Naxçıvanın Orta Eneolit mədəniyyəti

Naxçıvanın Orta Eneolit dövrü, Naxçıvantəpə[1]., Uçan ağıl[2]Uzunoba[2] yaşayış yerlərində aparılan arxeoloji tədqiqatlarla öyrənilmişdir.

Naxçıvanın Orta Eneolit mədəniyyəti
Yeri
Tərkibində  Azərbaycan
Coğrafi region
Uçan ağıl (Azərbaycan)
Uçan ağıl
Lokallaşdırılması Urmiya hövzəsi, Naxçıvan
Təmsil edən Qədim Türklər
Təsərrüfat tipi ƏkinçilikMaldarlıq
Tədqiqatçılar Vəli Baxşəliyev, Catherine Marro

Cənubi Qafqazda Erkən və Orta Eneolit dövrü[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqazda Eneolit dövrünün erkən və orta mərhələsinə aid mədəniyyət yox deyiləcək qədər azdır. Naxçıvantəpə yaşayış yerinin tədqiqi Eneolit dövrünün erkən və orta mərhələsini öyrənməyə imkan verir. Bu baxımdan Sirabçay hövzəsində aşkar olunan UzunobaUçan ağıl yaşayış yerlərinin də müəyyən əhəmiyyəti vardır. Bu yaşayış yerlərindən götürülən karbon analizlərin nəticələri e. ə. 4690–4450-ci illəri göstərməklə Ovçular təpəsi[3][4]. ilə təmsil olunan Son Eneolit dövründən əvvəlki dövrə aiddir.

Naxçıvanda Erkən və Orta Eneolit dövrü ilə bağlı tədqiqatlar[redaktə | mənbəni redaktə et]

Naxçıvantəpənin üst qatları Dalmatəpə tipli basma naxışlı və boyalı keramika ilə xarakterizə olunur. Dalmatəpə tipli boyalı keramika məmulatı Naxçıvanda hələlik Uzunoba və Uçan ağıl yaşayış yerindən tək-tək nümunələrlə məlumdur. Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində Dalmatəpə tipli boyalı keramikanın aşkar olunması bu tip keramikanın gələcəkdə başqa abidələrdən də tapılacağna işarə edir. Dalmatəpə tipli basma naxışlı keramika tək-tək nümunələrlə Qarabağ abidələrindən də məlumdur. Qeyd etmək lazımdır ki, Dalmatəpə mədəniyyətinə aid keramika məmulatının bir qrupu qırmızı rəngdə boyanması ilə xarakterizə olunur. Bu tip keramika Uçan ağıl, Uzunoba, Bülövqaya[5][6] yaşayış yerlərindən, həmçinin Qarabağ abidələrindən məlumdur. Yeri gəlmişkən qeyd edək ki, qırmızı rənglə anqoblanmış keramika Naxçıvanda Xələc yaşayış yerində geniş yayılmışdır. Xələc keramikasının formaca Urmiya hövzəsindəki Göytəpə yaşayış yerindən aşkar olunan qablarla bənzər olmasına baxmayaraq boyama motivləri tamamilə fərqlidir, lakin Göytəpədə də anqobüstü naxışlara rastlanır. Yanıqtəpə ilə də bəzi müqayisələr aparmaq mümkündür. Yanıqtəpə qablarında Xələc üçün хarakterik olan enli paralel xətlərə rastlanır. Xələc keramikasının bəzəmə motivi yаxınlıqda yerləşən Tilkitəpə (türk.)Texut keramikasından fərqlənərək Mil düzünün abidələri, xüsusilə Kəbirli keramikasının naxışları ilə uyğundur. Onlar naxışların çəkilmə texnikasına görə də eynidir. Bəzi hallarda Xələcdə olduğu kimi anqobüstü naxışlardan istifadə olunmuşdur. Xələc keramikasının naxış motivlərinin bənzər olduğu abidələrdən biri Norşuntəpədir, lakin Norşuntəpədə boya anqob üzərinə deyil qabın saxsısı üzərinə çəkilmişdir. Xələc boyalılarının bəzi bəzəmə motivləri Хalaf tipli qablarda da işlənmişdir. Araşdırmalar qırmızı anqoblu keramikanın Eneolit dövrünün erkən mərhələsi üçün xarakterik olduğunu, Eneolitin orta mərhələsində də davam etdiyini göstərir.

