Nikolay Müasir İncəsənət Mərkəzi (dan. Nikolaj Kunsthal, Kunsthallen Nikolaj, 2006–2010-cu illərdə bina həmçinin Udstillingsbygning (sərgi mərkəzi) olaraq da adlanırdı) — Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində yerləşən və keçmiş Müqəddəs Nikolay kilsəsinin (dan. Sankt Nikolaj Kirke) yerində fəaliyyət göstərən sərgi-ekspozisiya salonu və şəhərin mühüm turistik istiqamətlərindən biridir. Kilsə binası Höybro meydanı (dan. Højbro Plads), onunla parallel şəkildə kəsişən Amagertorv və Avropada ən uzun piyada ticarət küçələrindən biri hesab edilən Strögetin yaxınlığında yerləşir[1]. Kilsə binasını, hündürlüyü 90 metr (300 fut) olan əcaib və təkrarolunmaz görünüşə malik qüllə bəzəyir[2]. Qüllənin yuxarısından şəhər mərkəzinə fantastik dərəcədə gözəl mənzərə açılır.
Nikolay Müasir İncəsənət Mərkəzi və ya Müqəddəs Nikolay kilsəsi | |
---|---|
Kunsthallen Nikolaj og Sankt Nikolaj Kirke | |
55°40′43″ şm. e. 12°34′53″ ş. u.HGYO | |
Ölkə | Danimarka |
Şəhər | Kopenhagen |
Yerləşir | Höybro meydanı |
Memar | Hans van Steenvinkel, Hans Kristian Amberq |
Tikilmə tarixi | Birinci kilsə: XIII əsrin başlanğıcı, İkinci kilsə: 1530 |
Üslubu | Binanın əsas hissəsi kərpic qotikası, qülləsi isə neobarokko üslublarındadır |
Hündürlüyü | 90 m |
Rəsmi sayt | nikolajkunsthal.dk |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qısaca olaraq Kunsthallen adlandırılan keçmiş Müqəddəs Nikolay kilsəsi tarix boyu bir neçə dəfə ciddi dəyişikliyə məruz qalmışdır ki, bu da onun zahiri görünüşünün zamanla tamamilə dəyişməsinə gətirib çıxarmışdır. Dövrümüzdə binada danimarkalı və beynəlxalq səviyyədə musiqi, rəsm, memarlıq və digər sahələrdə məşhurlaşan əcnəbilər üçün hər il 5 və ya 6 sərgi düzənlənir. Burada həmçinin mədəni tədbirlər, tamaşalar, sərgilər, ekskursiyalar düzənlənir, daxilində kitab mağazası və bədii kitabxanana fəaliyyət göstərir. Binanın ikinci hissəsində zəngin şərab kolleksiyasına sahib olan "Maven" restoranı yerləşir[3]; burada milli danimarka və fransız mətbəxlərinin ləziz təamları çoxsaylı şəhər qonaqlarına və yerli şəhər sakinlərinə təklif edilir.
Tikintisi təxminən 1200-cü ilin əvvəlində başlanan Müqəddəs Nikolay kilsəsi, öz zəngin tarixi ilə Kopenhagenin 3-cü ən qədim binası hesab edilir. Başlanğıcda kilsə eyni anda Kopenhagenin yaxınlığında məskunlaşmış və balıqçılıqla məşğul olmuş kənd sakinlərinə, eləcə də dəniz ticarəti ilə zənginləşmiş şəhər sakinlərinə xidmət göstərirdi, binanın dəniz sahilinin yaxınlığında inşa edilməsi səbəbindən isə, o, dənizçilərin himayədarı hesab edilən Müqəddəs Nikolaya ithaf olunmuşdur. Aparılan çoxsaylı arxeoloji qazıntılar nəticəsində, gecikmiş roman üslublu birinci kilsə binasının kərpic materialların köməyi ilə inşa edildiyi sübut olunmuşdur. 1500-cü ildə isə, kilsə sökülərək, yerində üç apsidalı və qotik üslublu yeni binanın əsası qoyulmuşdur. 1520-ci ildə inşası tamamlanan kilsə, Danimarkanın mühüm lüteranlıq mərkəzinə çevrilmişdir. 1536-cı ildə Danimarka rəsmi olaraq katolisizmdən imtina edir və Kopenhagendə reformasiya hərəkatının banisi olmuş Hans Tausen həmin kilsənin baş keşişi və yepiskopu təyin edilir. Hans Tausen Bibliya kitabını ilk dəfə olaraq danimarka dilinə tərcümə etməsi ilə də məşhur idi, o dövrün tarix kitablarında onu tez tez Danimarka Lüteri də adlandırırdılar[5].
