Mehri və Vəfa (Ümmi İsa)

Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir.

Mehri və Vəfa
Janr məsnəvi
Müəllif Ümmi İsa
Orijinal dili Azərbaycan türkcəsi
Yazılma ili XI və ya XIII-XIV əsrlər
Nəşr ili Azərbaycan və Türk dilləri

İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır. Arşi “Mehriü Vəfa”nı Həzəc bəhrində yazıb. Bu məsnəvi 2200 beytdən ibarətdir. Şair iddia edir ki, “Mehri və Vəfa” mövzusunu ilk dəfə o qələmə alıb. Bir digər ədəbiyyatşünas alimlər isə Mehri və Vəfa hekayəsini ilk dəfə XII əsrdə Rəşidi Səmərqəndi tərəfindən yazıldığı fikrini irəli sürüblər. Rəşidinin bu əsərindən romantik mənzumə kimi bilinir. Dövlətşah öz təzkirəsində Rəşidinin Mehri və Vəfa məsnəvisindən "o dastanda həqiqətən sözün haqqını vermişdi" deyə bəhs edir. Sonralar yazılmış fars və türkcə “Mehri və Vəfa" məsnəvilərinin  çoxu onun təsiri altında olmuşdur. Türk dilli ədəbiyyatda isə bilinən ilk Mehri və Vəfa məsnəvisini Ümmi İsa qələmə almışdır.[1]

Pоеmanın müəllifinin adının İsa оlduğunu biz yalnız əsərdən öyrənirik:[2]

“Ümma, İsa, nеcə bir bu qеyli-qal,
Dilə haqdan kim, qılasan ittisal”.

Təəssüf ki, başqa hеç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf еdilmir. Оna görə də оnun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla bеlə, professor Yaqub Babayevə görə əsərin pоеtik linqvistikası, dil xüsusiyyətləri, lеksik məziyyətləri və üslubi sistеmi bütünlüklə XIII-XIV yüzilliklərdəki ana dilli еpik sənət nümunələrini xatırladır. Babayev “Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV əsrlər)” adlı kitabında yazır:[3]

“XIII-XIV əsrlər ana dilli abidələrimizdə оlduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yеrində işlənir, fеlin zaman şəkilçiləri bоl-bоl bir-birini əvəz еdir, şəxs şəkilçilərinin arxaik fоrmaları sıx-sıx işlənir. Dоğrudur, bu xüsusiyyətə sоnrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sоnrakı əsrlər üçün dеyilən əlamət xеyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çоx nоrmativ xaraktеr alır, öz daimi yеrini tutmağa mеyllənir. XIII-XIV yüzilliklərdə isə bu qrammatik əlamətlərdə daha çоx sərbəstlik, işlənmə tеzliyinin bоlluğu, kəmiyyət artıqlığı müşahidə оlunur. Bu mənada ''Mеhri və Vəfa''- dan məhz XIII-XIV yüzilliklərin qоxusu gəlir.”

Ədəbiyyatşünas alimlərimizdən K.Şərifli və A.Şərifli bu əsəri üzə çıxararaq iki dəfə ön sözlə birlikdə çap еtdirmişlər. A.Şərifli “Ümmi İsanın “Mehri və Vəfa” məsnəvisinin paleoqrafik, orfoqrafik və leksikoloji tədqiqi” mövzusunda dissertasiya yazmışdır.[4]

Prof. Q.Kazımov özünün “Seçilmiş əsərləri”ndə poemanın dilini “Dastani-Əhməd Hərami”nin dili ilə müqayisəli şəkildə təhlil etmiş, leksik və morfoloji quruluşu haqqında məlumat verərək, onun, əslində, hansı dövrün məhsulu olduğunu müəyyənləşdirməyə çalışmışdır. Alim bu qənaətə gəlmişdir ki, pоеmanın yaranma tarixini XIII əsrdən də əvvələ aid еtmək оlar.

