Metsamor AES

Metsamor Atom Elektrik Stansiyası (erm. Հայկական ատոմային էլեկտրակայան) və ya Ermənistan Atom Elektrik StansiyasıErmənistanın paytaxtı İrəvanın 36 km qərbində yerləşən Metsamor şəhərində yerləşən AES. Bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. AES İrəvandan təxminən 36 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir.

Metsamor AES
Մեծամոր ատոմակայան
Xəritə
Ümumi məlumatlar
Status İstismardadır
Tikilmə tarixi 1969
İstismara verilib 22 dekabr 1976
İstismarçı Ermənistan Atom Elektrik Stansiyasının Qapalı Səhmdar Cəmiyyəti
Əsas xüsusiyyətləri
İllik elektroenerji istehsalı 2.265 mln. kVt⋅s
Elektrik enerjisi gücü 440 MVt
Digər məlumatlar
Sayt anpp.am
Yerləşməsi
40°10′51″ şm. e. 44°08′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Yer Metsamor AES
Metsamor AES xəritədə
Metsamor AES
Metsamor AES
Metsamor AES (Ermənistan)
Metsamor AES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Metsamor AES-in İğdır şəhərindən görünümü.

Ermənistan SSR-də Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. Metsamor AES-in tikintisinə 1969-cu ildə başlanılıb, həmin ildə də Metsamor şəhərinin təməli atıldı. 1970-ci ildə Metsamor özünün ilk sakinlərini qəbul etdi, onların arasında Sovet İttifaqının müxtəlif guşələrindən gələn 32 millətin nümayəndələri vardı.[1] 1976-ci ilin dekabrında isə AES istismara verilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır. AES dünyanın ən etibarsız reaktorlarından biridir. Stansiyanın tikilməsi zamanı SSRİ alimləri onun Ağrı dağı tektonik zonasında yerləşəcəyi üçün buna qarşı çıxmışlar. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti 1989-cu il yanvarın 15-də dayandırılmışdı. İstifadəsi dayandırılana qədər stansiyada 48446 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. AES dayandırıldıqdan sonra 1 nömrəli blokda buxar generatorlarının korpuslarında 2 yerdə diametri 1 metr olan kəsik tədqiqat aparmaq üçün götürüldü. Bunun nəticəsində 1 nömrəli blok istifadəyə yararsız hala düşdü. Buxar generatorlarını bərpa etmək mümkün deyil və əvəzlənməsi çox bahalıdır. AES bloklarının avadanlığı qismən komplektləşdirilmiş və satılmışdır.[2] Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə 2-ci enerji bloku işə salınıb.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ermənistan AES Qafqazda unikal layihədir, digər analoqu yoxdur. Bu AES Rusiyanın köhnə VVER-440 reaktoru ilə təchiz edilən iki enerji blokundan ibarətdir. Hər blokun istilik gücü 1375 MVt, elektrik enerji gücü isə 440 MVt-dır. Mövcud təhlükəsizlik problemlərindən dolayı enerji blokunun 1995-ci ildə yenidən işə salınmasından sonra enerji blokunun enerji gücü nominal gücün 92%-ə qədər məhdudlaşdırılıb, yəni enerji blokunun icazə verilmiş istilik gücü 1240 MVt-dan (və ya elektrik gücü 375 MVt-dən) çox olmamalıdır.[3] Hazırda AES-in yalnız ikinci enerji bloku fəaliyyətdədir.[4] İrəvanın Moskvaya uran yanacağına görə yaranan 53 milyon dollarlıq borcu müqabilində AES-in idarə edilməsi 2003-cü ildə Rusiyanın İnter RAO şirkətinə həvalə edilib. Stansiyanın idarə edilməsi 2012-ci ildə yenidən Ermənistan dövlətinin nəzarətinə keçib.

Metsamor AES-dəki nüvə reaktorları VVER 440, Model 230 tipli reaktorlardır. Bu reaktorlar 1956-1970-ci illər arasında SSRİ-də hazırlanmış təzyiqli su nüvə stansiyası layihələrinin ən erkən variantlarından biridir və onların istismar dövrü 30 ildir. Bu reaktorlar nüvə parçalanması reaksiyasını mülayimləşdirmək və ya yavaşlatmaq üçün su əvəzinə bərk qrafitdən istifadə edən Çernobıl AES ilə eyni dizayn deyildi. Metsamordakı VVER 440 reaktorları isə Qərb ölkələrindəki nüvə reaktorlarındakı kimi, sudan yanacağın həm mülayimləşdirilməsi, həm də soyudulması üçün istifadə edir.[5] Qoruma binasına malik olmaması səbəbindən Metsamor AES reaktorları beynəlxalq təhlükəsizlik standardlarına cavab vermirlər. Qoruma binası qəza baş verdikdə radioaktiv elementlərin ətraf mühitə sızmasının qarşısını alan qoruyucu strukturdur. Bu səbəbdən Metsamor AES post-Sovet regionunda yerləşən ən təhlükəli nüvə stansiyası hesab olunur. Stansiya üçün nüvə yanacağı hava yolu ilə Rusiyadan gətirilir.[6]

