Marallar

Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən AvstraliyaYeni Zelandiyaya gətirilib.

Marallar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".

Maral (cervidae) məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə mənsub otyeyən heyvandır. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik olan maralın qulaqları uzun və hərəkətlidir. 40 növü əhatə edən 17 cinsi məlumdur. Əsas yayılma yerləri Avropa, Asiya, Cənubi və Şimali Amerika, Afrikadır. Adətən sürülər şəklində gəzib dolanırlar. Qidalarını ot, kol, ağac və digər bitki qrupları təşkil edir. Bəzi növləri hətta xırda heyvanlarla da qidalanır. Marallarda da mövsümlə əlaqədar bir çox heyvanlarda olduğu kimi tüləmə (tük dəyişmə) baş verir. Eləcə də buynuzdəyişmə müşahidə edilir. Adətən buynuzdəyişmə erkək fərdlərdə olur, lakin şimal marallarının dişləri də buynuzlarını töküb, yenisini əmələ gətirirlər. Bədənin rəngi əksər halda qonura çalır. Cavan heyvanda xallar var. Bəzi yaşlı fərdlərdə də belə xallara rast gəlinir. "Xallı maral" ifadəsi buradan əmələ gəlib.

Çoxalmalarına gəlincə, maral cinsi yetişgənliyə 1,5 yaşlarında çatır. Növdən və cinsdən asılı olaraq bu rəqəm 2–4 arasında dəyişə bilər. Hövrəgəlmə və cütləşmə maralların cinsi həyatında xüsusi mərhələ təşkil edir. Erkək dişini cəlb etmək məqsədilə müxtəlif rituallar keçirir: hündürdən mələmə, kəllə-kəlləyə döyüş və gücsınamalar gələcək nəslin sağlamlığı üçün çox vacibdir. Özünübəyəndirmə turnesi bu heyvanlarda çox ciddi və maraqlı keçir. Marallarda boğazlıq dövrü 280 gün çəkir və may ayının sonu — iyun ayının əvvəllərində 1–2 bala doğurlar. Hələ boğazkən sürüdən ayrılan maral, yeni doğulmuş balası tam ayaqüstə dura bilənə qədər qruplara qoşulmur. Erkəklər isə funksiyasını yerinə yetirdikdən (cütləşmədən) az sonra dişi fərdi sərbəst buraxıb təkbaşına yaşayırlar. Körpənin qayğısını çəkmək və böyütmək ana maralın üzərinə düşür.

İlk günləri körpə maral yatmaqla keçirir, yalnız anasını əmdikdə ayaq üstə qalxır. Parlaq dərisi bu zaman onu düşməndən mühafizə edir. Ana maral mühafizəni daha yaxşı təmin etmək üçün körpəsindən bir qayda olaraq 100–200 metr aralıda gəzir. Belədə yırtıcı nə balanı, nə də balasına daldada göz qoyan ananı görmür. Maral çalışır ki, körpəni əmizdirmək məqamında düşmən onun yerini bilməsin. Təxminən bir həftədən sonra balaca maral anasının arxasınca yeriməyə başlayır və gün ərzində 4–6 dəfə süd əmir. Bir aylığında artıq ot yeyə bilir. Buna baxmayaraq, südlə qidalanmanı bir yaşınadək davam etdirir.

Maral sürü halında yaşayan heyvandır. Balaların böyüyərək sürüyə qoşulması onu sayca artırır. Beləliklə, müxtəlif səbəblərdən çıxdaş olmuş maralların yerini yeni nəsil tutur. Sürünün sayı və tərkibi fəsillərdən asılıdır. Adətən, yaz-yay dövründə 25–30 başdan ibarət iri sürülərə rast gəlinir. Qalan vaxtı marallar kiçik qruplar şəklində yaşayırlar. Bəzi hallarda cavanlarla dişilər eyni sürüdə olur.