1574-cü ildə Oldenburqlar sülaləsinin varisi, Norveç və Danimarka kralı II Frederik kilsənin yenidən qurulması məqsədilə memar Kristoffer Valkendorfu dəvət edir[6]. Memarın qarşısına qoyulmuş mühüm məqsəd, şəhərin başlıca dominantına çevriləcək zəng qülləsinin kilsə binasının üzərində inşa edilməsi idi. Deyilənlərə görə, Valkendorf inşa işlərinə rəhbərlik etməklə yanaşı, həmçinin taxta-şalbanlarının üzərinə qalxaraq, bənnalara düzgün daş yonma mexanizmlərini öyrədirdi[7]. Zəng qülləsinin inşası 1591-ci ildə tamamlanır və yaxınlıqdakı alçaq binalar və tikililər ilə müqayisədə, onun həcmi insanlarda valeh hissi oyadırdı. Zəng qülləsi kilsə binası, həm də şəhərin yeni yaraşıqlı elementi olmaqla bərabər, həmçinin mühüm praktiki funksiyaya malik idi — buradan şəhərdə baş verə biləcək bütün yanğın hadisələrini öncədən müşahidə etmək və qarşısını almaq məqsədilə zınqırovlardan istifadə etmək mümkün idi. Kral IV Kristianın dövründə tendensiyaya çevrilmiş renessans memarlığı, zəng qülləsindən də yan keçməmişdi və tikilinin bir çox hissəsi məhz bu memarlıq üslubunda yenidən qurulmuşdu. Lakin torpağın həddindən artıq bataqlıq olması, və zəng qülləsinə quraşdırılmış şpilin həddindən artıq ağır olması, kilsə divarlarında müxtəlif ölçülü çatların əmələ gəlməsinə gətirib çıxarmışdı. Vəziyyətin stabilləşdirilməsi istiqamətində təkrar təmir işlərinə start verilmişdir.
1628-ci ildə Öresund boğazından şəhərə doğru daxil olan güclü tufan, kilsənin zəng qülləsinin şpilini yerlə yeksan etmişdi (şpilin bərpası 1669-cu ildə tamamlanmışdı). XVIII əsrin başlanğıcında, Müqəddəs Nikolay kilsəsi daha dənizçi və ticarətçilər üçün dini mərasimlər yerinə yetirmirdi; belə ki, kral sarayının birbaşa nəzdinə daxil olan kilsə, dini liturgiya xidmətlərini ancaq yüksək aristokratiya üzvlərinə keçirirdi.
20 oktyabr 1728-ci ildə Danimarka tarixində baş vermiş ən böyük yanğın nəticəsində, şəhər mərkəzinin 28% yanaraq məhv olmuş, əhalinin 20% isə evsiz qalmışdır. Höybro meydanındakı qədim binaların əksəriyyəti, həmçinin Müqəddəs Nikolay kilsəsinin interyeri, şpili, damı və içərisində qorunub saxlanılar relikviyaların əksəriyyəti də yanaraq yararsız vəziyyətə düşmüşdür[8][9][10].
Kopenhagen baş keşişinin və şəhər şurasının birgə səylərinə baxmayaraq, baş vermiş müflisləşmə səbəbindən, dövlət xəzinəsində kilsənin bərpası üçün lazım olan pul vəsaiti yox idi və restavrasiya prioriteti başqa binalara verilmişdir. Prixod 1805-ci ildə ləğv edilmiş, rahiblər isə yaxınlıqdakı digər kilsələrə köçürülmüşdülər. Həmin dövrdən etibarən kilsə öz dini funksiyasını tamamlamışdır. 1817-ci ildə kilsə xarabalıqlarının sökülməsi qərarı verilmiş, yeganə salamat qalan zəng qülləsi isə yanğından mühafizə departamentinin müşahidə məntəqəsinə çevrilmişdir. Höybro meydanındakı kilsə qəbiristanlığının söküldüyü ərazidə böyük ət dükanlarının əsası qoyulmuşdur. Xalq arasında bu dükanlar Maven, yəni "mədə" adlanırdılar, keçmiş kilsədə hazırda fəaliyyət göstərən restoran da tarixə hörmət əlaməti kimi bu cür adlandırılmışdır[11].[12].
