Mustafa Cəlaləddin Paşa və ya əvvəlki adı ilə Konstanti Borzeçki (d. 10 aprel 1826, Polşa, Pyotrkov vilayəti, Modrzeviec — ö. 9 oktyabr 1876, Osmanlı imperiyası, Novosela, Kolonya) - polyak əsilli Osmanlı paşası. Nazim Hikmətin və Oqtay Rıfat Xoruzçunun ana tərəfdən ulu babasıdır.[1] 1848-cı il inqilablarından sonra Osmanlıya sığınmış və 20 il zabit olaraq çalışmışdır. 1869-cu ildə "Köhnə və modern türklər" adlı əsərini fransızca olaraq nəşr etdirmişdir. Türk tarixində sülalə tarixçiliyindən milli tarixçiliyə keçid prosesinə güclü təsir edən şəxslərdəndir. Türkçülük mövzusunda irəli çıxan və xeyli yerdə bilinən şəxslərdən əvvəl Türkçülük fikrini və ərəb əlifbasına qarşı latın əlifbasının istifadəsini müdafiə etmişdir.[2][3]
Mustafa Cəlaləddin Paşa | |
---|---|
türk. Mustafa Celâleddin Paşa | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Polşa |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Osmanlı imperiyası, Novosela, Kolonya (indiki Albaniya) |
Vətəndaşlığı | Osmanlı İmperiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Polyak əsilli Osmanlı |
Qoşun növü | Kartoqrafiya |
Xidmət illəri | 1849-1876 |
Rütbəsi | General-mayor |
Vəzifəsi | Osmanlı ordusunun kartoqrafiya şöbəsinin rəhbəri |
Döyüşlər | Krım müharibəsi, Çernoqoriya müharibəsi və s. |
Polşanın Klezov kəndində 6 uşaqlı zadəgan ailəsində anadan olmuşdur. Kiçik yaşlarından etibarən polyak dili ilə yanaşı fransızca və rusca səlis, latınca və almancanı da yaxşı səviyyədə bilmişdir. 1844-cü ildə Pyotrkovda orta məktəbi bitirdikdən sonra rəsmə olan bacarığına görə Varşava İncəsənət Məktəbinə yazılmışdır. burada iki il təhsil aldıqdan sonra gözlənilməz qərarla Vloklavekdəki rahib məktəbinə keçmişdir. Rahib məktəbindən də bir il sonra ayrılmışdır. 1848-ci il inqilablarından təsirlənmişdir. Poznandakı üsyana dostu ilə qatılmış, üsyan Prussiya tərəfindən yatırıldıqdan sonra Maqdeburqdakı həbisxanaya salınmışdır. Həbsdən buraxıldıqdan sonra əvvəlcə Fransaya getmiş, burada özünü təhlükəsizlikdə hiss etmədiyinə görə 1849-cu ildə Polşa və Macar inqilabçılarını Rusiyaya təhvil verməyən Osmanlı imperiyasına sığınmış və İstanbulda yaşamağa başlamışdır.[4] Kartoqrafiyadakı yüksək bacarığı və bir neçə xarici dil bilməsinə görə Osmanlı paşası Mustafa Rəşid paşanın diqqətini çəkmiş və Osmanlı ordusuna yüzbaşı olaraq girərək xəritə şöbəsində çalışmağa başlamışdır. İki il sonra şəhərin şeyxülislamının müraciət edərək müsəlman olmuş və şeyxülislam tərəfindən Mustafa Cəlaləddin adı verilmişdir. Daha sonra Erkan-ı Hərbiyyə generallarından sərb əsilli Ömər paşanın qızı Saffet xanım ilə evlənmişdir. Bu evlilikdən Həsən Ənvər paşa doğulmuşdur. Həsən Ənvər Paşanın qızı Cəlilə Nazim Hikmətin anası olmuşdur. Həsən Ənvər paşanın digər qızı Münəvvər isə Oqtay Rıfat Xoruzçunun anası olmuşdur.
Osmanlı imperiyasının o dövrlərdə Rusiyaya qarşı girdiyi bütün müharibələrə qatılmışdır. Hərbi korpus komandiri vəzifəsiylə qatıldığı 1875-ci il Çernoqoriya hadisələrində qarnından yaralanmış və 6 ay sonra vəfat etmişdir.[5]Albaniyada bir məsciddə türk milli qəhrəmanı kimi dəfn edilmişdir.
Siyasi mövzulu yazılarına zabit olduğu dövrlərdən başlamışdır. Yeni Osmanlılar, Jön Türklər və İttihad və Tərəqqi kimi hərəkatlardan əvvəl Türkçülük fikrini müdafiə etmiş və Əhməd Vefik paşa, Şəmsəddin Sami və Mehmed Emin Yurdakula təsir göstərmişdir. O, sülalə tarixçiliyindən milli tarixçiliyə keçid dövründə bu mövzuda ən təsirli şəxslərdən olmuşdur. Əsərlərində rusların slavyan kökənli xalqlardan ən barbarı olduğunu bildirmişdir. Latın dili və mədəniyyətinin türk kökənli olduğunu müdafiə etmişdir. Bu nəticəyə bəzi latınca sözlərin türk kökənli olmasını düşünməsiylə gəlmişdir.[6]
Hərbi sahədən başqa təsiri Türk dili, Türkçülük və Türk tarixi barədə olmuşdur. "Köhnə və modern türklər" adlı kitabı 1869-cu ildə fransızca olaraq İstanbulda nəşr edilmişdir. Əsər İstanbulda çıxan Courrier d'Orient adlı qəzetinin nəşriyyatında buraxılmış və Sultan Əbdüləzizə ithaf edilmişdir. Nəşr edilən kitabı Avropada təsirli olmuş və 1870-ci ildə Parisdə də nəşr edilmişdir. Cəlaləddin paşa bu əsərində müxtəlif etnik ünsürlərdən yaranan Osmanlı imperiyasının davamlılığı, birliyi və rifahı üçün nələr edilməsinin lazım olduğundan bəhs etmişdir. Bu kitab ilə türkləri Avropalılara tanıdmağa çalışmışdır. Kitabda irəli çıxan digər mövzular isə köhnə Türk qövmləri, Türk tarixi, Türk mədəniyyəti və Osmanlının quruluşu olmuşdur.
Bu kitabın Parisdə nəşr edilmiş bir nüsxəsi Mustafa Kamal Atatürkdə də olmuşdur. Kitabı Əli Fuad Cəbəsoydan aldığı düşünülür. Bundan əlavə bu kitabı oxumuş və bəzi səhifələrin kənarına "çox mühüm", "diqqət" və "şişirtmə" kimi qeydlər aldığı bildirilməkdədir. Kitabın bu nüsxəsi Atatürk və İstiqlaliyyət Muzeyində sərgilənir.