Marketpleys (ing. online marketplace, online e-commerce marketplace ; elektron ticarət platforması, virtual ticarət platforması) – üçüncü tərəflərin məhsulları və ya xidmətləri haqqında məlumat verən elektron ticarət platformasıdır.
Marketpleys optimallaşdırılmış bir onlayn platformadır və burada müxtəlif təchizatçılardan məhsul və xidmətlər təklif edilir. Marketpleys optimallaşdırılmış bir onlayn platformadır və burada müxtəlif təchizatçılardan məhsul və xidmətlər təklif edilir.
Marketpleyslər, geniş çeşidli məhsulları bir araya gətirdikləri üçün seçim imkanları və məhsulların əlçatanlığı ixtisaslaşmış pərakəndə internet-mağazalardan daha geniş olur.[1] 2014-cü ildən etibarən bu cür platformalara olan tələbat artdıqca onların sayı da sürətlə artır.[2]
1995-ci ildə Amazon şirkəti təsis edilib və fəaliyyətinə onlayn kitab pərakəndə satışı ilə başlayıb. Hazırda Amazon dünyanın ən böyük marketpleyslərindən biri olaraq səkkiz müxtəlif ölkədə filiallara sahibdir. Həmin il ABŞ-da internet-auksion platforması olan eBay də yaradılıb. eBay formal olaraq marketpleys kateqoriyasına aid edilə bilər, çünki bu platforma həm hüquqi, həm də fiziki şəxslərə öz məhsullarını satışa çıxarmaq imkanı yaradır. Ancaq eBay-in digər marketpleyslərdən fərqi qiymətlərin auksion qaydasında müəyyənləşdirilməsidir
1996-cı ildə Hiroşi Mikitani Yaponiyada Rakuten adlı elektron ticarət mağazasını təsis etdi və 1997-ci ildən etibarən pərakəndə satıcılara öz saytlarını bu platforma üzərindən qurmaq imkanı verdi.
1999-cu ildə Alibaba Çində Cek Ma tərəfindən təsis edilib və sonradan dünyanın ən böyük marketpleysinə çevrilib. 2018-ci ilin dördüncü rübündə şirkətin kapitalizasiyası 441 milyard dollar həddinə çatmışdı.[3]
2004-cü ildə Rusiyada Vladislav və Tatyana Bakalçuk tərəfindən Wildberries təsis edildi.[4]
2010-cu ildə Trendyol Türkiyədə təsis edilmişdir.
2020-ci ildə Umico Market Azərbaycanın ilk mobil marketpleysi kimi istifadəyə verilmişdir. Bu platforma müxtəlif kateqoriyalarda minlərlə məhsul təklif edir və istifadəçilərinə loyallıq proqramı vasitəsilə kəşbək imkanı yaradır. Umico, həm onlayn, həm də oflayn ticarət xidmətlərini birləşdirərək, bazarda mövqeyini möhkəmləndirmişdir.[5]
2023-cü ilin may ayında Trendyol, Paşa Holdinq ilə əməkdaşlıq edərək Azərbaycanda birgə fəaliyyətə başlamışdır. Bu addım platformanın ölkədə birbaşa çatdırılma xidmətlərini genişləndirməsinə və yerli alıcılar üçün daha rahat alış-veriş imkanı yaratmasına səbəb olmuşdur.[6][7][8]
Marketpleyslər marketinqdə onlayn mühitdə informasiya vasitəçisi kimi çıxış edir və müştərilərə müxtəlif şirkətlərin məhsul və xidmətləri (aviabiletlər, ketrinqlər, geyim və ayaqqabı və digər məhsullar) haqqında məlumat əldə etmək üçün sayt təqdim edir. Marketpleyslərin təqdim etdiyi bu xidmət istifadəçilər üçün əlverişlidir, çünki müştərilərin hər bir məhsul və ya xidməti ayrıca araşdırmasına ehtiyac qalmır. Onlayn vasitəçilər müştərilərə qiymətləri, reytinqləri və digər göstəriciləri asanlıqla müqayisə etməyə imkan verir.
B2B (biznesdən-biznesə) və B2C (biznesdən-müştəriyə) platformaları belə vasitəçilərdən ciddi üstünlüklər əldə edirlər. Bundan əlavə, bəzi marketpleyslər sosial şəbəkə dəstəyi də təklif edirlər ki, bu da təchizatçılar və müştərilər arasında birbaşa əlaqə yaratmaq üçün sosial icmalar formalaşdırır. Elektron ticarətin inkişaf tendensiyaları göstərir ki, bu cür platformalar rəqəmsal mühitdə təchizatçı və müştərilərin biznes aparmasını daha da asanlaşdırır.[9]
Elektron ticarətdə “marketpleys” anlayışı ilə yanaşı, “aqreqator” anlayışı da geniş yayılmışdır. Aqreqator da üçüncü tərəfin məhsul və xidmətləri barədə məlumat təqdim edən platformadır. Lakin aqreqator, marketpleysdən fərqli olaraq, alıcı və satıcı arasında yalnız vasitəçilik edir və əməliyyata birbaşa müdaxilə etmir. Yəni, aqreqator ödənişləri öz platformasında qəbul etmir və logistika ilə məşğul olmur.