Binanın individuallığının qorunub saxlanılması və yeni funksiyası ilə həmahəng görünməsi məqsədilə, sonrakı dövrlərdə bir neçə müxtəlif plan və ideyalar ortaya qoyulmuşdur. Planların əksəriyyəti, əvvəlki dini obyektin artıq ət dükanlarına çevrilmiş məkanının daha əlverişli istifadə olunmasını nəzərdə tuturdu. Bu məqsədlə memarlar tərəfindən çoxlu rəsm və eskizlər yaradılmışdır. Eskizlərdə gözəl park, arkadalı böyük mağazalar, köhnə kilsə ilə yanaşı duran iki monumental bina, monastır məktəbi və köhnə qəbiristanlığın yerində bağın salınmasını özündə əks etdirən layihələr təsvir olunmuşdur. Çertyojların dəqiq, ideyaların isə kifayət qədər düşünülmüş olmasına baxmayaraq, şəhər şurası onların hamısından imtina etmişdir. 1909-cu ildə Danimarkanın məşhur Carlsberg pivələrinin yaradıcı olmuş Karl Yakobsen keçmiş kilsənin zəng qülləsini bir zamanlar bəzəmiş şpilin təkrarən bərpasına külli miqdarda vəsait ödəmiş, onun daimi sekretarı Rentzman isə, binanın qalan hissəsinin yenidən inşasına pul ayırmışdır. Bunun üçün 1917-ci ildə ərazidəki sonuncu ət dükanının sökülməsi qərara alınmışdır[13]. Şpili inşa etdirmək istəyi Yakobsendə daha öncələr də mövcud idi[14]. Belə ki, hələ 1902-ci ildə, o, bu layihəni şəhər rəhbərliyinə təqdim etmiş və bunu o, şəhərdə gözəl qüllələrin çatışmazlığı ilə əlaqələndirmişdir. Yakobsen, öz istəyinə çatmaq üçün bir neçə il layihənin əleyhdarı olan şəhər şura üzvləri ilə məhkəmə çaxnaşmalarını sürdürməyə məcbur olmuşdur[15].
Yeni binada şəhər kitabxanası, şəhər tarixi muzeyi və mühazirə zalı yerləşdirilmişdir, altar hissəsi isə bayram günlərində bəzi dini mərasimlər üçün yenə də istifadə olunurdu. Şəhər kitabxanasının bütün kolleksiyası buraya 1922-ci ildə köçürülmüşdür və 1957-ciə qədər burada öz fəaliyyətini davam etdirirdi. İkinci Dünya müharibəsi illərində, keçmiş kilsənin cənub kapellasında bir müddət Danimarka Qurtuluş Ordusunun etimad çağrı telefon mərkəzi yerləşirdi. Bundan başqa, 1958–1979-cu illərdə binanın birinci mərtəbəsində Kral Hərbi Dəniz muzeyinin filialı fəaliyyət göstərirdi. 1957-ci ildə danimarkalı rəssam və demokratiya uğrunda müqavimət hərəkatının lideri Knud Petersen, kilsənin birinci mərtəbəsində olduqca kiçik bir sahəni icarəyə götürdü və burada incəsənət emalatxanasını yaratmaq qərarına gəldi. Müasir incəsənətin inkişafında Petersenin etdiyi bu addım olduqca mühüm idi və fluksus kimi avanqard üslublarının inkişafında həmin emalatxana böyük rol oynadı[16]. 1981-ci ildə burada Kopenhagen incəsənət şurasının dəstəyi ilə ilk dəfə olaraq müasir ekspozisiya və sərgi mərkəzinin açılışı həyata keçirildi.
1795-ci ilin yanğını zamanı zəng qülləsinin şpilinin demontajı zamanı divarın əks tərəfində binanın hələ kilsə kimi fəaliyyət göstərdiyi dövrlərə aid edilən məzar başdaşısı aşkar edilmişdir. Məzar daşı, Müqəddəs Nikolay kilsəsində keşiş kimi çalışmış və 1571-ci ildə vəfat etmiş Yakob Nilsenə aid edilmişdir. Kilsə binasının XX əsrdə dini funksiyaları yerinə yetirməməsinə baxmayaraq, 1931-ci ildə konsert və digər musiqi təqdimatlarının keçirilməsi məqsədilə neflərdə böyük orqan quraşdırılmışdır. Marcussen & Son şirkəti tərəfindən hazırlanan orqan, müsbət beynəlxalq reputasiya əldə edərək, müasir barokko tipli digər orqanların inkişafında mühüm rol oynamışdır. Orqan zalını qotik üslublu böyük çılçıraq bəzəyir; onun şamdan hissələrini stilizə edilmiş qüllələr, Danimarka kral tacı və Davud ulduzları bəzəyir. Burada həmçinin 1900-cü illərdə qumdaşı materialından hazırlanmış dənizçilərinin himayədarı olan Nikolayın heykəlini görmək olar.
