Sədəf Budaqova – Azərbaycanlı xanəndə[3] (muğam ifaçısı[4]), müğənni.
Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.[2] 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir.[5] 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın[5] sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır.
- 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında[6][7][8] baş mükafat — "Qran–Pri" qazanıb.[9][5][10]
- 2011-də Ümumilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr olunmuş müsabiqədə I yerin qalibi olub.[5]
- 2011–ci ildə Türkiyə Cümhuriyyətində keçirilən IX Beynəlxalq ifaçıların festivalında iştirakçı olub.
- 2012-ci ildə Xan Şuşinski adına Respublika Muğam Festivalında uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunub.
- 2012-də Vokal sənətinin banisi, Bülbülün 115 illik yubileyinə həsr olunmuş "Milli musiqi alətləri ifaçıları və Xanəndələrin müsabiqəsində III yerin sahibi olub.
- 2014-cü ildə Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Musiqi Kollecində Azərbaycan musiqisinin tanınmış siması, neçə-neçə əsərlərin müəllifi, bir çox filmlərin bəstəkarı, Xalq artisti, Azərbaycan Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin 60 illik yubileyi münasibətilə Musiqi Kollecinin bir qrup istedadlı tələbəsinin ifasında konsert proqramında Səməd Vəkilovun dirijorluğu və bədii rəhbərliyi ilə Sədəf Budaqova "Şahnaz təsnifi"ni ifa edib.[11]
- 2015-ci ildə Heydər Əliyev Fondu, Azərbaycan Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkil etdiyi 5-ci Muğam Müsabiqəsində III yerin sahibi olub.[12][13][14]
- 2016–cı ildə Qazaxıstan və Qırğızıstan respublikalarında keçirilən 14-cü "Dil və Mədəniyyət" festivalının iştirakçısı olub.
- 2017–ci il yanvarın 24-də AMEA-nın Alimlər Evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində "Füzuli dünyası” mövzusunda lektoriya keçirilib. Lektoriyada elm və mədəniyyət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak edib. Lektoriyada Sədəf Budaqova tərəfindən "Aşiyani-müğri-dil zülfi-pərişanındadır” qəzəli Bayatı-Şiraz muğamında ifa olunub.[15]
- 2017–ci ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Delphin oyunlarında Bürünc medal qazanıb.
- 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvəti ilə "Əsli və Kərəm" operasında Əsli rolunu ifa edib.[16][2]
- 2018-ci ilin fevralın 6-da Heydər Əliyev Sarayında Muğam Televiziya müsabiqəsinin qaliblərinin konserti keçirilib. Konsertdə 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsinin qalibləri və laureatları, həmçinin Sədəf Budaqova iştirak edib. Musiqili gecədə xanəndələri Əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə "Muğam” instrumental ansamblı müşayiət edib.[17][18]
- 2018-ci ildə Küveyt Dövlətinin Əbdülhəsən Əbdülrıda Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchesta" kamera orkestrı ilə çıxış edib.[19]
- 2018-də Beynəlxalq Muğam Mərkəzinin "Qəzəllər” layihəsi çərçivəsində Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda musiqi gecəsi keçirilib. Gecədə Sədəf Budaqova və digər xanəndələrin ifasında S. Ə. Şirvaninin qəzəllərinə "Zabul Segah” muğamı səslənib.[20][21][22]
- 2019-cu ildə Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə “Muğam dünyamız” adlı konsert proqramı təqdim olunub. Konsertdə muğam müsabiqələrinin qaliblərindən biri kimi Sədəf Budaqova da iştirak edib. Tədbirdə xalq mahnıları, muğam və təsniflər səsləndirilib.[23][24][25]
- 2019-cu ildə Frayburq Universitetinin professoru Yurgen Henningin rəhbərliyi ilə "Radiologiya və Tibbi Fizika" kafedrasında Muğam ifaçılarının səslərinin elmi araşdırmasında iştirak etmişdir.[26][27]
- 2019-cu il aprelin 9-da Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Azərbaycan şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunub. Konsertdə Sədəf Budaqova “Axtararsınız” mahnısını ifa edib.[28][29][30]
- 2019-cu ilin sentyabrın 27-də Fransanın Strasburq şəhərində İmadəddin Nəsiminin 650 illiyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə “Qarabağ” muğam qrupunun ifasında konsert keçirilib. Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön (Saint-Pierre-le-Jeune) kilsəsində birgə təşkil etdiyi konsertdə Avropa Şurası rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər. Sədəf Budaqova Nəsiminin qəzəlləri üzərində köklənən füsunkar muğam nümunələri ifa edib.[31][32]
- 2019-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli opera müğənnisi, aktyor, rejissor Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş “Qəlblərdə yaşayan sənətkar” adlı tədbir keçirilib. Sədəf Budaqova tədbirdə "Leyli və Məcnun" operasından məktəb səhnəsini ifa edib.[33][34][35]