Məmmədəli Hüseynov

Məmmədəli HüseynovAzərbaycanlı alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq. Tarix elmlər doktoru (1985), professor (1987), Azərbaycan arxeologiya elminin patriarxlarından, Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı, 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur.

Məmmədəli Hüseynov
Məmmədəli Murad oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Molla Cəfərli kəndi, Qazax rayonu, Azərbaycan SSR
Vəfat tarixi (72 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi arxeologiya
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası
Bakı Dövlət Universiteti
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili ali
Azıx mağarası

Məmmədəli Murad oğlu Hüseynov 3 aprel 1922-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur

Məmmədəli Hüseynov 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində ali təhsil almışdır. O, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Tarixi Muzeyində (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi) əmək fəaliyyətinə başlamışdır.

Məmmədəli Hüseynov 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur.[1]

Məmmədəli Hüseynov 1960-cı ildə Tbilisidəki Arxeologiya, Etnoqrafiya və Tarix institutunun Elmi Şurasında "Aveydağ paleolit düşərgələri"adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1985-ci ilin oktyabr ayında Kiyev şəhərində "Azərbaycanın qədim paleoliti" adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almışdır. Ona 1987-ci ildə professor adı verilmişdir.[2]

Məmmədəli Hüseynov 5 iyul 1994-cü ildə vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmmədəli Hüseynovun rəhbərliyi altında 1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində paleolit arxeoloji ekspedisiyası təşkil olunmuşdur.Onun rəhbərliyi altında 1956-1958-ci illərdə Qazax rayonu ərazisində olan Damcılı mağarası düşərgəsində arxeoloji qazıntı işləri aparılmış və paleolit mədəniyyətinə aid zəngin maddi-mədəniyyət nümunələri tapılmışdır. Məmmədəli Hüseynov 1958-ci ildə Qazax rayonu ərazisində kəşfiyyat işləri aparmış və Daşsalahlı mustye düşərgəsini aşkar etmişdir. Daşsalahlı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid zəngin elmi materiallar tapılmışdır.[2]

Məmmədəli Hüseynov 1960 ildə o, Qarabağın QuruçayKöndələnçay sahillərində arxeoloji kəşfiyyat işləri aparmış və çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini aşkar etmişdir.[2]

Quruçay və Köndələnçay vadilərində, həmçinin Qarabağın dağlıq hissəsində karst mağaraları olduqca zəngindir. Lakin hələlik bu diyarda ən zəngin maddi-mədəniyyət nümunələrinə malik paleolit məskənləri AzıxTağlar mağaralarında qeydə alınıb, arxeoloji cəhətdən ən müasir elmi biliklər səviyyəsində tədqiq olunmuşdur. Çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələri Quruçayın sol sahilində olub, Füzuli şəhərindən 16 kilometr aralıda, Tuğ çökəkliyində yerləşir. 1960-1986-cı illərdə Azıx qədim insan düşərgəsində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı burada 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunmuşdur. Elmi araşdırmalar zamanı Azıx düşərgəsinin III, V-X təbəqələrindən 7 mindən artıq daş məmulatı və ovlanmış heyvanların 900 mindən artıq sümük qalıqları tapılmışdır. Qarabağ diyarında aparılan elmi tədqiqatlar zamanı sübuta yetirilmişdir ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olmuşdur. Ərazidə aparılan kompleks elmi tədqiqatlar göstərmişdir ki, hələ 2,5 milyon il bundan əvvəl Quruçay vadisi müxtəlif heyvanlarla zəngin olmuşdur. Eyni zamanda Quruçay vadisi, Azıx və Tağlar düşərgələri yerləşən ərazidən qədim insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə etmişlər.[2]

Məmmədəli Hüseynov 1968 ildə Azıx mağara düşərgəsinin orta aşel təbəqəsindən daş alətlər və daşlaşmış heyvan sümükləri ilə bir yerdə 350-400 min il yaşı olan ibtidai insanın alt çənə sümüyünün bir hissəsini də tapmaqla dünyaya səs saldı. Sonrakı illərdə tədqiqatların davam etdirilməsi nəticəsində Azıxda və ümumiyyətlə, Quruçay vadisində erkən insanın hələ 2 milyon il bundan öncə məskunlaşdığı arxeoloq Məmmədəli Hüseynov tərəfindən tutarlı elmi dəlillərlə sübuta yetirildi.[3]