Yuxarıda maralların cütləşmə dövrünün maraqlı və ağrılı keçdiyini qeyd etmişdik. Doğrudan da bu dövr maralların həyatında qeyri-adi hadisə kimi görünür. Həmin vaxt erkək maral olduqca çılğın və ehtiraslı olur. Lakin hərəktlərini nizamlamağı bacarır. Yeməyini məhdudlaşdırır. Əsas gücünü dişi fərdi cəlb etməyə yönəldir. Boru səsini xatırladan nəriltilə dişiləri ətrafına toplamağa çalışır. Buynuzunu arxaya — belinə qədər əyərək bu dövrə xas rituallar edir. Erkək nə qədər güclü və davamlı səs çıxararsa (mələyə bilirsə), deməli, dişini daha tez maraqlandıra bilər. Ona görə də cütləşmənin ən qızğın anlarında erkək maral bütün günü mələyir. Səsləri ancaq gündüz azacıq susurlar. Aydın eşidilsin deyə meşə talalarına, seyrək meşəliyə və alp çəmənliklərinə gedirlər. Əgər "səslə" mübarizə nəticəsiz qalarsa, onda Zaman Noruzovun qeyd etdiyi kimi, "bəxtlərini meydanda sınamalı olurlar". Kəllə-kəlləyə gələn erkək maralların buynuz zərbəsi o qədər güclü olur ki, səsi hətta bir kilometr məsafədən eşidilir. Əgər güclər nisbəti eynidirsə, döyüşü dayandırırlar. Z.Novruz bunu bir-birinə hörmət əlaməti kimi "sülh təklifi" adlandırır. Bundan sonra sülh bağlayan maralların hər biri özlərinə yeni və daha zəif, gücsüz rəqib axtarırlar. Axtarış öz gücünü kənardakılara nümayiş etdirməklə başlayır: ayağını yerə döyür, buynuzunu ağaclara çırpır, budaqları sındırır və nərə çəkərək rəqibini açıq döyüşə çağırır. Çağırışa gələn dişi marallar döyüşü diqətlə izləyir və güclü rəqibi həvəslə seyr edirlər. Güclü rəqib isə sanki qüvvəsini nümayiş etdirirmiş kimi müəyyən jestlər edir. Bu jestlər həm də döyüşə hazırlaşan erkəklərin gözünü qırmaq üçün mesajdır. Yəni, "mən onsuz da səni məhv edəcəyəm". Həqiqətən də rəqib zəifdirsə, vay onun gününə. Möhkəmcə əzişdirilir və hətta ciddi xəsarət alır. Kənardakı rəqib erkəkləri işgəncənin ağırlığı qorxudur və onlar meydandan qaçıb uzaqlaşırlar. Güclü, qalib marala da elə bu gərəkdir. Bayaqdan döyüşü həvəs və həyəcanla seyr edən dişilərdə qalib marala qarşı hədsiz dərəcədə maraq yaransa da, o, yalnız özünün istəklərinə uyğun olanları cəmləyib ötkəm bir tərzdə, təmkinlə və aram-aram meydandan çıxır. Belə maral başına topladığı "hərəm"lərini subay erkəklərin gözündən yayındırır və özü də təcavüzkar əməllərindən əl çəkir.

Maralların təbiətdə düşməni çoxdur. Onların ən təhlükəlisi pələng, bəbir və ayıdır. Vaşaq isə maral balalarının qənimidir. Yeni doğulmuş körpələrə tülkü, vəhşi pişik, yenot da hücum çəkir. Maralın qorxulu düşmənləri arasında canavarın adını xüsusi qeyd etmək lazımdır. Maral canını canavardan qurtarmaq üçün özünü yaxınlıqdakı su hövzələrinə vurur, yaxud qayalara çıxır. Ancaq əlacsız qaldıqda özünümüdafiəyə qalxır, ön ayaqları və buynuzları ilə rəqibini geri çəkilməyə məcbur etsə də, bu, həmişə mümkün olmur. Odur ki, maral daha etibarlı variant kimi sığınacaqlardan istifadəyə cəhd edir.

