Xalac yaşayış yeri — Şərur rayonunun Xələc kəndindən 200 m cənubda, Araz çayının sol sahilində, eyni adlı dağın şimal yamacında yerləşən Eneolit dövrünə aid yaşayış yeri. Bütövlükdə Xələc yaşayış yeri e.ə. IV-III minillikləri əhatə edir.[1]
Xələc yaşayış yeri burada açılan mərmər daş karxanasında gedən işlər zamanı dağıdılmışdır. Onun salamat qalmış hissəsinin sahəsi 0,5 hektardır. Abidədən toplanan yerüstü materiallar boz və çəhrayı rəngli gil qab parçalarından, əmək alətlərindən ibarətdir.
Xələc yaşayış yerində 2009-cu ildə Abbas Seyidov və Vəli Baxşəliyevin rəhbərliyi ilə arxeoloji qazıntı aparılmışdır. Məlum olmuşdur ki, burada insanlar son eneolit dövründən məskunlaşmışdır.
Yaşayış yerindən aşkar olunan keramika özünəməxsus xüsusiyyətlərinə görə "Xalac keramikası" adlandırılmışdır. Boyalı qabları ilə fərqlənən "Xalac keramikası" Yaxın Şərq və Şərqi Anadolu ilə sıx əlaqələr şəraitində inkişaf etmişdir.
Yerli əhali Xələc abidəsinin yerləşdiyi ərazidən qəbiristanlıq kimi istifadə edərkən ətrafa çoxsaylı maddi mədəniyyət nümunələri səpələnmişdir. Buradan saman və qum qatışıqlı gildən əldə hazırlanmış qırmızı rəngli keramika məmulatları – küpə, xeyrə, kasa tipli qablar toplanmışdır. Qabların bir qisminin xarici səthində daraqvari alətlə işlənmiş naxışlar vardır. Digər qisminin xarici, bəzən də daxili səthləri müxtəlif çalarlı qırmızı və çəhrayı rəngli boya ilə örtülmüşdür. Bəzi nümunələr yapma, çərtmə və cızma üsulu ilə bəzədilmişdir.
Yaşayış yerindən dən daşları, obsidian və çaxmaqdaşı lövhələri tapılmışdır. Çaxmaqdaşı lövhələrinin kürək hissəsinin daraqvari alətlə bəzədilməsi diqqət çəkmişdir. Tədqiqatçılar Xələc tapıntılarının Ovçular təpəsi materialları ilə yaxın olduğunu qeyd etmişlər.[2] Üzəri boyalı keramika nümunələri Urmiya gölünün şimalındakı Eneolit abidələrinin keamikası ilə analogiya təşkil edir.[3]
Dağı ətəyindən çəkilən suvarma kanalının kənarlarında isə İlk Tunc dövrünə - Kür-Araz mədəniyyətinə aid keramika nümunələri aşkarlanmışdır. Yaşayış yerindən bir qədər kənarda Orta Tunc dövrünə aid bütöv boyalı qab nümunələri də tapılmışdır. Həmin qablar həm ornamentlərinə, həm də formalarına görə I Kültəpə qablarının eynidir.