1795-ci ildə baş vermiş yanğın zamanı güclü dağıntıya məruz qalmış Müqəddəs Nikolay kilsəsinin xarabalıqlarının çox hissəsinin sökülməsindən sonra, şəhər şurasının rəsmi rüsxətnaməsi ilə, həmin ərazidə və Höybro meydanının ətrafında ət dükanlarının formalaşdırdığı xüsusi məhəllənin yaradılmasına dair qərar verilmişdir. 1810-cu ildə ət satışı ilə məşğul olan şəxslər burada çoxsaylı köşklər açırlar; sahə tezliklə qəssabların, tacirlərin və dulusçuların toplaşdığı mühüm alış-veriş mərkəzinə çevrildi. Primitiv şəkildə bəzədilmiş bu taxta mağazalar bəzən müxtəlif sənətkarların anbarları qismində də fəaliyyət göstərirdilər.
1842-ci ildə meydanda artıq 82 köşk və tribunlar mövcud idi. Kilsə ərazisi ilə yanaşı, qəssab dükanları həmçinin Qrobrödretorv, Nütorv və Qammeltorv meydanlarına da yayılmışdır. Kilsə ərazisinin zamanla sıxlaşması səbəbindən, memar K. F. Hansen tərəfindən yeni alış-veriş sahəsinin yaradılması layihəsi təqdim olunmuşdur. Vizual cəhətdən göz oxşamayan köşklər bir neçə il içərisində yeni tikililər ilə əvəz olunmuşdur.
1845–1846-cı illərdə memar P. S. Hagemann tərəfindən neoqotik tərzdə layihələndirilmiş və Haynrix Qustav Ferdinand Holm tərəfindən çuqun materialların istifadəsi ilə inşa edilmiş yeni qəssabxanalar Nikolay kilsəsinin perimetri boyunca yerləşdirilmiş və meyadana daha impozant görkəm vermişdir[17]. 1846-cı ilin yayında qəssabxanalar istifadəyə artıq hazır idilər; şəhər şurası bütün bu tipli dükanları şəhərin bir nöqtəsində cəmləşdirməyi planlaşdırsa da, Maven məhəlləsi tezliklə Lille Kongensqade, Nikolayqade, Vinqordstrəde və Admiralqade küçələrinə kimi genişlənməyə müvəffəq olmuşdur.
Küçələrdə yerləşmiş qəssab dükanları adətən orta keyfiyyətli və daha sərfəli qiymətə ət məhsullarını satırdılar, kilsənin daxilindəki dükanlar isə əksinə, ən yüksək növ məhsulları yüksək aristokratiya üzvləri üçün daha baha qiymətə təklif edirdilər. 100 ilə yaxın ərzində fasiləsiz fəaliyyət göstərən Maven məhəlləsinə həmçinin Farer adalarından, Norveç krallığının Finnmark bölgəsindən, İslandiya və Qrenlandiyadan balıq, balina yağı, suiti dərisi və başqa mallar skandinaviyalı ticarətçilər tərəfindən gəmilərlə gətirilirdi.