1989-cu ilə qədər stansiyada istifadə olunmuş nüvə yanacağı qalıqları o zamankı RSFSR-ə aparılırdı. Ondan sonra meydana gələn bütün yanacaq tullantıları Metsamor AES-də Fransanın AREVA şirkəti tərəfindən tikilmiş xüsusi saxlama anbarında, istifadə olunmayan ilk enerji blokunun reaktorunda, həmçinin yanacaq saxlanma hovuzunda saxlanılır. İstifadə olunmuş uran yanacağından xüsusi məqsədlər üçün istifadə olunan plutonium əldə etmək olar. Ermənistan tərəfi istifadə olunmuş yanacaq qalıqlarının Rusiyaya daşınması haqqında danışıqlar aparır.[7] 2019-cu il üçün yanacaq tullantılarının saxlanma anbarının 20%-i dolub. Həddən artıq çox radioaktiv olduğu üçün tullantıları təyyarə ilə daşınması mümkün deyil, quru yolla Gürcüstan üzərindən tullantıların daşınması isə siyasi səbəblərə görə mümkün olmur. 2020-ci ildə başa çatan quru nüvə yanacağı anbarının istismarına dair lisenziya daha 30 il müddətinə uzadılacaq.[8]

Ermənistan AES-də elektrik enerjisinin istehsalı:

  • 2015-ci ildə-2,780 milyard kvt-saat (ən yüksək)
  • 2018-ci ildə-1,862 milyard kvt-saat
  • 2019-cu ildə-1,330 milyard kvt-saat
  • 2021-dan 3,0–3,3 milyard kVt-saat (plan)[3]

Zəlzələyə dayanıqlığı

[redaktə | mənbəni redaktə et]

Zavod 8 bal gücündə zəlzələnin baş verə biləcəyi bölgəyə yaxın, Şərqi Anadolu sınma xətti üzərindəki aktiv seysmik zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma xətti mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. Lakin, o yalnız 7 bal gücündə zəlzələlərə müqavimət göstərə bilmə gücündə quraşdırılıb.[9][10] Təhlükəsizlik baxımından, mənfi cəhətlərdən biri kimi qəza zamanı yüksək dağlıq ərazidə yerləşən və qorunma qalxanına malik olmayan stansiyanın 2-ci reaktorunun soyudulması ilə bağlı problem də qeyd edilir. 2004-ci ildə Avropa İttifaqı "Metsamor" nüvə stansiyasının "bütün bölgə üçün təhlükə" törətdiyini ifadə edərək Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, Ermənistan hökuməti bu miqdarı yetərsiz görmüş və fantastik bir məbləğ – 1 milyard avro tələb etmişdi. Bu məbləğ Avropa İttifaqı rəhbərliyi tərəfindən qəbul edilməmişdi, buna cavab olaraq Ermənistan da Metsamoru bağlamayacağını elan etmişdi.[11]

Gələcək planlar

[redaktə | mənbəni redaktə et]

Metsamor AES-in ilkin istismar müddəti dizayna əsasən 2016-cı ildə başa çatmışdır. 2011-ci ildə stansiyada yoxlama aparan Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri stansiyanın istismar müddətindən daha artıq müddətə istifadəsinin mümkün olduğu qənaətinə gəliblər.[12] Bununla əlaqədar Ermənistan hökuməti stansiyanın ikinci blokunun təmir vasitəsilə istismar müddətini 10 il daha, 2026-cı ilə qədər uzatmaq qərarına gəldi. Metsamor AES-in təmirinin maliyyələşdirməsi barədə razılaşma Ermənistan və Rusiya arasında 2014-cü ildə imzalanıb. Ermənistan Rusiya hökumətindən alınmış maliyyə ilə Metsamor AES-də yenilənmə işləri həyata keçirir və Rusiyadan alınmış bu maliyyəyə 15 illik müddətə verilən 270 milyon dollar kredit və 30 milyon dollar qrant daxildir. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, maliyyə müddətinin daha bir il — 2020-ci ilə qədər uzadılması haqqında Rusiya hökuməti ilə danışıqlar aparılır.[13] Lakin Ermənistan təmir müddətinin uzadılması üçün əlavə kreditdən imtina edərək bunu daxili resurslar hesabına maliyyələşdirmək qərarına gəldi.[14] Rusiyanın "Rosatom" şirkətinin idaretməsi altında olan "Rosatom Servis" şirkəti atom stansiyasının əsaslı təmirini həyata keçirən baş podratçı şirkətdir. Təmir əsasında 2018-ci ildə başlayan AES-dəki təmirdə generatorlu turbinləri dəyişdirilir. Növbəti il ərzində reaktorun metal divarlarını bərkitmək planlanır. Ermənistan tərəfindən kreditin ödənilməsinə isə AES-in təmiri başa çatdıqdan sonra, 2021-ci ildə başlanılması nəzərdə tutulur. Təmirdən sonra AES bir neçə yüz milyon kvt/saat daha artıq enerji istehsal edəcək. Stansiyanın maksimum istehsal gücü 3.3 milyon kilovatt/saata qədər artırılacaq. Bu əlavə istehsal hesabına kreditin ödənilməsi planlaşdırılır. Təmir nəticəsində Metsamor AES-in istismar müddəti 2026-cı ilədək artırılacaq.[15] Metsamor stansiyasının təmiri üçün kredit məbləğinin təxminən 15%-i radioaktiv tullantılar və işlənmiş nüvə yanacağı saxlanması sistemlərinin təmirinə sərf edilib.

