Marabda döyüşü — 1625-ci ilin 30 iyununda və ya 1 iyulunda baş vermiş döyüş. Səfəvi ordusu gürcü ordusunu məğlub etmişdir. Bu döyüş eyni ildə baş vermiş Martqopi döyüşündən sonra baş vermişdir.[4]
Marabda döyüşü | |||
---|---|---|---|
Kartli-Kaxetiya üsyanı (1625) | |||
| |||
Tarix | 30 iyun - 1 iyul 1625 | ||
Yeri | Marabda yaxınlığı | ||
Səbəbi | Gürcülərin Səfəvi dövləti əleyhinə üsyan qaldırması | ||
Nəticəsi | Səfəvilərin qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş 1625-ci ildə baş vermiş Kartli-Kaxetiya üsyanı zamanı baş vermişdir. Bu üsyan I Teymurazın Səfəvilərə qarşı ikinci üsyanı idi. I Şah Abbas üsyanı yatırmaq üçün İsa xan Səfəvini böyük ordu ilə Gürcüstana göndərmiş və onu Gürcüstandakı Səfəvi ordusunun komandanı təyin etmişdir. Həmçinin Qafqazdakı digər Səfəvi sərkərdələrinə İsa xana kömək etməyi əmr etmişdi. Səfəvi ordusuna həmçinin Şirvan, İrəvan, şimali və mərkəzi İran bəylərbəyliklərinin qoşunları da daxil idi. I Şah Abbas isə hərbi əməliyyatı Cənubi Azərbaycandakı düşərgəsindən idarə edirdi.
1625-ci ilin iyununda Səfəvi ordusu Gürcüstan ərazisinə daxil oldu və Algeti çayının yaxınlığındakı Marabda ovalığında düşərgə saldı.[4] Teymuraz və Georgi Saakadze rəhbərliyindəki 20 minlik gürcü ordusu isə Kocori-Tabaxmela ovalığında toplanmışdı. Səfəvi ordusu isə Azərbaycan bəylərbəyinin ordusu ilə onlara qoşulmasını gözləyirdi və buna görə də hücuma keçmirdi. Gürcü ordusunun rəhbərliyi isə döyüşdə hansı strategiyanın seçilməsi ilə bağlı mübahisələr edirdi. Georgi Saakadze Marabdanın gürcülərin xeyrinə olan coğrafi üstünlüyündən yararlanmağı və dərhal hücuma keçməyi təklif edirdi. Teymuraz isə bunun əksini təklif edirdi. Sonda Teymurazın təklifi bəyənildi və Georgi Saakadze komandanlıqdan çıxarıldı.[5][6]
Səfəvi ordusu hücuma hazır idi. Səngərlər qazılmış, cəbhə boyu artilleriya bölmələri yerləşdirilmişdi. Onların arxasından isə 4 sıralıq tüfəngçi birlikləri yerləşdirilmişdi.
Səfəvi ordusunun ön hissələrinin komandanlığı Əmirgünə xana tapşırılmışdı. İsa xan Səfəvi isə mərkəzdəki qüvvələrə komandanlıq edirdi. Gecə boyunca gürcü qüvvələri Tabaxmela yüksəkliklərindən endilər və Səfəvi səngərlərinə hücum etməyə başladılar. Tüfəngçilər və artilleriya qüvvələri gürcülərə xeyli ziyan vursalar da, onlar Səfəvi ordusunun ön hissələrinin müdafiə xəttini yara bildilər və Əmirgünə xan ölümcül yaralandı. Gürcülər tüfəngçi bölmələrin müdafiəsini yardılar və mərkəz qüvvələrinin komandanı olan İsa xanın bölmələrinin üzərinə hücuma keçdilər. Döyüşün qızğın çağında Səfəvi ordusunun cinahları mərkəzə kömək edə bilmirdi. Nəhayət onlar əsas qüvvələrdən ayrı düşdülər və qaçmağa başladılar. Teymruazın planı reallaşmaq üzrə idi və artıq gürcü ordusunun qələbə çaldığı düşünülürdü. Lakin mərkəzdə İsa xan Səfəvi inadla döyüşürdü. Səfəvi ordusunun inadlı müqaviməti və gürcülərin bəzi hissələrinin qələbəni vaxtından əvvəl qeyd etməyə başlaması nəticəsində döyüşün gedişatı dəyişdi. Qızılbaşlar yaranmış şəraiti əla dəyərləndirdilər və dağılmış müdafiə xətlərini yenidən bərpa etdilər. Səfəvi ordusu əks-hücuma keçdi. Döyüşün bu vaxtında Azərbaycan bəylərbəyi Şahbəndə xanın rəhbərliyi altında yeni qüvvələrin gəlməsi Səfəvi ordusunun işini xeyli asanlaşdırdı. Nəticədə İsa xan gürcüləri Kocorinin dar keçidlərinə tərəf qovdu və əksəriyyətini öldürdü.[6]
Marabdadakı məğlubiyyət gürcülərə çox baha başa gəlmişdi. Teymuraz öz əyanlarının və təcrübəli generallarının əksəriyyətini döyüş meydanında itirdi. Lakin bu məğlubiyyət Səfəvilərə qarşı gürcü üsyanlarına son qoymadı. Gürcü üsyançıları dağınıq şəkildə müqaviməti davam etdirdilər.[4]