Müasir dövrdə həmin dükanların yerində restoran fəaliyyət göstərir. Tarixə ehtiram əlaməti olaraq, retoranın adı məhəllə ilə eyniləşdirilmişdir. Kilsənin bir hissəsini icarə götürmüş restoran, antikvar mebellər və fars xalçaları ilə bəzədilmişdir, pəncərələrdə bir zamanlar mövcud olmuş vitrajlar köhnə çertyojlar əsasında yenidən bərpa olunmuşdur. Qonaqlar burada təklif olunan klassik qəlyanaltıları dada bilərlər. Həyatının böyük hissəsini İtaliyada keçirmiş danimarkalı aktyor və restoran sahibi Tomas Haard, restoranda geniş şərab kolleksiyasını toplamış və restoran interyerini italyansayağı intim və vintaj üslubda dizayn etmişdir[18]
Nömrə | Tarix | Hadisənin izahı |
---|---|---|
1 | 1261-ci il | Müqqəddəs Nikolay kilsəsinin mövcudluğunu təsdiq edən ilk yazılı şəhadətnamə |
2 | 1479–1487-ci illər | Kopenhagen Universitetinin vitse-kansleri vəzifəsinə iddialı olan şəxslərin seçkiləri Müqəddəs Nikolay kilsəsində keçirilir |
3 | 1517-ci il | Daha qədim roman üslublu kilsənin yerində inşa edilmiş yeni qotik tərzdə kilsənin müqəddəsləşdirilməsi |
4 | 1520-ci il | Danimarka ərazisində lüteranlıq dininin bərqərar olmasından sonra, Müqəddəs Nikolay kilsəsində Almaniyadan dəvət olunmuş keşiş Vittenberqli Reynhardt tərəfindən ilk dəfə olaraq lüteran moizəsi səslənmişdir. O dövrün moizələri alman dilində olduğu üçün, yerli sakinlərin çox az hissəsi vaizin səsləndirdiyi kəlamları başa düşürdü |
XVII əsrin ortasına qədər kilsədə orqanın olub-olmaması haqqında dəqiq məlumat yoxdur. 1655-ci ildə Kopenhagendə yerləşən musiqi alətləri emalatxanasının baş ustası Xans Kristoffer Fritz, yaxınlıqdakı Trinitatis kilsəsi üçün orqan hazırlayarkən, ötəri olaraq sənədlərin birində, Müqəddəs Nikolay kilsəsindəki orqanın Yohan Lorentz tərəfindən hazırlandığını qeyd etmişdir. Tarix göstərilməsə də, ehtimal olunur ki, həmin orqan 1630-cu illərin başlanğıcında, kilsə xorlarının inşası ilə eyni dövrdə yaradılmışdır. Çox güman ki, daha erkən illərə aid öncəki orqan 1628-ci ildə baş vermiş yanğın səbəbindən şpilin çökməsi nəticəsində məhv olmuşdur.
Yeni orqanın karkas eskizi, Kopenhagenin Sankt Gertruds küçəsində yerləşmiş və günümüzədək fəaliyyət göstərən qədim rəngkarlıq və bənnalıq mərkəzinin rəssamı Nils Hansen tərəfindən tərtib olunmuşdur. Orqan qüllə otağının qərb divarında, daha dəqiq desək, alçaq hündürlüyü olan qapının üzərində quraşdırılmışdır. Bundan başqa, rəssamlar Kordes və Getroyer tərəfindən hazırlanmış smetada, orqanın strukturu və zahiri görünüşü barəsində olduqca ətraflı təsvir təqdim olunmuşdur. Belə ki, sözügedən rəssamların qeydlərinə əsasən, qübbədən başlayaraq, postamentə qədər uzanan orqan korpusundakı bütün heykəltaraşlıq və tökmə-bəzək elementləri, eləcə də karnizlər zərvərəqli qızıl suyuna salınmış, musiqi borularının səthi isə, gümüş boya ilə rənglənmişdir. Həmçinin orqan kafedrasının aşağı hissəsinin asma kartuşlar, putti adlanan mələk başları və üzüm salxımları şəklində olan ornamentlərlə bəzədildiyi ehtimal olunur. Bu ehtimala sübut kimi, Yohan Lorentzin layihəsi əsasında yaradılmış digər orqanlara, xüsusən də İsveçin Kristianstad şəhərində yerləşən Müqəddəs Üçlük kilsəsinin 1630-cu ildə yaradılmış orqanın tərtibatına nəzər yetirmək kifayət edir[19]. Uzun illər Müqəddəs Nikolay kilsəsinin orqanisti vəzifəsini yerinə yetirmiş musiqi alətlərinin inşaatçısı ailəsinin kiçik oğlu Yohan Lorentz, eyni zamanda da XVII əsrin ən məşhur danimarka musiqiçilərindən birisi idi. Yarım əsrdən çox müddət ərzində, gənc Yohan bu orqanı idarə edirdi. O, Opera teatrında 1689-cu ildə baş vermiş yanğın zamanı həlak olmuş və Müqəddəs Nikolay kilsəsinin qülləsində dəfn olunmuşdur. Lorentzin varisi qismində kilsəyə təyin olunmuş musiqiçi Klaus Dengel, orqanı yeniləmək qərarına gələrək, burada genişmiqyaslı təmir işlərinə başlamışdır.