Uzunoba yaşayış yerində arxeoloji qazıntılar zamanı

Uzunoba yaşayış yeri müəyyən xüsusiyyətlərinə görə diqqət çəkir. Qazıntı zamanı e.ə. V minilliyin birinci yarısı ilə tarixlənən boyalı keramika parçalarının aşkar olunması mədəni təbəqənin e. ə. V minilliyə aid olduğunu göstərir ki, bu da region üçün olduqca nadir haldır. Bu dövrə aid maddi-mədəniyyət nümunələri Kültəpə yaşayış yerindən (Culfa, İran) də aşkar olunmuşdur ki, bu da həmin istiqamətin e. ə. V minillikdə, yaxud ondan əvvəl Şimal-Qərbi İranla (Cənubi Azərbaycan) Naxçıvançay vadisi arasında əsas yol olduğunu göstərir. Babək rayonunun Sirab kəndindən şimalda yerləşən Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur. Keramika nümunələrinin araşdırılması onların e. ə. V minilliyin birinci yarısına və Ovçular təpəsindən əvvələ aid olduğunu təsdiq edir. Bu, abidələrdən götürülən karbon nümunələrinin analizi ilə də təsdiq olunmuşdur. Uçan ağıl yaşayış yerindən Kültəpə yaşayış yerindən (Culfa, İran) məlum olan Dalmatəpə tipli boyalı keramika parçalarının aşkar olunması bu yaşayış yerləri arasında əlaqələrin olduğunu təsdiq etməkdədir. Bu yaşayış yerlərinin araşdırılması Naxçıvanın Erkən və Orta Eneolit dövrü mədəniyyətinin Urmiya hövzəsi ilə əlaqələr şəraitində inkişaf etdiyini göstərir.

Araşdırmalar Urmiya hövzəsinin yaşayış yerlərində başlıca olaraq Sünik obsidianından istifadə olunduğunu göstərir. Naxçıvan abidələrində isə əsasən Göyçə obsidianından istifadə olunmuşdur. Sünik obsidianı faiz etibarı ilə azdır və ikinci yerdədir. Ehtimal ki, Urmiya hövzəsində yaşayan insanlar Zəngəzur dağlarındakı xammal mənbələri ilə Naxçıvançay vadisində yaşayan insanlar vasitəsi ilə əlaqə saxlamışdırlar. Qeyd etmək lazımdır ki, bu yaxınlarda Naxçıvançay vadisindən üzərində mis filizinin izləri olan mədən alətinin tapılması bu əlaqələrin yalnız obsidianla deyil, həm də mis yataqları ilə bağlı olduğunu göstərir.

Yeni abidələrin tədqiqi Naxçıvanın Eneolit mədəniyyəti haqqında bitkin təsəvvür əldə etməyə imkan verir. Bu abidələrin tədqiqi həmçinin Naxçıvanın e.ə. V–IV minilliyə aid Eneolit abidələrini yenidən dövrləşdirməyə imkan verir: Hazırda Naxçıvantəpə yaşayış yerinin üst qatları, Uçan ağıl və Uzunoba yaşayış yerlərini Orta Eneolit dövrünə aid etmək olar. Bu mərhələ təqribən e.ə. 4600–4400-cü illəri əhatə edir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Baxşəliyev V, Quliyeva Z, Həşimova T, Mehbalıyev K, Baxşəliyev E. Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar (az.). Naxçıvan: "Əcəmi". 2018. 266s. 2013-07-11 tarixində orijinalından (#bad_url) arxivləşdirilib.
  2. 1 2 3 Бахшалиев В.Б. Исследование энеолитических памятников Сирабчайской и Нахчыванчайской долин. Problems of the Archaeology of theCaucasus and Near East. Neolithic — Late Bronze Age. Baku: Институт археологии и этнографии. 2017, с. 108–121.
  3. Baxşəliyev V., Marro C., Aşurov S. Ovçular təpəsi (Azərbaycan və ingilis dillərində) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. (2006–2008-ci il tədqiqatlarınin ilk nəticələri / First Preliminary Report: the 2006–2008 seasons). Bakı: "Elm", 2010.
  4. Catherine Marro, Vəli Baxşəliyev, Səfər Aşurov. Excavation at Ovçulartepesi (Nakhchivan, Azerbaijan). Second Preliminary Report: The 2009–2010 Seasons // Anatolia Antiqua, XIX, 2011, s. 53–100.
  5. Baxşəliyev V, Naxçıvanda 2018-ci ilin Arxeoloji Tədqiqatları. Naxçıvan: "Əcəmi". 2019. 103s.
  6. Baxşəliyev E, Bülövqaya yaşayış yerinin keramikası. AMEA Naxçıvan Bölməsi, İctimai və humanitar elmlər seriyası. Naxçıvan, "Tusi" — 2021, № 1, Cild 17, s. 94–101.