Xarıbülbül Musiqi Festivalı

Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib.[1] Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir.[2] Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir.[3] Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir.[4] Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir.[5]

"Xarıbülbül" musiqi festivalı
"Xarıbülbül" beynəlxalq musiqi festivalı
Loqonun şəkli
Janrlar Folklor və milli musiqi
Tarix May
Yer Ağcabədi, Ağdam, Bərdə, Şuşa
Keçirildiyi illər 1989–1991
2021
2022
2023
2024
Təsisçi Azərbaycan SSR Mədəniyyət Nazirliyi
Təşkilatçı Heydər Əliyev fondu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2022-ci il may ayının 12–14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı baş tutub. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.[6]

Films of Phase One
Festival Tarixi Yeri Əlamətdar hadisə
I festival 1989 Şuşa Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilmişdir.
II festival 1990 Ağdam, Bərdə, Ağcabədi
III festival 1991 Mingəçevir
Planlaşdırılan IV festival 1992 keçirilməmişdir Müharibəyə görə ləğv edilmişdir
IV festival 2021 Şuşa
V festival 2022 Şuşa
VI festival 2023 Şuşa TÜRKSOY-a daxil olan ölkələrin iştirakı
VII festival 2024 Şuşa, Laçın ICESCO-ya üzv ölkələrin iştirakı
Xarıbülbül festivalı 1989-cu ildə, iştirakçılar Seyid Şuşinskinin portreti önündə çıxış edirlər.

"Xarıbülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.[7] 1989-cu ilin əvvəlində festivala hazırlıq başlamışdır. Festival eyni ilin may ayında, Şuşa Xarıbülbülündə çiçəklənmə dövründə keçirilmişdir.[8]. 1989-cu ilin festivalında yerli ifaçılardan əlavə Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSRBelarus SSR-dən olan musiqi qrupları da iştirak edirdi. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdir.[9] Festival 12–15 yaşlarında "Qarabağ şikəstəsi" muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı.[8] Festivalın ilk günü Qarabağ atlarında da yarışlar olmuşdu.[7] İlk festivalın tamaşaçıları əsasən Şuşanin sakinləri idilər.[8]. Festivalın Muğam müsabiqəsinin qalibi Ağakərim Nafiz Şirvani olub.[10]

Festival çərçivəsində Şuşada da güləş yarışları keçirilmişdi.[11].

Xarıbülbül gülü

[redaktə | mənbəni redaktə et]
İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olan Xarıbülbül

Azərbaycanda qədimdən Xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Azərbaycanın Şuşa və ətraf ərazilərində geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur.

Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdəədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.[12]

Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simgələşən bir üzüntülü nakam sevgi hekayəsidir.[13]

Qırğız yazıçısı Erlan Jurabekovun "Jarxı Bulbul" hekayəsində də qədim türk əsatirinə geniş yer verilir.[13] Bir çoxlarına görə, Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.

Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək — ömrünün sonuna kimi Qacar şahlarının Tehrandakı sarayında yaşayır.[14] Vətən həsrəti çəkən Ağabəyim ağaya istinad verilən bir bayatı da vardır:

"Vətən bağı" al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

Simvola çevrilməsi

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi (Azərbaycanda bu Vətən müharibəsi kimi də adlanır) dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevrilməyə başladı. Tədricən isə nişan azadlıq müharibəsinin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamış və Azərbaycanda hər kəs tərəfindən yüksək sevgi, ehtiram, müqəddəs bir simvola çevrildi.

Festival 1990–1991-ci illərdə

[redaktə | mənbəni redaktə et]
Qədir Rüstəmov "Xarıbülbül festivalı"nda çıxışı

1990-cı ildə Xarıbülbül festivalı beynəlxalq status aldı. Sonrakı dövrdə tədbirdə Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Holandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə baş tutmuşdur. Festival beynəlxalq status daşıyıb və təkcə Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri hesab olunub.[1]

Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Münaqişənin aktiv fazaya keçməsi ilə festival Ağdam şəhəriişğal olunana qədər orada keçirilmişdir.[3] Ağdamda keçirilən festivalda olan çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan "Sona bülbüllər" mahnısı xüsisi yer alıb.[1]