Təmir işlərinin başlanılması məqsədilə, 21 mart 1707-ci ildə şəhər magistratı ilə orqan inşaatçıları Yohan və Piter Petersen-Bodtzen arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, yenilənəcək orqan 40 registrdən, 5 sıralı manualdan (Manual — əllərlə oyun üçün nəzərdə tutulmuş klaviaturadır) və 4 pedaldan ibarət olmalı idi. Təmir işlərinin ikinci mərhələsində, talvarların bərkidilməsi, silfonların yenilənməsi və onların sayının altıdan səkkizə qədər artırılması tələb olunurdu. Klavişlər, həmçinin abstraksiyalı yeni borular dəyişdirilmiş və latun məftillərlə təchiz edilmişdir. Təmir işləri təntənəli olaraq 23 iyul 1708-ci il başa çatmış və 1800 talerə başa gəlmişdir.
Günümüzədək fəaliyyət göstərən müasir kilsə orqanı Marcussen & Søn şirkəti tərəfindən 1930-cu ildə hazırlanmış və 27 fevral 1931-ci ildə kilsədə quraşdırılmışdır. Skandinaviyada ilk dəfə olaraq ilməli tiyələrin və mexaniki çəkmənin köməyi ilə ərsəyə gəlmiş musiqi instrumenti, texnoloji baxımdan öz müasirliyi ilə diqqəti cəlb edirdi (keçmişdə, yəni romantizm dövründə orqan istehsalında adətən elektropnevmatikadan istifadə olunurdu). Görünüş baxımından orqan klassik üsluba malik olsa da, səslənmə etibarilə o kəskin şəkildə fərqlənirdi. Orqanın restavrasiyası 2015-ci ilin may ayında tamamlanmışdır[20].
Kilsə şpilinin təkrarən bərpasına vəsait ayırmış Kopenhagen magistratının departamentinin başçısı cənab Rentsmanın iradəsi və sonsuz səxavəti nəticəsində orqanın yaradılması ideyası reallaşmışdır. O dövrdə kilsə prixod olaraq artıq 100 il fəaliyyət göstərmirdi və dini həyata təkrar qayıtmağı da planlaşdırmırdı. Lakin onun önəmli tarixi abidə kimi gələcək nəsillər üçün çatdırılması məqsədilə, memar Hans Kristian Amberq tərəfindən qədim binanın müasir təqlidi formasında rekonstruksiyası həyata keçirilmişdir. Marcussen & Son şirkətinin inşaatçısı və meneceri Sübrand Zaxariassenin sözlərinə görə, onlar orqanı XX və XXI əsrin müasir tələblərinə tam şəkildə cavab verə biləck orqan yaratdıqlarını söyləmişdir. Orqanın daim işlək vəziyyətdə qalması üçün Yohann Otto Vroblevski Fondu böyük köməklik göstərmişdir. Eyni zamanda, Danimarka krallığının musiqi konservatoriyası və Nikolay Kunsthallen arasında imzalanmış əməkdaşlıq haqqında razılaşma sayəsidə, kilsə binasında mütəmadi olaraq klassik musiqi konsertləri düzənlənməyə başlamışdır. Yaxın gələcəkdə orqan özündə təsviri incəsənəti və canlı melodiyaları uyğunlaşdırmaq qabiliyyətində olacaq, eləcə də alternativ musiqi krossoverlərinin, məşqlərin, təlimlərin və konsertlərin təqdim olunacağı olunacağı mühüm musiqi mərkəzinə çevrilməsi planlaşdırılır[21].
Orta əsr kilsəsinin hündür təpəlikdə yerləşməsinə baxmayaraq, zəng qülləsinin inşası şübhəsiz lap əvvəlcədən planlaşdırılırdı. Qüllənin ucaldılmasına qədər kilsənin 2 ədəd zəngi müvəqqəti olaraq çox güman ki, 1630-cu ildə inşa edilmiş kiçikölçülü siqnaturadan asılmışdır. Orta əsrlərə aid edilən daha qədim siqnaturanın geniş olub olmadığı haqda dəqiq məlumatların olmamasına baxmayaraq, arxiv sənədlərdən məlumdur ki, kilsədə 1520-ci ildən öncəki dövrlərə aid 5 zəng mövcud idi. Əgər yerdə qalan 3 zəng üçün siqnaturada yer yox idisə, onlar məntiqi olaraq yaxınlıqdakı qəbiristanlıqda olan digərzəng qülləsində asılmalı idilər, lakin bu haqda da heç bir dəqiq məlumat yoxdur.
