Melvil Onluq Sistemindən istifadə etməklə təsnif edilir. Bu, Dyui Onluq Təsnifatının müəllif hüququ olmayan 1922-ci il nəşrinə əsaslanır.[7]
"LibraryThing"in sosial xüsusiyyətləri əlfəcin meneceri "Del.icio.us"[8] və ortaq musiqi xidməti "Last.fm" ilə müqayisə edilmişdir.[9] Oxşar kitab kataloqu saytlarına "aNobii", "BookLikes", "Goodreads", "Libib", "Shelfari" (indi "Goodreads" ilə birləşdirilmişdir) və "weRead" daxildir.[10]
2016-cı ildə "LibraryThing" 20,000-ə qədər kitabdan ibarət kitabxanaların kataloqlaşdırılması və dövriyyəsi üçün nəzərdə tutulmuş "TinyCat" adlı OPAC-ı istifadəyə vermişdir.[11] "TinyCat" fərdlərlə yanaşı, məktəblər, icma mərkəzləri, dini qurumlar, akademik şöbələr kimi kiçik müstəqil kitabxanalar üçün satılır.[12]
"LibraryThing"in əsas hissəsi təsisçi Tim Spaldinqə məxsusdur.[13] Onlayn kitab satıcısı "AbeBooks", 2006-cı ilin may ayında açıqlanmayan bir məbləğə "LibraryThing"in 40%-ni satın almışdır. "AbeBooks" 2008-ci ildə Amazonun törəmə şirkəti olmuşdur.[14] "Cambridge Information Group" 2009-cu ilin yanvarında "LibraryThing"də azlıq payını satın almış, onların törəmə şirkəti "Bowker" kitabxanaların rəsmi distribyutoru olmuşdur.[13]
"LibraryThing" 2006-cı ilin iyun ayının sonunda "Wall Street Journal" məqaləsindən Sleşdot effektinə məruz qalmışdır.[15] Saytın tərtibatçıları artan trafiki kompensasiya etmək üçün serverlər əlavə etmişdilər. Həmin ilin dekabrında sayt müəyyən bir kitabla eyni kataloqda görünmə ehtimalı ən az olan kitablardan təklifləri alan "UnSuggester" funksiyasına görə "Slashdot"dan daha çox diqqət çəkmişdir.[16]