Muğam Televiziya Müsabiqəsi — Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilən televiziya müsabiqəsi.[1]
İlk Televiziya Muğam Müsabiqəsi 2005-ci ildə keçirilib. Müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilib və "Space" televiziyasında yayımlanıb.[2] Tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə Təyyar Bayramov 1-ci, İlkin Əhmədov 2-ci, Babək Niftəliyev 3-cü yerə layiq görüldülər. Onlara Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu adından diplomlar, mükafatlar, müvafiq olaraq 2000, 1500 və 1000 manatlıq çeklər təqdim olunub.[3]
II Televiziya Muğam Müsabiqəsi 2007-ci ildə keçirilib. 3 ay davam edən müsabiqəyə bütün bölgələr təmsil olunaraq 160-a yaxın gənc qatılıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yerə Elməddin İbrahimov və Güllü Muradova layiq görülüb. İkinci yerə Ehtiram Hüseynov və Abgül Mirzəliyevə, üçüncü yerə isə Rəvanə Qurbanova (Ərəbova) və Nasir Ətapur layiq görülüb. Qaliblərin qala-konsertində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib.[4] [5]
III Televiziya Muğam Müsabiqəsi 2011-ci ildə baş tutub. Müsabiqənin final mərhələsi Dövlət Akademik Milli Dram Teatrında keçirilən möhtəşəm tədbirlə yekunlaşıb. Tamaşaçılar tərəfindən maraqla izlənilən müsabiqədə 500 iştirakçı arasından seçilən 20 ifaçıdan finala 6 nəfər vəsiqə qazanıb. Özünəməxsus ifa tərzi ilə seçilən Mustafa Mustafayev "Tamaşaçı rəğbəti" diplomuna layiq görülüb. Mirələm Mirələmov və Səbinə Ərəbli müsabiqənin birincisi olub. Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü yerə layiq görülüblər.[6]
2013-cü ildə baş tutmuş IV Televiziya Muğam Müsabiqəsində ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 iştirakçı vəsiqə alıb, onlardan isə 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanıb. İştirakçılardan Murad Əbduləzimov və Ayşən Mehdiyeva "Tamaşaçıların rəğbəti" mükafatına layiq görülüb və onlara üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunub. Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Şükürov Mirpaşa Qran-pri mükafatına layiq görülüb. Sərxan Bünyadzadə birinci yerin sahibi olan olunub. Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri tutublar.[7]
V Televiziya Muğam Müsabiqəsi 2015-ci ildə baş tutub. Fevral ayında başlayan və dörd ay davam edən müsabiqəninn qalibi Nisbət Sədrayeva seçilib. İkinci və üçüncü yerlərə isə uyğun olaraq Məhəbbət Səfərov və Sədəf Budaqova layiq görülüblər.[8]
VI Televiziya Muğam Müsabiqəsi 2017-ci ildə baş tutub. İyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib. Altıncı "Muğam televiziya müsabiqəsi"nin final mərhələsində 7 xanəndə — Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli Qran-pri mükafatına layiq görülüb. Gənc xanəndə Pərviz Qasımov müsabiqədə birinci yeri qazanıb. Ona, həmçinin, "Tamaşaçı alqışı" mükafatı təqdim olunub. İkinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.[9]
VII Televiziya Muğam Müsabiqəsin 2019-cu ildə keçirilib. Müsabiqəyə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və "Mədəniyyət" kanallarında canlı olaraq yayımlanıb.[10] Final gecəsində 7 xanəndə — Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.[11]
VIII Televiziya Muğam Müsabiqəsi 2023-cü ildə keçirilib. Müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinə avqustun 5-də Şuşada yekun vurulub. Gənc xanəndələr arasında birinci yeri Fuad Əzizzadə tutub. İkinci yerə Ülkər Abdullayeva, Aynur Həsənxanova, üçüncü yerə isə Daşqın Kürçaylı və Vüqar Əbilov layiq görülüb.[12]