Maralın qidasını gəzib dolandığı ərazidəki müxtəlif bitkilər təşkil edir. Payız-qış aylarında yerə tökülmüş yarpaqlar, kolların və ağacların yumşaq budaqları, ot bitkiləri, meyvə və toxumlar, ağac-kol bitkilərinin yaşıl yarpaqları (cökə, ağcaqayın, palıd, şabalıd, şam, böyürtkən və s.) maralın həvəslə yediyi qida məhsullarıdır. Qidanın 70 faizini ot, 20 faizini ağac və kol, qalanını isə başqa bitki qruparı təşkil edir. Ümumiyyətlə, maral da başqa heyvanlar kimi qida ilə zəngin ərazidə yaşamağa üstünlük verir. Ona görə də meşə və dağlara, talalara, hətta bataqlıqlara — harda yem ehtiyatı boldursa, ora can atırlar. Bu isə çox vaxt onları əsas düşmənləri sayılan insanla üz-üzə qoyur. Buynuzlarına, ətinə və dərisinə artan tələbat maralı səksəkəli yaşamağa məcbur edir. Saylarının sürətlə azalmasının başlıca səbəbi də elə budur. Yaraşıqlı buynuzu təhlükə anlarında maralın ələ keçməsinə, meşədəki ağaclara ilişməsinə şərait yaradır. Buynuz maralın baş hissəsinə xüsusi görkəm verir. Əsasən erkək fərdlərdə, bəzən isə dişilərdə də olur. Hər il tökülür və yenisilə əvəz olunur. Maralın buynuzu başqalarından özünəməxsusluğu ilə seçilir. Yüngül və davamlı alın sümüyündə əmələ gəlir (bitir). Başqa sözlə, maral buynuzu sadəcə sümük çıxıntısıdır. Köhnə buynuz töküləndən sonra onun uzandığı sümüyün üstündə qığırdaqdan ibarət "papaq" əmələ gəlir ki, o da qısa və sıx tüklü dəri ilə örtülür. Cavan buynuzlar kənar təsirlərə çox həssasdır. Çünki bütün buynuz boyu qan damarları və sinir şaxələri uzanır. Tədricən buynuzda aşağıdan yuxarıyacan sümükləşmə gedir. Buynuzun üst kələ-kötür qatı, fırlı hissələri burda mövcud olmuş damarın izləridir. Birinci il mütəmadi olaraq nazik milşəkilli, ikinci il isə atıq yetkin formada çəngələoxşar buynuzlar çıxır. İlbəil buynuzun ümumi kütləsi və budaqlanmanın — çıxıntının sayı artır. Qocalmış heyvanda buynuz çıxıntıları (budaqlanma) dayandığına görə maralın yaşını müəyyənləşdirmək olmur. Buynuzun ölçüsü və çıxıntıların sayı orqanizmin xüsusiyyətindən, qidalanmadan və s. səbəblərdən asılıdır.

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]

Marallarda gözətrafı vəzlər yaxşı inkişaf edib. Dərilərinin rəngi müxtəlifdir. Lakin əksər növlərdə cavan marallar xallı olur. Bir qayda olaraq, bütün maralların quyruqətrafı nahiyyəsində açıqrəngli xallar var. Buna da "güzgü" deyirlər. "Güzgü" budların arxa səthində yerləşir.

Maral ildə iki dəfə tükünü dəyişir. Arxa ətrafı qabaq ayaqlarından bir qədər uzundur. Cavanlardan fərqli olaraq yaşlı maral yay aylarında xallı və ya ilboyu eyni rəngdə olur. Tüklərindəki ürəkşəkilli qat qışda daha yaxşı görünür. Bədən ölçüləri baxımından çox müxtəlifdir.

İndi isə maralların bizə bəlli olan və olmayan bir neçə növü ilə tanış olaq. Şimal maralı — marallardan ən maraqlısı hesab olunur. Belə ki, sərt iqlim şəraitinə əla uyğunlaşmağı bacaran şimal maralı qışda qarın üstündə təhlükə qorxusu keçirmədən asanlıqla hərəkət edir. Dırnaqlarının enli olması onu nəinki qarda batmaq təhlükəsindən qoruyur, hətta bataqlıqda belə sərbəst hərəkətinə yardımçı olur.

Şimal maralı çovğuna düşdükdə də vəziyyətdən çıxış yolu tapır. Yüzlərlə başdan ibarət maral sürüsü bir-birlərinə möhkəm qısılaraq hərəkət edir ki, bu da onları üşüməyə qoymur. Çovğun zamanı geri qalmış maral, sürüdəki maralların baldır damarlarının sümüyə sürtünüb çıxardıqları bərk şaqqıltı səsinə yoldaşlarını tapıb onlara qoşulur. Beləliklə, soyuqdan tələf olmaq qorxusu aradan qalxır. Şimal marallarının tük örtüyünün quruluşu da onları donmaqdan qoruyur. Bütün heyvanlarda tük dib tərəfdən uca doğru nazikləşdiyi halda, bunlarda əksinədir. Tükün dib hissəsi nazik, ucu isə qalındır. Ona görə də şiddətli küləklər əsdikdə də bu tüklər bir-birinə söykənərək heyvanı soyuqdan qoruyur. Maralın yunu eyni zamanda xilasetmə kəməri rolunu oynayır; içərisi boş olduğundan heyvan suda yaxşı üzür. Yaz və payız mövsümündə miqrassiya zamanı rast gəldikləri enli çayları rahat üzüb keçmələrində də tükün spesfik quruluşu köməyə gəlir.

