Məmməd Altunbay

Məmməd Altunbay (türk. Mehmet Altunbay; 1911, Yelizavetpol27 dekabr 1987, İstanbul) — Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət etmişdir.

Məmməd Altunbay
Şəxsi məlumatlar
Doğum tarixi 1911
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1987(1987-12-27)
Vəfat yeri
Təhsili
  • Odessa Hərbi Akademiyası[d]
Fəaliyyəti siyasətçi, yazıçı, pilot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Azərbaycanlı mühacir pilot Məmməd Altunbay. Foto mühacirətə getmədən öncə çəkilib. (1936)

Məmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində Zərrabi məhəlləsində Qaçaq İbrahimin evində anadan olub. Altunbayın dəqiq doğum tarixi və doğum günü məlum deyil. Atası Gəncə qəzasının Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb[1]. Anasının adı Bəyim olub.

Məmməd gənclik illəri haqqında xatirələrində yazır:

" 1916-cı ildə atam 44 yaşında həyata gözlərini yumdu. O zaman anamın qucağında olan bir yaşında süd əmən qardaşım, üç yaşımda mən və altı yaşında məndən böyük qardaşım yetim qaldıq. Orta məktəbdə oxuduğum zaman 13 yaşımda ikən özümdən üç yaş böyük qardaşımla bərabər çalışmaq məcburiyyətində idik. Gündüz fabrikdə işləyərək gecə məktəbdə oxuyurduq.

Nəhayət, min iztirab və sıxıntı içərisində ilk və orta məktəbi Gəncədə bitirdikdən sonra 1926-cı ildə qardaşımla bərabər Bakıya getdik. Orada da yenə gündüz işlədik, gecələr liseydə oxuduq. Eyni zamanda Bakıda türk dilində çıxan “Kommunist” və “Yeni yol” qəzetlərinin aktiv müxbirləri arasında idik. Liseyi bitirən ərəfədə Bakıda təyyarə məktəbi açıldı. Mən də bu fürsəti qaçırmayaraq imtahandan və həkimlərin müayinəsindən keçdikdən sonra təyyarə məktəbinə qəbul olundum.

"

Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur. 1935-ci ildən etibarən Azərbaycanda repressiya dalğasının və bolşevik zülmünün güclənməsi fonunda Məmməd Altunbay ölkədən çıxmaq barədə qərar qəbul edir və bu məqsədlə eyni düşüncədə olan hərbçilərlə tanış olur. Altunbayın xatirələrinə əsasən SSRİ-yə qarşı çıxan bir çox tanış və dostu hökumət tərəfindən güllələnmişdir və yerdə qalan 22 şəxslə bərabər imperiyanı tərk etmək barədə yekun qərar vermişdilər.[2]

Məmməd Altunbay pilot olduğundan digər iki dostu Həsən və Cəlalla birlikdə 1939-cu ildə SSRİ-yə məxsus hərbi təyyarəni Türkiyəyə qaçırmağa qərar verir. İmperiya sərhədini keçən pilotları sərhədçilər atəşə tuturlar. Məcburi şəkildə İrana eniş edilir. İran tərəfi onların istəklərinə baxmayaraq Türkiyəyə təhvil vermirlər, 9 ay Təbriz həbsxanasında saxlanılırlar.

Hadisədən sonra SSRİ-nin Tehran şəhərində yerləşən səfirliyi vasitəsilə imperiya adından İran Şahına bir necə dəfə rəsmi nota göndərilir. Göndərilən nota mətnində Sovet ordusuna məxsus təyyarənin və fərrari pilotların ən qısa zamanda qarşı tərəfə təhvil verilməsi tələb olunurdu. SSRİ-nin İrana təziq göstərməsindən xəbər tutan pilotlar Buxara katibi və Türkiyə Respublikasının Tehranda yerləşən səfirliliyinin əməkdaşlarının vasitəsilə həbsxanadan qaçıb, Türkiyə səfirliyinə sığınmaq qərarına gəlirlər. Pilotların həbsxanadan qaçmasına səfirliyinin Osman Koçaoğlu adlı əməkdaşının da xüsusi xidməti olmuşdur.[2]

Məmməd Altunbaya Türkiyədə verilmiş mühacir sənədində belə yazılıb:

  • Soyadı: Altunbay
  • Gəldiyi yer: Rusiya
  • Dini: İslam
  • Yaşayacağı yer: Elazığ
  • İrqi: Türk
  • Ana dili: Türkcə
  • Gəldiyi tarix: 20.10.1941
  • Doğum yeri: Azərbaycan, Gəncə
  • Mədəni vəziyyəti: İfadəsinə görə evli
  • Sənəti: Təyyarəçilik müəllimi

