Nazpərvər Xatun (1556, Valaxiya knyazlığı – 1595, Köhnə Saray, İstanbul, Osmanlı imperiyası) — 12-ci Osmanlı sultanı III Muradın xanımlarından biri.[1][2]
Nazpərvər Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1556 |
Doğum yeri | |
Vəfat tarixi | 1595 |
Vəfat yeri | |
Fəaliyyəti | qul[d] |
Uşaqları |
Şahzadə Mahmud Şahzadə Yusif Fəthiyə Sultan Şahzadə Əbdürrəhman |
Əslən rumın olan Nazpərvər Xatun 1556-cı ildə dünyaya gəldi. Atası Valaxiya knyazı V Mirka olub, əsl adı Dobra olaraq qeyd olunur. Atasının 1559-cu ildə ölümünün ardından uşaq yaşdakı qardaşı Valaxiya knyazı, anası isə onun naibəsi elan olundu. Buna baxmayaraq mərkəzi hakimiyyətə tabe olmaq istəməyən yerli boyarlarla qanlı mübarizənin ardından anası bütün övladlarını da alaraq 1570-ci ildə İstanbula qaçdı. Burada Osmanlı sultanı II Səlimə sığınan ailəsinin istəyilə 14 yaşlı Dobra Topqapı sarayındakı hərəmə alındı.
O əsnada Manisa sancaqbəyi olan oğlu Şahzadə Muradın hasəkisi Safiyə Sultana olan bağlılığından şikayətlənən və bu səbəblə, durmadan oğluna cariyələr təqdim edən Nurbanu Sultan tərəfindən himayə altına alınan Dobra dərhal təlim-tərbiyə edildi. İslam dinini qəbul edərək adı Nazpərvər olaraq dəyişdirildi. Ardından Nurbanu Sultanın istəyilə Manisa sarayına göndərildi. Nazpərvər Xatun ilk övladı olan Şahzadə Mahmudu 1572-ci ildə məhz Manisa sarayında dünyaya gətirdi.
13 dekabr 1574-cü ildə Sultan Səlimin vəfatının ardından böyük oğlu Şahzadə Murad taxta çıxmış, bir müddət sonra isə Manisa sarayındakı hərəmi İstanbula, Topqapı sarayına gətirilmişdir. Beləliklə, Nazpərvər Xatun da bu əsnada Topqapı sarayına gələnlər arasında idi. Qaynanası olan Validə Nurbanu Sultanla münasibətləri olduqca yaxşı olan Nazpərvər Xatun 1577-ci ildə Şahzadə Yusifi, 1579-cu ildə Fəthiyə Sultanı, 1585-ci ildə isə Şahzadə Əbdürrəhmanı dünyaya gətirdi. 1586-cı ildə öz adını daşıyan və günümüzə sadəcə bir qismi gəlib çatmış Nazpərvər Xatun məscidini inşa etdirdi.[3]
15 yanvar 1595-ci ildə Sultan Muradın vəfatının ardından onun Safiyə Sultandan doğulan oğlu III Mehmed taxta çıxarıldı. Manisadan yola çıxan Sultan Mehmedin Topqapıya gəldiyi 27 yanvar günü Topqapı sarayında yaşayan 19 qardaşı boğularaq edam edildi. Bunların arasında isə Nazpərvər Xatunun oğulları Yusif və Əbdürrəhman da var idi. Bəzi mənbələrdə, Nazpərvər Xatunun o gecə övladlarıyla birlikdə saraydan qaçmağa cəhd etdiyi, ancaq ələ keçirilərək yenidən saraya gətirildiyi qeyd olunur. Oğullarının edamından sonra qızıyla birlikdə Köhnə saraya sürgün olunan Nazpərvər Xatun çox keçmədən burada vəfat etdi. Bəzi mənbələrdə, övladlarını saraydan qaçırmaq istədiyi üçün cəza olaraq Sultan Mehmed tərəfindən edam olunduğu da qeyd olunur.