Beynəlxalq mütəxəssislərin rəyi əsasında stansiyanın istismar müddəti iki dəfə artırılıb. Mütəxəssislər reaktorun 2036-cı ilə qədər problemsiz işləyə biləcəyinə əmin edirlər. Ancaq bu son tarixdir.[16] Ermənistan Ərazi İdarəetməsi və Alt Strukturlar naziri Suren Papikyan təmir işləri başa çatdıqdan sonra Metsamordakı enerji blokunun ömrünün 2026-cı ilə qədər uzadılacağını, lakin onun 2036-cı ilə qədər də istismar edilə biləcəyini bildirib.[17] Ermənistan hökuməti dövriyyəyə qoyduğu "2040-cı ilə qədər Ermənistan Respublikasının enerji sektoru inkişafının strateji proqramı"nda 2026-ci ildən sonra da yeni tikiliyə qədər Metsamor Atom Elektrik Stansiyasını istismar etməyə davam etmək niyyətində olduğunu göstərib.[18] 2024-cü ildə “Ermənistan AES” QSC-nin direktoru Movses Vardanyan Metsamor stansiyasının istismar müddətinin 2041-ci ilə qədər uzadılmasının əsaslandırılması üzərində iş aparıldığını bildirib. Həmin vaxtda gedən yenilənmə layihələri həyata keçirildikdən sonra Metsamor AES-in istismar müddəti 2036-cı ilə qədər uzadıla bilər.[19]

2021-ci ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, Metsamor AES quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır. Ermənistan Baş Naziri N.Paşinyan yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacağını bildirib. Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır.[20]

  • 1982-ci il oktyabrın 15-də Metsamor AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülə bildi. Maşın zalı ziyan gördü. Ümumi dəyən maddi zərər təxminən 1 milyon rubl təşkil edirdi (1982-ci ilin qiymətlərində).[21]
  1. "Metsamor atom stansiyası". 2019-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  2. "Ermənistan AES". 2020-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-30.
  3. 1 2 "Movses Vardanyan: Ermənistan AES 2018-ci ilin sonuna qədər tam gücü ilə işləyəcək". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-30.
  4. "Regional təhlükəsizliyin təmin olunmasında qlobal təhdid - "Metsamor" AES (EKSPERT)". 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  5. Lavelle, Marianne; Garthwaite, Josie. "Is Armenia's Nuclear Plant the World's Most Dangerous?". National Geographic (ingilis). 14 aprel 2011. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2024.
  6. Mehdiyev, Mushvig. "Armenia's Metsamor Nuclear Power Plant: Threat of New Chernobyl Disaster to Region". Caspian News. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2024.
  7. Ermənistan AES-in yanacağından Rusiya istifadə edə bilər – "Armatom" direktoru
  8. "Hazırda Ermənistandan Rusiyaya AES-in işlənmiş nüvə yanacağı göndərilə bilməz". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-30.
  9. "Experience Gained from Fires in Nuclear Power Plants". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  10. "Nuclear Risk in Central Asia (edited by Brit Salbu, Lindis Skipperud)". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  11. "Metsamor Atom Elektrik Stansiyası: Regionun "saatlı bomba"sı". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  12. "Armenia Passes International Nuclear Safety Test". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  13. "Paşinyan AES haqqında: "Maliyyə müddətinin 2020-ci ilə qədər uzadılması haqqında Rusiya ilə danışıqlar aparılır"". 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  14. "Paşinyan Ermənistanın Rusiya kreditindən imtina etməsinin səbəblərini izah etməyə çalışıb". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-12.
  15. ""Metsamor" AES-in təmiri uzadılır: Ermənistan Rusiyaya kreditlərin ödənilməsini təxirə salacaq". 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  16. "Region üçün yeni "Metsamor" təhlükəsi: Paşinyan Moskvadan siyasi dəstək qarşılığında Parisin maraqlarını güzəştə getdi". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.
  17. "Ermənistanda yeni atom elektrik stansiyasının tikilməsi nəzərdə tutulub?". 2019-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  18. "Ermənistandakı AES əbədi istismar ediləcək". 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  19. Mövludoğlu, Alpər. "Erməni direktor: "Ermənistan AES-in istismar müddətinin 2041-ci ilə qədər uzadılmasının əsaslandırılması üzərində iş aparılır"". Ordu.Az (ingilis). İstifadə tarixi: 2 noyabr 2024.
  20. "Ermənistan yeni atom elektrik stansiyası tikməyi planlaşdırır". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  21. "Çernobıl qəzası". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-19.