Türk ədəbiyyatşünas alim Agah Sirri Levənt Ümmi İsanı XV əsrdə yaşamış şair kimi qeyd edir. Türk ədəbiyyatında XV əsrdən əvvəl yazılmış məsnəviləri araşdırdığı kitabında Amil Çələbioğlu Ümmi İsanın məsnəvisini XIV əsr abidəsi kimi dəyərləndirir. O yazır ki, şair əsərini hicri 774-cü ildə (1372-73) tamamladığını məsnəvisinin sonundakı qoşmada açıq şəkildə bildirir. Ona görə də şairin də bu illərdə yaşadığı təxmin edilir:

Yedi yüz yetmiş dört yılıdur tamam

Olmışıdı rəsuldan sonra vəssalam

İşbu kitabı tamam eylədim

Nəzmilə şərhin cihana söylədüm

Poemanın sujeti belədir:[4][5]

Rum padşahının üç oğlu var idi. Bir gün padşah xəstələnir. Vəziyyətinin getdikcə ağırlaşdığını görən vəzirləri padşahdan onun vəsiyyətini soruşurlar. Padşah vəsiyyət olaraq üç oğlu üçün xəzinə otağında üç küp qoyduğunu söyləyir. Ölməzdən əvvəl onlara deyir ki, “hər qabda bir hikmət var və ölkəni o hikmətlə idarə etsinlər”. Padşah öləndə vəzirlər xəzinəyə gedib görürlər ki, böyük küpdə torpaq, orta küpdə sümük, ən kiçik küpdə isə qızıl var. Küplərin ölçüsünə görə “böyük küpdəki torpaq ölkə deməkdir, böyük oğul padşah olsun, ortadakı küpdəki sümük məmləkətin heyvanlarından xəbər verir. Heyvanlar ortancıl oğula verilməlidir. Kiçik küpdəki qızılları isə kiçik oğul götürsün” deyirlər. Rum padşahının kiçik оğlu Vəfa atası öz payına düşən küp qızılı yоxsullara, еhtiyacı оlanlara, əlsiz-ayaqsızlara sərf еdib kasıblaşdıqdan sоnra bu məmləkətdən baş götürüb gеtmək qərarına gəlir. Barmağındakı üzüyü satıb bir az yemək alır. Qalan pulu ilə gələcəyini öyrənmək üçün dövrünün falçısı rəmmalın yanına gedir. Rəmmal deyir ki, "Sən bir şahzadəsən və başına çox şey gələcək, lakin sonradan xoşbəxtlik tapacaqsan. İçindən su axan bir şəhərə çatacaqsan, lakin o şəhərdə qalmamalısan". Daha sonra bulaq başında qarşılaşacağı canavarın arxasınca getsə qırx hücrədən ibarət bir xəzinəyə və gözəl bir qıza sahib olacağını xəbər verir. Vəfa öyrəndiklərinə sevinərək yola düşür və falçının dediyi hər şeyi edir. O, həm xəzinəni, həm də Mehrini və onun dayəsini tapır. Mehrinin gözəlliyini görəndə ona aşiq olur. Sonra Vəfa Mehrinin dayəsi ilə düşmənlərdən qaçarkən mindikləri qayığın tufan nəticəsində dağıldığını və Xızır peyğəmbərin köməyi ilə bu vəziyyətdən xilas olduqlarını öyrənir. Mehri ilə yaşamağa qərar verən Vəfa qırx hücrəli xəzinəni görür. Mehri birindən başqa bütün otaqları göstərir. Bir gün Mehri yatarkən Vəfa açarı tapıb qırxıncı otağı açır. İçəridə ağacların insanlar kimi danışdığını görür. O, ağacların arasından bitən köynəklərdən birini götürmək istəyərkən qəfil əsən külək onu uçurur. Vəziyyəti öyrənən Mehri çox əsəbiləşir və başlarına fəlakətlər gələcəyini söyləyib, ayrılaq deyir. Köynək Məğrib əyalətində yaşayan bir kəndlinin tarlasına düşür. Əkinçi köynəyi kənd ağasına, kənd ağası isə vəzirə çatdırır. Köynəyi görən sultan “bu gözəl köynək ancaq huriyə aid ola bilər” deyərək sahibinə aşiq olur və adamlarına köynəyin sahibini gətirməyi əmr edir. Vəzir və ağalar məşhur cadugərdən kömək istəyirlər. Cadugər deyir ki, köynəyin sahibi rum elində yaşayan bir gözəldir və onu sultana gətirə bilər. Kasıb və yaşlı qadın qiyafəsində olan ifritə ata minib Mehri ilə Vəfanın yaşadığı yerə gəlir. Allahın adını çəkərək yalvarır. Başlarına pis hadisələr gələcəyini bilən Mehri qapını açmaq istəmir, lakin Vəfanın təkidinə müqavimət göstərə bilmir və cadugəri içəri buraxır. Cadugər içəri girib tilsim atır və hər ikisi huşunu itirir. Cadugər Vəfanın boğazını kəsir və huşunu itirmiş Mehrini küpünə qoyub sultanın sarayına gətirir. Gözünü açanda sultanı görən Mehri bu vəziyyətdən qurtulmaq üçün sultandan bir il başqa sarayda dayəsi ilə oturub sevgilisinin ölümünə yas tutmaq üçün icazə istəyir. Nəhayət, Mehrinin öz istəyi ilə gələcəyini düşünən sultan bu şərti qəbul edir. Yas tutan Mehri bütün paltarlarını qara rəngə boyayır. Sevgilisinin vəziyyətini görən sultan bütün ölkədə matəm elan edir və ölkədə yaşayan hər kəsə qara geyinməyi məcbur edir. Vəfanın bütün var-dövlətini xərclədiyini öyrənən qardaşları onun taleyi ilə maraqlanır. Ortancıl qardaş Vəfanı tapmaq üçün yola düşür və rəmmalın yanına gəlir. Rəmmal ona əvvəl ağlayıb, sonra isə güləcəyini deyir. Saraya çatanda qardaşı Vəfanın öldürüldüyünü eşidir  ağlayır. Xızır gəlib Vəfanı dirildir. Dirilən Vəfa dərhal Mehrini soruşur. Ortancıl qardaşının xəbərdarlığına baxmayaraq sevgilisini tapmaqda israr edən Vəfa bağda qalan iki köynəyi, bir il solmayan çiçəyi və bir kisə qızıllı götürüb yola düşür. On bir ay yol gedən və qarşılaşdığı hər kəsdən Mehrini soruşan Vəfa, Məğrib vilayətinə gəlib çıxır. Vəfa Mehrinin sarayına tərəvəz daşıyan adamın səbətinə çiçəyi qoyur. Çiçəyi qoxusundan tanıyan Mehri toya hazırlıq görmək üçün sultana xəbər göndərir. Mehri sultanın ona göndərdiyi atları Vəfaya verir. Toy məclisi sərxoş olarkən Mehri və Vəfa yola düşüb gizlənmək üçün bir mağaraya girirlər. Ertəsi gün vəziyyəti anlayan sultan ifritəni Mehrini tapmağa göndərir. İki sevgilini tapa bilməyən Sultan, ifritəni qılıncla öldürür. Sevgisindən dəli olan sultan, Mehrini tapmaq üçün ayaqyalın yola düşür.[6]

