Mustafa Fəhmi Xubilay (türk. Mustafa Fehmi Kubilay; 1906[1], İzmir, Aydın vilayəti – 23 dekabr 1930, Menəmən, İzmir ili) — Türkiyə müəllimi və subleytenantı. O, 23 dekabr 1930-cu ildə Menəmən hadisəsi zamanı Menəməndə məhəllə gözətçiləri Həsən və Şövqi ilə birlikdə respublika əleyhdarı bir qrupun üsyanı əsnasında Dərviş Mehmet tərəfindən öldürülmüşdür. Dərviş onu öldürdükdən sonra özü də zərərsizləşdirilmiş və qısa müddət sonra edam olunmuşdur.
Mustafa Fəhmi Xubilay | |
---|---|
türk. Mustafa Fehmi Kubilay | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1906[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 dekabr 1930 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | kursant |
Vikianbarda əlaqəli mediafayllar |
O, Xubilay xana olan heyranlığına görə dostları tərəfindən "Xubilay" ləqəbiylə yad edilmişdir. Bu ləqəb onun həyatında mühüm yer tutmuş və sonradan Mustafa Fəhmi Xubilay kimi tanınmağa başlanmışdır. Xubilay təyin olunduğu məktəblərin birində tanış olduğu müəllim dostu Fatma Vədidə xanımla ailə həyatı qurmuş və onların bir oğlu olmuşdur.
Xatirəsinə bir çox əsərlər ithaf edilmiş və müxtəlif obyektlərə onun adı verilmişdir. Hər il öldüyü gün – 23 dekabrda onun xatirəsinə anım məclisləri təşkil olunur. Onun xatirəsinə 2023-cü ildə 17-ci dəfə təşkil olunan marafon keçirilmişdir.
15 noyabr 1906-cı ildə Adananın Kozan ilçəsində anadan olmuşdur. Atası Hüseyn Karavana və anası Zeynəb xanım Kritdən miqrasiya etmişdir.[2] Evin sonbeşiyi olub. Fatma adında bacısı, Dəmir və Əli adlarında qardaşları vardı. O, 1912-ci ildə ailəsiylə birlikdə İzmirə köçür. Daha sonra onlar Aydın ilinə, qohumlarının yanına köçmüşdürlər. Mustafa Fəhmi Aydında əsas təhsilini tamamladıqdan sonra 1919-cu ildə yunan üsyanlarının əlamətləri görünəndə ailəsi ilə birlikdə Antalyaya köçmək məcburiyyətində qalmışdır. Antalyaya köçdükdən qısa bir vaxt sonra atası vəfat etmişdir.[3][4]
Antalyada Darülmüəlliminin üçüncü sinfində ikən məktəb bağlandıqdan sonra ailəsi ilə birlikdə İzmirə qayıtmışdır. Təhsilinə İzmirdə davam edən Mustafa Fəhmi, xüsusən, tarix dərslərinə olan marağı və Xubilay xana olan heyranlığına görə dostları tərəfindən "Xubilay" ləqəbiylə xatırlanmağa başlanmışdır. Bu ləqəb onun həyatında mühüm yer tutur və sonradan Mustafa Fəhmi Xubilay kimi tanınmağa başlayır.[3][5]
Bir neçə dostuyla daxil olduğu bir hadisə səbəbiylə Bursa Müəllimlər Məktəbinə yönləndirilmiş və buradan 1926-cı ildə məzun olmuşdur. 1 sentyabr 1926-cı ildə ilk iş yeri olan Aydında yerləşən Sultanhisar məktəbinə təyin edilmişdir. Təyinatdan iki ay sonra Aydında yerləşən Qazipaşa məktəbinə keçmiş və bu məktəbdə tanış olduğu müəllim dostu Fatma Vədidə xanımla 1928-ci ildə evlənmişdir. 10 may 1929-cu ildə cütlüyün Sarayiçi məhəlləsindəki kiçik evlərində oğlu Vedat Aktuğ anadan olmuşdur.[3][6] Aktuğ 2002-ci ildə vəfat etmişdir.[7]
Buna baxmayaraq, qısa müddət sonra yola gedə bilmədikləri üçün Mustafa Fəhmi 1929-cu ildə boşanma üçün məhkəməyə müraciət etmiş və evlilikləri hüquqi olaraq sona çatmışdır. Qazipaşa məktəbindəki qeydlərə görə, Mustafa Fəhmi 1 oktyabr 1929-cu ildə Qazipaşa məktəbini tərk etmiş, Vədidə xanım Ayvalığa, Mustafa Fəhmə isə İzmirin Qaziemir ilçəsinə təyin edilmişdir. O, bu hadisələrdən sonra müddətli hərbi xidmətini tamamlamış və İstanbul Hərbi Akademiyasına girmişdir. Hərbi xidmətinin son hissəsini başa vurmaq üçün Menəməndəki 43-cü Piyada Alayına ehtiyatda olan zabit kimi təyin edilmişdir.[3][8]