Festival çərçivəsində bəzi konsertlər Qarabağın digər şəhərlərində, BərdəAğcabədidə də keçirilmışdi. Ümumiyyətlə, festivala dünyanın hər yerindən təxminən 170 nəfər qatılmışdır.[8]

Üçüncü festival 1991-ci ildə baş tutmuşdur. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılmışdır. Keçən illərdə iştirak edən ölkələrə Amerika və Avstraliyadan sənətçilər də qatılmışdır. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçı çoxluğu səbəbindən festival çərçivəsində konsertlər stadionlarda keçirilmişdir.[8]

Bundan əlavə festival bir dəfə də Qax şəhərində baş tutmuşdur. Belə ki, 1990-cı ildən sonra Şuşada vəziyyət gərgin olduğu üçün festival bir dəfə Qaxda keçirilib. Həm təbiətinin oxşarlığı, həm də xarı bülbül çiçəyinin Qax ərazisindəki dağlarda da bitdiyi üçün həmin dövrdə festivalın Qaxda keçirilməsinə zəmin yaranıb. Qax şəhərindəki futbol meydançasında keçirilən festivalda Polad Bülbüloğlu, Zeynəb Xanlarova kimi məşhurlar çıxış ediblər. Tədbirin aparıcısı Telli Pənahqızı olub. Festivalın açılışında hər qonaq ölkə (ABŞ, İspaniya, Türkiyə, İsrail və s.) öz milli bayrağı ilə stadiondakı paradda iştirak etməliydi. Azərbaycan qrupu da Azərbaycan SSR-in bayrağı ilə keçəcəkmiş. O zaman üç gənc oğlan üçrəngli bayrağı alıb, icazəsiz olaraq paradın önünə keçib. Milislərin "çıxın oradan" əmrinə baxmayaraq, ən öndə kustar üsulla hazırladıqları bayrağımızı sona qədər aparıblar.[15]

1990–1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında baş tutmuşdur.[8]

Ləğv olunması

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə 4-cü festivalı mayın 15-də başlamalı və ən böyüyü olmalı idi. Burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı planlaşdırılırdı. Lakin festival, Qarabağ müharibəsinin başlaması və Şuşa şəhərinin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə görə ləğv edilmişdir.[8]

Bərpa edilməsi

[redaktə | mənbəni redaktə et]
Xarıbülbül festivalında Alim Qasımov və Fərqanə Qasımovanın çıxışı

2020-ci il noyabrın 8-də Azərbaycan Şuşa şəhərini erməni işğalçılarından azad etmişdir. 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdə Şuşada Xarıbülbül festivalının dirçəldilməsinin zəruriliyini xatırlatmış və bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən yaradılmasının zəruriliyini qeyd etmişdir.[8].

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir.[16] Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur.[17] 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə festival baş tutmuşdur.[18].

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilmişdir.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər olmuşdur.

Xarıbülbül festivalı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı ilə başlamışdır. Daha sonra Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışları baş tutmuşdur.[19] Sənətçiləri səhnədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri müşayət etmişdir. Həmçinin müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı müğənnilər Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın ifaları ilə videolar nümayiş olundu.[20]

Festivalın ikinci günü qala-konsert baş tutdu. Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim edildi. Konsert proqramı Azərbaycan Dövlət Simfonik OrkestriAzərbaycan Dövlət Xor Kapellasının ifasında "Koroğlu" operasından üvertura ilə açıldı. Sonra Elçin Əzizov, Dinarə Əliyeva, Yusif Eyvazov, Azərin Tağıyeva, Samir Cəfərov, Sahib Paşazadə (tar), Ceyla Seyidova (skripka), Azər Zadə, Selcan Nəsibli və başqaları səhnədə çıxış etdilər.[21]

Festival mayın 13-də qala-konsertlə başa çatdı.[22]