Bunda sonra Vəfa ilə Mеhrinin başına yеni macəralar gəlir. Əvvəl bir zənci, sоnra bir sərraf Mеhrini ələ kеçirmək istəyir. Lakin Mеhri tədbir və hiylə ilə оnların əlindən qurtarır. Bununla bеlə Mеhri ilə Vəfa ayrı düşürlər. Mеhri bir ölkəyə gəlib çıxır, оnu оrada şah qоyurlar. Vəfa da axtara-axtara gəlib buraya çıxır. Vəfanın məqsədli оlaraq çəkdirib şəhərin görkəmli yеrində qоydurduğu şəkildən оnu tanıyır. Оnlar görüşürlər. Tоy еdib еvləndikdən sоnra Mеhri şahlığı Vəfaya vеrir.[7]

Hekayədə insanlar iki yerə bölünür: əsas qəhrəmanların yanında olanlar və onlara qarşı olanlar. Əsərdə insan olmayanların da personaya daxil edildiyi görünür. Baş qəhrəmanlardan (Mehri və Vəfa) başqa bütün qəhrəmanlar ya sevgililərin yanında olur, ya da onları ayırmağa çalışır.[8][9]

Əsl qəhrəmanların yanında olanlar: Xızır, İlyas, qoca vəzir, Vəfanın böyük qardaşı, kiçik qardaşı, bağban.[9]

Baş qəhrəmanlarla qarşı olanlar: Məğrib-Zəmin sultanı, vəzir, Zəngi sultanı, sərraf, cadugər, dindar qadın, bəy, qonşu qadın.[9]

