Məhəmməd Hatəmi Tantəkin ― Azərbaycanda milli azadlıq hərəkatının rəhbərlərindən biri, Milli Qurtuluş Partiyasının və Çənlibel təşkilatının qurucusudur.
Məhəmməd Hatəmi Tantəkin | |
---|---|
Doğum tarixi | 22 iyul 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 2016 (80 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | folklorşünas, siyasətçi |
I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə iştirak edib.
Məhəmməd Hatəmi 1935-ci il iyulun 22-də Astara şəhərində anadan olub.[1]
1945-ci il dekabrın 12-də mərkəzi Təbriz olan Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olub.[1][2] Azərbaycan Milli Hökuməti dağıdıldıqdan sonra isə ailəsi ilə birlikdə əvvəlcə Qaraçala kəndinə sonra Şamaxıya daha sonra isə Xudata köçürülürlər.[3][4] 1956-cı ildə Xudat şəhərində məktəbi bitirir.[4] 1957-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1963-cü ildə Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı diplom işi ilə universiteti bitirib.[5]
Azərbaycan Demokrat Firqəsinin üzvü olub və onun mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıb.[4] O dövrdə bir neçə partiya yoldaşı ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin sədri olan Qulam Yəhyaya qarşı çıxıb və onun istefa verməsini tələb edib. Bundan sonra firqədən qovulur. 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında işləməyə başlayıb. 1972-ci ildə "Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi" mövzusunda dissertasiyanı müdafiə edərək, filologiya elmləri namizədi adını alıb.[6]
Azərbaycanda milli-azadlıq mübarizəsində fəal iştirak etmiş ilk təşkilatlarından olan, 1987-ci ildə[7] yaradılmış "Çənlibel" cəmiyyətinin qurucusudur.[8][9] 1988-ci il oktyabrın 30-da Çənlibel təşkilatının son iclasında Xalq Hərəkatı Cəbhəsinin yarandığı elan edilib və Məhəmməd Hatəmi XHC-nin sədri seçilib.[10] 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib. 1989-cu il iyunun 6-da həbsxanadan azad edilib.[1] 1989-cu il noyabrın 8-də Xalq Hərəkatı Cəbhəsi (Qızılbaşlar) və Müstəqil Azərbaycan Təşkilatlarını birləşdirərək Milli Qurtuluş Partiyasını təsis edib.[11][12]
Qara Yanvar faicəsindən sonra 1990-cı il yanvarın 26-da həbs edilərək Lefortovo həbsxanasına aparılıb və 9 ay həbsdə qalıb.[7]
I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunda döyüşlərdə iştirak edib.[13] 1993-cü ildə əvvəlki iş yerinə, Azərbaycan Milli Elmlər Akademiyasına qayıdaraq, folklorşünas kimi elmi işlərini davam etdirib.[14] Milli azadlıq hərəkatı ilə bağlı "Acı həqiqətlər" kitabını yazıb.[15]
2016-cı il yunun 10-da səhhəti kəskin pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. İyunun 14-də dünyasını dəyişib.[16] Bülbülə kənd qəbiristanlığında dəfn edilib.[17]
Atası Fərzulla Hatəmi Hətəmxan oğlu Ərdəbil mahalının Üçbulaq kəndində anadan olub.[18] 1945-ci il dekabrın 12-də qurulmuş Azərbaycan Milli Hökuməti dövründə baş leytenantı rütbəsi alıb və "21 Azər" medalı ilə təltif edilib.[1] Anası Sitarə xanım isə Astaranın Muğanlı kəndindəndir.[2]