Məmməd Altunbayın xatirələrinə əsasən qaçış planı ağır şərtlər altında həyata keçirilib və qaçış zamanı pilotlardan biri kommunist təşkikatlarının üzvləri tərəfindən küçədə güllələnərək öldürülüb. Hadisə gecəsi Türkiyə səfirliyinin köməkliyi ilə Məhəmməd Altunbay və digər bir pilot Tehran şəhərindən qaçmağa nail oldular. Şəxslər qaçan zaman kommunist dəstələri tərəfindən yaxalanmağ ehtimalını nəzərə alaraq üzərlərində olan Sovet vətəndaşlığına aid bütün sənədləri yandırmışdılar. Altunbay sənədlərin yandırılmasının onları xilas etdiyini bildirmişdir. Belə ki, qaçış gecəsi pilotlar bir dəstə kommunist tərəfindən sənədlərin yoxlanılması və ayaq üstü sorğu-sual üçün saxlanılmışdır.

Pilotlar səfirlik tərəfindən verilmiş passportların itirilməsini göstərən sənədləri kommunistlərə təqdim etdikdən sonra oradan uzaqlaşmağa nail olmuşdular. Altunbay kommunistlərin onlara inandığını və onları sənədləri itmiş Türkiyə Respublikasının vətəndaşları zənn etdiklərini bildirmişdir. Qaçaq pilotlar səkkiz həftə ərzində gecəli-gündüzlü bir çox təhlükələrdən, ağır mübarizələrdən keçməklə Bağdad şəhərinə çatmışdır. Bağdad şəhərinə olan məsafəni ölkədə qaçaq olduqlarından piyada və gizlənərək getmək məcburiyyətində idilər.[2]

Bağdad şəhərində yerləşən Türkiyə səfirliyinin attaşesi Sahib İlkin tərəfindən qarşılanan pilotlar Türkiyəyə yola salınmaq üçün Bağdadın Kiçik Teleqraf qatar dayanacağına göndərilmişdir. Dayanacaqda Məhəmməd Altunbay və digər pilot gözlənilməz şəkildə ingilis zabitlərinin diqqətini cəlb etmiş və ingilislər onları beşinci alman polkuna mənsub casuslar olması şübhəsi ilə həbs etmişdilər.

Bağdad şəhərində yerləşən ingilis birlikləri geyimlərindən və danışıqlarından yerli cammaatdan fərqlənən bu iki şəxsi əvvəlcə Bağdad şəhərində yerləşən lokal həbsxanada, daha sonra isə ingilis qarnizonunun həbsxanasına göndərmişdir. Pilotlar barəsində aparılan istitaq yekunlaşdıqdan sonra Bağdad ingilis qarnizonunun komandirinin göstərişi ilə hər iki pilot casusluq ittihamı ilə ölümə məhkum edilmişdir.

Türkiyə səfirliyinin attaşesi Sahib İlkin pilotlar barəsində ölüm hökmünün çıxarılmasından xəbər tutandan sonra, diplomatik kanallar vasitəsilə məsələyə müdaxilə etməyə çalışır və aparılan uzun danışıqlardan sonra hər iki pilotun cəzasının ləğv edilməsinə və Türkiyəyə göndərilməsinə nail olur. Pilotlar 1941-ci idə Türkiyənin İstanbul şəhərinə göndərilmişdir.

Mühacir kağızında Altunbayın Türkiyəyə tək gəldiyi qeyd edilib. Sənəd 1943-cü ilin 25 may tarixindək doğum kağızı əvəzinə istifadə etmək üçün verilib. Sənədə Altunbayın şəkli də yapışdırılıb. Mühacir kağızı pilota 1942-ci ilin 25 mayında verilib. Sənədin üzərindəki möhürlərdən anlaşılır ki, Altunbaya mühacir olduğuna görə müxtəlif yardımlar edilib.[2]

Altunbay Türkiyəyə gələn kimi pilot kimi fəaliyyətinə davam etməyə qərar verir. 1943-cü ildə bu məqsədlə Baş qərargahın sədrinə müraciət edir. Əskişəhər təyyarəçilik məktəbinə göndərilir. İmtahanlardan uğurla keçərək pilotluq sənədi alır. 1945–1960-cı illər ərzində Türk Hava Yollarında təyyarəçi işləyir.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Məmməd Altunbayın başına gəlmiş hadisələr əsasında 1967-ci ildə Türkiyədə çəkilmiş 501 nömrəli kamera filminin afişası. Film, Azərbaycanda SSRİ hakimiyyəti yaradıldıqdan sonra mühacirətdə olan azərbaycanlıların vətən sevgisindən və mübarizə ideyalarından bəhs edir.

