Misir Rəhimov

Misir Rəhimov — fizika-riyaziyyat elmləri doktoru, professor.

Misir Rəhimov
Misir Babakişi oğlu Rəhimov
Doğum tarixi (89 yaş)
Doğum yeri Mərzili, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Misir Babakişi oğlu Rəhimov 1 avqust 1934-cu ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya gəlmişdir. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirmiş, 1958-1963 illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır.

Misir Rəhimov 1963-1967 illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Ali riyaziyyat kafedrasında assisent işləmiş, 1967-1970 illərdə Voronej Dövlət Universitetində əyani aspiranturada oxumuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında assisent (1975), baş müəllim (1975-82), dosent (1982-88) vəzifələrində işləmişdir.

Misir Rəhimov "Qiymətlər oblastı komtativli olan sperator qiymətli iniakasların spektral nəzəriyyəsi və onun tətbiqi" mövzusunda namizədlik (1980, Voronec), "Xətti operatorların çoxölçülü spektral analizi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. Hazırda Bakı Dövlət Universitetinin professorudur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Misir Rəhimovun elmi tədqiqatlarının nəticələri 100 elmi əsərində öz əksini tapmışdır; bunlardan ikisi rus və ingilis dillərində çap olunmuş monoqrafiyalardır.

Misir Rəhimovun əsas elmi yenilikləri aşağıdakılardan ibarətdir. O, 70 illərdən başlayaraq riyaziyyat elmində ilk dəfə olaraq topoloji fəzadan Banax fəzasının endomorfizmlər cəbrinə təsir edən in’ikasların spektral nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyə əsasında o, çoxölçülü differensial tənliklər nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyələri nəzəri fizikada, o cümlədən dalğaların atmosferdə yayılmasına tətbiq etmişdir. Banax fəzasında qeyri-məhdud operator əmsallı differensial tənliklərin məhdud, sanki periodik həllərinin varlığı üçün spektral me’yarlar, Li qrupunda xətti differensial tənliklərin tam həlli üçün zəruri və kafi şərtlər tapmış, Li qrupunda differensial tənliklər nəzəriyyəsinin əsaslarını qoymuşdur.

Misir Rəhimov ilk dəfə olaraq bir kompleks Banax fəzasında digər komleks Banax fəzasına təsir edən operator dəstəsinin spektral nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyəni operator əmsallı differensial tənliklərin məhdud və sanki dövri həllərinin tapılmasına tətbiq etmişdir. O, riyaziyyat elminə psevdorezolventlik, rezolventin minimal boya malik olması kvazioxşarlıq, topoloji fəzadan Banax fəzasını endomorfizmlər cəbri kimi yeni riyazi anlayışlar gətirmişdir.

Misir Rəhimov ilk dəfə olaraq Li qrupunda çoxölçülü xarakterik differensial tənliklər sistemi çıxarmışdır. Onların həlli üçün əsas fundamental teoremləri isbat etmişdir. Bundan başqa o, ilk dəfə olaraq sonlu və sonsuz sayda operatorlar cütünün birgə spektrına görə spektrallığına yeni tə’rif vermiş, nəticədə xarici müəlliflərin onun işinə yazdığı rə’ylərdə "Danford-Rəhimov mə’nada spektrallıq" ifadəsi işlədilir. Onun tərəfindən spektral operator əmsallı differensial tənliklər nəzəriyyəsinin əsası qoyulmuşdur.

Misir Rəhimovun elmi yenilikləri xarici alimlər tərəfindən yüksək qiymətləndirilmiş, onların məqalə və monoqrafiyalarında istifadə olunmuşdur. Misir Rəhimov Yaponiyanın Kioto Universitetinin nəznində olan riyaziyyat elmlərinin elmi-tədqiqat institutunda və Kioto Universitetinin Riyaziyyat fakültəsində (Yaponiya, Kioto,1990), Riyaziyyatçıların Beynəlxalq konqresində (Sürix, 1994), Sürix Universitetində fransız alimi Bourqundkon Jan-Pyerin seminarında, İstanbul, Ankara, Ərzurum, Qəhrəman Maraş Türkiyə Universitetlərində və riyaziyyatçıların Beynəlxalq konqresində (İspaniya, Barselona, 2000) və b. yerlərdə öz nəzəriyyələri əsasında mühazirələr oxumuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Orxan Məmmədov(Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Həmçinin bax[redaktə | mənbəni redaktə et]