Metonomiya (yun. μετονυμία addəyişmə)- məcaz növlərindən biridir. Bir əşyanın, hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adı çəkilir.
Metonimiya və yaxud istiarədə məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən isə iki söz qalaraq bütün birləşmənin mənasını verir.[1]
Metonomiyada bir anlayış verilsə də, onunla əlaqədar başqa anlayış nəzərdə tutulur. Nəzərdə tutulan anlayışı təsəvvür etmək isə çətin olmur. Çox vaxt neft əvəzinə "qara qızıl", "Azərbaycan" əvəzinə "Odlar yurdu" deyildiyini və yazıldığını bilirik. Eləcə də fikrin "Mən Türkiyəyə baxıram" (Türkiyənin televiziya verilişləri nəzərdə tutulur), "Nizamini başdan-ayağa oxudum" (Nizaminin əsərlərinə işarə edilir) şəklində ifadə olunduğunu eşitmisiniz. Rəsul Rzanın "Salon susub durardı..." misrasında salondakılar, salonda əyləşənlər nəzərdə tutulmuşdur. Aşıq Ələsgərin "Dağlar" şeirindəki "Ağ xələt bürünər, zərnişan geyməz" misrasında metonomiya var: "qar" əvəzinə "ağ xələt" işlədilmiş, bu da əsərin bədii gözəlliyini artırmışdır.
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
İstiarə şeir dilində işlənən məcazdır. Burada sözlərin bir hissəsinin ixtisara düşməsi lakonizmə, az sözlə çox fikir ifadəsinə xidmət edir. Şeirdə misraların uzunluğu sabit olduğundan onların içində hər cür fikrin ifadəsinə nail olmaq şeir dili üçün həmişə problemdir. Çox zaman bir söz şəklində qalan istiarə-obraz qısa sətirlərdə həm fikri yığcam ifadə etməyə, həm də qafiyə yaratmağa şərait yaradır. Mirzə Ələkbər Sabirin bir beytinə diqqət edək:
Dindirir əsr bizi – dinməyiriz,
Burada iki istiarə işlənib. Birinci “yeni inqilablar əsri” ifadəsinin qısa şəkli olan əsr sözüdür. İkinci isə “atılan inqilab topları” ifadəsinin qısa şəkli olan “Atılan toplar” ifadəsidir. Sabir demək istəyir ki, inqilablar əsri bizi dindirib hərəkət və fəaliyyətə çağırır, lakin biz o dərəcədə cəhalət yuxusundayıq ki, xalqları diksindirən inqilab toplarının gurultusundan heç olmasa diksinmirik də.[2]