Afifə Nurbanu Sultan (1525[1] – 7 dekabr 1583, İstanbul) — 11. Osmanlı sultanı II Səlimin xanımı və III Muradın anası, Validə sultan.[2][3]
Afifə Nurbanu Sultan | |
---|---|
türk. Nurbanu Sultan osman. نور بانو سلطان | |
Əvvəlki | Aişə Həfsə Sultan |
Sonrakı | Səfiyyə Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1525[1] |
Vəfat tarixi | 7 dekabr 1583 |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Sultan Səlim türbəsi, İstanbul |
Fəaliyyəti | siyasətçi, qul[d] |
Həyat yoldaşı | II Səlim |
Uşaqları |
Gövhərxan Sultan Əsməhan Sultan Şah Sultan III Murad Fatma Sultan |
Dini | İudaizm, sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adının Cecilia olduğu, 1525-ci ildə Paros adasında dünyaya gəldiyi, adanın Venesiyalı idarəçisi Nicolo Venierlə Baffo ailəsindən Violantenin qızı olub, 1537-ci ildə Barbaros Xeyrəddin Paşanın adaya hücumu əsnasında əsir alındığı və kölə olaraq saraya hədiyyə edildiyi bilinir. Bu məlumatlar çox vaxt onun gəlini və III Muradın xanımı olan Safiyə Sultana aid edilsə də, bütün bu məlumatlar 1559-cu ilin oktyabrında Şahzadə Səlimin Venesiyaya gizlicə göndərdiyi Həsən çavuşun oradakı senata təqdim etdiyi sənədə əsaslanır. Gözəlliyi və bacarığı ilə sarayda ön plana çıxan Nurbanu, ehtimal olunur ki, 1543-cü ildə Şahzadə Səlimin İstanbuldan Konyaya sancaqbəyi olaraq gedişində artıq hərəmində idi və bir müddət sonra burada şahzadənin ilk övladı olan qızını dünyaya gətirmişdi. 1546-cı ildə Şahzadə Səlimin Manisa sancaqbəyliyi əsnasında Şah, Gövhərxan və Əsməhan adında qızları, daha sonra isə Şahzadə Murad və Fatma Sultanı dünyaya gətirdi. Şahzadə Səlimin qardaşı Bəyazidlə başladığı taxt mübarizəsində Venesiyalı olmasından istifadə edərək Şahzadə Səlimin dəstəklənməsi üçün Venesiya ilə əlaqələr qurdu. 1566-cı ildə II Səlimin taxta çıxmasıyla taxt varisi olan oğlu Şahzadə Muradla birlikdə Manisa sarayına getdi. Oğlunun 1574-cü ildə taxta çıxmasıyla saraydakı nüfuzu daha da artan Nurbanu Sultan artıq validə sultan olmuşdu.[4]
Nurbanu Sultanın validə sultanlıq dövründə hərəmin bu qədər güc qazanmasında, əlbəttə ki, Sultan Muradın anasına olan hörməti əsas rol oynayırdı. Buna ən gözəl nümunə isə həm ailə üzvləri arasında, həm də saraydakı şəxslər arasında ən yüksək – günlük 2 min axca maaşın validə sultana verilməsidir. Nurbanu Sultanın Venesiyalılarla qurduğu siyasi-diplomatik əlaqələr barədə lazımi qədər sənəd günümüzə qədər gəlib çatmışdır. 1583-cü ildə Venesiya senatı üstün xidmətləri səbəbilə ona 2 min Venesiya qızılı dəyərində hədiyyə yollamışdı. Digər bir sənədə görə isə, Krit adasının Osmanlı hücumundan qorunması və Venesiyaya müharibə elan edilməməsi barədə dövrün kaptan-ı dəryası Qılınc Əli Paşanı tənbeh etmişdir. Bundan başqa Fransa kralının anası Yekaterina Mediçi ilə yazışdığı da bilinir. Bu yazışmalarda Fransa və Osmanlı sarayı arasındakı münasibətlərin yaxşılaşması və ticarət müqavilələrinin yenilənməsi məsələləri müzakirə edilmişdir. Nurbanu Sultanın şəxsi işləri üçün yəhudi əsilli Ester Handalini xidmətə aldığı, məşhur tacir Jozef Nassi ilə də iqtisadi əlaqələr qurduğu bilinir. Məhz bu əlaqələri səbəbilə o dövrdə yəhudi olması haqqında şaiyələr yayılmışdır. Yaxın adamları arasında Darüssəadə ağası Qəzənfər ağa, padşah müsahibi Şəmsi Paşa, Manisa sarayından bəri hərəmxananın güclü şəxslərindən olan Canfəda və Raziyə Xatun var idi.[5]
Nurbanu Sultan Yeniqapı səmtindəki sarayında 7 dekabr 1583 tarixində vəfat etdi. Cənazə mərasimində oğlu Sultan Murad şəxsən iştirak etmiş, ənənələrə zidd olaraq cənazəsini matəm libasında Fateh məscidinə qədər apararaq, burada cənazə namazını qılmışdır. Cənazəsi Aya Sofyadakı Sultan Səlim türbəsinə dəfn edilən Nurbanu Sultan İstanbulun müxtəlif yerlərində inşa etdirdiyi məscid, imarət və hamamla yanaşı, Üsküdarda inşa etdirdiyi Atik Validə Sultan külliyəsi ilə tanınır. Onun bu külliyə daxilində qurduğu kitabxana isə Osmanlı tarixində bir qadın tərəfindən yaradılan ilk kitabxanadır. Külliyəyə gəlir gətirməsi üçün Sivasın cənubunda yerləşən kəndlərin vergi gəlirləri vəqf edilmişdir.[6]