Məmmədəli Hüseynov Azıx düşərgəsinin daş məmulatını Əsədulla Cəfərov ilə birlikdə tədqiq etmiş, düşərgənin VII-X təbəqələrinin maddi-mədəniyyət nümunələrinin özünəməxsus cəhətlərini müəyyən etmişdir. Dünyanın heç bir paleolit düşərgəsindən belə əmək alətləri tapılmadığına görə, aşağı təbəqələrin arxeoloji tapıntılarına Quruçay mədəniyyəti adı vermişlər. Hazırda Quruçay mədəniyyəti Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab olunur. Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyəti mağarada qədim insanların ilkin məskunlaşmasından xəbər verir .İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur.[2]

Qədim insanlar əmək alətləri hazırlamaq üçün çay daşlarını məhz Quruçaydan toplayıb Azıx düşərgəsinə gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla da məşğul olmuşlar. Hələ ən qədim zamanlardan Quruçay dərəsində ibtidai insanların yaşaması üçün zəruri bütün nemətlər olmuşdur. VII-X təbəqələrdə aparılan tədiqatlar zamanı tapılmış maddi-mədəniyyət nümunələri yeni bir arxeoloji mədəniyyətdən xəbər verirdi.[2]

Aparılan elmi tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi keçməsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri düzəldilmişdir.[2]

Kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzunmüddətli inkişafdan sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur.[2]

Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı respublika ərazisində zəngin paleolit düşərgələri aşkar olunmuş və nəticədə Azərbaycan paleolit məktəbi yaradılmışdır.[2]

Məmmədəli Hüseynov 6 kitab və 100-dən çox elmi əsərin müəllifidir.

Azərbaycan arxeologiyası. (Altı cilddə, I cild, Bakı, 2008) kitabı Azərbaycan paleolit məktəbinin banisi, professor Məmmədəli Murad oğlu Hüseynovun əziz xatirəsinə həsr olunmuşdur.

23 İyun 2014 ildə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində arxeoloq, paleontologiya elminin inkişafında böyük xidmətləri olan Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərgi açılmışdır.

  • Yeraltı aləmə səyahət. Bakı, 1966
  • Azərbaycan arxeologiyası (Daş dövrü). Bakı, 1975
  • Следы первых жилищ в Ашельском слое Азыхской пещеры. Археологические открытия 1973 года. Москва, 1974
  • Очаги азыхантропов Баку-хазарского (миндельрисс) возраста. "Учение записки" АГУ. 1974, №1
  • Azərbaycanın qədim paleoliti. Bakı, 2010
  1. "Azərbaycan arxeologiya elminin patriarxı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30.
  2. 1 2 3 4 5 6 7 8 9 Əsədulla Cəfərov. Azərbaycan arxeologiya elminin patriarxı. "Xalq qəzeti" 01 aprel 2012-ci il
  3. Qafar Cəbiyev. Azərbaycanda qədim daş dövrü tarixinin dünya şöhrətli tədqiqatçısı."Xalq qəzeti" 03 aprel 2012-ci il
  • Qarabağ daş dövründə. Beynəlxalq elmi konfransının materialları. Bakı,2010 (rus və ingilis dillərində)
  • Əsədulla Cəfərov. Azərbaycan arxeologiya elminin patriarxı. "Xalq qəzeti" 01 aprel 2012-ci il
  • Qafar Cəbiyev.Azərbaycanda qədim daş dövrü tarixinin dünya şöhrətli tədqiqatçısı."Xalq qəzeti" 03 aprel 2012-ci il
  • Bəxtiyar Qaraca.Damcılı bulaq, sirli Azıx və patriarxın arzuları. "Azərbaycan" qəzeti, 09 yanvar 2014-cü il