Şimal maralının özünəməxsusluğu həm də ondadır ki, digər növ maralların yalnız erkəyində buynuz olduğu halda, bunların dişi fərdində də buynuz var. Qida obyektinə görə də seçilirlər. Yemlərini əsasən "maral mamırı" adlanan island işbyələri təşkil edir. Əhli növ kimi qədim zamanlardan bəri şimal xalqlarının istifadəsində olan marallar nəqliyyat, qida və sənaye obyekti kimi mühüm əhəmiyyət daşıyıblar. Məsələn, uzun illər itlərlə bərabər, maralar qoşqu vasitəsi kimi istifadə edilib, dadlı ətinə, isti xəzinə və möhkəm gönünə görə yüksək qiymətləndirilib. Xizəyə qoşulmuş maral saatda 10 km sürətlə hərəkət etməklə 100 kq yükü mənzil başına çatdıra bilir. Təsərrüfat əhəmiyyətinə, yəni qoyunu, ipəyi və atı yaxşı əvəz edə bildiklərinə görə şimalda onları əhali ev heyvanı kimi bəsləyib artırırlar. Qaçış sürəti yüksək olan həssas və ehtiyatlı çöl maralını isə ovlamaq o qədər də asan deyil.

Qafqaz maralı — Bunlara nəcib maral da deyirlər. Bədəninin uzunluğu 250–265 sm, süysününün hündürlüyü 135–155 sm, çəkisi 300–340 kq-dır. Nəcib maralın yayılma arealı çox genişdir: Qərbi Avropa, Cənubi Skandinaviya, habelə Şimali Afrika və Amerika, Asiya ölkələri… Avstraliya, Yeni Zelandiya, Argentina və Çilidə iqlimləşdirilib. Nəcib maral Qafqazda da geniş yayılıb. Verşaginə (1942) görə, 60 il əvvəl Dağlıq Qarabağ meşələrində və ondan qərbdə yaşayan nəcib maral sonradan yoxa çıxıb. Sonuncu maralın Astara yaxınlığında (Talışda) 1922-ci ildə öldürüldüyü bildirilir. Mənbələrdə qeyd edilir ki, yerli Qafqaz maralları Azərbaycan ərazisində çox olub və ehtimal ki, Şamaxıdan şərqdə yerləşən meşələrdə yaşayıb. Lakin meşələrin sürətli məhvi onların areallarının xeyli daralması, beləliklə, yerli nəcib maralların Kür-Araz boyunca Tuqay, habelə Kiçik Qafqaz və Talışın dağ meşələrinə çəkilmələri ilə nəticələnib. Hazırda ölkəmizin qoruqlarındakı Qafqaz maralı sonradan respublikamıza gətirilərək iqlimləşdirilmiş heyvanlardır. Yerli marallar isə uzunmüddətli qaydasız ov və laqeydlik üzündən bir növ kimi Azərbaycan təbiətindən silinib. İqlimləşdirilmiş nəcib marallar əsasən dövlət qoruqlarında cəmləşib. Ədəbiyyat materiallarında onlardan 800 başa yaxının Zaqatala, 200 başa yaxının İsmayıllı, 80–90 başının isə İlusu qoruğu və Şəki yasaqlığında olduğu qeyd edilir. Ümumiyyətlə, nəcib maralın yayılma sahəsi Böyük Qafqazın cənub yamacları, Altıağac meşə massivi, həmçinin Kiçik Qafqazdır. Az hallarda isə Qarayazı və Göygöl qoruqlarında rast gəlinir.

Xallı maral — Bu marallar respublikamıza Ussuri meşələrindən gətirilib və bir müddət Altıağacda volyer şəraitində saxlanılıb. Hirkan Dövlət Qoruğu yaradıldıqdan (1969) sonra isə ora göçürülüb. Z.Novruz köçürmə əməliyyatını uğursuz və səhv addım kimi qiymətləndirərək məhz həmin prosesdə kobud yanaşma ilə əlaqədar çoxlu sayda maralın tələf olduğunu xüsusi vurğulayır: "Hər bir heyvanı 6–7 nəfər qovub tutaraq qulaqlarından, qıçlarından necə gəldi yapışıb avtomaşınlara tullayırdılar. Heyvanların gözləri qarşısında dəhşətli mənzərə yaranmışdı. Bu mənzərəni görən güclü marallar özlərini hara gəldi çırparaq məhv edirdilər…. Yerli şəraitə bələd olmayan yad marallar canavara, ayıya yem oldular".

Xallı maralın vətəni Şərqi Çin, Koreya yarımadası, Ussuriya vilayəti və Uzaq Şərqin cənub hissəsidir. 12–15 başdan ibarət sürü əmələ gətirirlər ki, onların da tutduğu ərazi 800–900 ha yaxındır. Xallı maral çox yaxşı üzməyi bacaran (10 km) heyvandır. Bədəni qəşəng, biçimli və mütənasibdir.