12 may

Əsərin adı Əsərin bəstəkarı Əsərin söz yazarı İfaçı(lar) İfa etdiyi dil
Bayatı-Şiraz Kənan Bayramlı Azərbaycanca
"Uzundərə" Azərbaycan xalq rəqsi Kamança ifaçıları ansamblı
Mən deyiləmmi? Əli Talıyev Mahan Bazarov Tamburçular qrupu
"Cahan" folklor xalq kollektivi
Avarca
Gülərəm gülsən dagger Fikrət Əmirov Məmməd Səid Ordubadi Bülbül Azərbaycanca
Qarabağ bizim ürəyimizdir Natəvan Əliyeva Nənələr
"Veteranlar" folklor xalq kollektivi
Talışca
Azərbaycanca
Qarabağ Bəhram Nəsibov Bəhram Nəsibov Mirələm Mirələmov
Günay İmamverdiyeva
Azərbaycanca
Alma ağacı "Yoldız" folklor kollektivi Tatarca
Gözəlim Tunar Rəhmanoğlu Kürdcə
Şuşanın dağları dagger Xan Şuşinski Xan Şuşinski Xan Şuşinski Azərbaycanca
Pəri "Mel" folklor kollektivi Ləzgicə
Zurna (Udi xalq rəqsi) "Cəngi" folklor kollektivi
Mənim Azərbaycanım Tatyana Minokova "Slavyanoçka" folklor kollektivi Rusca
Həsrət Nəğməsi Şəhriyar İmanov Şəhriyar İmanov
Arazbarı dagger Seyid Şuşinski Azərbaycanca
Mən misgərəm "Lahıc" xalq folklor kollektivi Tatca
Dağların başı Teyyub Aslanov
Rəvanə Qurbanova
Azərbaycanca
Ailə sevincləri (Yəhudi xalq rəqsi) "Xaverot" folklor kollektivi
Qadın "Şvidqadza" xalq xoru Gürcücə
Azərbaycanım dagger Rauf Hacıyev Ənvər Əlibəyli Rəşid Behbudov Azərbaycanca
Vətənimiz gözəldir Namiq Novruzov Qızılgül Muradova "Nanaybi" folklor qrupu Gürcücə
Naxçıvan Məmməd Cavad Hüseyn Əzimli Naxçıvan Dövlət Filormoniyasının Muğam qrupu Azərbaycanca
Salam-aleykum "Micaqna" folklor kollektivi Saxurca
Sarı gəlin Şirzad Fətəliyev
Qoy ədalət zəfər çalsın Aşıq Mikayıl Azaflı Aşıq Mikayıl Azaflı Samirə Əliyeva
Əli Tapdıqoğlu
Azərbaycan aşıqları kollektivi
Azərbaycanca
Cənnətim Qarabağ dagger Cahangir Cahangirov Rəfiq Zəka Şövkət Ələkbərova Azərbaycanca
Bahar nəğməsi (Ukrayna xalq rəqsi) "Kvitka" folklor kollektivi
Qaçaq Nəbi Mənsum İbrahimov Azərbaycanca
Qarabağ ritmləri "Natiq" ritm qrupu
Azərbaycan, Odlar Yurdum Mənim Polad Bülbüloğlu Xanım İsmayılqızı Polad Bülbüloğlu
Azərbaycan Dövlət Xor Kapellası
Azərbaycanca
Şən Azərbaycan Polad Bülbüloğlu Məstan Günər Polad Bülbüloğlu Azərbaycanca

