Meşə faunası – Yer kürəsi meşələrində yaşayan heyvan növlərinin məcmusu: yer səthində yaşayan heyvanların yarısını təşkil edir.[1]
Meşə bitkisinin tərkibi və quruluşu onun faunasının zənginliyi və müxtəlifliyini müəyyən edir. Meşə qruplaşmaları nə qədər mürəkkəb və rəngarəngdirsə, yem bazası boldursa, meşə faunası da bir o qədər bol və rəngarəng olar. Meşə faunasının bir çox növləri meşənin həyatında mühüm rol oynayaraq onun böyüməsi, inkişafı, bərpası və formalaşmasına təsir göstərir. Bir sıra quşlar və məməlilər ağac və kolların toxumları, meyvələri ilə qidalanaraq onların yayılmasına və bitməsinə kömək edir. Bununla bərabər meşə faunası meşəyə və meşə əkinlərinə müəyyən ziyan da verir. (bir çox cücülər, gəmiricilər). Respublikamızın Talış zonasının meşə faunası daha çox zənginlyi ilə seçilir. Talış dağları meşələrində cüyür, bəbir, meşə pişiyi, qaya dələləri, vaşaq, yereşən, kirpi, süleysin, köstəbək, çaqqal, qonur ayı, porsuq, samurlar, çöldonuzu, dənizə yaxın düzən meşələrdə quşlardan qaşqaldaq, qamışlıq quşu, kiçik bozca, ağqarın, cüllütlər, qağayı, sternalar, anqutlar, qaqar, boz qaz, sarıleylək, bildirçin, meşə göyərçini, sultan toyuğu, qaratoyuq, sarquşu, qırqovul, turac, qızlar quşu və s. geniş yayılmışdır. Endemik quşlardan Hirkan zığzığı, Hirkan payız bülbülü, Hirkan zaryankası, Hirkan arıquşu, Talış qırqovulu və s. göstərmək olar, endem cücülərə (kəpənək, qarışqa, böcək və s.) də rast gəlinir. Böyük və Kiçik Qafqazın dağ meşələrində yaşayan məməli heyvanların əksəriyyəti qiymətli ov heyvanları, yaxud estetik cəhətdən nadir, gözəl heyvanlardır. Bu meşələrdə yırtıcı heyvanların xarakterik nümayəndələrindən bəbir, boz ayı, canavar, çaqqal, tülkü, kaftar, vaşaq və meşə pişiyidir. Qiymətli ov heyvanlarından isə dırnaqlılara aid olan Bezoar keçisi, Qafqaz dağ keçisi, Qafqaz maralı, cüyür, dağ qoyunu, köpgər, çöl donuzu, gəmiricilərin nümayəndələri olan dovşan, dələ, sincab, porsuq, gəlincik, meşə süleysinləri, qulaqlı kirpi, çay samuru, quşlardan Qafqaz uları, alacəhrə, meşə əlvan bülbülü, qaratoyuq, iri əlvan ağacdələn, arıquşu və s. göstərmək olar.