Bu marallar dərman məqsədilə təsərrüfatda saxlanılır. Cavan, sümükləşməmiş buynuzlardan alınan pantokrin tonuslayıcı vasitə kimi tibbdə geniş istifadə olunur. Həmin niyyətlə 1952-ci ildə Azərbaycana 13 baş xallı maral gətirilib. Maralçılıq təsərrüfatının yaradılması nəzərdə tutulurdu. Ona görə də əvvəllər Altıağacda saxlandı, sonra sərbəst buraxıldı. Sayları artdıqca ölkəmizin əlverişli dağ-meşə ərazilərinə yaymaq planlaşdırıldı: xüsusilə Kiçik Qafqazın meşə massivlərinə, həmçinin Göygöl ətrafına, Qusar və Quba rayonlarına, Talış (Hirkan qoruğu) meşələrinə. İndi yalnız təbii şəraitdə Böyük Qafqazda, qoruq şəraitində isə Lənkəran ovalığında (Hirkan) yaşayırlar. Sonuncuda 50–60 baş olduğu ehtimal edilir.

Barasinqa — dünyada ən yaraşıqlı marallardan biri sayılır. Kəhrabayı-sarı, yaxud qırmızı-qonur rəngə malikdir. Cod və islanmayan tükləri, bataqlıqda yaxşı hərəkət etməyə uyğunlaşmış dırnaqları var. Bu səbəbdən çox halda onu bataqlıq maralı da adlandırırlar. Dişi və erkək fərdlər yalnız qışda bir yerdə qrup halında yaşayırlar. Bütün ilboyu çoxalırlar. Döyüş turneləri bunların erkəkləri üçün xarakterik deyil. Güclərini səslərilə bəlli edirlər. Erkəyin səsi melodikdir, xoş səslidir. Ardıcıl yüksələn və azalan tona malikdir. Barasinqaların sayı ildən-ilə tükənməkdədir. Cəmi 550 baş maralın qaldığı bildirilir. Əsas yayılma yerləri Mərkəzi və Şimalı Hindistandır. 3–5 başdan ibarət qrup əmələ gətirirlər.

Ağsifət maral — az məlum olan nadir növdür. Özünəməxsus görünüşü və quruluşu var. Məşhur rus səyyahı N.Prepsevalski tərəfindən aşkar edildiyi üçün eyniadlı yarımnövünə onun adı verilib. Orta böyüklükdə ölçü və çəkiyə malikdirlər. Uzunluqları 190–200 sm, hündürlüyü 120–130 sm, çəkisi 130–140 kq, ayaqları uzun, üzü qısa və enlidir. Qulaqları böyükdür, ensiz və itiucludur. Quyruğu qulağından iki dəfə qısadır (12–13 sm). Dırnağı hündür və enlidir. Maraldan çox, dağ keçisinin dırnağına oxşayır. Yan dırnağı o biri marallardakından 2 dəfə uzundur. Gözətrafı vəzisi çox böyük olub, göz boyda və ya daha iridir. Erkəyin buynuzu xeyli böyükdür və yastılaşıb. Beş çıxıntısı var. Çətir əmələ gətirmir. Xəzi açıq qəhvəyidir. Burnu, dodağı və boğazının altı ağ rəngdədir. Tükü qısa, qalın və coddur. İçi boşdur. Tiftik tükü yoxdur. Erkəklərin belində onurğa sütunu boyunca arxadan önə doğru narın tük ötrüyü var. Ortası yəhərə oxşayır. Qidasını meşəsiz yüksək dağlarda kolluqlar təşkil edir. Əsas yayılma yerləri Şərqi-Şimali Tibet və Kukunor dağlarıdır. Nəsli kəsilmək üzrə olduğundan adı "Qırmızı Kitab"a daxil edilib.

Əlbəttə, marallar adları sadalananlarla qurtarmır. Bir yazıda onların hamısının təsviri mümkünsüzdür. Biz daha maraqlılarını və az-çox haqqında eşitdiklərimizi yaxından tanıtmaq üçün yalnız bunlarla kifayətləndik.

İnsan-təbiət münasibətlərində maral həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, onunla bağlı insan və yer-yurd adları istənilən qədərdir. Məsələn, qız adı kimi Maral geniş yayılan adlardandır. Maral həmçinin əzizləmə kimi, körpələrə və bəzən qızlara ("maralım", "ceyranım" və "körpə maralım" və s.) da deyilir. Qazax rayonunun mustye dövrünə aid yaşayış məskənlərindən biri Maralça adlanır.