Mehri obrazı. Klassik ədəbiyyatımızda məşuq rolunun qarşılığıdır. Lakin Mehri çərçivəyə salınan aşiqdən fərqli olaraq o, öz qəddarlığı, iztirabları ilə qarşımıza çıxmır. Onun ən mühüm xüsusiyyətləri mərhəmət və zəkadır. Mehri Ümman padşahının qızıdır. Əsərdə Mehr, Mehri Banu, Banu adları ilə görünən Mehri əfsanəvi bir gözəlliyə sahibdir. Mehri o qədər gözəldir ki, Vəfa onu ilk dəfə görəndə huşunu itirir. Bu hadisə yeddi dəfə təkrarlanır. Əsərdə Mehrinin xüsusiyyətləri sadalanarkən,çox vaxt mübaliğələrdən istifadə olunub. Əsərdə Mehridən bəhs olunarkən “taxt üzərində mələk oturmuş, üzünün nuru bütün sarayı işıqlandırmış” cümləsi buna nümunədir. Zahiri xüsusiyyətlərindən başqa, Mehri həm də çox ağıllı insandır. O, nə olacağını qabaqcadan görmək qabiliyyətinə malikdir. Vəfanın yaratdığı çətinlikləri aradan qaldıran Mehridir. Elə buna görə də o, əsərdə güclü qadın obrazı kimi təsvir olunub. Mehri ağıllı olduğu qədər də mərhəmətlidir. Hekayənin sonunda tutduğu adamları cəzalandırmır, hər birinə iyirmi min qızıl verib evlərinə göndərir.[10]

Vəfa obrazı. O,Rum padşahının kiçik oğludur. O, divan ədəbiyyatında Mehri kimi o da aşiq rolunu daşıyır. Vəfa divan poeziyasında gözü yaşlı aşiq obrazıdır.[9]Onun bu cəhəti

Kimsəsiz yox heç kimsə həmən hər kimsənin var kimsəsi

Kimsəsiz qaldım mədəd ey kimsəsizlər kimsəsi”

kimi beytlərlə verilib. Vəfanın başqa bir xüsusiyyəti də odur ki, o, Mehridən fərqli olaraq çox zəif bir xarakterdir. Hekayədə sevgililərin bir-birindən ayrılmasına səbəb olacaq bütün hadisələrin səbəbkarı Vəfadır. Buna baxmayaraq, Vəfa da Mehri kimi mərhəmətli bir insandır. O kasıblara kömək etmək üçün bir küp qızılın hamısını xərcləyib bitirir. Mehirini əlindən alanları cəzalandırmır.[11][9]

Dil xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mehri və Vəfa məsnəvisində istifadə olunan dil sadədir. Çox olmasa da, ərəb və fars sözlərindən istifadə olunub. Əsərdə ərəb və fars dillərində bəzi ifadələrə də rast gəlmək olar. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Əsərin dili o dövrün danışıq dilinə yaxındır. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir.

Mehri və Vəfa məsnəvisi əruz vəzni ilə yazılmışdır. Klassik məsnəvi kimi tanınan əruzun “Fâ¡ilatün fâ¡ilatün fâ¡ilün” ölçüsündən istifadə edilmişdir. Əsərdə bəzi sözlərin vəznə uyğunlaşdırılmağa çalışılıb. Xüsusən də türk sözlərini əruz vəzninə uyğunlaşdırmaq çətin olduğu üçün bəzi yerlərdə ərəb və fars sözləri ilə əvəz edilib. Əsərin qafiyə quruluşu kifayət qədər nizamlıdır.[12]

Əsərin dilində diqqəti çəkən ən mühüm cəhət leksika və qrammatikada arxaiklikdir. Bu cəhətdən məsnəvinin dili sonrakı dövr ədəbiyyatından əvvəlki dövrə – «Kitabi-Dədə Qorqud»un dilinə yaxındır. Xalis Azərbaycan-türk sözlərinin çoxunda fonetik və ya leksik arxaiklik mövcuddur. Əsərin dilində alınmalar da çoxdur. Bunlar da «Dədə Qorqud»dakı türk mənşəli sözlərlə alınmaların nisbəti qədərdir.[13]

“Mehri və Vəfa”nın dili, üslubu, deyim tərzi ilə “Əhməd Hərami dastanı”nın dil, üslub və deyim tərzi ilə də bir-birinə çox yaxındır.[14] “Əhməd Hərami dastanı” belə başlayır:

Bu dastanı bu gün bünyad edəlim,

Haqqın qüdrətlərin biz yad edəlim.

Eyni bir başlanğıcı və yaxud da təhkiyənin ənənə kimi yaşarlığını İsanın “Mehri və Vəfa”sında da görürük:

Əvvəl Allahın adını yad edəlüm,

Sizə də bismillah bünyad edəlüm.