Çoxdan düşünülmüş qüllənin tikintisinin birinci fazası 1580–1590-cı illəri əhatə edirdi. Tikinti işlərinin təşəbbüskarı, Kopenhagenin qubernatoru, eləcə də danimarka-norveç dövlət xadimi və mülkədar Kristoffer Valkendorf idi (qubernatorun şəhərin yeni və gözəl binalarla bəzədilməsində əməyi o qədər böyük və əhəmiyyətli idi ki, onun şərəfinə hələ yaşadığı illərdə məşhur Valkendorfbog adlı kitab çap olunmuşdur).
Qubernator tərəfindən inşaat işlərinin sürətlənməsi üçün etdiyi ərməğanlara baxmayaraq, tezliklə bunun yetərsiz olduğu müəyyən edilmiş və yeni ianə mənbələrinin axtarışına başlanılmışdır. 1586-cı ildə kral II Frederik prixod nəzdindəki fermalara sahibkarlıq edən oldermenlərə yarımçıq başa çatmış qüllənin tez bir zamanda tamamlanması üçün maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq əmr imzalamışdır.
Qüllənin tikintisi növbəti onilliyin başlanğıcına kimi qurtarmalı idi.
Təxminən 1750-ci ildə yaradılmış eskizdə kilsənin üç fənərli və səkkizbucaqlı şpili və onun taxta konstruksiyası təsvir olunmuşdur. Eskiz Norveç xalq muzeyində qorunub saxlanılır.
|
1628-ci ildən etibarən Müqəddəs Nikolay kilsəsinin qülləsini alçaq və konusabənzər günbəz örtürdü. Danimarkanın məşhur rəssamı Van der Velde 1658-ci ildə yaratmış "Kopenhagenin proşpekti" adlı eskiz əsərində bu detalı aydın şəkildə təsvir etmişdir. Müvəqqəti olaraq quraşdırılmış günbəz, şəhər xəzinəsində lazımi pul vəsaitinin toplanacağı, eləcə də kilsə xorlarının inşa ediləcəyi təqdirdə, daha hündür və möhtəşəm şpilli qübbə ilə əvəz olunmalı idi.
Kral IV Kristianın hakimiyyət illərinin sonunda Danimarka olduqca ciddi iqtisadi böhran dövrünü yaşayırdı; müvəffəqiyyətsizliklə nəticələn çoxsaylı müharibələr yerli ticarət və sənayenin inkişafına mane olur və kilsə günbəzinin tikintisinin daim təxirə salınmasına səbəb olurdu. Yalnız 1660-cı ildə yeni layihələr əsasında tikinti işlərinin aparılması məsələsi gündəmə gəlmişdir. İnşaat işlərinin başlanğıcını dolayısı ilə 1664-cü ilin iyun ayında naməlum dülgər və usta Lauge Tommesen arasında imzalanmış müqavilənin surəti təsdiqləyirdi. Günümüzədək Kopenhagenin arxivində qorunub saxlanılmış bu sənəddə, kilsənin himayədarları olmuş Henrik Yakobsen və David Mor tərəfindən, kral usta-inşaatçısı Albertus Mattisenin layihəsi əsasında qüllənin yuxarısında möhtəşəm şpilin tikintisi üçün dülgərlə razılaşmanın əldə olunduğu qeyd edilmişdir. Müqaviləyə əsasən, Lauge Tommesen qüllənin şpilini və onun bütün bəzək elementlərini gecikdirməmək şərti ilə və möhkəm və dayanıqlı materialların köməyi ilə inşa etmək öhdəliyini öz üzərinə götürməli idi; dülgərə gəlincə isə, o, bütün mürəkkəb və sual doğuran məsələlər ilə bağlı yalnız usta Mattisenlə məsləhətləşməli idi.
Müasir memarlar və tarixçilər Albertus Mattisenin şpil layihəsinin müəllifi olduğuna və ümumiyyətlə memarlıq ideyasının orijinallığına şübhə ilə yanaşırlar. İddia olunur ki, dayaq elementləri kimi istifadə olunan və qızıl suyuna salınmış fənəraltı sferaların, eləcə də şpilin çoxyaruslu konstruksiyasının müəllifi, buna bənzər digər tikililərin yaradılmasında aktiv fəaliyyət göstərmiş danimarkalı memar Hans van Stenvikeldir. Buna sübut kimi təkcə Danimarkada deyil, həmçinin onunla qonşu dövlətlərdə yaradılmamış oxşar şpillərin çoxsaylı nümunələrini sadalamaq olar (məsələn Riqa şəhərindəki Müqəddəs Pyotr kilsəsinin və ya Hamburq şəhərindəki Müqəddəs Yekaterina kilsəsinin şpilləri Kopenhagen analoquna çox bənzəyir). Bununla belə, müvafiq sənədlərin mövcud olmaması səbəbindən, tarixçilərin irəli sürdüyü bu iddianı dəqiq olaraq sübut etmək qeyri-mümkündür.