Məmməd Altunbay Türkiyədə olduğu dövrdə ədəbi və kino mühiti ilə daha yaxından məşğul olmaq imkanı qazanmışdır. Altunbay ilk iş kimi xatirələrini çap etməyə qərar verir. 1953–1954-cü illərdə İstanbulda HürriyyətYeni səhər qəzetlərində xatirələrini Türk təyyarəçisi Məhəmməd Altunbay Rusiyadan necə qaçdı?Cəhənnəmdə gördüklərim başlıqları ilə 8–9 ay ərzində yayımlayır.

1960–1963-cü illərdə Altunbay Amerika Birləşmiş Ştatlarının Mərkəzi Avropada yerləşən Azadlıq radiostansiyasının Azərbaycan şöbəsi ilə əməkdaşlıq edir. 1963-cü ildə yenidən Türkiyəyə qayıdır.

Bu dövrdə Altunbay həyatı ilə bağlı film çəkir:

" Xatirələrimi ssenari şəklinə salıb Baş qərargahın sədrliyinə təqdim etdim. Tədqiqat nəticəsində 1966-cı il dekabrın 6-da Baş qərargah sədrinin əmrilə Türk Silahlı Qüvvələrinin milli və əxlaqi tərbiyəsi üçün faydalı hesab edilən milli məqsəd və milli mənfəət baxımından heyətin diqqətini cəlb edən ssenarim əsasında “501 nömrəli kamera” filminin çəkilməsi məsləhət görüldü. Mərhum Camal Tural paşanın yaxından köməyi nəticəsində kommunist cəhənnəmindəki həyatım şanlı ordumuzun zabitləri tərəfindən; Aytən Kökçər, Cuneyt Kökçər və digər dövlət, teatrlarının tanınmış artistlərinin iştirakı ilə kinoya çəkildi.

Film bütün əsgər qarnizonlarında və mülki kinoteatrlarda göstərildi, 6 milyon yarım vətəndaşımız bu filmə baxdı. Film 1971-ci il aprelin 29-da Ankara televiziyası ilə göstəriləndə həyatda gördüyüm bütün dəhşət və ürək ağrıdan fəlakətlərimə baxmayaraq türk insanına, xüsusilə də izləyicimiz olan gənc və körpə balalara kommunizmi geniş miqyasda tanıtdıra bildiyim üçün kədərimi nisbətən azalmış hesab etdim”. Bu dövrdə Altunbay uşaqlıq xatirələrini çap edir: ““Düşmən gəlir” başlığı ilə dörd İstanbul qəzetində nəşr olunan uşaqlıq illərimə aid xatirələrim İstanbul Universiteti gənclərinin arzusu ilə 1974-cü ildə 55 səhifəlik broşüra halında çap olundu və 6 ayın içində 25 min nüsxənin hamısı universitet və lisey tələbələri tərəfindən alındı.

"

Altunbay kommunizmi anlatmaq üçün 33 şəhərdə 180-dən artıq konfransda çıxış etmişdir. Türk dünyasının mədəniyyətini Türkiyədə tanıtmaq üçün bu ölkələrdə çəkilən filmləri Türkiyədə yayımlayır. İbn Sina adlı özbək, Dədə QorqudNəsimi adlı Azərbaycan, Yaşamaq eşqilə dolu bir qadının həyatıKönüllər şahı adlı uyğur filmlərini kommunizm əleyhinə çəkilmiş Macarıstan alovlar içində filmlərini tamaşaçılara təqdim edir.

Türkiyəyə gəldikdən sonra Altunbay yenidən ailə həyatı qurur. Ankaralı Tiftikçizadələrin ailəsindən Məlahət xanımla evlənir. Altunbay Azərbaycan Kültür Dərnəyinin qurulmasında yaxından iştirak etmişdir. Türk izi, Mücahit jurnalları ilə əməkdaşlıq edir.

  1. Nikpur Cabbarlı. Azərbaycan mühacirət nəsri (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2011. səh. 65. ISBN 978-9952-8142-4-8. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
  2. 1 2 3 4 Kitabda Azərbaycan Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti ilə bağlı ilk dəfə üzə çıxarılan materiallar toplanıb. Bu materiallar müəllifin Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərindəki kitabxanalarda, arxivlərdə çalışması nəticəsində əldə edilib, bəziləri isə ayrı-ayrı kolleksionerlərdən satın alınıb. Bakı: Teas Press. 2018. 2019-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-03.