13 may

Əsərin adı Əsərin bəstəkarı Əsərin söz yazarı İfaçı(lar) Dirijor
"Koroğlu" operasından uvertüra Üzeyir Hacıbəyli Rauf Abdullayev
Azərbaycan Tofiq Quliyev Ənvər Əlibəyli Azər Zadə Rauf Abdullayev
Noktürn Tofiq Quliyev Sahib Paşazadə
Ceyla Seyidova
Rauf Abdullayev
Axşam mahnısı Tofiq Quliyev Zeynal Cabbarzadə Azərin Rauf Abdullayev
"Yeddi gözəl" baletindən vals Qara Qarayev Murtuza Bülbül
Gəl, ey, səhər Polad Bülbüloğlu Fikrət Qoca Polad Bülbüloğlu Murtuza Bülbül
Azərbaycan kapriççiosu, fraqment Fikrət Əmirov Fuad İbrahimov
Azərbaycan elləri Fikrət Əmirov Mirvarid Dilbazi Selcan Nəsibli Fuad İbrahimov
Sən gəlməz oldun Ələkbər Tağıyev Mədinə Gülgün Əlixan Səmədov Fuad İbrahimov
Sənsiz Üzeyir Hacıbəyli Nizami Gəncəvi Elçin Əzizov Fuad İbrahimov
Arzu Niyazi İslam Səfərli Dinarə Əliyeva Fuad İbrahimov
Dəniz Fərhad Bədəlbəyli Fərhad Bədəlbəyli
Murad Adıgözəlzadə
Fuad İbrahimov
Sevgili canan Üzeyir Hacıbəyli Nizami Gəncəvi Yusif Eyvazov Fuad İbrahimov
Ave-Maria Fərhad Bədəlbəyli Yusif Eyvazov
Dinarə Əliyeva
Fuad İbrahimov
Ölkəm Asəf Zeynallı Cəfər Cabbarlı Yusif Eyvazov
Azər Zadə
Fuad İbrahimov
Qarabağ şikəstəsi oratoriyası Vasif Adıgözəlov Alim Qasımov
Fərqanə Qasımova
Yalçın Adıgözəlov
Ey, Vətən Elza İbrahimova Dəmir Gədəbəyli Samir Cəfərov Yalçın Adıgözəlov
Azərbaycan Müslüm Maqomayev Nəbi Xəzri Yusif Eyvazov
Azər Zadə
Azərin
Elçin Əzizov
Selcan Nəsibli
Dinarə Əliyeva
Yalçın Adıgözəlov

2022-ci il may ayının 12-də Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V Xarıbülbül Beynəlxalq Folklor Festivalına start verilib. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.[6]

Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Vətən süitası" ilə başlayıb. Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında "Qarabağ şikəstəsi" səsləndirilib. Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil edib. Ansamblın ifasında "Van yöresi" xalq rəqsi maraqla qarşılanıb.[23]

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu "Çal oyna" xalq mahnısını, "Cəngi" Estrada Folklor Rəqs Ansamblı "Tənzərə", Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə "Turacı" xalq rəqslərini ifa ediblər. Malinin Şeyx Tidiane Sek etno-caz qrupu "Sanqa Bo" kompozisiyasını, "Pakistan rəngləri" qrupu "Bhanqra" rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı "Svanuri" rəqsimi təqdim ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin "Yuma" dueti "Smek" kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı isə "Bayot" xalq rəqsini ifa ediblər.[23]

Daha sonra Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu "Qarabağ qaytağısı" saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının "Xarıbülbül" rəqs ansamblı "Qarabağım" mahnısını səsləndiriblər.[23]

Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və "Bülbüllər" qrupunun ifasında "Vətəndən pay olmayır" mahnısı ilə başa çatıb.[23]

Festivalın ikinci günündə kiçik səhnə və Cıdır düzündə üç konsert təşkil olunub. Saat 11:00-da kiçik səhnədə Etibar Əsədlinin qrupu (Azərbaycan-Fransa), eləcə də Bolqarıstanın "Trigaida" qrupu çıxış edib. 14:30-da isə Cıdır düzündəki böyük səhnədə Əməkdar artist xanəndə Qoçaq Əsgərov və tarzən Arslan Növrəslinin etno-caz qrupu, eləcə də "Cəngi" estrada folklor ansamblı tamaşaçılar qarşısına çıxıb. Saat 16:00-da isə yenidən kiçik səhnə musiqisevərləri toplayıb. Burada "Colors of Pakistan" (Pakistan) və Özbəkistanın "Baxor" dövlət ansamblı çıxış edib.[24]

Festivalın üçüncü – sonuncu günündə səhnədə pop-folk janrında bir neçə mahnı ifa edən tanınmış misirli müğənni, bəstəkar və multiinstrumentalçı Həmzə Namirə, Masallıdan olan "Halay" folklor qrupu, Balakəndən olan "Nənələr" folklor qrupu, Axısqa türklərindən (Saatlı) ibarət "Adıgün" qrupu, aşıq Elman Talıstanlı (İsmayıllı), "Cahan" folklor qrupu, "Çeşmə" folklor ansamblı, "Xudulki" rəqs qrupu çıxış ediblər.