1665-ci ildən 1795-ci ilə qədər kilsənin zahiri görünüşü demək olaraq toxunulmamış olaraq qalırdı. Həmin dövrdə ancaq bir neçə dəfə az əhəmiyyətli təmir və yeniləmə işləri həyata keçirilmişdir. 1795-ci ildə kilsədə baş vermiş yanğın zamanı orijinal şpil qüllənin üzərinə çökmüş və 1902-ci ildə aparılmış arxeoloji qazıntılar nəticəsində, onun yuxarı hissəsinin qalınqları aşkar edilmişdir. Həmin qalıqlar tarixi eksponat qismində kilsənin daxilində sərgilənməyə başlamışdır. 1738–1744-cü illəri əhatə edən genişmiqyaslı bərpaetmə işləri çərçivəsində, xüsusi diqqət qüllə və günbəz inventarlarına ayrılmış və kluatr ilə qüllənin bütün aşağı hissəsi Filipp de Lange tərəfindən yenidən təmir edilmişdir.
XVIII əsrin əvvəllərinə aid edilən bir sıra illüstrasiya və qravürlərdə şpilin konstruksiyası və zahiri görünüşü olduqca təfərrüatlı şəkildə təqdim olunmuşdur. Milli muzeyin arxivində saxlanılmış və naməlum eskiz ustası tərəfindən yaradılmış şəkildə qüllənin qərb fasadı və çoxyaruslu şpil təsvir edilmişdir; ehtimal ki, 1750-ci ildə yaradılmış və hal-hazırda Norveç xalq muzeyində saxlanılan digər çertyoj əsərində isə, sənətkar tərəfindən şpil üzərində edilən ölçü və hesablamalar əks olunmuşdur.
Bütovlükdə, hər bir rəssam qüllənin şpilini təsvir edərkən, onun detallarında özünəməxsus dəyişikliklər edirdi. Məsələn, danimarkalı memar Laurids de Turanın Danske Vitruvius adlı kitabında Müqəddəs Nikolay kilsəsinin iki ədəd eskizi kataloq şəklində təqdim olunmuşdur; hər iki şpilin sivri dəbilqələri, fənərləri, eləcə də bir azca qabarıq günbəzləri müxtəlif formalarda əks olunmuşdur.
Səkkizbucaqlı şpil üç fənərdən ibarətdir. Ölçülərinə görə ən böyük olan və dördkünc kərpic qüllədən səkkizbucaqlı şpilə doğru keçid elementi rolunu oynayan soğanvari günbəzin üstündə məhəccərli sütunlarla haşiyələnmiş nərdivan keçidi mövcuddur. Soğanvari günbəzin üzərində birinci böyük fənər yerləşir, onun kənarlarında obelisk adlanan və bir-birinə simmetrik olan səkkiz ədəd uzunsov bəzək elementi quraşdırılmışdır. Böyük fənər və daha kiçik ölçüdə olan orta fənərin arasında zərif və incə formalı dairəvi pəncərələr ilə bəzədilmiş daha bir soğanvari günbəz yerləşdirilmişdir; şaquli formada duran taxta konstruksiyaları vizual olaraq gizlətmək üçün günbəzin üstündə bir-birini növbələyən səkkiz ədəd qızıl suyuna salınmış mis sfera quraşdırılmışdır. Şpilin yuxarısını orağabənzər dəbilqə elementləri ilə bəzədilmiş orta və kiçik fənərlər, konusşəkilli piramida, eləcə də xaç və tac ilə bəzədilmiş flüger tamamlayır.
Müqəddəs Nikolay kilsəsinin qülləsində ümümilikdə 7 zəng yerləşir.
1795-ci ilin güclü yanğınından sonra, kilsənin interyeri, Kopenhagenin bir çox kilsələri kimi, renessans üslubunda olan özünün olduqca zəngin və orijinal tərtibatından məhrum olmuşdur. Bununla belə, bir neçə kilsə əşyası, o cümlədən altar ləvazimatları və potirlər qıfıllanmış dəmir sandıqlarda saxlanıldıqları ünün yanğından xilas olunmuş və günümüzədək qorunub saxlanılmışdır. Bu əşyaların böyük hissəsi hazırda Kopenhagendəki Müqəddəs Ruh kilsəsində, digər hissəsi isə, Milli muzeydə sərgilənir.