23 dekabr 1930-cu ildə, səhər saatlarında Menəməndə silahlı altı nəfər bir məsciddən aldıqları yaşıl bayrağı sabah namazından sonra ilçə meydanına sancaraq məcburi şəkildə ətraflarına adam yığmağa çalışdılar. Bunun nəticəsində şəriət çağırışı edən üsyan başlandı. Yüzbaşı Fəxri bəy hadisəyə müdaxilə etmək üçün gəlib üsyançılara tərkisilah etməyi söylədi, amma üsyançılar buna əməl etməyəcəklərini bildirdilər. Fəxri bəy vəziyyəti 43-cü Piyada Alayına bildirdi və alay komandiri Mustafa Fəhmiyi hadisə yerinə göndərdi. O, üsyançılara təslim olmaları ilə bağlı çağırışını etdi, amma Dərviş Mehmet tərəfindən açılan silah atəşi nəticəsində yaralandı və ardınca başı kəsilərək öldürüldü.[9][10] Qarşıdurma zamanı məhəllə gözətçiləri Həsən və Şövqi də hücumçulara qarşı dirəniş göstərdi. Hücumçuları yaraladı, lakin hər iki gözətçi də qarşıdurmada həlak olmuşdur.[11][12][13][14]
27 dekabr 1930-cu ildə Dolmabağça sarayında keçirilən yığıncaqdan sonra, 28 dekabr 1930-cu ildə Mustafa Kamal Atatürk Menəmən hadisəsi ilə bağlı orduya göndərdiyi başsağlığı teleqramında "Menəməndəki əhalidən bir qisminin mürtəcelərin göstərdiyi vəhşəti alqışla dəstəkləmələrinin bütün cümhuriyyətçi və vətənpərvərlər üçün utancverici bir hadisə" olduğunu qeyd etmişdir.[15]
Menəmən hadisəsindən sonra, 31 dekabr 1930-cu ildə Menəmən ilçəsi ilə Manisa və Balıkəsirin mərkəz ilçələrində hərbi vəziyyət elan edilmişdir. 7 yanvar 1931-ci ildə keçirilən ikinci yığıncaqdan sonra 105 nəfər şübhəli şəxs hərbi məhkəmədə mühakimə edilməyə başlanmışdır. 24 yanvar 1931-ci ildə məhkəmə qərarı nəticəsində 37 nəfərə edam cəzası və digər təqsirkalara da müxtəlif cəzalar verilmişdir. Menəmən hadisəsinə daxil olan 28 nəfər 3 fevral 1931-ci ilin gecəsində edam edilmişdir. Hərbi vəziyyət 28 fevral 1931-də Manisa və Balıkəsirdə, 8 mart 1931-də isə Menəməndə ləğv edilmişdir.[12][16]
Qan Dəmir 1931-ci ildə ön sözündə Mustafa Fəhmi Xubilayı və bərabərində öldürülənləri tanıtmaq məqsədilə yazdığını dediyi "Şehit Kubilay" kitabını çap etdirmişdir.[17] Ratip Aşir Acudoğu tərəfindən 26 dekabr 1934-cü ildə "Şəhid Xubilay" abidəsi açılmışdır. Mərmər və tunc istifadə olunan heykəlin uzunluğu 15,66 metrdir.[18] Fazil Hüsnü Dağlarcanın hadisəni epik formada nəql etdiyi 1968-ci il tarixli "Kubilay Destanı" əsəri onun həyatından bəhs edir.[19]
2010-cu ildə rejissor Əhməd Akıncı tərəfindən çəkilən "Kubilay" adlı film xatirəsinə həsr olunub.[20]
Bursa,[21] Adana,[22] Ankarada[23] məktəblərə adı verilmişdir. Əfələrdə büstü qoyulub,[24] Kozanda bir parka adı verilmişdir.[25] Menəməndəki yol qovşağı onun adını daşıyır.[26] İzmirdə adına işlədilən bərə gəmisi var.[27] Keçiörəndə onun adına bir səmt və eyni səmtdəki bir malikanə də var.[28]
Hər il öldüyü gün – 23 dekabrda onun xatirəsinə anım məclisləri təşkil olunur.[29][30][31] 2023-cü ildə 17-ci dəfə təşkil olunan marafon keçirilmişdir.[32]