A.Şərifli yazır: “Ümumiyyətlə, dastan və nağıllarımızdan istifadə ilə yanaşı, Nizami yaradıcılığının təsiri də burada duyulur. Xüsusilə “Yeddi gözəl” əsərindəki “Qara geyimli kənizin nağılı”nın detalları yada düşür. Nizaminin əsərində olduğu kimi, Vəfa da Qara geyimli ölkəyə gəlir və Mehrini orada tapır. Mehrinin hər işi tədbirlə, ağılla, məntiqlə, eyni zamanda cəsarətlə görməsi də Nizami əsərlərinin qəhrəmanlarını xatırladır və s.[15]

Əlyazma və nəşrləri

[redaktə | mənbəni redaktə et]

Ümumiyyətlə Ümmi İsaya məxsus Mehri və Vəfa məsnəvisinin istər yerli istər xarici kitabxanalarda bir çox əlyazma və nəşrləri mövcuddur. Poema Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xətti ilə iki dəfə (2001, 2005- ci illərdə) nəşr edilmişdir. Birinci nəşr Kamandar və Aysel Şəriflilər tərəfindən hazırlanmış, kiril əlifbası ilə nəşr olunmuş, əsərə 2,5 müəllif vərəqi həcmində ön söz yazılmış, sonda çətin sözlərin lüğəti verilmişdir. Əsər «İrşad» İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyevin yığcam ön sözü, M.Z.Nağıyev və M.M.Adilovun redaktorluğu ilə çap olunmuş, titul səhifəsində «Ədəbiyyatımızın və dilimizin nadir abidəsi» kimi qiymətləndirilmişdir. İkinci nəşrdə isə məsnəvi latın qrafikalı əlifba ilə çap olunmuş, eyni zamanda mətn ərəb əlifbası ilə də verilmişdir (xəttat M.Əzizov). Ərəb əlifbası ilə verilən mətndə nüsxə fərqləri müəyyən edilmişdir. Elmi-tənqidi mətni, hazırkı əlifbaya çevirəni, nəşrə hazırlayanı, ön sözün və lüğətin müəllifi Aysel Şərifovadır. Bu çapda ön söz qısadır. Əsərin iki əlyazması qalmışdır. Əsərin bizə gəlib çatan AR MЕA-nın Əlyazmalar İnstitutunda saxlanan əlyazmalarının hər iki nüsxəsi XIX əsrdə köçürülmüşdür. Bunlardan biri 1827-ci ildə Məhəmməd Kəminə, digəri 1834-cü ildə tanınmış alim, pedaqoq və kitabşünas Əbdülqəni Nuxəvi Xalisəqarızadə tərəfindən köçürülmüşdür.[16] Birinci nüsxə 1490, ikincisi 1574 misradan ibarətdir. Müəlliflər birinci nəşrdə Əbdülqəni Nuxəvinin köçürdüyü əlyazmanı etibarlı saymışlar: «Əbdülqəni Nuxəvi əsərin mətnini hələ gənc yaşlarında köçürməsinə baxmayaraq, köçürdüyü əlyazmanın imla xüsusiyyətlərini saxlamağa çalışmış və onun dilinə və üslubuna müdaxilə etməkdən çəkinmişdir».[17]

Müəlliflər bu nüsxənin köçürüldüyü əlyazmanı daha qədim sayırlar. 1827-ci ildə Məhəmməd Kəminə tərəfindən üzü köçürülmüş nüsxə haqqında yazırlar: «Məhəmməd Kəminə məsnəvinin mətnini köçürərkən orada çoxlu ixtisarlara, əlavələrə və dəyişmələrə yol verilmişdir. Bununla da «Mehri və Vəfa» poemasının təhrif olunmuş bir nüsxəsi meydana gəlmişdir. Əbdülqəni Nuxəvinin nüsxəsindən fərqli olaraq, Məhəmməd Kəminənin əlyazmasında poemanın 28 misradan ibarət müqəddiməsi ixtisar edilmişdir. Bundan başqa, əsərin mətnində bir sıra beytlər tamamilə dəyişdirilmiş, bəzi epizodlara əlavə beytlər daxil edilmiş, bəzi hissələrdə isə ayrı-ayrı beytlər ixtisar edilmişdir, Bunlardan başqa, poemanın dilində olan arxaizmlərin bir qismi daha müasir variantları ilə əvəz edilmişdir».[18]

Ümmi İsaya məxsus Mehri və Vəfa məsnəvisinin Türkiyə kitabxanalarında 3 nüsxəsi var. Bu nüsxələr aşağıdakılardır:[19]

1.İzmir Milli Kitabxanası, 26/668 nömrəli nüsxə. Nəsx xətti ilə yazılıb. ölçüsü 210x145 mm-dir.