Cıdır düzündəki festival Azərbaycan Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım", "Qavalla rəqs", "Şələqoy", "Toy", "Qazaxı", "Bahar", "Qaytağı", Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı "Van yörəsi" , "Zeybek solo", "Trabzon yörəsi", "Melitassi" ansamblı isə "Xorumi", "Kartuli", "Acharuli", "Jeirani", "Svanuri", "Karachogeli", "Kintauri", "Samaia" və "Kazbeguri" rəqslərini ifa etməsi ilə başa çatıb.[25]

2023-cü ildəki festivalın təşkili Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinə tapşırılıb.[26]

Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak etmişdir.

9–11 may tarixlərində davam etmiş festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Respublikası, Türkiyə, Türkmənistan təmsil olunmuşdur.[27]

Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.[28] Heydər Əliyev FonduMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edən festival Laçında konsert proqramı ilə başa çatıb.[29] “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı Həkəri çayı ətrafında açıq səma altında təşkil olunub.

  1. 1 2 3 "Tarixi "Xarı bülbül" festivalı". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  2. "Rasim Balayev: Şuşada "Xarıbülbül" festivalı və Vaqif poeziya günləri Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  3. 1 2 "Külə dönmüş Çörək Muzeyi..." modern.az. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
  4. "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  5. "Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  6. 1 2 "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılışında iştirak ediblər". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  7. 1 2 "Фархад Бадалбейли рассказал о Днях поэзии Вагифа в Шуше. Как проходил фестиваль "Хары бюльбюль"". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  8. 1 2 3 4 5 6 7 8 "Полад Бюльбюльоглы: "Мне пришлось отменить "Хары Бюльбюль" в Шуше"". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  9. "Şuşanın tarixi barədə bildiyimiz və bilmədiyimiz məlumatlar". www.faktxeber.com. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  10. "Dövlət Səs Yazıları Arxivində xanəndə Ağakərim Nafiz Şirvani ilə görüş keçirilib". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
  11. Праздники в Шуше на советских фото 1970-1980-х гг. // azerhistory.com.
  12. "Səsin gəlir, XARI BÜLBÜL ! – "Ordumuzun zəfər simvoludur"". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
  13. 1 2 "Əfsanədən Zəfərə - Xarı bülbül Qələbə simvoluna necə çevrildi..." 2020-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
  14. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.28–29.
  15. ""Xarıbülbül" Beynəlxalq Folklor Festivalı ilə bağlı bilinməyən fakt: Bir dəfə Qaxda keçirilib - FOTO". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  16. "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  17. "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  18. "При организации Фонда Гейдара Алиева в Шуше пройдет музыкальный фестиваль «Харыбюльбюль»". Heydər Əliyev Fondu. 2021-05-07. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  19. "Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Xarıbülbül" festivalının açılışında iştirak ediblər". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  20. "Фестиваль "Хары-бюльбюль" в городе Шуша: как прошел первый день". Sputnik Азербайджан (rus). 2021-05-12. 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
  21. "Фестиваль "Хары-бюльбюль" завершился выступлением всемирно известных азербайджанцев". Sputnik Азербайджан (rus). 2021-05-13. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
  22. "Şuşanın Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı qala-konsertlə başa çatıb". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  23. 1 2 3 4 ""Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılış konserti başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO". 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  24. "Şuşada "Xarıbülbül" festivalının ikinci günü: Nələr olacaq?". 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  25. "Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başa çatdı". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  26. ""Xarıbülbül" Festivalı bu tarixdə keçiriləcək" (az.). https://modern.az/. Archived from the original on 8 May 2023. İstifadə tarixi: 1 may 2023.
  27. "Şuşada "Xarıbülbül" festivalı başlayır" (az.). https://qafqazinfo.az/. Archived from the original on 18 May 2023. İstifadə tarixi: 10 may 2023.
  28. "Şuşada "Xarıbülbül" festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - YENİLƏNİB-4". Report İnformasiya Agentliyi (az.). 2024-05-11. 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  29. "Bu gün Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO". Report İnformasiya Agentliyi (az.). 2024-05-11. 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]