Lyubov Orlova (29 yanvar (11 fevral) 1902, Zveniqorod, Moskva quberniyası[d][1] – 26 yanvar 1975[2], Moskva) — sovet aktrisa və müğənnisi, SSRİ xalq artisti (1950)[3].
Lyubov Orlova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1920–1974 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0650144 |
orlovamuseum.narod.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Lyubov Orlova qədim dvoryan nəslindəndir, onun nəsil şəcərəsi Ryurikoviçlərə qədər gedib çıxır. Amma Oktyabr inqilabından sonra o, bioqrafiyasında düzəlişlər etməyə məcbur idi. Orlovlar ailəsi Moskva ətrafında böyük malikanədə yaşayırdılar. Balaca Lyubov vokal və fortepiano dərsləri alırdı. Rəvayətə görə, balaca qızın ifasını dinləyən böyük Şalyapin özü ona xeyir-dua verib - bu qız tanınmış aktrisa olacaq, deyib. Bəlkə də doğrudan da Şalyapin belə deyib, - imanımızı yandırmayaq.
Moskva konservatoriyasına daxil olmağa hazırlaşan Lyubov Orlova, amma sən saydığını say, gör fələk nə sayır. Bolşevik qarmaşası zamanı musiqimi yada düşərdi, hərə öz canının hayındaydı. Müflis olmuş dvoryan ailəsi acından ölməmək üçün inək saxlayır, Lyuba hər səhər ağır süd bidonlarını bazara daşıyır. Elə o zamanlarda gənc qızın musiqiçi əlləri, barmaqları kobudlaşır. Sonralar Lyuba bundan xəcalət çəkərdi.
1919-cu ildə Orlova konservatoriyaya daxil olur, üç il konservatoriyada təhsil alandan sonra teatr məktəbinin xoreoqrafiya fakültəsinə keçir. Təhsilini başa vuran gənc aktrisa MXAT teatrında işə düzəlir və elə həmən il, yəni 1926-cı ildə yüksəkvəzifəli partiya məmuru Andrey Berezinlə evlənir. Ərə gedəndən sonra Orlova teatrdan getmədi, əksinə daha böyük bir əzmlə çalışmağa başladı, amma nədənsə aktrisanın bəxtinə həmişə epizodik rollar düşürdü. Dörd ildən sonra, artıq narkom müavini vəzifəsinə qədər yüksələn Berezin həbs edilir. Orlova həbsdə olan ərindən boşanır, bu, aktrisanı xilas edir, yoxsa o özü də həbs olunacaqdı.
Aradan uzun illər ötüb keçəcək, artıq məşhur aktrisa olan Lyubov Orlova bir qrup sənət adamı ilə birlikdə Kremlə dəvət olunacaq. Dəvət zamanı rəhbər, yəni Stalin özü ona yaxınlaşacaq və bütün məsələlərdə şəxsən mənə müraciət edə bilərsiniz deyəcək. Orlova başqa sənət adamları kimi rəhbərdən ev, bağ, maşın istəmədi. O, ərinin sağ olub-olmadığıyla maraqlandı. Aktrisaya bildirdilər ki, Berezin sağdır, Qazaxıstanda yaşayır. Və nəzakətlə başa saldılar ki, bütün xalqların ulu rəhbərinə artıq-əskik bir söz desə, özü də keçmiş ərinin yanına göndərilə bilər... Deməli, aktrisa uzun illər boyu hər gün həbs olunmaq qorxusu ilə yaşayıb - səhnəyə çıxıb.
Lyubov Orlova "Alyonanın məhəbbəti" və "Peterburq gecəsi" filmlərinə çəkildi. Təəssüf ki, bu filmlərdəki rolları ona uğur gətirmədi.
Rejissor Qriqori Aleksandrov çəkəcəyi yeni musiqili komediya üçün baş rolda oynayacaq aktrisa axtarırdı, sınaq çəkilişlərinə qatılan aktrisaların heç biri rejissorun ürəyinə yatmırdı. Teatrda hansısa bir rolda Lyubov Orlovanı seyr edən Aleksandrov Anyutanın, baş rolun ifaçısını beləcə tapdı. Anyuta obrazı doğrudan da aktrisanın məşhurlaşdırdı, ona ümumxalq məhəbbəti qazandırdı, bu filmdən sonra Orlova əsl ulduz oldu, milyonlarla sovet qadınının kumirinə çevrildi.
Lyubov Orlova ilə rejissor Qriqori Aleksandrovun ulduzları barışdı, onlar ailə həyatı qurdular. Bundan sonra Orlova ərinin bütün filmlərində baş rolda çəkildi. Müharibədən sonra çəkilmiş "Elbada görüş" filmindəki roluna görə aktrisa Stalin mükafatına təqdim olundu və o, bu mükafatı aldı.
İndi o, xoşbəxt idi - şan-şöhrət, karyera, pul-para və ailə... Bir aktrisanın xoşbəxt olması üçün daha nə lazımmış. Amma yox, milyonlarla insanın sevimlisi uzun illər yuxusuzluqdan əzab çəkirdi. Qəfil güclü baş gicəllənmələri tuturdu. Amma onun əsas dərdi göz görə-görə qocalması idi, aktrisa qocalıqdan qorxurdu. İlk dəfə Moskvada plastik cərrahiyə əməliyyatı keçirən üç-dörd məşhur adamdan biri Lyubov Orlova olub. Böyrəyindəki ağrılar ucbatından xəstəxanaya yatırılan Lyubov Orlovadan xəstəliyinin diaqnozunu gizlətdilər. Aktrisaya böyrəyinizdə daş vardı, onu da çıxartdıq dedilər. Bu, müqəddəs yalan sayılmalıdır, həkimlər onda xərçəng xəstəliyi tapmışdılar.
Aktrisanın ölümündən bir neçə il sonra rejissor Aleksandrov dünyasını dəyişdi.
Bir zamanlar böyük bir ölkənin siması kimi məşhur olan aktrisanı qara rüzgar çəkib apardı. O, rüzgarla sovruldu. Onun gəncliyi çəkildiyi filmlərdə əbədiləşib. Bu qadın bir zamanlar SSRİ-nin simvolu olub desəm, indi gənc dostlarımız bizə inanmayacaqlar. Müğənni Alsunun "Qış yuxusu" adlı bir mahnısı var. Bu nəğmənin klipi Lyubov Orlovanın bağ evində çəkilib.
...Alman faşistləri Moskvaya hücum etdikləri zaman şəhər sakinlərində və əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün paytaxtın küçələrinə Lyubov Orlovanın afişaları yapışdırılmışdı. Məşhur aktrisanın Moskvanı tərk edib getməməsi sovet adamları üçün böyük mənəvi dəstək idi. Bu, kino deyil, bu, həqiqətdi.