2. Atatürk Universiteti Kitabxanası, Seyfəddin Özege Kataloqu, 282 və 283 nömrəli nüsxələri. Əlyazma 19 sətir və 61 vərəqdən ibarətdir. Şeir məsnəvi üslubunda yazılmışdır, lakin nüsxədə klassik məsnəvi tipli bəsmələ, tövhid və münacat hissələrinin əskikdir. Məsnəvi 795 beytdən ibarət çox həcmli olmayan əsərdir. Əsər yazıldığı dövrün dil xüsusiyyətlərini əks etdirməsi ilə mühüm əhəmiyyət kəsb edir. Nüsxəni köçürən sonda belə bir tarix əlavə edib: “Təmmətü’l-kitab bi-câni’l-lahi’l-mülkü’l-vehhab tarix il 1208 fî 17”. Nüsxədə sətirlərdə yerdəyişmələr olduğu üçün qafiyə sxemindəki pozuntular zaman-zaman nəzərə çarpır. Əsərdə say pozuntuları da var. Bu pozğunluqların əksəriyyətinin yazıdan qaynaqlanan səhvlər olduğu müəyyən edilib.[20]

3. Marbur Staatsbibliothek, Ms.Or.Okt 2628 nömrəli nüsxə.[20]

  1. Önder, 2023. səh. 342
  2. İmanov, 2023. səh. 101
  3. Babayev, 2008. səh. 84
  4. 1 2 Babayev, 2008. səh. 83
  5. Önder, 2023. səh. 344
  6. Önder, 2023. səh. 345
  7. Önder, 2023. səh. 346
  8. Karagözlü, 2011. səh. 42
  9. 1 2 3 4 5 Babayev, 2008. səh. 86
  10. Karagözlü, 2011. səh. 43
  11. Karagözlü, 2011. səh. 44
  12. Çapanoğlu, 2014. səh. 5
  13. Kazımov, 2008. səh. 168
  14. Şərifli, 2001. səh. 8
  15. Şərifli, 2001. səh. 9
  16. Adilov, 2009. səh. 58
  17. Kazımov, 2008. səh. 165
  18. Kazımov, 2008. səh. 166
  19. Karagözlü, 2011. səh. 22
  20. 1 2 Çapanoğlu, 2014. səh. 4
  • Ümmi İsa. Mehri və Vəfa. Nəşrə hazırlayan və ön sözün müəllifi: K. Şərifli. Bakı: "Elm və təhsil" NPM, 2017, 108 s. ISBN 9789952814279
  • Şərifova A. K. Ümmi İsanın "Mehri və Vəfa" məsnəvisinin paleoqrafik, orfoqrafik və leksikoloji tədqiqi. Bakı: "Elm və təhsil" NPM, 2012, 250 s.
  • Güləhməd İmanov. Türk mətnşünaslığının əsasları (PDF). Ankara: İksad yayınevi. 2023. ISBN 978-625-6955-01-1.
  • İlkin Quliyev, Nizami Bağırov. Ümmi Isanın Mehri Və Vəfa Poemasının Dili. Bakı: Mütərcim. 2013. səh. 47.
  • Şərifli.K, Şərifli.A. Mehri və Vəfa (Ədəbiyyatımızın və dilimizin nadir abidəsi). Bakı: İrşad. 2001.
  • Q.Ş.Kazımov. Seçilmiş əsərləri. I. Bakı: Nurlan. 2008.
  • Adilov M. M. Azərbaycan paleoqrafiyası. Bakı: Elm. 2009. səh. 224.
  • Sevim Yılmaz Önder. Ümmî Îsâ’nın Mihr ü Vefâ mesnevisinde yeniden dirilme motifi ve Hızır. 107. Bakı: Türk Kültürü ve Hacı Bektaş Velî Araştırma Dergisi. 2023. 341–353.
  • Gökçenur Çapanoğlu. Ümmî Îsâ, Mihr ü Vefâ (dil incelemesi-metin-gramatikal dizin). Yüksek lisans tezi. Erzurum: Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2014. səh. XIV+212.
  • Volkan Karagözlü. Türk edebiyatında Mihr ü Vefâ mesnevileri ve yazarı bilinmeyen bir Mihr ü Vefâ mesnevisi (inceleme-metin). Yüksek lisans tezi. Nevşehir: Nevşehir Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2011. səh. X+175.
  • Babayev Y. M. XIII-XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yоlu. Bakı: "Elm və təhsil" NPM. 2009. səh. 256.